“Reketlər məni şantaj edir“ – Başçıya rüşvət verməkdə ittiham olunan iş adamı

Müəllif: Redaktor

Editor

liftiyev“Reket jurnalistlər tərəfindən şantaj olunuram. Mənə zəng edib təhdid edirlər, açıq şəkildə rüşvət istəyirlər”.

Bunu AzNews.az-a müraciət edən sahibkar Nadir Liftiyev deyib. Bildirib ki, bəzi KİV-lərdə onun haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılır, bununla da işgüzar nüfuzuna xələl gətirilir: “Haqqımda həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayırlar. Yazırlar ki, guya mən Fövqəladə Hallar Nazirliyinin yüksək çinli məmuruna və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova rüşvət vermişəm. Razim müəllimin şəklini verib heç bir fakta söykənməyən xəbər tirajlayırlar. Üstəlik kiminsə haqqını yediyimi bildirirlər. Bütün bunlar ağ yalandır. Hərə özünə bir sayt, qəzet açıb cinayətlə məşğul olur”.

Sahibkar həmin mətbuat orqanından ona zəng gəldiyini və əlavə materiallar verəcəkləri ilə hədələndiyini bildirib. N.Liftiyev qəzet rəhbərliyindən Mətbuat Şurasına və məhkəməyə müraciət edəcəyini də deyib: “Artıq vəkilim lazımi sənədləri hazırlayıb. Bazar ertəsi iddiamı rəsmi sürətdə irəli sürəcəyəm. Aidiyyəti qurumlardan, eləcə də peşəsinə hörmət edən, jurnalistikamızın inkişafında xidmətləri olan hər bir qələm sahibindən xahiş edirəm ki, reket jurnalistlərə qarşı mübarizədə mənə dəstək olsunlar. Belə reketlərə görə neçə iş adamları və vəzifəli şəxslər ziyan çəkib, nüfuzları zədələnib”.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son zamanlar kütləvi informasiya vasitələrində sui-istifadə hallarının artması faktı ilə bağlı müsahibə vermişdi. O, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq ölçü götürüləcəyini bildirmişdi: “KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb. Xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin guya işdən “kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda “yoxlamalar”, evlərində “axtarışlar” aparılması, məmurların “həbsi”, vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə “əməkdaşlığı” və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Əminliklə demək olar ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar. Diqqətə çatdırıram ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur”.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir