Renat Dadaşov milliyə qayıdır – AFFA yalan danışır? – media-sorğu

Müəllif: Redaktor

Editor

Azərbaycanın futbol üzrə milli komandasına yeni futbolçu gətirilib. AFFA-nın müraciətinə əsasən, FIFA tərəfindən əslən azərbaycanlı olan Renat Dadaşovun millimizin heyətində oynamasına icazə verilib.

Maraqlıdır ki, AFFA-nın rəsmi saytında R. Dadaşovun milliyə gətirilməsi ilə bağlı məlumat bildirilir:

“Əslən azərbaycanlı olan, hazırda Almaniyada çıxış edən futbolçu Renat Dadaşov AFFA-ya müraciət edərək, Azərbaycan millisində oynamaq istədiyini bildirib”.

Renat Dadaşovun özü isə apasport.az saytına müsahibəsində belə deyib:
“AFFA-dan dəvət gəldi. Öz-özümə sual verdim ki, Azərbaycan millisində oynamaq istəyirəmmi?”

Bəs kim yalan danışır?- AFFA ya Renat Dadaşov? Bu yalanın səbəbi nə ola bilər?
Bundan əlavə R.Dadaşovun milliyə gətirilməsinə ehtiyac varmı?

Suallara cavab tapmaq üçün Yeniçağ.az idman mediasının nümayəndələri ilə sorğu aparıb.

Natiq Muxtarlı(Komanda.az-ın redaktoru):

“Təbii ki, yalan danışan AFFA-dır. Sadəcə, AFFA-nın yalanları o qədər intensivləşib ki, indi onu yaxşı uydura da bilmirlər. Adamlar bilmir ki, indi texnologiya əsridir və Renatın da mövqeyi öyrəniləcək. Ona görə də nə yalanı düz-əməlli uydura bilirlər, nə də Renatı təlimatlandırmaq yadlarına düşmür. Yaxşı olardı ki, AFFA rəhbərliyi bu məsələni həll etmək üçün əməkdaşlarını xaricdə “yalanöyrənmə seminarları”na göndərsin. Orda onlara yaxşı təlim keçə bilərlər. Əslində, Dadaşovun Azərbaycan yığmasına dəvət edilməsi pis bir şey deyil. Ən azı onun soyadı Dadaşovdur axı… Amma AFFA bu dəvəti elə təqdim etdi ki, indi gülünc durumla üzləşiblər. Bu yalanı uydurmaqda heç bir məqsəd də yoxdur. Mahiyyət ondan ibarətdir ki, AFFA sadəcə, düz danışa bilmir. Ona görə də bir azərbaycanlı futbolçunun yığma komandaya dəvət edilməsini də yalan üstündə təqdim edirlər”.

Araz Əhmədov (SportFm-in baş redaktoru):

“Burada kimin yalan danışdığı vacib deyil, bunun nə üçün edildiyi önəmlidir. Bu da səbəbdə gizlənir: Renat eynən Ramil Şeydayev kimi şirnikləndirilərək yığmamıza cəlb edilib. AFFA isə bunu gənc futbolçunun birdən-birə imtina etdiyi vətəninə qarşı yeni duyğularının cücərməsi kimi qələmə verib…
O ki qaldı Renata ehtiyacın olub-olmamasına, yığmamızda nəinki Renata, millimizin aşağı yaş qrupları üzrə baş məşqçilərinin dediklərinə görə minimal istedadı olan futbolçuya belə ehtiyac var. Renat isə çox istedadlıdır, demək ki, millimizə çox şey verə bilər”.

Elsevər Məmmədov (“Qafqazinfo”nun idman müxbiri):

“Fikrimcə, Renatın millidə oynamasında AFFA maraqlıdır. Böyük ehtimalla federasiya ona təklif göndərib ki, gəl, bizim millidə oyna. Çünki Almaniya üçün vacib olan futbolçunun öz istəyi ilə Azərbaycan yığmasına gəlməsi heç inandırıcı deyil. Sadəcə, belə bir məsələ ola bilər ki, AFFA Renatı razılaşdırdıqdan sonra Renat özü də FİFA-ya məktub yazıb, Azərbaycan millisində oynamaq istədiyini deyib. Ali futbol qurumu da bunu müsbət dəyərləndirib. AFFA da onu Renatın millimizdə öz təklifi ilə oynaması adı ilə yayıb. Məsələ budur. Amma ilk təklifi futbolçuya AFFA göndərib və çətinliklə də olsa, onu razı salıb”.

Emin Səfərov (futbol11.az-ın müxbiri):
“Renat Dadaşov gənc və istedadlı futbolçudur. Onu Bakıda keçirilən 17 yaşlı futbolçulardan ibarət komandaların Avropa çempionatı çərçivəsində Almaniya millisinin heyətində izləmişəm. Böyük gələcək vəd edən hücumçudur. Görünür, AFFA da bu səbəbdən Dadaşovu yenidən milliyə qaytarmaq istəyir. Fikrimcə, uğurlu addımdır və millimizə böyük faydası olacaq. Baş məşqçinin əlinin altında materialın çox olmasının nə ziyanı var ki?”

Aydın Bağırov(Qol.az-ın baş redaktoru):
“Danışıqların incəliyinə bələd deyiləm. Kim birinci nə deyib, nə təklif edib, bilmirəm. Bu məsələdə şəxsən mənim deyəcəyim yalnız fərziyyə ola bilər. Ona görə də konkret bu mövzuda nəsə danışmağım doğru olmazdı. Və ümumiyyətlə, bu məsələnin üzərinə çox getmək də lazım deyil. Renat istedadlı və prespektivi olan oyunçudur. Əsas odur ki, gələcəkdə millimizə faydası dəyə bilər. AFFA-nı çox tənqid edirik. Amma müsbət işləri də qeyd edilməlidir. Xaricdə yaşayan, orada futbol təhsili alan futbolçularımız var. Onlarla iş aparıb, milli komandalarımıza cəlb etmək lazımdır. Gec də olsa, biz Ramil Şeydayevi, Emin Mahmudovu millimizdə görə bildik. Renatın də milliyə cəlb edilməsi müsbət addımdır”.
Ceyhun Əliyev (futblinfo.az-ın əməkdaşı):
“Böyük ehtimalla, heç bir tərəf yalan danışmır. Hadisələrin gedişatının bu cür məcrada getdiyini düşünürəm:

1) AFFA xeyli müddət idi ki, Renatı millimizin bayrağı altında oynamağa razı salmaq üçün səy göstərirdi. Bunun üçün kifayət qədər sanballı pul təklif olunub.

2) Dadaşov Almaniya kimi futbol ölkəsinin şərəfini qorumaq prespektivini, habelə bu ölkədə legioner sayılmadan çıxış etməyi daha üstün tuturdu.

3) Tərəflər ortaq məxrəcə gəldikdən sonra, futbolçu AFFA-ya rəsmi müraciət edib ki, bundan sonra ölkəmizin ali futbol qurumu FİFA-ya məktub ünvanlaya bilib.

O ki qaldı Renata ehtiyacın olub-olmamasına, burda birmənalı şəkildə bildirə bilərəm ki, assosiasiya ölkə futbolu adına mühüm qələbə qazandı. Çünki Dadaşov Almaniya yığmasında forma şansı qazana bilibsə, bu, oyunçunun səviyyəsinə şübhə yeri yoxdur. Daha bir məqam isə onun həqiqətən də azərbaycanlı olmasıdır. Yəni hansısa əcnəbini ölkəmizə calaq etmirlər ki… Bizim futbolçumuz öz ölkəsinin bayrağını yüksəldəcək!”

Qeyd edək ki, Renat millimizdə oynayan Rüfət Dadaşovun qardaşıdır. Bundan əlavə hücumçu əvvəllər ölkəmizin U-15 yığmasında çıxış edib. Sonra yaşadığı Almaniyanın U-15 millisində oynayıb. Azərbaycanda keçirilən Avropa çempionatının final mərhələsində məşqçilərimizin diqqətini cəlb edib. Bundestimin “9 nömrə”si bu yarışda 3 qol vurub. Frankfurt “Ayntraxt”ının futbolçusu klubun U-19 komandasının şərəfini qoruyur.

Aygün İlqarqızı

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir