!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəşat Kəsəmənli: "Heç kim qorxusundan bədii film çəkmir" - İDDİA

!Reklam – Yazi

O, həm atası, mərhum şair Nüsrət Kəsəmənlinin yolunu davam edir, həm də aktyordur. Söhbət Rəşat Kəsəmənlidən gedir. Aktyor indiyə qədər 14 klip, 4 serial və 2 bədii filmə çəkilib.

Rəşat Kəsəmənlinin Yeniçağ.az-a müsahibəsini təqdim edirik:

– Sizi həmişə iş başında görürük. Yəqin rejiminiz yenə gərgindir…

– Çox düz tapdınız. Hazırda “Günəşim ol” serialı ilə məşğulam. Bu mövsüm yekunlaşacaq. Ondan sonra təzə bir seriala başlayacağıq.

– Serialın adını açıqlaya bilərsiniz?

– Sirdir (gülür)… Amma ilkin təəssürat olaraq deyim ki, çox maraqlı və fərqli bir serialdır. Çünki həmişə istəmişəm ki, məni mən olmaqdan çıxaran bir ssenari və rejissor olsun. İnsanlar standart sevgilərdən bezib. Başa düşürük sevgidir, amma sevgiyə yanaşma tərzi var. Məncə, fərqli tərzlərdən yanaşsalar daha maraqlı olar. “Günəşim ol” serialı niyə baxıldı? Çünki bölgələrdəki həyatdan bəhs edir, yanaşma da, məna da başqadır. Açığı, bu serial çoxdan istədiyim bir tərzdə oldu.

– Yeni serialınız hansı kanalda yayımlanacaq?

– O da sirdir.  İnşallah, aprel ayından çəkilişlərə başlayacağıq. Yəqin ki, may ayından sonra hər şey tam dəqiqləşəcək. Serial bir mövsüm üçün nəzərdə tutulub. Sentyabrda başlayacaq, yəqin ki, iyunda yekunlaşacaq. Həm də çox istərdim ki, həftədə bir-iki dəfə yayımlansın.

Bundan başqa, aprel ayının 3-dən 6-na kimi məni Türkiyəyə dəvət ediblər. Türkiyədə “Altın çinar” Film Festivalı var, ora azərbaycanlı aktyorlardan yeganə dəvət alan adam mənəm. İnanın ki, heç bir tanışlıq-filan olmayıb. Mən də bunu dəyərləndirəcəyəm.

– Bundan başqa nəsə yenilik gözləyək?

– (gülümsəyir) İnanın, o qədər qayğılar və problemlər var ki, bu dəqiqə fikrim-zikrim uşaqlarımın yanındadır. Başqa nəyəsə baş qoşmağa elə də imkan olmur.

Üç uşaqdır, onları yerbəyer etmək, qayğılarına qalmaq lazımdır. İndiki vəziyyətdə də bilirsiniz ki, “Günəşim ol” serialı Lənkəranda çəkilir, bir ayağım orda, bir ayağım da Bakıdadır. Ay ərzində bir- iki dəfə gəlmək imkanım olur. O da ki, gələn kimi yalnız vaxtımı onlara ayırıram deyə, vaxtım həddən artıq məhduddur. Yüklərin hamısı da təkcə mənim çiynimdədir, ona görə də çox çətindir.

– Bəs nə əcəb bədii filmlərə çəkilmirsiz?– (təəccüblə) Təklif var ki, çəkiləm də?! Azərbaycanda qorxularından heç kim bədii film çəkmir. Bilirsiz niyə? Çünki dramatik mövzuda film çəkmək böyük istedad tələb edir. Ona görə də bizimkilər bədii film də çəkəndə onu komediya janrına salırlar. Və o filmlər elə Azərbaycanda da qalır, ölkədən kənara çıxmır. Çünki onları nə İtaliyada, nə də Fransada başa düşməzlər. O ki qaldı mənim bədii filmə çəkilmək arzuma, təəssüf ki, bu, elə istək olaraq da qalır.

– Məgər, bizdə istedadlı rejissor yoxdur ki?

– Var, amma çəkinirlər. Nəyə görə çəkinirlər? Rejissorda da günah yoxdur, çünki büdcədən maliyyə ayrılmır. Bizim serialları türk serialları ilə müqayisə edirlər. Əvvəla, onlara ayrılan büdcəni müqayisə edin, sonra ərsəyə gələn malı. Türklərin film və serialının bir bölümünə 80-100 min pul ayrılır, bizdə isə bu məbləğ uzaqbaşı 5 min manatdır. Mən sponsorları da qınamıram, onların da gərək pulu olsun ki, versinlər. Ona görə də bizim tamaşaçı rejissorlardan hələ ki, yüksək səviyyəli nəsə gözləməsin. Biz hələ bunu edə biliriksə, igidik.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

Fotolar: Cəmalə Əlizadə

www.yenicag.az

1275
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv