!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəşidə Behbudova: Atamın 18 yaşı olanda sevdiyi qadından bir qızı doğulub…

!Reklam – Yazi

15417011_1813342102222437_766798088_nXüsusi təqdimata ehtiyacı yoxdur. Adını çəkən kimi hamı birağızdan “Rəşidin qızıdır” deyəcək. Etiraf edir ki, dahi insanın qızı olmaq çox ağır, məsuliyyətli bir yükdür. O da ömrü boyu bu ada layiq olmağa çalışıb. Bacardığını deyirlər. Özü isə hələ də israrlıdır: mən atam kimi bacarmasam da, bu torpaq üçün mütləq nəsə etməliyəm.

Ocağında Rəşid Behbudov adında oğul böyüdür. Tarix təkrarlanacaqmı? Nəsillər sələflərinin irsini yaşada biləcəkmi? Bunu zaman göstərər. Reallıqsa odur ki, Rəşidə atasının yarımçıq arzularını oğlu Rəşidin gerçəkləşdirəcəyinə inanır.

Bir eşqin tarixçəsi

– Fikir vermişəm: adınız gələndə hamı sizdən böyük məhəbbətlə danışır…

– Məncə bu, atamın xeyirxahlığının, onun adının insanların qəlbində qoyduğu izdən qaynaqlanır. Digər tərəfdən də mənim qazandığım hörmətdir. Atam özündən sonra gözəl bir miras qoyub: istər yaradıcılıq, istər ad, istərsə də nəsil baxımından… Düşünürəm ki, daşıdığım soyadın məsuliyyət yükü çox ağırdır. Bunu hər addımımda hiss edirəm. Və çalışıram ki, hər bir davranışım, hər bir hərəkətimlə bu soyada layiq olum. İnanin, çox çətindir. Çünki elə şeylər var ki, insanlar onu mənə bağışlaya bilərlər, amma elə şeylər var ki, heç vaxt bağışlamzlar.

– Atanız qız əvəzinə oğlan istəmirdi ki?

– Anam danışardı ki, mən onun bətnində olanda həkim deyib ki, sizin oğlunuz olacaq. Amma nədənsə atam qız uşağı üçün paltarlar seçərmiş… Mən çox sonralar öyrəndim ki, atam 18 yaşında olanda çox sevdiyi bir xanım varmış. Onların böyük sevgisindən bir qız uşağı da doğulubmuş. Amma çox yaşamayıb, xəstələnərək tələf olub. Atam ondan sonra uzun müddət evlənməyib. Sonra anama rast gəlib, ailə qurublar. Aralarında 25 il fərq vardı. Buna baxmayaraq, atam anamı intəhasız məhəbbətlə sevirdi. Hesablayanda görürəm ki, atamın o qızı yaşasaydı elə anam yaşda olardı. Yəqin mənim də qız olmağımı o səbəbdən istəyib. Atamla çox yaxın idim. Ondan heç nəyi gizlətmirdim. Əfsus ki, o evdə gec-gec olurdu, mən də buna öyrəşmişdim. Uzun müddətli qastrollardan həmişə evə əlidolu qayıdardı. Onda mənim bayramım olurdu. Hər şeyim vardı. Amma deyim ki, ərköyün böyümədim. Bəlkə də böyüyərdim… məni kitablar xilas etdi. Mütaliəni çox sevirdim, bəlkə də bu, mənim ən böyük müsbət cəhətim idi.

– Yəqin sevgidən ürəyiniz titrəyəndə də bunu ilk olaraq atanız bildi?

– Hə. Mən sirrimi atama deyirdim, anama yox. Anam çox ciddi adam idi. Hər şeyi emosional şəkildə qarşılayırdı. Hərdən mənə elə gəlirdi ki, anam atamdır. Baxmayaraq ki, atam başqaları üçün “Xalq artisti”, “Sosialist Əməyi Qəhrəmanı” idi, mənim üçün əsl dost, qardaş idi. Atamın mənim tərbiyəmdə, bir insan kimi formalaşmağımda çox böyük rolu vardı. Hətta bir dəfə mənə elə bir dərs verdi ki… 16 yaşım olardı, yadıma gəlir ki, atam baxmayaraq ki, SSRİ Ali Sovetinin deputatı idi, amma yaratdığı Mahnı Teatrı ilə Azərbaycanı qarış-qarış gəzir, 50 dərəcə istidə zəhmətkeşlər qarşısında konsertlər verirdi. Növbəti səfərlərin birində, – səhv etmirəmsə, bu, Cəlilabad rayonu idi, – biz avtobusdan düşdük və gördüm ki, bir tərəfdə rayonun kostyumlu, qalstuklu rəhbər işçiləri, o biri tərəfdə isə adi insanlar, uzun tumanlı nənələr, ağsaqqal kişilər durublar. Onlar atamı görən kimi əl çalmağa başladılar. Atam rəhbər işçilərə tərəf deyil, məhz o qoca nənələrə yaxınlaşıb, onların əlini öpməyə, salamlaşmağa başladı. Səbəbini soruşanda atam barmağını sağa-sola yellədib “yox, yox” dedi. “Orda duranlar vəzifə adamlarıdır, məndən inciməzlər. Amma əsas o zəhmətkeş insanlardır, mən birinci xalqıma tərəf getməliyəm”. Bax, onda atam mənə böyük bir dərs verdi. O sözlər mənim qulağımda sırğa oldu. Yəqin bu səbəbdəndir ki, mənə həmişə deyirlər ki, siz nə qədər sadə insansız. Mənimçün bundan böyük sərvət yoxdur.

– İlk baxışdan çox sakit, təmkinli bir insan təsiri bağışlayırsınız. Amma nədənsə, mənə elə gəlir ki, bu sakitliyin arxasında böyük bir kükrəyiş gizlənib. Sadəcə, bir himə bənddir…

– (heyrətlə) Necə də hiss etdiniz… Mən dəqiq bilirəm ki, əvvəlki həyatımda kişi olmuşam. Hərədən elə məqamlar olur ki, mən özümdən çıxmaq, kişi kimi yumruqlarımı düyünləyib, dalaşmaq, hətta at belinə çıxıb, əlimdə qılınc döyüşmək istəyirəm. Hərdən buna elə ehtiyacım olur ki… Bir söz deyim sizə: bilirsiz ki, mən Şuşalıyam. O vaxt müharibə başlayanda baxmayaraq ki, qucağımda körpə balam vardı, mən gedib vuruşmaq istəyirdim. Bizim bir çox deputatlar, siyasət adamları məni bu fikrimdən güclə daşındırdılar. İstəyirdim ki, bu torpaq üçün nəsə edim. Hələ də bu barədə fikirləşirəm. Hərçənd atam kimi bacara bilməsəm də, bəlkə mənə də nə vaxtsa xalqım üçün nəsə etmək qismət olacaq.
– Atanızın sizə ən qiymətli hədiyyəsi nə olub?

– İstər bayramlarda, istərsə də ad günlərimdə atam həmişə mənə zinət əşyaları alırdı. Deyirdi, nə vaxt əlini atsan, puldur. Həm də mirasdır. nəsildən-nəslə keçər.

– Demək, xəzinə üstündə oturmusuz ki?

– Mənim ən böyük varidatım aldığım tərbiyə və təhsildir. Qadın var gözəlliyi ilə, qadın var keçirdiyi plastik əməliyyatlarla, qadın da var bahalı mağazalardan aldığı əşyalarla öyünür. Mənsə öz intellektimlə qürur duyuram. İnsan üçün bundan böyük xəzinə ola bilməz.

 

Zakirə Zakirqızı

Yenicag.Az

www.yenicag.az

7325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv