www.sinerjipro.net

SinerjiProWide
Reklam

Oktyabrın 30-da Bakıda çox böyük tarixi hadisə yaşandı. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təntənəli açılış mərasimi keçirildi.

Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla dörd dost ölkənin rəsmiləri ilə birlikdə gerçəkləşdirdi bu tarixi hadisəni. Layihədə yer alan Gürcüstanla bərabər Qazaxıstan və Özbəkistanın da baş nazirləri, həmçinin Türkmənistan və Tacikistanın rəsmi təmsilçiləri Bakıda bu təntənəyə şahidlik etdilər.

İlk qatar artıq yola düşüb və bəlkə də biz bu yazımızı dərc edərkən mənzil başına da çatmış olacaq. Xeyirli-uğurlu olsun deyək. Azərbaycan adına Prezident İlham Əliyevin cəsarət və qətiyyətlə gerçəkləşdirdiyi daha bir layihə bundan sonra ölkəmizə yüzillər davam edəcək fayda verəcək. Bu uğurun memarı kimi məhz İlham Əliyev tarixə düşdü.

Biz Bakıda bu təntənəyə şahidlik etməkdəykən təcavüzkar və işğalçı qonşumuz 2018-ci il üçün dövlət büdcəsini müzakirə edirdi. Açıq müzakirələrdə bir nəfər də olsun nikbin söz deyə bilmirdi. Azərbaycanda sabaha artan ümidlər, dövlətin iqtisadi gücünün, siyasi çəkisinin yüksəlməsi bütün yönləriylə dillərdəykən işğalçı Ermənistanın insanı 2018-ci ilin əvvəlki illərdən daha pis olacağını ən yüksək rəsmilərin dilindən eşidib kədərlənməkdəydi…

Azərbaycanın məqsədyönlü, uzaq strateji hədəflərə yönəlik, dayanıqlı inkişaf və dövlət mənafelərini hər şeydən üstün tutan doğru siyasəti bu gün belə bir təbii mənzərə çıxarıb ortaya. İşğalçı ölkənin bədbəxt vətəndaşları sabah nəyin hesabına çörək yeyəcəklərinin dərdini çəkməkdəykən Azərbaycan daha böyük layihələri necə gerçəkləşdirməyin yollarını müzakirə edir.

Bu gün dövlətimiz ərazi baxımından kiçik, əhali baxımından azsaylı olsa da dünyada haqqında ən çox danışılan ölkələr sırasındadır. Ən böyük layihələr məhz Azərbaycanın adıyla bağlıdır.

Hələ 1994-cü ildə ulu öndər Heydər Əliyevin başçılığıyla əsrin müqaviləsi imzalanarkən haqqında yeni-yeni söz edilməyə başlayan Azərbaycan indi “daha hansı çılğın layihələrlə gündəmi işğal edəcək” kimi sualların ünvanına çevrilib.

Bir zamanlar bəzi qüvvələrin bütün əleyhdarlarımızı səfərbər edib əngəlləməyə çalışdığı Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin işə salınmasıyla yeni tarix yazan Azərbaycan ardınca elə layihələrə imza atdı ki, doğrudan da buna çılğınlıq demək olar. Bəzən də bu çılğınlıq riskli görünür, amma sonda gələn uğur insanı xoşbəxt etməyə yetir.

Bu gün Azərbaycan Avropa Birliyinin alternativ enerji qaynağı kimi göz dikdiyi bir dövlətə çevrilib. Biz qardaş Türkiyə üzərindən keçməklə bütün Avropanı ağuşuna alacaq böyük layihələrə çəkinmədən başlamışıq, icra edirik və uğurunu da görürük.

Elə bu Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də işə salınanda nə qədər maneələr çıxdı ortaya. Hətta Azərbaycanla Türkiyədən fərqli olaraq Gürcüstan bu layihəyə bir qədər ehtiyatla yanaşırdı. Maliyyə çatışmazlığını səbəb kimi göstərib yaxasını kənara çəkmək istəyirdi.

Avropa Birliyi, ABŞ və Rusiya, eləcə də İranın gizli və açıq təhdidləri altında atılmışdı təməlləri bu layihənin. Azərbaycan lideri o günlərdə də çox çılğın davranmış, bütün bu dirənişləri gözardı edərək Gürcüstana 200 milyon dollar kredit ayırmışdı. Sonrakı mərhələdə bu kreditlər artırıldı, faktiki olaraq yolun Gürcüstan hissəsi də məhz Azərbaycanın hesabına çəkildi.

Yəni Azərbaycan, əslinə qalanda, Bakı-Tbilisi-Qars layihəsinin bütün riskini tək başına üzərinə götürdü. Bütün əngəlləri tək başına aşdı, sonadək getdi və daha bir böyük uğura imza atdı.

Bütün bunlar nəyin hesabına baş verdi? Əlbəttə ki, liderin qətiyyətinin və çılğınlığının hesabına. Riskləri fürsətə çevirməyi bacaran, prinsipial mövqeyindən və başçılıq etdiyi dövlətin strateji maraqlarından bir addım da geri çəkilməyən Prezident İlham Əliyevin sayəsində!

Bakı-Tbilisi-Qarsın işığında bir daha gördük: Azərbaycan elə bir şəxsiyyət tərəfindən idarə olunur ki, bu ölkəyə dünyanın ən böyük gücləri belə istədikləri kimi təsir edə bilmirlər. Ölkənin içini qarışdırmaq, xalqı ayağa qaldırıb hakimiyyətlə üz-üzə qoymaq cəhdləri əvvəlki illərdə elə iflas edib ki, indi bu üsulu heç kim ağlına belə gətirmir. Bu iflasın da səbəbi hakimiyyətin xalqla iç-içə olması, vətəndaşla dövlət arasında dialoqun ən yüksək səviyyədə qurulmasıdır. Şəxsən Prezident İlham Əliyev bütün hakimiyyəti dönəmində sadə xalqın yanında olduğu üçün yad qüvvələr aramıza nifaq sala bilmirlər. Çünki Azərbaycan xalqı liderinə güvənir, məhz onun cızdığı strategiyaya inanır.

Bu gün Azərbaycan Yaxın Şərqin qan içində boğulan coğrafiyasının bir addımlığında sabitlik və inkişaf adası kimi ayaqdadırsa, bu da Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən idarəetməsinin əsəridir. Liderin çılğınlığı, hər kəsin mümkünsüz saydığı layihələrə qətiyyətlə könül verməsi, risklərdən əsla çəkinməməsi indi bizim ölkəmizi ən sayılıb-seçilən ölkələrdən birinə çevirib.

Azərbaycan artıq turistlərin maraq göstərdiyi, müxtəlif qlobal müzakirələrin aparıldığı, hətta dünyanın iki supergücünün – ABŞ və Rusiyanın baş qərargah rəislərinin görüş yeri kimi seçdiyi mərkəzə çevrilib. Yenə də liderin doğru strategiyası nəticəsində.

Bütün bu düşüncələrimizi Bakı-Tbilisi-Qars dəmiryolunun açılışının ardından dilə gətirməyimiz də təsadüfi deyil. Bu sətirləri yazdıran Azərbaycanın sabahıyla bağlı getdikcə daha da möhkəmlənən ümidlərimizin memarı Prezident İlham Əliyevin bənzərsiz üstün liderlik xüsusiyyətləridir.

Azər HƏSRƏT

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1424
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."