Rövşən Lənkəranski atasının qisasını necə aldı? – “Oğru” dünyası ilə bağlı şokedici gerçək…

Müəllif: Baş Redaktor

Baş Redaktor

27763Bu günlərdə sabiq daxili işlər naziri İsgəndər Həmidov jurnalist Əvəz Zeynallının suallarını cavablandırarkən “qanuni oğru” Pövşən Lənkəranskinin atasının öldürülməsindən danışıb. İ. Həmidovun sözlərinə görə, həmin dövrdə Astaranın Şahağac kəndində gömrükxanaya “Dədə” ləqəbli cinayətkar dəstənin başçısı rəhbərlik edirmiş. Avtoritetin atasını da Lənkərandan Astaraya gedərkən (?) “pekarnı”nın (!) yanında ağaca bağlayıb (?) güllələmişdilər ki, niyə görə Astara sərhədini (?) keçmisən: “Bu da tarixdir. O adamın oğlu bu dəqiqədə qanuni oğrudur – Rövşən Lənkəranski… Məhkəmədə o da Sovetə atdı…”

Əslində bəs hadisə necə olub? Sabiq nazirin gündəmə gətirdiyi həmin hadisə və Rövşən barədə ilk yazını 19 il öncə Azərbaycan mediasınının o zaman ən oxunaqlı qəzetlərindən biri sayilan və gündəlik nəşr olunan “Avrasiya”nın (baş redaktoru İrfan Sapmaz) cənub bölgəsi üzrə təmsilçisi olduğum vədələrdə qələmə almişam. Deyilənə görə, həmin məqalədən Rövşənin məhkəmə istintaqında sitat da gətirilib. Ələlxüsus da sərlövhəsi diqqət cəlb edib. Buyurun, həmin yazı ilə siz də tanış olun.

“Məni ədalətlə mühakimə edin”

3 iyul 1996-cı ildə Astara rayon Xalq Məhkəməsinin binasında Ali Məhkəmə Kollegiyasının üzvü M. Ağazədənin sədrlik etdiyi məhkəmə istintaqı prosesində müttəhimlər kürsüsündə əyləşən Sovet Quliyev tapançadan açılan atəşlərə hədəf oldu. Ölümcül yaralanmış müttəhim bir neçə saatdan sonra Masallı rayon mərkəzi xəstəxanasında keçindi.

  1. Quliyevi vaxtilə onun 2 nəfərin iştirakı ilə vəhşicəsinə qətlə yetirdiyi Lənkəran şəhər sakini Rafiq Canıyevin oğlu Rövşən güllələmişdi…

Azərbaycanın məhkəmə tarixində analoqu olmayan bu hadisəyə səbəb nə olmuşdu?

Cinayət : 21 may 1992-ci ildə saat 21-22 radələrində Astaradan Lənkərana dönən VAZ 2106 markalı Jiquli maşını Pensər çayının üstündə yeni salınmış körpüdə üç nəfər silahlı şəxs tərəfindən saxlanıldı.

Bu üç nəfər şəxs əvvəllər xuliqanlıq üstündə məhkum olunmuş Sovet və Qüvvət (ona Vətən də deyirdilər) Quliyev qardaşları, Ədalət Məlikov Şahağacı kəndinin sakinləri idilər.

Lənkəran şəhər çörək kombinatının direktoru Rafiq Eynəli oğlu Canıyevin idarə etdiyi maşında T. adlı gənc bir qadın da vardı. Cinayətkar qrup Rafiq Canıyevi uzun-uzadı çək-çevirdən sonra daş, dəmir, ling və s. küt alətlərlə döyür, maşının bütün şüşələrini sındıraraq qadının çıxmasını təkid edirdilər. Bir azdan hadisə yerinə Şahağacı kəndinin hakimiyyət nümayəndələri gəlir. İki qonşu rayon arasında ədavətçilik toxumu səpən bu özbaşınalığın qarşısını almağa çalışırlar. Lakin gözlərini qan tutmuş cinayətkar dəstə onlara qarşı kobudluq edirlər və güya “rəhmə gəlib” ağır yaralanmış Rafiqi QAZ -24 markalı maşına qoyub xəstəxanaya aparmaq adı ilə Sovet Quliyevin həyətinə gətirirlər. Beyninin qurdu tərpənmiş Sovet avtomat silahı götürüb həyət-bacanı güllə-baran edir və sonra yaralı vəziyyətdə olan Rafiqi güllələyib qətlə yetirir…

1957- ci ildə Şahağacı kəndində anadan olmuş Sovet Quliyev 1984-cü ildə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1954-cü il təvəllüdlü Ədalət Məlikov hələ 1983-cü ildə Saratov vilayətinin Balaşova şəhər məhkəməsində RSFSR CM-nin 206 –cı maddəsiylə, 1955-ci ildə anadan olmuş Qüvvət isə Azərbaycan CM-in 207 –ci maddəsiylə həbs cəzasına məhkum edilmişdilər.

Respublikada reket və soyğunçuluqla məşğul olan qrupların tüğyan elədiyi vaxtda öz həmkəndliləri üçün belə təhlükəli olan bu şəxslər törətdikləri ağır cinayətdən sonra aradan çıxa bildilər…

Sovetin böyük qardaşı, dar ayaqda kasıb-küsuba əl tutan Bığ Gülağanın (Dədə ləqəbi ilə tanınan şəxsin) evi darmadağın edilib yandırıldı. Gülağa, həyat yoldaşı, övladlığa götürdükləri qız uşağı və bir neçə nəfər “Subtropik əməliyyatı”nın qurbanı oldular. (Xatırladım ki, bu əməliyyata şəxsən İsgəndər Həmidovun özü rəhbərlik etmişdi –müəllif)

Sağlığında: “Mənim qardaşlarımla heç bir əlaqəm yoxdur!” deyən Gülağanın qəbahəti hüquq- mühafizə orqanları qarşında “boyun əyməməsi” idi. Əslində sübh çağı qəfil keçirilən bu əməliyyatın nə olduğunu anlaya da bilməzdi. O vaxtlar əsl cinayətkar qrup zərərsizləşdirilmədiyinə görə tez-tez belə şaiyələr də gəzirdi ki, Rafiq Canıyevin qisasını almaq üçün Lənkərandan güya Şahağacına silahlı basqın gözlənilir.

Cənub bölgəsində İsgəndər Həmidovun əməliyyatına bəraət qazandıranlar da oldu. Və beləliklə, üç böyük cilddən ibarət 3948 saylı cinayət işi əslində tamamlanmamış qaldı. Axtarışda olan Sovet Quliyev isə 1993-cü ildə Vladivostok şəhərində törətdiyi başqa bir cinayət işinə görə həbs olundu.

CƏZA: Hörmətinə və səxavətinə görə Lənkəranda nüfuz sahibi olmuş Rafiq Canıyevin vəhşicəsinə qətlə yetirilməsinə çoxları təəssüflənirdi. Lakin bu itki ən ən çox onun o vaxt 17 yaşına yenicə qədəm qoymuş oğlu Rövşəni bərk sarsıtmışdı. 4 il qatilini axtaran nigaran RUH oğlunun yuxusuna gələrdi. Mənəvi iztirablarla, ruhi sarsıntılarla yaşa dolurdu Rövşən…

Və Astara polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində atasının qatili uzaq Naxodkadan Azərbaycana gətiriləndə bütün ailə üzvləri kimi o da məhkəmənin başlayacağı günü nigarançılıqla gözləmişdi…

Müttəhim kürsüsündə oturmuş qatil onun (Rövşənin- N.Ə) baxışlarına sanki davam gətirməyib, Rövşənə: “sən bayıra çıx!” deyə ağayana işarə vermişdi… Və Rövşən cibindən çıxartdığı tapançanı müttəhimə tuşlayıb 4 dəfə atəş açır. Güllələrin üçü hədəfə sancılır. Tapançanı özü məhkəməyə təhvil verib, sakitcə: “ Məni ədalətlə mühakimə edin!” deyir.

Fakt üzrə Astara rayon prokurorluğunda istintaq aparılır…

Sözardı: Beləliklə, Astara rayon Məhkəməsinin zalındakı “seçimi” Rövşənin “oğru dünyası”na aparan yolun başlanğıcı oldu. Etimal ki, ağır mənəvi-ruhu sarsıntılar keçirən 21 yaşlı gənc atasını öldürən şəxs haqqında hakimin ədalətsiz qərar çıxaracağını düşünərək qatildən qisas almaq yolunu seçmişdi… Təqribən 3 ildən sonra o, azadlığa buraxıldı. Özündən əvvəlki Azərbaycanın tanınmış “oğru”ları kimi Rövşən də əsasən Azərbaycandan kənar fəaliyyət göstərir. Rövşən Rusiya mətbuatında adı kifayət qədər çox çəkilən fiqurdur. Bəzi iddialara görə, tezliklə Rövşən Lənkəranski “oğru dünyası”nın kralı da ola bilər. Onun barəsində Rusiyanın İctimai və NTV TV kanallarında göstərilən filmdən və digər KİV-də yazılanlardan da bunu sezmək mümkündür. 2002-ci ildə o, Rusiya vətəndaşlığı aldı. Az bir zamanda nəinki Rusiyada və Ukraynada, hətta Avropa ölkələrində belə kriminal aləmdə tanındı.

Amma deyilənlərə görə, Rövşən doğulub boya-başa çatdığı doğma Lənkərana indi həsrət qalıb. Şuşa da doğulan da Şuşaya həsrət qaldığı kimi!

Söz yox ki, hərbi canilər, dövlət büdcəsini talayan OĞRULAR da, xalqı yoxsulluq fəlakətinə sürükləyən dövlət məmurlar da qanun qarşısında cavab verməlidirlər… Amma atasını xüsusi amansızlıqla qətlə yetirən qatili öldürdüyünə görə cəzasını çəkmış və Rusiyada kriminal aləmdə ad çıxaran bir adamın Azərbaycana – öz ata ocağına gələ bilməməsi qəribədir. Rusiyanın tanınmış sosioloqu, kriminal aləm barədə əsas araşdırmaçılardan biri sayılan Vladimir Kireyevim mətbuata açıqlamasına görə Rövşənin başına 15 milyon dollar qiymət qoyublar. “Maraqlıdır ki, onun öldürülməsinə daha çox marağı yezidi kürdlərin kriminal dəstələri göstərir. Amma onun Azərbaycanlı kriminallar tərəfindən öldürüldüyünü eşitsəm, təəccüblənmərəm…”

“İnsanı məhkum etmək olar, lakin mərdliyi, vətənpərvərliyi, fədakarlığı və həqiqəti məhkum etmək olmaz!” deyirlər.

Bu gün təbiət hadisələrinə müdaxilə etmək mümkün olmadığı kimi, kriminal dünyanın da ehkamlaşan qanunlarına da ictimai rəylə təsir etmək mümkünsüzdür. Çünki dünyanın haqsızlıqla haqq düşərgəsinə bölünməsi özünü qabarıq şəkildə biruzə verir. Siyası güc haqsızlığın, mənəvi güc haqqın tərəfindədir.

Demək olar ki, bütün dövrlərdə oğrular dövlətin ədalətsizliyinə qarşı yaranıb! Məsələn, iddiaya görə, çar II Nikolayın dövründə də həbsxanalarda kriminal avtoritetlər olub. Azərbaycanda isə həmin dövrdə bu tip insanlar “qoçu” kimi tanınırdılar. Kriminal dünyanın tanınmış isimləri ilə bağlı bir neçə kitabın redaktoru olan jurnalist İlqar Əlfioğlunun fikrincə, “inkişaf etmiş ölkələrdə bu tip strukturlar leqallaşırlar. Dünənki kriminal şəxslər bu gün Rusiyada parlamentdə təmsil olunur, biznesmen kimi tanınırlar…” “Qanuni oğru”ların cəmiyyətdə bu qədər ehtiramla qəbul olunmasının əsas səbəblərindən biri də onların öz qanunlarına sədaqətlə riayət etmələri ilə bərabər, həm də günahsızın, haqqı tapdananın yanında olmağa çalışmaları və buna nail olmalarıdır. (Səbinə Əvəzqızı 21.10.2008. Lent.az)

***

Haqq və Ədalət dövləti yaratmaq isə əbədi problemdir. Ona görə ki, siyası güc mənəvi güc üzərində qabaqcadan təyin olunmuş SAXTA QƏLƏBƏdən savayı başqa bir şey deyil. Bu qələbə mənəvi gücü tam süquta uğratmasa da demokratiya pərdəsi altında eynən orta əsrlərin mexanizmiylə (zorakılıqla) həyata keçirilir. Bəlkə buna görə qərbdə də, şərqdə də insanlar xəyalən də olsa, yenə robin qurdların, ağ atlı oğlanların, koroğluların, qaçaq nəbilərin, lap elə “Qurdlar vadisi” serialının qəhrəmanı Polad Ələmdarın sorağındadır?!.

Azərbaycanda isə polad ələmdarların – “qanuni oğru”ların heç biri öz əcəli ilə ölməyib. Lotu Bəxtiyar, Dağlı Cavanşir, Sabrabadlı Hikmət, Masallı Mamed…

Yəni “qanuni oğru”nu həbs etməkdən və ya öldürməkdən başqa yolu yoxdur? Necə olur ki, QANUN yerli narkobaronları – “ölüm tacirlərini”, korrupsioner oliqarxları, rüşfətxor məmurları, tender “oyunçuları”nı, bir-birinin hesablarına qanunsuz pul köçürən “maxinator”ları, vergidən yayınanları, dövlətin cibindən (büdcəsindən) milyardlarla pul oğurlayanları məsuliyyətdən kənarda saxlaya bilir,

“qanuni – oğru”nu yox?! Axı azərbaycanlı “qanuni oğru”lar heç biri siyasətə qarışmadan qürbətdə elə həbsxanada olduğu kimi bir növü, “həmkarlar ittifaqının” funksiyasını yerinə yetirirlər. Həmvətənlərini başqa millətlərdən olan “oğru”ların əlində qazanc “alətinə” çevrilməkdən qoruyurlar.

Görünür, biznes dünyasının sərt qanunları “oğru” dünyasının qanunlarından daha güclüdür… Haqlı deyilib: PUL hakimiyyət, hakimiyyət isə PUL deməkmiş!

P.S: Azərbaycanın sərvət sahibləri, milyaderləri, on-on beş dəfə Kərbəla, Həcc ziyarətinə gedən “iş adamları” haqqında düşünəndə istər-istəməz düşmən işğalında olan cənnət Qarabağı və onun baş şəhəri Şuşanı xatırlayıram. Bir də dahi Mirzə Cəlilin hələ XX əsrin əvvəllərində yazdığı bir məqalədən aşağıdakı fikir yada düşür: “Bu gün Kərbəla meydanı Azərbaycandakı vətənpərvərlik meydanıdır… Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa, gözümüzün qabağında ürəkləri dağlayan Azərbaycan məbədgahı durur”

Nurəddin ƏDİLOĞLU

Azinforum.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir