www.sinerjipro.net

SinerjiProWide
Reklam

Hər zaman səmimiyyəti ilə seçilib. Bəlkə də elə sevilməyinin sirri bundadır. Bu dəfə də keçmişi ilə bağlı heç yerdə danışmadığı sirlərini açdı.

Əməkdar artist Röyanın Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Çox şanslısan, səni bütün yaş təbəqəsindən olan insanlar sevir. Sevilməyinin sirri nədədir?

– Bu, sevgi deyil, inamdır. Yəqin ona görə ki, mən yaxşı qızam, yaxşı övladam, yaxşı bacıyam.

– Nə vaxtsa, bu inamı qırmaqdan qorxmursan ki?

– Nə gizlədim, buna görə həmişə qorxuram və hər zaman da qorxacam. Bu qorxu ömrüm boyu məni təqib edəcək. Həmişə yalvarmışam ki, Allah, ağlımı əlimdən alma.

– Həyatında “kaş ki..” dediyin anlar çox olub?

– Mən elə şeyləri sevmirəm. Nə olubsa olub, heç vecimə də deyil.

– Yəni keçmişlə yaşamağı sevmirsən?

– Yox. Bunu heç kimə arzulamıram da. Qoy hamı bunu başından atsın, keçmiş keçmişdə qaldı. Geriyə yox, irəliyə baxsınlar.

– Təbii ki, günahsız adam yoxdur. Allahla söhbətləşəndə hansısa günahına görə bağışlanmağını istəmisənmi?

– Bəzi şeylər var ki, buna görə Allahdan bağışlanmağımı istəmişəm. Amma indidən deyim ki, bu geyimlə bağlı deyil. Birdən elə bilərsiz açıq-saçıq geyimlərimə görə olub, yox. Bu, Allahla mənim aramda olan sirdir, aramızda da qalacaq.

– Leksikonunda “üzr istəyirəm”, “məni bağışla” kimi ifadələr varmı?

– Var. Üzr istəməyi sevirəm; baxmıram ki, həmin adam məndən yaşca kiçikdir, ya böyük. Əgər səhvim olubsa, üzr istəməyi bacarıram. Bunu özümə alçaqlıq bilmirəm.

– Düşməninin pis gününə sevinirsən? Ürəyində deyirsənmi ki, yaxşı oldu, mənə etdiyin pislik qabağına çıxdı…

– Qətiyyən. Mən elə şeylərdən qorxuram. Çünki kiməsə gülmüşəmsə, öz başıma gəlib.

– Keçmiş həyat yoldaşın Anarı çətin vəziyyətdə müdafiə etməyin səni çoxlarının gözündə ucaltdı…

– Bizdə boşanma mədəniyyəti yoxdur. Elə qızlar var ki, ərindən ayrılandan sonra uşağı atasından gizlədir. Mənim o qızlara məsləhətim budur ki, qətiyyən belə etməsinlər. Çünki zamanında özüm də o acı taleni yaşamışam.

Valideynlərim boşananda başım çəkib, onlar ayrılıb, acısını biz uşaqlar yaşamışıq. Yadımdadır ki, anam pəncərələrə “reşotka” vurdurmuşdu. Qorxurdu ki, birdən dədəm gələndə biz birinci mərtəbədən hoppanıb onun yanına qaçarıq. Ona görə də mən ilk dəfə əlimə pul düşən kimi atama ev aldım. Axtarıb dədəmi tapdım. Anaların bu addımı düzgün deyil. Əksinə, bu hərəkətlə övlad ataya daha çox bağlanır.

– Yəni heç Anarla aranızda uşağa görə narazılıq olmayıb?

– Əgər bu günə kimi oğlumu atasından aralamağa çalışdımsa, Allah bəlamı versin. Hər cümə günü oğlumun əşyaları yığılır. Yalvarır ki, ana, qoy bir az dostlarımla oynayım. Deyirəm olmaz, düz atanın evinə. Bütün boşanan qadınlara da bunu arzulayıram ki, ağıllı olsunlar. Unutmasınlar ki, qan həmişə çəkir. Övladınızı atasından nə qədər ayrı tutacaqsınız, bir o qədər də ona yaxınlaşdıracaqsınız.

– Anarı unutmaq sənə asan oldu?

– O, heç vaxt unudulmayacaq. Çünki bizim uşağımız var.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9438
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.