!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rus məktəblərinin dəyişməz “ənənə”si: Azərbaycan dilinə hörmətsizlik davam edir

!Reklam – Yazi

Rusdilli məktəblərdə oxuyanların ana dilindən kəsilməsi təhsil sisteminin bərbad olmasının nəticəsidir.

Dövlət İmtahan Mərkəzinin (DİM) rusdilli məktəblərlə bağlı açıqlamasından belə görünür ki, bu təhsil ocaqlarında Azərbaycan dili üzrə verilən imtahandan xeyli sayda uşaq kəsilib. Buna görə də DİM tərəfindən iyunun 11-də onlar üçün ikinci dəfə imtahan vermək şansı yaradılıb.

Rusdilli məktəblərdə Azərbaycan dili fənnindən çoxsaylı abituriyentin qeyri-kafi qiymət alması görəsən nəyin göstəricisidir? Bu, rus məktəblərində Azərbaycan dilinin zəif tədrisinin, bu dilə göstərilən münasibətin nəticəsidirmi?

Sosioloq-alim Əhməd Qəşəmoğlu Yenicag.az-a açıqlamasında bildirdi ki, rusdilli məktəblərdə Azərbaycan dilindən imtahan verən xeyli sayda abituriyentin kəsilməsinin günahını ölkədə təhsil sisteminin bərbad olmasında axtarmaq lazımdır:

“Rusdilli məktəblərdə azərbaycan dilindən kəsilən uşaqların çox olması yaxşı göstərici sayıla bilməz. Bunun da günahı təhsil sistemindədir. Hələ sovet dönəmində belə bir adət var idi ki, rus bölməsində oxuyanlar, hətta azərbaycanlı olsalar da belə, bir qayda olaraq Azərbaycan dilinə çox etinasız olurdular. Təəssüf ki, bu pis ənənə indi də davam edir. Bu da dövlətçilik maraqlarımıza uyğun deyil. Rusdilli məktəblərin olması təbii ki, normal haldır. Amma özünə hörmət edən hər hansı bir ölkədə hansı dildə təhsil almasına baxmayaraq, insanlar dövlət dilini də bilməlidirlər. Rus bölməsində Azərbaycan dili şagirdlərə yaxşı tədris edilməyibsə, bu proses ciddi tənqid olunmalıdır. Oranı bitirən gənclər sonra gedib dünyada ölkəmizi təmsil edəcəklər. Lakin onlar Azərbaycan dilini bilmirlərsə, onların mədəniyyətimizə, tariximizə marağı da arzuolunan səviyyədə olmayacaq. Yəni onlar Azərbaycan vətəndaşına layiqli səviyyədə olmayacaqlar. Bu da həmin gənclərin ölkəmizin maraqlarını dünyada lazımı səviyyədə qorumaq gücündə də olmayacaqları deməkdir. Ona görə çalışmaq lazımdır ki, rus bölmələrində də Azərbaycan dilinə maraq yüksək olsun. İndiki vəziyyət isə kifayət qədər acınacaqlıdır”.

Sabiq TQDK-nın ilk sədri Vurğun Əyyub da bu qənaətdədir ki, rusdilli məktəblərdə ana dilindən imtahan verən çox sayda uşağın kəsilməsi həmin tədris ocaqlarında Azərbaycan dilinə olan hörmətsizliyin göstəricisidir:

“Ümumiyyətlə, rus məktəblərini bitirən abituriyentlər 30 il öncə olduğu kimi indi də Azərbaycana, onun dilinə, ədəbiyyat və mədəniyyətinə yuxarıdan aşağı baxıb, təhqiramiz yanaşıblar. İndi də bu pis ənənə davam etməkdədir. Çıxış yolunu isə onlara Azərbaycan dili dərsi deyən müəllimlərin tələbkarlığının artırılmasında görürəm”.

ELÇİN
Yenicag.Az

www.yenicag.az

773
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv