!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Azərbaycan münasibətləri - Kremlin əsl məqsədi

!Reklam – Yazi

Son aylarda Azərbaycan-Rusiya münasibətlərində qarşılıqlı anlaşılmazlıqlar müşahidə olunur. Ötən həftə iki ölkə arasındakı diplomatik münasibətlərin 25 illiyinin tamam olmasına və prezidentlərin əl sıxaraq bir-birini təbrik etməsinə baxmayaraq, görünən odur ki, heç də hər şey ürəkaçan vəziyyətdə deyil.

Münasibətlərin tarixi

Azərbaycan-Rusiya əlaqələri Azərbaycanın Dağlıq Qarabağda müharibə apardığı dövrdə – 1990-cı illərin əvvəllərində olduqca mənfi idi. Yeltsin hakimiyyəti açıq şəkildə Ermənistanı müdafiə edirdi və hər hansı konstruktiv dialoqdan söhbət belə getmirdi. Digər məsələ isə ondan ibarət idi ki, Azərbaycanda hakim zümrə o qədər də uzaqgörən insanlardan ibarət deyildi və onlar açıq şəkildə Rusiya ilə düşmənçilik münasibəti saxlayırdılar.
Hər şey Heydər Əliyev hakimiyyətə gəldikdən sonra dəyişdi. Lakin bu zaman da əlaqələri müsbət adlandırmaq çətin olardı. Belə ki, Yeltsin və onun komandasının antiazərbaycan siyasəti öz sözünü deyirdi. Rusiyada prezident postuna Vladimir Putinin seçilməsi Azərbaycan-Rusiya münasibətlərinin nizamlanmasında mühüm rol oynadı. Məhz bundan sonra iki ölkə arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf etməyə başladı və çətin inkişaf yolu keçməklə bugünkü həddə çatdı.

Yüngül təzyiq

İki ölkə prezidentinin bir-birini diplomatik münasibətlərin 25 illiyi münasibətilə təbrik etməsinə baxmayaraq, münasibətlərdəki anlaşılmazlığı görmək çətin deyil. Azərbaycan-Rusiya münasibətlərindəki soyuqluğun təməli Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmamasına dair işlətdiyi ifadədən sonra qoyulmuş oldu.

“Dağlıq Qarabağ münaqişəsi artıq sadəcə Azərbaycanın daxili işi deyil”, – deyə Lavrov qeyd etdi.
Azərbaycanda böyük əks-səda doğuran bu açıqlamadan sonra Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olduğunu bildirdi.

“Dağlıq Qarabağ bütün dünya və ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən Azərbaycan torpağı kimi tanınır. Burada baş verən hadisələr ölkəmizin daxili işidir”, – deyə Azərbaycan prezidenti İlham Əliyev Aprel döyüşlərinin ildönümü ilə əlaqədar hərbçilərlə keçirtdiyi görüşündə vurğuladı.

Sözügedən açıqlama göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Rusiya-Azərbaycan yanaşmaları bir-birindən ayrılıb.

Lakin son zamanlar iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərən, bu və ya digər məsələlərdə ölkələr arasında fikirayrılığını üzə çıxaran bir sıra digər problemlər də ortaya çıxıb. Son günlər münasibətlərdə gündəmdə dayanan başlıca məsələ Ümumrusiya Azərbaycan Konqresinə (ÜAK) dair xəbərlərdir.
Rusiya Ədliyyə Nazirliyi aprelin 11-də ÜAK-nın qeydiyyatı məsələsini nəzərdən keçirtməlidir. Mənbənin verdiyi məlumata görə, təşkilatın ləğv edilməsi ehtimalı kifayət qədər yüksəkdir. Əgər Rusiya hakimiyyəti təşkilatı bağlamaq qərarına gəlsə, bu, böyük diplomatik müharibəyə yol açar, münasibətlər arasında gərginlik yarana bilər. Belə ki, rəsmi Bakı sözügedən addımın Kremlin Bakıya təzyiq siyasəti olduğunu yaxşı başa düşür.

Burada belə bir sual meydana çıxır: Vladimir Putin və Heydər Əliyevin razılığı ilə açılan və 16 ildir ki, ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edən təşkilat birdən-birə necə qeyri-qanuni oldu? Məntiq haradadır?

Əgər məsələ sadəcə ÜAK olsaydı, o zaman təşkilatın sənədlərlə bağlı problemi olduğunu və iki ölkə arasındakı münasibətlərin burada heç bir rol oynamadığını demək olardı. Lakin Rusiya-Azərbaycan sərhədindəki kütləvi problemləri sənədləşməylə heç cürə əlaqələndirmək olmur. Gah Dağıstanda Azərbaycandan gətirilən 19 ton çay, gah 21 ton tütün, Azərbaycan almalarını daşıyan 12 yük maşını, gah da 14 və 16 ton Azərbaycan pamidoru saxlanılır. Ümumi hesabla , demək olar ki, bütün yük maşınları Azərbaycan-Rusiya sərhəddindən buraxılmır.
Yuxarıda sadalanan faktları nəzərə almaqla demək olar ki, Rusiya yüngül təzyiqlə Azərbaycana dair tələblər irəli sürmək istəyir. Rəsmi Bakı isə bu tələblərə cavab vermək fikrində deyil. Söhbətin nədən getdiyini sadəcə təxmin edə bilərik, lakin problem olduğu açıq-aşkardır. Hər halda yaxın zamanda bu və ya digər açıqlamalarla problemin nə ilə bağlı olduğunu öyrənə biləcəyik.

Nicat Hacıyev
Yeniçağ.Ru

www.yenicag.az

2836
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv