Rusiya Türkiyəyə qarşı yumşalmağa başlayır?

Müəllif: Baş Redaktor

Baş Redaktor

91223Saetov_OzbayFikrət Sadıxov: “Ola bilsin Moskvada başa düşürlər ki, son nöqtəni qoymamaq üçün hansısa bir açıq dəhliz saxlamaq lazımdır”

Rusiya hökuməti deyəsən Türkiyə ilə bağlı qərarlarında tədricən geriyə doğru addım atmağa başlayır. Belə ki, bu ölkənin İqtisadi İnkişaf Nazirliyi Rusiyada işləyən bir sıra Türkiyə şirkətlərinə münasibətdə yumşaldıcı məqamları nəzərdə tutan qanun layihəsi hazırlayıb. Həmin layihəyə əsasən Rusiyada işləyən və bura mal gətirən Türkiyə şirkətlərini əvəzləyə biləcək yerli şirkətlərin olmadığı və yaxud onun dəyişdirilməsi baha başa gələn sahələr üzrə qardaş ölkə şirkətləri şimal  ölkəsində fəaliyyətlərini davam etdirə bilərlər.

Görəsən, Rusiyanın Türkiyəyə münasibətdə atdığı bu addımın arxasında nə dayanır? Olmaya Moskva Ankaraya münasibətdə yumşalma kursu götürməyə başlayıb?

Politoloq Fikrət Sadıxov Yenicag.az-a açıqlamasında bildirdi ki, Kremlin Rusiyada işləyən Türkiyə şirkətlərinə münasibətdə belə bir addım atmaq istəyi ola bilsin onun Ankaraya münasibətləri normallaşdırmaq yolunda verdiyi bir işarəsidir: “Əslində gec-tez bu iki dövlət arasında münasibətlər bərpa olunmalıdır. Çünki hər iki dövlət yaranmış durumla bağlı olaraq iqtisadi, maddi, maliyyə, turizm sahələri və s. üzrə əziyyət çəkirlər. Lakin hələlik gərginlik yüksək səviyyədədir və aşağı düşəcəyi indilikdə gözlənilmir. Amma Moskvada da  başa düşürlər ki, son nöqtəni qoymamaq üçün hansısa bir açıq dəhliz saxlamaq lazımdır. Türkiyə iş adamlarına şəraitin yaradılması məsələsinə də bu kontekstdə baxmaq olar. İki dövlət arasında nə olmasından asılı olmayaraq, ticarət-iqtisadi münasibətlər üstün tutulmalıdır. Münasibətlərin yaxşılaşması yolunda siyasi addımlar da ancaq bu mərhələdən sonra başlaya bilər. Əlbəttə ki, Moskvanın Türkiyə şirkətlərinə münasibətdə atmaq niyyətində olduğu bu addımlar kiçik olsa da, bəlkə də Türkiyəyə müəyən bir mesaj, işarədir. Bu da öz-özlüyündə münasibətlərin müəyyən göstəricisidir”.

ELÇİN



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır