!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyalı turist: “Xocalıya görə ermənilərə haqq qazandırmırıq” - Reportaj + FOTOLAR

!Reklam – Yazi

Dünəndən, yəni fevralın 24-dən başlayaq İçərişəhərdə – Qoşa qala qapılarının girişindəki meydanda “Xocalı-gözlərdə donan tarix” adlı fotosərgi paytaxt sakinlərinin və şəhər qonaqlarının ixtiyarına verilib. Açıq səma altında təşkil olunan sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Xocalı faciəsinin 25 illiyinə həsr olunub.

Yeniçağ.az olaraq fotosərgiyə baxmağa getdik. Meydana düzülmüş iri stendlərin qarşısında yüzlərlə insan vardı. Hamı fotolara, monitorda yayımlanan kadrlara, müsahibələrə diqqət kəsilmişdi. Sərgidə öz vətəndaşlarımızla yanaşı, xaricilər də çox idi.

“İçərişəhər ” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Zeynəb Cahan ilə rastlaşırıq. O, fotosərgi barədə məlumat verir: onun sözlərinə görə, sərgi barədə bütün rəsmi qurumlara məlumat verilib:

“Ümidvarıq ki, bu ideyamız bəyəniləcək. Bir azdan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və digər rəsmi dövlət nümayəndələri də bu sərgiyə baxmağa gələcək”.

Daha sonra sərgilənən fotoların müəllifi Leyli Ələkbərova da öz təəssüratlarını bizimlə bölüşür:

“Təxminən iki aydır ki, çəkilən fotoların üzərində işləyirəm. Xocalıdan olan insanların şəkillərinin çəkilməsi üçün öncə Goranboy rayonuna getdik. Çünki baş vermiş faciədən sağ qalanların çoxusu o rayonda məskunlaşıb. Daha sonra Bakıda çəkiliş apardıq. Çox ağır faciədir. Hər çəkilişdən sonra özümə uzun müddət gələ bilmirdim. Hələ də o söhbətlərin təsirindəyəm. Sərginin açıq səma altında keçirilməsinin və beləcə, hər bir kəsin baş vermiş faciəni, faciə qurbanlarını tanımasını, tarixi bilməsinin təşəbbüskarı olduq. Şəkillərin hamısını da bir fonda çəkdim ki, baxan şəxsin fikri yalnız onların gözlərində olsun, fon maraqlı görünməsin. Nəzərinizə çatdırım ki, bu, təmənnasız layihədir”.

Fotostendin yanında bir oğlan durub: o, şəkildəki qəhrəmanın özüdür. Vaqif Behbudovun üzündə kədərli ifadə var. Ona yaxınlaşıb, daldığı fikirlərdən ayırır, söhbətə çəkirik. O, 1992- ci ilin fevral ayında, Xocalı işğal olunan gün anasının bətnində imiş və faciədən 3 ay sonra dünyaya gəlib:

“Mən baş vermiş faciə ilə yaşıdam. Düz, 25 il bundan öncə ermənilər Rusiyanın iştirakı ilə dinc əhaliyə hücum edib, vəhşicəsinə qırdılar. Atam polis əməkdaşı, bibim isə rabitəçi olub. Xocalı işğal ediləndə atam, bibilərim və nənəm şəhid olub. Baş vermiş faciədən yalnız anam salamat qurtulub. Mən o dəhşətləri anamın dilindən və məktəblərdə keçirilən tədbirlərdən görüb eşitmişəm”.

Get-gedə adamlar çoxalır. Və gözlərim sarışın bir qadına sataşır. Yaxınlaşıb tanış oluram: adı Natalya Sergeyevnadır; Moskvadan gəlib. Dediyinə görə, Xocalı soyqırımı barədə məlumatı var, ancaq tam təfərrüatlarını bilmir:

“Birinci gündür ki, Bakıdayıq. Burdan keçəndə sərgini gördük və diqqətimi çox çəkdi. Maraqlanmağa başladım. Əslində, başınıza gələn faciə haqda tarixi araşdırıb oxuyuruq və məlumatlanırıq. Düşünürəm ki, heç bir xalqa haqq verilmir ki, hansısa xalqın başına belə bir oyun açsın. Mən ermənilərə haqq qazandırmıram. Fikrimcə, belə məsələləri sülh yolu ilə də həll etmək olardı. Bu qədər insanları qırmağa heç bir əsas yox idi. Hər bir xalq hörmətə layiqdir. Biz sizə hörmətlə yanaşırıq və başınıza gələn faciəyə görə ermənilərə haqq qazandırmırıq”.

Pavel adlı rus turist də tarixdə baş verən hadisəni dərindən bilmədiyini qeyd etdi:


“Mən burdan keçəndə sərgini gördüm və şəkillərə baxdım. Baş vermiş faciə barədə dərindən məlumatlanmaq istərdim. Şəkillərdən belə başa düşdüm ki, sizin xalq işgəncələrə məruz qalıb və əziyyət çəkib. Bu, dəhşətdir… Nə ermənilərin, nə də başqa bir xalqın ixtiyarı və haqqı yoxdur ki, bu qədər insanı qırsın”.

Mixail Sazanov adlı rus turist də fotolardan çox sarsıldığını bildirir:

“Biz iki gündür ki, Bakıdayıq. Sərgini görüb, tərcüməçidən nə üçün keçirildiyini soruşduq. O da bizə 25 il bundan əvvəl ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi faciəni danışdı. Az da olsa məlumat əldə etdim. Əlbəttə ki, ermənilərin heç bir haqqı yoxdur ki, dinc əhalini qırsın”.

İranlı turist isə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikdən məlumatlı olduğunu bildirdi:

“Ermənilərin Azərbaycan xalqının başına açdığı vəhşiliyi yaxşı bilirik. Onlara haqq qazandırmırıq, çünki insanlıq vəhşiliyə haqq qazandıra bilməz. Sizə bir şeyi deyim: biz bura gəlməzdən əvvəl Ermənistana gəzməyə getmək istəyirdik. Ancaq bizə dedilər ki, Ermənistanda olsanız sonradan Azərbaycana gedə bilməyəcəksiniz. Biz də əlbəttə ki, Azərbaycanı seçdik. Hər zaman da sizin yanınızdayıq”.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

FOTOLAR : Cəmalə Əlizadə

www.yenicag.az

690
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv