!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabirabadda ilin birinci yarısının yekunları müzakirə olunub

!Reklam – Yazi

27875İyulun 21-də rayon Mədəniyyət Mərkəzində rayonumuzda 2016-cı ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Yığıncağa RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, ictimai təşkilatların və mətbuat nümayəndələri dəvət olunublar.

İşgüzar şəraitdə keçən yığıncağı giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açıq elan etdikdən sonra hesabat məruzəsi ilə çıxış edib.

Məruzəçi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu il iyulun 10-da keçirilmiş Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında ölkə başçısı şəhər və rayonlarda iqtisadi durumun yaxşılaşdırılması, rayonların özünümaliyyələşdirməyə keçməsi, investisiyaların təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, qeyri-neft sektorunun, xüsusilə pambıqçılığın, baramaçılığın, heyvandarlığın inkişaf etdirilməsi, yeni istehsal və emal müəssisələrinin yaradılması, əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı qısa müddət ərzində tədbirlərin görülməsi barədə icra strukturları qarşısında mühüm vəzifələr qoymuş və tapşırıqlar verib.

Ölkə başçısının tapşırıqlarının icrasını təmin etmək məqsədilə rayonda görüləcək işlər müəyyənləşdirilmiş və bu istiqamətdə tədbirlər görülüb.
Rayonda geniş abadlıq və quruculuq işləri davam edib.

Əhalinin məşğulluğunu təmin etmək prioritet vəzifə kimi qarşıya qoyulmuş və yeni iş yerlərinin yaradılması prosesi davam etdirilmişdir. Hüquqi və fiziki şəxs kimi 32 yeni müəssisə yaradılmış, ümumilikdə 1432 yeni iş yeri açılmışdır ki, bunun da 597-si daimidir.

Rayonumuzun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. 2015-ci ildə 2016-cı ilin məhsulu üçün 24362 hektar sahədə taxıl əkilmişdir ki, bundan 13719 hektarı buğda, 10642 hektarı isə arpa sahəsi olub. Ötən illə müqayisədə taxıl əkini sahəsi 1398 hektar çox olub. Taxıl biçini qısa müddətdə başa çatdırılmış və 92540 ton taxıl istehsal edilmişdir ki, bunun 54864 tonu buğda, 37676 tonu isə arpa olub. Hər hektardan ümumi məhsuldarlıq 38 sentner, buğdanın məhsuldarlığı isə hər hektardan 40 sentner olub. Ötən illə müqayisədə taxıl istehsalı 7224 ton, məhsuldarlıq 0,8 sentner çoxdur.

Hesabat dövründə 6084 hektar pambıq, 3296 hektar tərəvəz, 3879 hektar bostan, 1327 hektar kartof, 4273 hektarda təzə yonca və digər əkinlər aparılıb.

Cari ilin 6 ayında 11191 ton kartof, 17099 ton tərəvəz, 10431 ton bostan, 798 ton meyvə istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kartof istehsalı 449 ton, tərəvəz 53 ton, bostan məhsulları 4242 ton, meyvə isə 10 ton çox olub.

Cənab Prezident Nazirlər Kabinetinin iclasında demişdir: «Pambıqçılıqla bağlı ciddi addımlar atılıb. Biz pambıqçılığı bərpa edirik, dirildirik və pambıqçılığın şöhrətini özünə qaytarırıq. Cəmi bir neçə ay ərzində görülmüş tədbirlər nəticəsində biz 52 min hektarda pambıq əkinini təmin etmişik və bu il 100 min ton məhsul gözlənilir. Gələn il 120 min hektarda əkilməlidir. Yeni texnologiyalar, yeni suvarma sistemləri tətbiq olunacaq. Ona görə hektardan məhsuldarlıq indiki 20 sentnerdən minimum 30 sentnerə qalxmalıdır. Sovet dövründə çalışanlar yaxşı bilirlər ki, o vaxt hər hektarda minimum 2 nəfər işləyirdi, əgər hər hektarda 2 nəfər işləsə, bu il 100 min nəfər işlə təmin olunur, gələn il 250 min nəfər işlə təmin olunacaq».

Pambıqçılıqla yanaşı, baramaçılıq kimi çox vacib olan kənd təsərrüfatı sahəsi də inkişaf etdirilmişdir. İnsanların bu sahəyə marağını artırmaq üçün baramanın 1 kiloqramı 3 manatdan 8 manata qaldırılıb. Cari ildə respublikada 70 ton barama istehsal olunub. 2019-cu ildə 1300 ton barama istehsalı nəzərdə tutulub. Rayonda baramaçılığın inkişafı üçün görülmüş tədbirlər hesabına bu il 3 tona qarşı 3075 kq barama istehsal olunaraq tapşırıq yerinə yetirilmiş, gələcəkdə bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində işlər aparılır. Bu il respublikada 1 milyon 600 min, rayonda isə 82 min tut tinginin əkilməsi nəzərdə tutulub.

Heyvanların cins tərkibini dəyişərək onları stasionar bəsləmə şəraitinə keçirməklə və beləliklə də boşalan örüş və otlaq sahələrini əkin kateqoriyasına daxil edərək həm yem bazasını, həm də digər ənənəvi bitki növlərinin istehsalının artırılmasına şərait yaranıb. Bu tədbirlər nəticəsində məhsuldarlığı 5-6 dəfə yüksəltmək hesabına heyvandarlığın baş sayını 3-4 dəfə azaldaraq yüksək məhsul istehsal etmək mümkün olduğu iclasda qeyd edilib.

Rayonda bu sahədə də müəyyən tədbirlər həyata keçirilir. Heyvandarlıq məhsullarının istehsalının artırılmasında daha məhsuldar olan cins mal-qaranın yetişdirilməsi məqsədilə rayonda 13 süni mayalanma məntəqəsi yaradılmışdır. Süni mayalanmada holşteyn-şviss, şviss, şarole, simmental cinsi və Azərbaycan camışı törədicilərin toxumlarından istifadə olunaraq bu yolla təkcə 2016-cı ilin birinci yarısında iribuynuzlu mal-qaradan süni mayalanma yolu ilə 2941 baş cins bala alınmışdır.

İribuynuzlu mal-qaranın sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1748 baş artaraq 117722 baş, xırdabuynuzlu mal-qaranın sayı 7915 baş artaraq 213626 baş olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 yanvar 2016-cı il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və 26 yanvar 2016-cı il tarixdə «2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının ikinci ilinin yekunları ilə əlaqədar keçirilən konfransda verilən tapşırıqların icrası ilə bağlı Minbaşı kəndində 500 başlıq südçülük istiqamətində iribuynuzlu heyvandarlıq kompleksinin yaradılması işlərinə başlanılmış, «Qoç-Ət» kəndli-fermer təsərrüfatı MMC tərəfindən aqrolizinq xətti ilə Avstriyadan 185 baş simmental cins mal-qara gətirilmiş, qalan hissəsinin də ilin axırına kimi alınması nəzərdə tutulmuşdur. Gətirilmiş cins mal-qaradan 86 bala alınıb.

Nizami kəndi ərazisində ildə 72 milyon ədəd yumurta, 1700 ton quş əti istehsal edəcək və 300 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulan, 1,2 milyon başlıq quşçuluq kompleksinin tikintisinə başlanılmış, Surra kəndində 500 və Salmanlı kəndində 150 başlıq südlük-ətlik istiqamətli cins maldarlıq komplekslərinin yaradılmasına kömək göstərilməsi ilə əlaqədar tərəfimizdən İqtisadiyyat Nazirliyinə müraciət olunub.

Moranlı kəndi ərazisində iri taxılçılıq təsərrüfatının yaradılması ilə əlaqədar 2000 ha sahə ayrılmış, suvarma problemi ilə bağlı iş görülməsi mümkün deyildir. Ölkə başçısının müvafiq göstərişinə əsasən mənbəyi Kür çayı olmaqla rayonun Azadkənd ərazisindən tikintisinə başlanılmış 35 km uzunluğunda olan, «H» kanalının çəkilişi başa çatdıqdan sonra həmin layihə həyata keçiriləcəkdir. Bu işlərin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulub.

Yeni istehsal müəssisələrinin yaradılması istiqamətində də müəyyən işlər görülür. Uzun illər fəaliyyətsiz qalmış «Sabirabad Dəmir-Beton» ASC-nin özəlləşdirilməsinə cəlb olunmuş investor tərəfindən həmin müəssisənin bərpasına başlanılıb. Hazırda müəssisədə su hovuzları, boşluqlu örtük panelləri, latok kanalları üçün beton dayaqları və digər dəmir-beton məmulatları hazırlanır. Ulacalı kəndində sutkada 15 ton çörək və şirniyyat məmulatları istehsal edən çörəkbişirmə sexinin tikintisinə başlanılmış və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Müəssisədə 25-30 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Məmişlər kəndində süd tədarükü məntəqəsi inşa edilir və gələcəkdə burada süd məhsullarının emalı planlaşdırılıb.

Rayonda əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə xeyli işlər görülmüşdür. Hazırda rayon mərkəzinə və 54 kəndə təbii qaz verilir. Ötən il görülən işlər nəticəsində 35 kəndə, cari ilin birinci yarısında isə 7 kəndə (Nizami, Şəhriyar, Muğan Gəncəli, Cəngən, Salmanlı, Minbaşı və Əlicanlı) təbii qaz verilmişdir. 6 kənddə qazlaşdırma işləri aparılır.

Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin səviyyəsinin və təlim-tərbiyənin yüksəldilməsi istiqamətində müəyyən işlər görülüb.

Dövlət İmtahan Mərkəzi tərəfindən IX və XI sinif şagirdləri üçün buraxılış imtahanları 16 iyun 2016-cı il tarixdə 5 imtahan mərkəzində- Nəriman Nərimanov, Mikayıl Müşfiq, Nizami Gəncəvi adına şəhər, Ulacalı və Mürsəlli kənd tam orta məktəblərində keçirilmişdir. IX siniflər üzrə 1748 nəfər iştirak etmişdir. Onlardan 871 nəfəri (49,8 faiz) müvəffəq qiymət almışdır ki, bu da keçən illə müqayisədə 14 faiz çoxdur. XI siniflər üzrə isə iştirak etmiş 1612 nəfər şagirddən 533 nəfəri (35,3 faiz) müsbət qiymət almışdır. Ötən illərin məzunları daxil olmaqla cari ildə ali məktəblərə sənəd təqdim edən məzunların sayı 564 nəfər olub.

Zülfü Hacıyev adına şəhər 7 saylı, Yaxa Dəllək, Bala Həşimxanlı, 2 saylı Qaragüney, Qasımbəyli, Çöl Beşdəli, Ətcələr, Qarağac, Azadkənd, Şəhriyar, Quruzma, Zalqarağac, Qalaqayın, Yenikənd, Muradbəyli kənd tam, Axtaçı, Çöl Dəllək, Çöl Ağammədli, Qaralar kənd ümumi orta məktəblərinin məzunları çox zəif nəticə göstəriblər.

Təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə məktəblərdə əsaslı və cari təmir işlərinin aparılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. 432 şagird yerlik Moranlı və 360 şagird yerlik Yaxa Dəllək kənd tam orta məktəblərinin tikintisi bu il başa çatdırılacaqdır. Yaxın günlərdə 1176 şagird yerlik Qaratəpə kənd tam orta məktəbində əsaslı təmir işlərinə başlanılacaqdır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2016-cı il fevralın 15-dən mayın 15-nə kimi rayon əhalisi tibbi müayinədən keçirilmişdir. 18 yaşdan yuxarı 120084 nəfərdən bu günə qədər 113839 nəfər tibbi müayinəyə cəlb olunmuşdur. Onlardan 3010 nəfəri ambulator, 692 nəfəri rayon Mərkəzi Xəstəxanasında stasionar müalicəyə cəlb olunmuş, ciddi xəstəliyi olan 256 nəfər Bakı şəhərinə müvafiq klinikalara göndərilib.

Birinci yarımillikdə 1620 uşaq doğulmuş, ana ölümü olmayıb. 1 yaşa qədər 5 uşaq ölümü qeydə alınıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçməlidirlər. Keçən dövr ərzində 1313 nəfər nikaha daxil olan Sabirabad rayon sakini tibbi müayinədən keçib.

İctimai asayişin qorunması, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətlərin qarşısının alınması və onların açılması sahəsində rayonun hüquq-mühafizə, prokurorluq və digər əlaqədar orqanlar tərəfindən xeyli iş görülmüşdür. Narkotik vasitələrin satışı, onların saxlanılması və narkotik xassəli bitkilərin əkinlərinin qarşısının alınması istiqamətində aparılan işlər gücləndirilmişdir. 2016-cı ilin birinci yarısında rayon ərazisində 152 cinayət hadisəsi qeydə alınmışdır ki, bunlardan 121-i və ya 89,6 faizi açılıb.

Rayonda məskunlaşan qaçqın və məcburi köçkünlərin qayğı və sosial problemləri daim diqqət mərkəzində olub. Güdəcühür kəndi ərazisində Cəbrayıl, Füzuli, Ağdam və digər rayonlardan olan məcburi köçkünlər üçün bütün infrastruktura malik olan 2 qəsəbə salınıb. Güdəcühür köçkün düşərgəsində məskunlaşmış 234 ailə və Şəhriyar köçkün düşərgəsində məskunlaşmış 206 ailə, ümumilikdə isə 440 ailə həmin qəsəbələrə köçürülmüşdür. Qeyd olunan qəsəbədə 2 məktəb, 1 mədəniyyət evi, tibb məntəqəsi və poçt agentliyi tikilib.

Məruzə ətrafında rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Heydar Yaqubov, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əflan Aslanov, rayon Mexaniki Suvarma İdarəsinin rəisi Mirəlif Əzizov və «CTS Aqro» MMC-nin Nizami kənd pambıq qəbulu məntəqəsinin direktoru Elbrus Məmmədbəyov çıxış edərək rəhbərlik etdikləri sahələrin fəaliyyəti barədə ətraflı məlumat veriblər.

Yığıncağa rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov yekun vuraraq ölkə Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı nitqindən irəli gələn önəmli müddəaları bir daha diqqətə çatdırmış, ilin ikinci yarısında görüləcək konkretləşdirilmiş işlərdən danışıb.

www.yenicag.az

971
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv