Sabunçu məktəblilərinə “Diaspor dərsi” keçirilib

Müəllif: Redaktor

Editor

fda0124f-a994-4a63-856c-971d0eda0bd6Diaspor Jurnalistləri Birliyinin könüllü olaraq icra etdiyi “Orta məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində növbəti dərs Sabunçu rayonu 94 saylı orta məktəbdə keçirildi. Öncə Sabunçu rayonu 94 saylı orta məktəbin direktoru Şəmsəddin Vəliyev DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirdi və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını dedi.

DJB sədri Fuad Hüseynzadə bildirdi ki, ilk dəfə olaraq Azərbaycanda məktəblilərə bu formada “Diaspor dərsi” keçirilir. “Layihənin məqsədi şagirdlərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək, sərhədlərimizin hüdudlarından kənarda da milyonlarla həmvətənimizin yaşaması haqda məlumat verməkdir”.

O, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsi üçün möhkəm istinad mənbəyi olduğunu dedi.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov Azərbaycan diasporunun inkişaf tarixi, məskunlaşma coğrafiyası haqqında məlumat verdi.

Əbülfəz Şeydabəyov qeyd etdi ki, Diasporla İş üzrə Dövlət Komitəsi dövlətin siyasətini həyata keçirərək diasporun inkişafı istiqamətində işlər görür: “Hazırda dünyanın əksər ölkələrində azərbaycanlı icmaları üçrəngli bayrağımız altında fəaliyyət göstərir. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir”.
Beykent Universitetinin magistri, Dünya Azərbaycanlıları Konqresinin Gənclər təşkilatının Türkiyə təmsilçisi Ərtoğrul Cahandar keçirdiyi tədbirlər haqqında məlumat verdi. O bildirdi ki, diasporumuz Azərbaycanın tarixini, mədəniyyətini, keçmişini xaricdə yaşadıqları ölkələrin ictimayyətinə çatdırmalıdır: “Hər kəs bilməlidir ki, Azərbaycan dövləti necə yaranıb, tarixi keçmişi, Azərbaycana qarşı törədilən soyqırımlar, haqsızlıqlar necə baş verib. Bunları hamısı diasporumuzun sayəsində xaricdə təbliğ olunmalıdır. Azərbaycan vətəndaşı, gəncliyi mərddir və vətənpərvərdir. Hər bir Azərbaycan gəncliyinin qürurla fəxr edə biləcək güclü orduya sahib güclü bir dövləti var”.

Ə.Cahandar qeyd etdi ki, diasporumuz, eləcə də xaricdə təhsil alan gənclərimiz birlik və bərabərliklərini qorumağı bacarırlar: “Bizlər nə qədər bir olsaq, bir o qədər güclü olacağıq. Milli düşüncəmizlə hərəkət edib, dövlətimizə qarşı sayğı və hörmətlə yanaşıb Azərbaycan üçün birləşib bir bütöv olamalıyıq. Belə olsa, bizlərin səsi dünyaya bir o qədər geniş yayılacaq. Öz-özümüzə hörmət və sayğı ilə yanaşmalıyıq ki, hər kəs də bizə sayğı və hörmətlə yanaşsın. Biz elmimiz, təhsilimizlə tanınmalıyıq. Azərbaycan gəncliyi öz elmi gücünü ortaya qoymalıdır. Və sonda ulu öndər Heydər Əliyevin əsas bir sözünü demək istərdim: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Mən Azərbaycanlıyam!”. Təbii ki, hər bir Azərbaycan gənci bu sözü unutmamalıdır”.

Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli isə təşkilatın gördüyü işlərdən danışdı: “İki ildə DJB bir sıra uğurlu işlərə imza atıb. Belə ki, DJB tərəfindən Bakıda 4 dəyirmi masa keçirilib, Xocalı soyqırımı ilə bağlı bir film çəkilib. Hazırda DJB ictimai təşəbbüsü əsasında ölkə daxilində 2, xaricdə isə 3 layihə icra edir. DJB bu müddətdə 15 ölkənin 20 nüfuzlu mediasında Azərbaycan, eləcə də Qarabağ həqiqətləri ilə bağlı məqalələr dərc etdirib”.

Siyavuş Əmirli dedi ki, Azərbaycan diasporu bu gün mütəşəkkil gücə çevrilib.
Diskussiya şəraitində keçən “Diaspor dərsi”ndə şagirdləri maraqlandıran suallara cavab verilib.
Nəzərə çatdıraq ki, layihə çərçivəsində Bakının 12 məktəbində 10-11-ci sinif şagirdlərinə “Diaspor dərsi”nin keçirilməsi nəzərdə tutulub.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir