“Sağlam böyüyən gənclik” adlı tədbir keçirildi – Fotolar

Müəllif: Redaktor

Editor

Bu gün “Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə ” Sağlam böyüyən gənclik” adlı tədbir keçirilib. Yeniçağ.az xəbər verir ki, layihə barədə təşkilatın sədri Günel Səfərova məlumat verib. Millət vəkili Elman Nəsirlinin sözlərinə görə, bu gün Azərbaycanda sağlam gənclik formalaşıb:

“Məhz “2 fevral – Gənclər günü”nün təsis edilməsinin əsas məqsədi gəncləri birləşdirməkdir. Dövlətimiz tərəfindən gənclərə olan bu sevgiyə cavab vermək lazımdır. Son günlər Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı ölkəmizdə böyük sevinc var. Bundan ermənilər təşvişə düşüb, azərbaycanlıların tezliklə Şuşanı işğaldan azad edəcəyini dilə gətirir. Lakin AXCP sədri Əli Kərimli sosial şəbəkədə bu məsələyə yenə də ənənəvi mövqeyindən yanaşıb, qarayaxmağa çalışdı. Bu, məhz azərbaycan gəncliyinə təsir etmək, doğru yoldan çəkindirmək məqsədi daşıyır. Azərbaycan gəncliyi sapı özümüzdən olan baltaların bu yanlış fikirlərinə uymamalıdır. Çünki bu gün Cocuq Mərcanlıda görülən işlər sabah işğaldan azad olunacaq rayonlarımızda davam etdiriləcək”.

Millət vəkili Elşən Musayev də qeyd etdi ki, bu gün Azərbaycan gəncliyi daha çox mütaliəyə yer verməlidir: “Gənclər çoxlu kitablar oxumalıdır. Bu, təkcə bir sahə ilə bağlı olmamalıdır. Bu gün dünyada gənclikdən siyasi alət kimi istifadə etməyə çalışırlar. Bunu biz radikal müxalifətin fəaliyyətində görürük. Maraqlıdır, görəsən həmin radikal qüvvələr öz liderlərinə inanırlarmı? Əminəm ki, buna cavab tapa bilməyəcəyik”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə çıxışı zamanı bildirdi ki, istər siyasi, istərsə də məişət məsələlərində yanaşmaların mərkəzində dəyərlər dayanır:

“Radikal düşərgənin yanaşmalarında heç bir dəyərə söykənmədiyinin şahidi oluruq. Bu düşərgədə qatı cinayətkarları “siyasi məhbus” hesab edirlər. Lakin ABŞ prezidentinin 7 ölkəylə bağlı verdiyi qərara hec bir münasibət bildirmədilər. Çünki düşünürlər ki, ABŞ-dan hansısa qrantlar ala bilərlər. Bizə təblig edilən liberallaşmanın qurbanları Azərbaycan əleyhinə hətta ermənilərlə birləşməyə məcbur ediliblər. Lakin onların bu siyasəti iflasa uğrayır. Azərbaycan 200 ildə itirdiyini son 25 ildə qazandı. Vaxtı ilə azərbaycanlılara silah vermirdilər. Lakin indi Azərbaycan dünyaya silah satır. Ulu öndər Heydər Əliyevin sovet dönəmində az sayda hərbi məktəblərdə oxuyan zabitlər müstəqillik dönəmində Azərbaycan Ordusunun formalaşmasında yaxından iştirak etdilər”.

Bəxtiyar
Yeniçag.az

Foto Qalereya:



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır