Şahin Mustafayevin “140 manatı” və ya təbii qaz neçəyə başa gəlir

Müəllif: Redaktor

Editor

15327551_835498143260157_403502598_nİqtisadiyyat naziri Şahin Mustafayevin təbii qazın maya dəyərini ifadə etdiyi rəqəm ciddi mübahisə doğurub.

Yeniçağ.Az xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisdə 2017-ci ilin büdcə müzakirələri zamanı çıxışında təbii qazın 1000 kub metrinin 140 manata başa gəldiyini deyib: “SOCAR-a 1000 kubmetr qaz hasilatı 140 manata başa gəlir, amma bu həcmdə qazın satış qiyməti orta hesabla 90 manat təşkil edir. Faktiki olaraq, SOCAR zərərlə işləyirdi. Buna görə, nəinki investisiya qoymaq, hasilatı müəyyən səviyyədə saxlamaq da mümkün olmurdu”. Ş.Mustafayevin bu açıqlaması iqtisadi mühitdə ciddi etiraza və ironik reaksiyasına səbəb olub. Məsələyə münasibət bildirən iqtisadçılar Ş.Mustafayevin təbii qazın maya dəyərinə dair açıqladığı rəqəmin real göstəricidən bir neçə dəfə aşağı olduğunu bildirirlər.

Bu barədə Yeniçağ.Az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov da hesab edir ki, iqtisadiyyat nazirinin dilə gətirdiyi rəqəm reallıqdan uzaqdır:

“Açığı, Şahin Mustafayevin təbii qazın maya dəyərinin 140 manat olması haqda söylədiklərini şübhə altına almaq üçün əsaslar var. Çünki SOCAR-ın öz hesabatında da təbii qazın maya dəyərinin 39-41 manata başa gəldiyi qeyd olunub. Belə olan halda iqtisadiyyat nazirinin həmin sözügedən rəqəmi haradan götürdüyü məlum deyil. Doğrudur, SOCAR-ın, “Azəriqaz”ın həyata keçirdiyi müəyyən infrastruktur layihələri ümumi götürəndə, təbii qazın maya dəyərinin müəyyən qədər yüksəlməsinə səbəb ola bilər. Bilirsiniz ki, SOCAR təbii qazı hasil etdikdən sonra onun paylanılmasını “Azəriqaz” həyata keçirir və qurumun da müəyyən zəruri xərcləri yarana bilər. Ancaq bütün hallarda nəzərdə tutulan o xərclərin maya dəyərinin 140 manata yüksəlməsi real deyil. Digər tərəfdən, xidmət sferasına aid dövlət qurumlarında büdcə vəsaitlərinin səmərəsiz xərclənməsi, korrupsiyanın yayılması və şəffaflığın təmin olunmaması xərclərin real hesablanmasına imkan vermir. Bu fikirlər “Azəriqaz” kimi “Azərişıq”, “Azəristiliktəchizat” və digər qurumlara aiddir. Ən optimal variant bu qurumların özəlləşdirilməsidir. Yalnız bu halda bəhs etdiyimiz neqativ hallar aradan qalxa bilər”.

 

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır