!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şanlıurfada tarixin 12 min illik yolu - Sabir Rüstəmxanlı yazır

!Reklam – Yazi

(Güney-Doğu Anadoluya səfər qeydləri)

Hələ sovetlər dönəmində Türkiyəni dörd dənizi boyu gəzmiş, o zamanın şərtləri içində bunun son səfər ola biləcəyi qorxusuyla getdiyim yerləri kənd-kənd, köy-köy, xəritəsini çəkirmişcəsinə, yazıb “Bu sənin xalqındır” kitabında çap etdirmişdim. Sonra zaman dəyişildi, aradakı qadağalar qalxdı, müstəqillik yoluna qədəm qoyan Azərbaycanın səsinə ilk səs verən Qardaş Türkiyə oldu; biz də səsimizi dünyaya çatdırmaq üçün ən uyğun, ən doğma yer deyib hər fürsətdə Türkiyəyə getdik, ordakı dostlarımızın yardımıyla Avropa və İslam ölkələrində,, ABŞ-da yapılan konfranslara qatıldıq; bəzən Türkiyə öz söz növbəsi və haqqını bizə verdi və ya bizim adımızdan danışdı, “Azəriyə hürriyyət!-hayqırdı;“Azərbaycanı duyun, onun üzləşdiyi işgalın qarşısını alın!” dedi.
Bu otuz ildə Türkiyə cümhuriyyətini, Anadolu torpaqlarını, bizlərdə deyilən kimi, əriş-arğac dolaşsam da doymadım; hər getdiyim bölgədə onun indiyədək görüb dəyərləndirə bilmədiyim yeni zənginlikləri, yeni-yeni gözəl insanları çıxdı qarşıma və məni yenidən heyrətləndirdi.

Şəhərlər hər yerdə bir-birinə bənzəyir, buna görə də daha çox ekzotik yerlər, təbiət, bir də qədimlik çəkir məni. Anadolunun Güney-Doğusunun, Naxçıvanla, Güney Azərbaycanla sərhəd olan bölgələrinin də bir ayrı gözəlliyi var. Həm də buralar uzun yüzillər Ağqoyunlu, Qaraqoyunlu kimi Azərbaycan dövlətlərinin tərkibində olmuşdur, oralarda silinməz izlərimiz var, qaynayıb qarışmışıq, danışığımızda, geyimimizdə, musiqimizdə, adət-ənənələrimizdə ortaq cəhətlər çoxdur…

Səfərlərimin birində İqdırdan qalxıb Ağridağın yüksək gədiyindən aşıb Ağrı ilinə, Doğu Bayazitə getmiş, məşhur İshak Paşa sarayına, Koroğlu qalasına baxmışdıq. Sonra Van universitetinin qonağı oldum. Bir dəfə də mərhum dostum İbrahim Bozyellə Doğu Bayazit yoluyla Güney Azərbaycan üzərindən, Təbrizdən, Ərdəbildən, Astaradan keçib, Yardımlıya bizim evə, toya gəlmişdik..

Yenə İbrahimlə ailəvi Van, Muş, Bitlis, Bingöl, Malatya yoluyla Kaysəiyıə bir maraqlı səfərimiz olmuşdu, o zaman bu bölgəni daha yaxşı tanımaq imkanı qazanmışdım. Bütün qarışıqlıqlar, terror, silahlı çatışma insan münasibətlərinin, dost, qardaş sevgisinin yanında mənasını itirir. Son illər əlaqələr genişlənir, bir neçə dəfə yenə Vana, Diyarbəkirə dəvət alcam da getmək imkanım olmayıb. Çoxdan Bakıya, Azərbaycana bağlanmış köhnə dostumuz Hüseyn Böyükfırata Şanlıurfaya getmək, dünyanın ən qədim mədəniyyət mərkəzlərindən olan Harranı, imkan olsa Adıyamanda, Nəmrud dağını görmək istəyimi bildirmişdim. Uyğun bir məqam gözləyirdik. Bu yay iyil ayında, tərslikdən də Urfa tərəflərin ən isti vaxtında Hüseynlə danışıb, “sənin başın qarışıqdır, mən həftə sonu gedirəm sizin tərəflərə !” dedim. “Gələ bilməsəm də qardaşım səni qarşılayacaq”- dedi. Sağ olsun, dediyi kimi də oldu. Hüseynlə bir yerdə Şanlıurfanin aydınları ilə görüşməyi, tarixi abidələrinə baxmağı planlaşdırsaq da, qardaşı Rəşid bəylə gəzəsi olduq və bu yeni tanışlığa ürəkdən sevindim. Rəşid həkimdir şə Şanlıurfadan cənubda yerləşən və Suriya olaylarında adı hafizələrə yazılmış Akçakalada işləyir və hər gün bu yolu gedib-gəlir. Bir dəfə də biz bərabər getdik…

***
Şanlıurfa üzərinə nə yazsam urfalılara və türk qardaşlarımıza qəribə gələcək. Bunları Türkiyədə hər kəs bilir. Ancaq mən Azərbaycan oxucusunu nəzərdə tutub yazıram.

Təyyarə meydanı İstanbuldan sonra çox sakilikdir. GAP hava alanına enəndə diqqətimi ən çox çəkən sakitlik və çöllərin, o qədər də yüksək olmayan təpələrin samansarısı boyası oldu. Şanlıurfanın çevrəsinə batan günəşin, saralan üfüqlərin rəngi çəkilmişdi və bu rəng onsuz da isti olan havanın hərarətini bir az da artırırdı… Bizim tərəflərdəki zəmi yerləri də biçindən sonra bu boyaya bürünərdi…Rəşid bəylə görüşəndən sonra “dincəlmək, yoxsa gəzmək?” sualına “dincəlməyə ehtiyacım yoxdur!” dedim. Çünki cəmi üç günlüyə gəlmişdim, xəyalımdakı proqram bu üç günə zorla sığar. Havalimanından şəhərə gedən yol əkin-biçin yerlərinin arasından keçir, sonra sağımızda-solumuzda yüksək binalıar, müasir şəhər peykləri görünür. Şanlıurfa ilk baxışa Ankaranı xatırladır, təpələr üstündə, rahat, ürəyə dinclik gətirən bir yapısı var.

Əlimdəki yol çantasını Əyyubiyə bələdiyyəsinin və məşhur Balıqlı gölün yaxınlığında , zamana meydan oxuyan Urfa qalası ilə üzbəüzdə yerləşən, dünyanın ən seçkin otellərindən geri qalmayan Əl-Ruha otelində ayrılmış geniş nömrədə qoyub yenidən Rəşidin maşınına mindim. Allah razı olsun olsun Rəşiddən, brend, ad dalınca qaçmamışdı. Ona qalsa, Şanlıurfada məşhur adlar daşıyan daha böyük otellər var. Lakin Əl-Ruha gələnəksəl Urfa memarlığına uyğun tikilib, geniş terrasları, alt qatda mağara-restoranı, dadlı yeməkləri məşhurdur.

Yolumuz üzü cənuba, Suriya sınırına, Hələbə doğruydu. Harran şəhəri bu yolun üstündə, Akçakalanın yaxımlığındadır… Göz önüngə ucu-bucağı görünməyən , yalnız günbatanda o qədər də yüksək olmayan Tək-tək dağlarına dirənib dayanan yam-yaşıl Harran ovalığı açılır. Ovalıq başdan-başa pambıq tarlalarıdır. Baxanda ürəyin açılır. 45 dərəcə istidə bu tarlaların üstünə toz qonmamış yaşılığı gözümü sevindirir, ürəyimi sərinlədir. Qardaş torpağıdır, təki hər tərəfində belə bolluq olsun. Pambıq ideal bir səliqəylə əkilib, ha baxdım bir kolun yerini boş görmədim. Bizdə bu yaxınlarda bəzi rayonların pambıq əkinlərini görmüşdüm, alatala, keçəl başa bənzəyir. Taxıl zəmilərinin də bir qismi beləcə seyrək olur. Anlamaq mümkün deyil, niyyət nədir, torpaqları məşğul etmək, statistika üçün “bu qədər sahə əkmişəm” demək, yoxsa məhsul götürmək. O cür pambıq əkənlərə bir dəfə Harran ovasını göstərmək olsa nəticəsiz qalmazdı.. Bu geniş tarlalar Fırat üzərindəki böyük Atatürk su anbarından- barajından çəkilmiş kanallarla suvarılır.

Getdiyim yerlər haqqında bilgi almaq, yolunu bəlirləmək üçün xəritələri incələmək köhnə adətimdir, telefonlar bu işi qolaylaşdırıb. Xəritədə Şanlıurfa, Harran və civarına baxanda gözümə bir köy adı sataşdı: Yardımlı… Harran ovasında, tarlalar arasında balaca köylər çoxdur, lakin nədənsə xəritədə bu köyün adı yazılıb. Rəşidə “ Gəlmişkən gedib o kəndə də baxaq !- deyirəm,- bir şərtlə yollar yaxşı olsa.” Rəşid yolun yaxşısına-pisinə baxan deyil, ancaq bəxtimizdən bu ovalıqda balacalı-böyüklü bütün köylərin səliqəli, baxımlı asfalt yolları var. Harranın yanından keçib sağa , günbatana dönüb təxminən on köy keçəndən sonra qəfildən qarşımıza Yardımlı yazılmış lövhə çıxdı. Kəndin girəcəyində, gur sulu kanalın üstündə qoyulub. Bu boyda türk dünyasını gəzmişəm , ilk dəfəydi qarşıma mənim balaca rayonumun adaşı çıxmışdı. Maşını muxtarın evinə sürdük. Ancaq qarşımıza onun əmisi oglu çıxdı, “ Muxtar evdə yoxdur, elə bu da onun evidir” deyib bizi dəvət etdi, müharibədən sonra kəndlərimizdə tikilən, eyvanı, otaqlarının yeri palçqla suvanmış balaca evə girmədik, həyətdə nar ağacının altında oturduq.

Bu kənddə ərəblər yaşayır, qonağı olduğumuz Ömər Elçi də ərəbdir. 5 oğlu, 5 qızı, 3 nəvəsi var. Hamısı bu balaca üç otaqlı evdə yaşayırlar.Xanımı, qızları sandalya gətirib bizimlə yanaşı oturur, hardan, nə məqsədlə gəldiyimilə maraqlanılar. Rəşid məni təqdim edir, azərbaycandan danışır, Ömər bəy öz xoş münasibətini tez-tez təkrarladığı iki kəlmə ilə bildirir: “Baş tacımsınız!” Səmimi adamlardır. Lakin qadınlar “bizim şəklimizi internetə qoymayın, əşirətdə pis baxarlar!..” dedilər. Kişi ərəblərin ənənəvi uzun köynəyini geyinib, qadınların donları, yüngül baş örtüləri bizim kəndlərdən az fərqlənir. Ev sahibinin dərdi açıldı: “bu torpaqlar ağanındır- Haşmanoğlu Kurmanl ağanın; onun üçün işləyir, onun əlinə baxırıq” deyir. Bu gün Avropayla kəllə-kəlləyə gələn Türkiyənin bəzi yerlərində hələ də ağalıq sisteminin qalması və torpaq islahatının aparılmaması adama qəribə gəlir. Portsiqarını açıb sarı tütünü kağızınarasına qoyub eşməyə başlayır. “Tənbəkidir?” deyə soruşuram. “ Yox tənbəki deyil, Adıyaman tütünüdür, iyidir, istəyirsən birini də sənə büküm!” deyir. Təşəkkürümü bildirirəm. Ancaq xanımı cibindən balaca kəsilmiş kağız çıxarıb. ərinin tütünündən bir çimdik alıb eşməyə başlayır.

Ömər bəyin babası Osmanlı məmuru olub, İordaniyadan işləməyə Harrana gətirilib, sonra da ailəvi bu düzdə məskunlaşıblar, Kənd hamısı qohum-əqrəbadır.

Rəşid bəy burda da həkim qayğısını əsirgəmir, evin xanımının şəkər xəstəsi olduğunu eşidicə ilaclarını gətirtdirib baxır, “ ağır xəstə deyilsən,- deyir, özünə yaxşı bax , ağırlaşmasın.” Arxadakı nar ağacını göstərib, “çoxlu nar ye!” deyir. Ömər evə baxdığımı görüb, “dağda ev tikmişik, amma hələ işığını, suyunu vermirlər, əlin çatsa, bizim böyüklərimizə de, qoy o köyün işığını, suyunu versinlər, köçüb gedək ora…”

Çaylarımızı içib vidalaşırıq…

Harrana gün əyiləndə çatdiq, yoxsa istidə gəzə bilməzdik…

Günəş batmağa doğru gedir və günün bu çağlarında dünyanı bürüyən və içimizə dolan hüznə bir də Harranın uçub dağılmış durumda da möhtəşəmliyini qoruyan qədim İç qalasının görkəmindəki kədər əlavə olunur. Bu, bir ehtimala görə Babil kralı Nəmrud tərəfindən tikilmiş bir qaladır və Harrandan keçıb gedən neçə hökmdar, neçə peyğəmbər onun qonağı olub.

Sanki insanların çoxdan tərk edib getdikləri ayrı bir planetə atılmısan.Yer üzünə əbədi bir savaş meydanı söyləsək daha doğru olar.- deyə düşünürəm. Dövlətlərin, millətlərin savaşı bir yana, bir də insanla təbiət, insanla zaman arasında bitməyən bir savaş var. Bu möhtəşəm saray da bir məhəbbət abidəsidir. İnsan öz əlinin zəhmətinə heyranlıqla ucaldıb onu. İnsanın öz qurub-yaratdığına sevgisi övlad sevgisinə bənzəyir və dünyanın ən qutsal və sonsuz sevgisidir. Neçə-neçə nəsil insan onu qurub, donatıb, içində ömrünün ən mutlu çaglarını yaşayıb. İndisə böyür başındakı uçuq -sökük evlərin miskin kölgəsində oturanlar, sanki bu qalaya yapılan haqsızlıqda onların da suçu varmış kimi, və ya nədən belə bir saray ucalda bilməmələrinin utancı içində, küskünlüklə, başı aşağı söhbətləşirlər. adama elə gəlir ki, Harranda zaman tərsinə dönüb: burda hər şey böyükdən kiçiyə doğru gedir. Əski dünyanın başkəndlərindən biri indi yarımdağılmış bir köydür. Böyük saraylardan kiçik daxmalara, dünyanın ilk universitetindən ibtidai məktəbə, dağın təpəsindən ətəyinə doğru… Yan-yana qoyulmuş şuppu çoban papaqlarına bənzər və dünyada eşi olmayan əski Harran evləri də bu saray skletinin yanında xırda oyuncaqlara bənzəyir.
Mənim Harran haqqındakı ilk bilgim qızmar çölün ortasında baş-başa verib yaşayan bu Harran evlərinin rəsmlərindən baslanmışdı. Indi bu evlərdən bir neçəsi etnoqrafiya muzeyinə çevrilib. Bizi qapıda qarşılayan dilli-dilavər qız müzeyim bələdçisidir. “ Tarixçiyəm.-deyir.- Babam oxumağımı istəmirdi. Amma mən oxudum, mübarizə aparıb Harranda ilk okul açdırdım, indi başqa qızlar da oxuyur.” Sonra bu papaq evlərin iç-içə olan otaqlarını gəzdirir. Bura onun bir əşirət başçısı olan babasının evidir. Dörd arvadı olub, hamısı burda, bir evdə yaşarırmış . Ağanın öz otağı indi qəlyanxanadır. Girişdə başqa otaqlardan fərqli, yerə iki daş basdırılıb. “Bu nə üçündür?”-deyə soruşuram. “ Ağanın yanına icazəsiz girmək olmazdı. Bunlar xəbərdarlıq daşlarıır” . Eləcə torpaqa sərilmiş kilimlərin üstündə otururlar. Yataqlarını da bu kilimlərin üstündə açırlar. İndi otaqlardan bir-ikisi suvenir satılan yerə dönüşdürülüb. Yayın bu istisində Harran evləri sərindir.

İnsan hər şeyi öz həyat şərtlərinə uyğunlaşdırır. Həyətdəki oturacaqlar dəvə ürkücü kimidir. Tünd qəhvə gətirirlər. Bələdçi qız məlumat verir. “Bunlar buğda üyütmək üçün daşlardır,böyüyü dəyirmanda, kiçikləri evlərdə qullanılırdı. Bu daş çölməklərdə heyvanlara yal verilirdi.” Bizdə yalnız itlərə verilənə yal deyilir. “O yuxarıda gördükləriniz taxtdır. Üstündə bir ailə sığışır. Yazda ayaqlarını maviyə boyayardılar,-deyir bələdçı,- ilan maviyə yaxın düşmür. Üstünə çibinlik çəkilir. Turistlər də yatır orda. Beş ulduzlu oteldə yatmaqdansa milyonlarla yıldızın altında yatırsan.”
Bu sözlər xırmanda tayalar üstündə yatıb sübhə kimi ulduzları seyr etmdiyimiz uşaqlıq illərini yadıma salır. Bələdçi qızın da ürəyi giley-güzarl doludur. Üzünü mənə tutub “abi,- dedi,- siz də bakan olmusunuz. Bizim kültür bakanı işə yaramaz. Əskidən birisi var idi. Bura gələrkən dedik yollarımıza daş döşəndi, yoxsa buralar çamurluq idi. Neçə ildir Harrana turistlər gəlir, para yığıyorlar, ama bir dənə normal kahvəxanamız, otelimiz, gələnlərin dinlənmə yeri yoxdur.”

Mən təsəlli verirəm: “Əvvəla,Türkiyənin hər tərəfi turisyik yerdir. Əski abidələr çokdur. Hökumət yetirə bilmir. Çox işlər görülmüş, inşaallah, sizə də sıra çatar. İkincisi də Şanlıurfa lap yaxındadır, orda gözəl otellər çoxdur.”
Xanımla vidalaşıb maşının üzünü günbatan tərəfdəki təpəyə doğru döndəririk.Təpənin yamacından aşıb bir vaxt İraqda gördüyüm Mədain xarabalarını xatırladan divar qalıqlarına doğru gedirik.. Tanışlıq lövhəsind oxuyram. “Harran tarixi sürəc içərisində bir çox mədəniyyətə beşıklik etmiş önəmli bir şəhər… Dünyanın ilk universitesinin Harranda kurulduğu yönündə araşdırmalaar vardır. Harran ünlü Tİbb və Matimatik bilgini Sabit bin Kurranın, dünyadan aya olan uzaklığı ilk olarak doğru hesablayayan ünlü astronomi bilgini ƏL –Battaninin; cəbr elminin atası sayılan Cabir bin Hayyanın,ünlü din bilgini Şeyhülİslam ibn-i Teymiy gibi bir çox bilim adamının yetişdiyi və dərs verdiyi okul, özü etibarilə mədəniyyətlərin doğulduğu və buluşduğu kənddir.Harran dünyadakı ən böyk fəlsəfə ekollərindən “ Harran ekolü”nün mərkəzidir.”

Şərqin, Türkiyənin və İslam aləminin qürur duymalı olduğu məlumatdır. Təəssüf ki, yalnız məlumatdır. Biz, yəni Doğu ölkələri çox şeyin əsasını qoymuşuq, çox şeydə birinci olmuşuq, amma indi axırıncıyıq. Bu universitetin dəyəri onun bu gün də yaşaya bilməsi olardı, indisə bomboz bir təpənin ətəyində ucuq divarlrdan və portallardan başqa bir şey deyil. Harran evlərinin çoxu bu universitetin uçuqlqrından daşınmış daşla tikilib, halbuki burda o evlər üçün bilgili gənclər yetişdirilməliydi. Bu universitetin daşları daşınandan, başlar aşağ dikilib…
Harranda ziyrət etdiyimiz sonuncu tarixi abidə Ulu came oldu.

Geri dönərkən Rəşid maşıni yol kənarında saxlayıb Hayat-i Harran camesinə namaz qılmğa girdi. Gün batmışdi, sərinlik başlanırdı. Yolun kənarında meh dolaşan bir yerdə ğövsvari oturacaqda əyləşdim. Məndən başqa bir nəfər də oturmuşdu, Məni söhbətə tutdu, sonra kimə işarə etdisə qarşımızdakı “ Yörəsəl, yəni yerli dadlılar” yazılmış yerdən Harran şirniyyatı gətirdilər. Mənə ikramlarıydı. Şanlıurfada olduğum günlərdə Azərbaycan adına hər yerdə sayqı və qardaşlıq sevgisi gördüm..

***
Harrandan döndükdən sonra Şanlıurfanın axşam gəzintisinəə çıxdıq. Balıqlı göl şəhərin döyünən qəlbi, mərkəzi və bütün qonqların hökmən görməli olduğu yerdir. Şanlıurfa qutsal yerdir, peyğənbərlər şəhəridir; Ancaq məni ən şox heyrətləndirən quru çöllərin ortasında Allahın lütfü kimi qaynayıb çaya dönən bu sulardır. Yəqin şəhər də burda o suyun üstündə salınıb, bütün müqəddəslər və səyyahlar, hökmdarlar da buraya o suya görə can atıblar. Yadıma Doğu Türküstanda Kaşqarlı Mahmudun türbəsindən başlanan kəhriz düşdü. Pəşidə “ burda müqəddəs yerlər çoxdur, lakin ən böyük ziyarətgah bu Balıqlı gölün özüdür. Balıqlı gölü dolanıb İbrahim prygənbərin doğulduğu mağarya getdik. Həzrəti İbrahimin atəşə atıldığı məqam da burdadır. Miladdan öncə 2000-ci illərdə yaşayan Həzrəti İbrahim bütlərlə mücadilə edərək onları qırıb-parçalamağa başlayanda dönəmin Babil kralı Nəmrud Bin Kənan tərəfindən atəşə atdırılmışdır.Bu zaman Tanrıdan atəşə əmr gəlir:”Ey atəş, İbrahim üzərinə sərin və səlamət ol!” Rəvayətə görə atəş suya , tonqalın odunları da balıqlara çevrilir. Balıqlı göl ordan yaranıb.

İbrahim peyğənbərin doğulduğu mağaranin girişi səliqəli bir şəkildə tikilib, ancaq mağara ilkin ölçülərini saxlayıb. əyilib içəri girdim. Qızmr gündən sonra sərinlik adamın canına işləyir. Mağaranın arxa divarının dərinliyində, döşəmədən aşağıda balaca gölməçə var, şüşəylə ayrılıb. Küncdə müqəddəs sayılan bulağın suyu çağlayır , fincanı doldurub başıma çəkirəm.

Həzrəti ibrahimin burada doğulduğuna inanıldığından mağara ziyarətgah sayılır. Kahinlər dinə qarşı çıxacaq və onun taxtını yıxacaq bir çocuğun doğulacağı xəbərini verdikdə Nəmrud o il doğulacaq bütün körpələrin öldürülməsini əmr etmişdir. Bunu eşidən Nuna Xatun (Həzrəti İbrahimin anası) bir müddət hamiləliyini gizlədir, lakin doğum günü yaxınlaşanda gizlicə bu mağaraya sığınır və Həzrəti İbrahimi bu mağarada dünyaya gətirir. Doğum sonrası hər gün gizlicə gələrək onu əmizdirir. Yenə bəzi rəvayətlərə görə bir ceyranın hər gün gizlicə bu mağaraya gəlib Həzrəti İbrahimi əmizdirir, o da 15 ay qaldığı mağaradan 15 yaşlı bir gənc kimi çıxır.

Balıqlı gölün ətrafındakı yaşıllıqların içində sərin çay bağçaları var. Yayın 45 dərəcə istisini yalnız burada unutmaq olar.

Urfa məsçidlər şəhəridir. Demək olar ki, hər məhəllənin, hər çarşının öz camesi var. Bundan əlavə, bağın ətrafında bir neçə tarixi mədrəsəyə baxdıq. Balıqlı gölün suyu aşagı tərəfdəki arxdan axıb gedir və şəhərin bir çox məhəlləsindən keçir.

Axşam Urfanın ən böyük bələdiyyəsi olan Əyyubiyə bələdiyyəsinin başkan yardımcısı İlhami bəyin şam yeməyinə qatıldıq.

Əslində Şanlıurfanı gəzmək üçün ən münasib vaxt elə bu şam yeməyidın sonradır. İlhamı bəy bizi köhnə mağaralara baxmağa dəvət edir. Qaldığım oteldən yuxarlda yamacdakı köhnə gecəqondular sökülüb və evlrin altında əsil bir mağara şəhəri aşkarlanıb. Ən alt qatda daşda bütöv saray oyulub. Axtarış və qazıntı işləri davam edir və bu işlər davam etdikcə Urfa tarixinin qədim səhifələri üzə çıxır. Məncə,Urfanın bir özəlliyi də mağaralar şəhəri olmasıdır.
İslam dünyasının qutsal yerləri sırasında Şanlıurfanı Məkkədən, Mədinədən, Qütsdən sonra dördüncü yerə qoyurlar.Bu təsadüfi deyil, çünki, Yəhudiliyin, Xristianlığın və İslamın bir çox mifik və real obrazlarının izləri var burada. İbrahim peyğəmbər, Əyyub peyğəmbərdən başqa , Həzrəti Musa, Həzrəti İsa, Həzrəti Yusif də ömürlərinin müəyyən dövründə Şanlıurfaya bağlı olmuşlar. Camelərin birində Həzrəti İsanın Urfa kralına yazdığı məktub qorunur. Şəhərin ən böyük və tarixi abidələrinin yüzdə doxsanının yerləşdiyi mərkəzi bələdiyyə Əyyub Peyğəmbərin adı ilə adlandırılmıdır. Balıqlı gölün ətrafəndakı bağçada Əyyub peyğəmbərin yaşadığı və inzivaya çəkildiyi mağara, eləcə də suyunu içib sağaldığı quyu qorunur.

Allaha hər gün tövbə etdiyi üçün belə bir isim verilən Həzrəti Əyyub miladdan 8 əsr öncə yaşamışdır. Anası Həsrəti İbrahimin nəslindən olan Həzrəti Lütün qızı, xanımı isə Həzrəti Yaqubun oğlu Həzrəti Yusifin qızıdır. Cənab Haqq Əyyubu zənginlik, mal və evlad çoxluğu ilə imtahan edir, onu xəstəliyə düçar edir. Xəstəliklər onun ibadətinə mane olanda Həzrəti Eyyub Allaha dua edir.

Duasına belə cavab gəlir: “Ayağını yerə vur, yuyunacaq və içiləcək soyuq bir su çıxacaq” deyir. Bu sudan işincə Həzrəti Əyyub öncəki sağlığına və köhnə gəncliyinə və gücünə qayıdır. Sağaldıqdan sona 160 il ömür sürür və Şanlıurfa qalasının ətəyindəki mağarada inzivaya çəkilərək burda daha yeddi il yaşadıqdan sonra ölür.

Bir sözlə Şanlıufanın hər köşəsində canlı bir tarix yatır. Qaladakı qoşa sütun. Ayni zeliha və Halil-ül Rahman gölləri, Halepli bahçe, Ridvaniyə camesi. Qaraqoyunlu deresi, Mağaralar bölgəsi, Duzəkən və Səlahəddin Əyyubi cameləri. Xorasanlı Şeyx Məhəmməd məqamı. Qanunu Sultan Süleymanın tikdirdiyi Gümrükhanə, Bakırçılar çarşısı və s. yerlərin hər biri haqqında bir dastan danışmaq olar. Bütün bu özəlliklərinə görədir ki, şəhər hər zaman türk sinemaları üçün dəseçkin yer olmuşdur, burda bizlərin də gördüyümüz onlarla dəyərli film çəkilmişdir.
Ertəsi gün Əyyubiyə bələdiyyəsinin sədri Mehmet bəy Əkinçinin qəbulunda olduqə O, şəhərin tarixindən, gəlişməsindən, perspektivlərindən danışdı, bizi bələdiyyə fəalları ilə tanış etdi, Şanlıurfa haqqında kitablar hədiyyə etdi, Azərbaycandaki və cəbhə bölgələrindəki durumla maraqlandı, mədəniyyyətlərimiz arasındakı oxşar nöqtələrdən sız açdı. Sonra Şanlıurfa gəzintilərimizi davam etdirdik. Şanlıurfanın məşhur sənətkarlarının-bakırçılarıın, zərgərlərin, sakitcə öz halal əməyi ilə dolanan səmimi insanların çalışdığı məhəllələri gəzdik; əski Urfa həyətlərindən birinə baxdıq.

Həmin gün gördüyüm ən maraqlı və məni həyəcanlandıran yerlərdən birisi şəhərin tam ortasında yerləşən Həsən Paşa Camesi oldu. Bu came məşhur Azərbaycan-Ağqoyunlu dövlətinin sultanı Uzun Həsən tərəfindən 1460 ci ildə yaptırılmışdır. Övlüyya Çələbinin “Səyahətnamə”sində Sultan Həsən camesi olaraq qeyd edilmişdir.

Rəşid, sağ olsun, işini-gücünü buraxıb, çox sevdiyi şəhərini mənə göstərir və hər şeyi çox böyük sevgiylə təqdim edir. İkinci gün oğlu Muhəmməd Səidi də yanına alıb. Səid hələ orta məktəbdə oxuyan bir yeniyetmə olsa da maraqlı müsahibdir, olduğu ölkələr, o cümlədən bir müddət yaşadığı və hətta məktəbə getdiyi Bakı haqqında maraqlı söhbətlər edir. Bakıda əmisi Hüseyngildə qalıb, orda oxumaq istəyirmiş, sonra atsı darıxıb, yenidən Şanlıurfaya qaytarıb onu. Rəşid həkim imanlı, ibadətini yubatmayan bir adamdır; əzan səslənən kimi yaxınlıqdaki camelərdən birinə girir. Said də bu mühitdə böyüyən imanlı və saf bir gəncdir.Həmin gün Cümə namazı vaxtı Uzun Həsənin yadigarı olan camedə idik. Kənardan çox dəbdəbəli görünməsə də camenin uzunsov salonları genişdir. Buna baxmayaraq, namaz vaxtı içridə yer tapmaq mümkün deyil, İbadətə gələnlər həyəti, kəhrizin ətrafını da doldururlar. Mən də ibadət edənlərə qoşulub Uzun Həsənin bu peyğəmbərlər şəhərinin hakimi kimi, böyük İlahi eşqlə tikdirdiyi Allah evində Cümə Xütbəsini – İsrailin müsəlmanları Qüdsdə Əl-Əksa məscidinə buraxmamalarına etiraz xütbəsini dinlədim. Mükəmməl bir müraciət idi. İslamı terrorla bağlayanlara, müsəlmanları aşağılamaq və parçalamaq istəyənlərə, bölgəmizdəki xalqları, o cümlədən türklərlə kürdləri üz-üzə qoymaq istəyənlərə sanki ilahi vəhydən doğulmuş bir dərs idi. İslamın gücü və bölgəmizi bir çox qanlı olaylardan qorumaq imkanı belə ağıllı söhbətləri dinləyəndə və o cümə namazından insanlarin, türklüyündən, kürdlüyündən, ərəb və ya türkmanlığından asılı olmayaraq necə bir qardaşlıq, dayanışma duyğusu ilə ayrıldığını müşahidə edərkən bir daha parlaq şəkildə görünür. Əslində, Şanlıurfa öz ruhu və xoşgörüsü ilə, qədim kültürü və yaradıcılıq eşqiylə, tarixi abidələri və çağdaş gəlişməsiylə, uzun havaları və yakıcı türküləriylə bir qardaşılıq,birlik-bərabərlik şəhəridir, Türkiyənin gələcəyini qoruyan mənəvi başkəndlərdən biridir.

Xütbə susdu, namazlar qırıldı, birlik havasını davam etdirən dualar oxundu, camedən çıxdıq. lakin müsəlmanlara qarşı haqsızlıqlara etiraz dalğası yatmadı. Meydanlarda fələstinliləri müdafiə mitinqləri keçirilirdi.

O gün daha iki muzeyə baxmağı qərarlaşdırmışdıq. Bunlardan biri Şanlıurfada və çevrəsində bulunmuş mozaikaların toplandığı unikal Amazonlar muzesidir.

Amazonları əks etdirən mozaikalar muzeyin yerində tamam ayrı niyyətlə qazıntı aparılarkən aşkara çıxıb. Amazonkaların – ellin mifalogiyada atəş və savaş tanrısı Harmoniyanın qızları olduqları söylənilir. Onlar anaxaqanlıq (anaerkli) cəmiyyətində yaşayıblar. Deyilənə görə, kökən etibarilə Anadolunun Sinop ətrafında və bir də Qara dənizlə Xəzər arasında Quzey Qafqazidə yaşamışlar. Bu baxımdan izlərinin Qobustanda da axtarılması təsadüfi sayılmaz. Antik yazılı qaynaqlarda Amazonların at minmədə, savaşda, ovçuluqda yüksək məharətləri göstərilir. Onlar haqqında çox yazıldığı kimi, həm də sənətçilərin ilham qaynağı olmuşdular. Amazonlar əsasən bəbir və qurd ovlayırdılar. Və bu muzeydə də onların möhtəşəm ov səhnələrini əks edirən və nadir sənət inciləri olan mozaiklər sərgilənir. Mən “nadir sənət incisi “ sözünü gəlişigözəl işlətmirəm. Mozaikanın dəyərini göstərən cəhətlərdən biri istifadə olunan daşların kiçikliyidir. Deyilənə görə miladdan sonra V-VI yüzillərə aid dilən Amazon mozaikləri dünyada ən xırda daşlardan düzülüb. Mozaikləri qorumaq üçün üstlərində möhtəşəm bir qübbə qurulub. Belə bir qübbə Kəmərlitəpə tapınağının üstündə ucaldılır.

Şanlıurfanın qürur yerləindən biri də Tarix-arxeologiya muzeyidir. Gözəl,müasir binada salondan-salona keçdikcə sanki zamandan zamana, bir minillikdən başqa minilliyə yüksəlir, bu bölgədə izləri qalan Şumer, Assur, Akkar,Bizans, İslam, Səlcuq mədəniyyətləri haqqında zəngin bilgi əldə edirsən.

Şanlıurfaya səfərimin ən maraqlı, unudulmaz məqamlarından biri axşamların birində dəvət olunduğum “Sira gecəsi” ydi. Şəhərin qədim gələnəklərindən olan bu maraqlı kültür olayı hər axşam sırayla bir dostun evində keçirilirmiş; adı ordan gəlir. Böyük restoranda Urfanın bizdə də çox sevilən gözəl mahnılarını dinləyə-dinləyə yemək yedik, çiy köftə hazırlanması mərasimini seyr etdik, sonra yeni tanış olduğum dostlarla açıq havada uzun-uzadı söhbət etdik.Eyyubiyə bələdiyyəsi başqan yardımçısı İlhami bəy, Harran Universitesinin tarixçi professoru Abdullah Əkinçi, Şair Manmud Kaya, başqa aydınlar, bələdiyyə iççiləri və s. Söz yox, başlıca söz konusu yaşadığımız bölgənin sorunları və gələcəyidir. Açıq və səmimi söhbət idi. Arada zarafatla “Buralara hamıdan çox, bizim azəri türklərinin haqqı çatır” deyirəm. Buralar Səlcuqlu, Ağqoyunlu, Qaraqoyunlu dövlətlərinin iç bölgələri olmuş, mənim babalarım burda at oynatmışlar, bizlər Səfəvilər dönəmində burdan köç etdiriləndən sonra sizlər artıb çoxalmısınız. Bəlli tarixi həqiqətə söykənən zarafatla razılaşır və eyni yumorla, ziyalı mədəniyyəti ilə cavab verirlər. Mənə ən çox xoş gələn Urfa aydınlarının PKK terror örgütünə, bölücülük çağırışlarına münasibətləri və ən əsası, bütün bunlar barədə sakit və üzgörənlik eləmədən danışa bilməyimiz idi. Türk-kürd xalqlarının birlik və bərabərliyinin həm Türkiyənin, həm bölgənin gələcəyi açısından son dərəcə önəmli olduğunu hər kəs etiraf edir. Ulusal varlığını qorumaq istəyənlər PKK- ni dəstəkləməz deyirlər və bu gün sorğu keçirilsə kürdlərin böyük əksəriyyəti ayrılmğa yox, Türküyənin bötünlüyünə səs verər… Mahmud Kaya şairdir. Bir neçə şerini oxuyub bəyəndim. Sonra məndən şeir oxumağımı istədilər. Şeir- ayrılıqlara, dünyanın nizamını pozanlara, qardaşlığımıza qısqanan ruhsuzlara və mənəviyyatsızlara meydan oxuyur və gecənin ümumi havasının davamı kimi səslənir…

Bir gün sonra Doğu Anadolunu yenidən kəşf edərək, yeni dostlarımın söhbət və sevgiləriylə zəngimləşərək İstanbula qayıtdım.

Sabir Rüstəmxanlı
İyul- Avqust, 2017

Yenicag.az

www.yenicag.az

2301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv