www.sinerjipro.net

SinerjiProWide
Reklam

Dost-tanışlarla, iş ortaqları ilə görüşlərinizi “Sarı gəlin” heykəlinin qarşısına təyin etdinizmi heç? Təbii ki, hələ yox. Amma yaxın zamanlarda bu istəyiniz reallaşa bilər. “Sarı gəlin”ə Bakıda abidə ucaldılmasını ən çox arzulayanlardan biri tanınmış memar Cahid Həsənovdu. Memarlar İttifaqının üzvü, Türkdilli Ölkələrin Beynəlxalq Elmlər Akademiyasının və Almaniyanın Beynəlxalq Sosial Elmlər Akademiyasının fəxri doktoru, mənzil-qərargahı Nyu-Yorkda yerləşən Dünya Reklamçılar Assosiasiyasının üzvü Cahid Həsənov “Sarı gəlin” layihəsi ilə bağlı təkliflərini ölkə rəhbərliyinə təqdim etməyə hazırlaşır. Müsahibənin gedişində bu məsələyə bir də qayıdacağıq.

Cahid Həsənovla müsahibəni təqdim edirik:

“Cəmi 6 aydan sonra müsbət nəticəsini görəcəyik”

– İki ay öncə Azərbaycanda Dövlət Reklam Agentliyi yaradıldı. Uzun müddət bu sahədə çalışan peşəkar kimi, yeni qurumun fəaliyyətə başlamasını necə dəyərləndirirsiz?

– Dövlət Reklam Agentliyinin yaradılması təkcə biz mütəxəssislərin deyil, həm də reklamverici şirkətlərin ürəyincə olan bir addımdır. Çünki uzun illər idi istər Bakıda, istərsə də ayrı-ayrı bölgələrimizdə açıq hava reklamlarının yerləşdirilməsində pərakəndəlik, hərc-mərclik hökm sürürdü. Şəhər və rayon icra hakimiyyətləri, bələdiyyələr, nə qədər qəribə olsa da, hətta “Azəravtoyol”da reklam məsələsi ilə məşğul olurdu, hər qurum da öz diktəsini, “qayda-qanununu” tətbiq etməyə çalışırdı. Bu sahədə özbaşınalıq və şəffaflığın olmaması daxil olan vəsaitlərin dövlət büdcəsindən yayınmasına yol açırdı, ayrı-ayrı sahibkarlara, reklamverici şirkətlərə süni maneələr yaradılırdı. Regionlarda durum daha acınacaqlı idi, təsəvvür edin ki, rayonların bəzilərində əvvəllər 7-8 reklam şirkəti normal fəaliyyət göstərdiyi halda son vaxtlar həmin şirkətlər iflasa uğradılmışdı. Dövlət başçısı biz mütəxəssislərin mətbuat, telekanallar vasitəsi ilə çaldığı həyəcan təbilinə ciddi reaksiya verdi, Dövlət Reklam Agentliyinin yaradılması barədə fərman imzaladı. Öz adımdan, uzun illərdən bəri bu sahəyə əmək verən insanlar adından cənab Prezidentimizə təşəkkürlərimi yetirmək istəyirəm.

Fərmanda qeyd olunduğu kimi, yeni yaradılan agentlik ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcılarının üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimlənməni təmin edəcək. Deməli, bu sahədə qayda-düzən yaranacaq, xeyli yeni iş yerləri açılacaq. Bəlli olduğu kimi, aşıq hava reklamlarının hazırlanmasına xeyli insan cəlb olunur. Əgər radioda hər hansı bir şirkətin reklamı səsləndirilirsə bu işdə mətni yazanın, onu efirdə səsləndirənin və səs rejissorunun əməyi var. Amma açıq hava reklamına memarlar, dizaynerlər, rejissorlar, modellər, modelyerlər, tanınmış simalar, çilingərlər, qaynaqçılar, fəhlələr, sürücülər cəlb olunur.

Agentliyin fəaliyyətə başlaması ilə təkcə paytaxtımızda deyil, regionlarda da çalışan reklamçıların da işi vahid mərkəzdən əlaqələndiriləcək. Şəxsən mənim və həmsöhbət olduğum həmkarlarımın Dövlət Reklam Agentliyinə ümidləri böyükdür. Təxminlərimizə görə, qarşıdakı 6 ayda bu sahədə dirçəlişin şahidi ola biləcəyik. Prezidentin sərəncamı ilə Aydın İbadovun yeni yaradılan quruma direktor təyin olunması ümidlərimizi bir qədər də artırır. Çünki Aydın müəllim bu sahəni mükəmməl bilən, ABŞ, Rusiya və digər qabaqcıl ölkələrin təcrübəsini mənimsəyən, zəngin təcrübəyə malik mütəxəssislərdən biri sayılır.

– Agentliyin işini gücləndirmək üçün hansısa təklifləriniz varmı?

– Təbii ki, var, agentliyin direktoru Aydın İbadovla və onun formalaşdırdığı peşəkar komandanın üzvləri ilə bir neçə dəfə görüşmüşəm. Təqdim etdiyim konsepsiya əsasında faydalı müzakirə aparmışıq. Onu da qeyd edim ki, Dövlət Reklam Agentliyi təklif və müzakirələrə açıq bir qurumdur.

– Hazırladığınız konsepsiyada nələr nəzərdə tutulur?

– Qısaca onu deyə bilərəm ki, sosial reklamlarla bağlı məsələlərə diqqət artırılmasını təklif etmişəm. Mövcud qanunvericiliyə görə, ümumi reklamların 5 faizi sosial reklam olmalıdır. Söhbətimizin əvvəlində qeyd etdiyim problemlər üzündən bu məsələyə təəssüf ki, ciddi nəzarət olunmurdu. Hər bir Azərbaycan vətəndaşının ən ağrılı dərdi olan Qarabağ məsələsini dünya ictimaiyyətinə çatdırmaq üçün effektli vasitələrdən biri də açıq havada sosial reklamlardı. Son illər Bakıda, eləcə də rayonlarımızda nüfuzlu beynəlxalq tədbirlər, forum və konfranslar, festivallar keçirilir, bu tədbirlərə dünyanın hər tərəfindən qonaqlar gəlir. Nəzər alaq ki, ölkəmizə əcnəbi turistlərin də axını xeyli dərəcədə artıb. Ona görə də müharibəyə cəlb olunmağımız, torpaqlarımızı işğal edən ermənilərin törətdiyi vandalizm hərəkətləri, bəzi ölkələrin və beynəlxalq qurumların bu problemə ikili standartla yanaşması sosial reklamlarda öz əksini dolğun tapmalıdır. Gənclərimizdə vətənpərvərlik ruhunu aşılamaq üçün də sosial reklamlardan faydalanmalıyıq, Mübariz İbrahimov və digər qəhrəman oğullarımız təbliğ olunmalıdır.
Təkliflərimdən biri açıq hava reklamlarının dizaynı ilə bağlıdır. Paytaxtımızın Heydər Əliyev, Neftçilər, Zərifə Əliyeva, Səməd Vurğun, Rəşid Behbudov prospektlərindəki reklam konstruksiyaları dizayn baxımından digər küçələrdəkilərdən fərqlənməlidir. Elə etmək lazımdır ki, konstruksiyanın üzərində hətta reklam olmayanda belə o şəhərin gözəlliyinə ziyan gətirməsin, kiçik memarlıq elementi kimi göz oxşasın.

Canlanır hər qarış yer Sumqayıtda…

– Sizi yaxından tanıdığımdan bilirəm ki, son illər Sumqayıt şəhərində aparılan abadlıq-quruculuq işlərində yaxından iştirak edirsiz. İndi orada işlər hansı mərhələdədi?

– Həqiqətən də Sumqayıtda çox böyük işlər görülməkdədir, necə deyərlər “Gənclik şəhəri” bir qədər gəncləşir və siması daha da gözəlləşir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə aparılan bu böyük həcmli işlərə mən də öz töhfəmi verməyə çalışıram. Sumqayıt bulvarının ərazisi artıq 3,5 kilometr genişləndirilib, buradakı işlər təqdim etdiyim layihə əsasında həyata keçirildi. Zakir müəllimin köməyi ilə bu işləri cəmi 8 aya yekunlaşdıra bildik, halbuki bəzi mütəxəssislər deyirdilər ki, layihəni tamamlamaq üçün bir neçə il lazım olacaq. Dövlət başçısı Sumqayıta növbəti dəfə səfər edərkən yenidən qurulan bulvarı bir möcüzə adlandırdı. Sumqayıtın inkişafında xidməti olan bir qrup şəxsi mükafatlandırdı, sevinirəm ki, mənim də zəhmətimi Prezidentimiz yüksək dəyərləndirdi, “Tərəqqi” medalı ilə təltif olundum. Hazırda Sumqayıtda Bayraq Muzeyi, YAP-ın şəhər təşkilatı üçün inzibati bina inşa olunur, inşallah gələn ay işləri yekunlaşdıra biləcəyik. Növbəti mərhələdə isə Sumqayıt bulvarının daha da genişləndirilməsi və burada “Yaxt klub”un tikilməsi nəzərdə tutulub.

“Canlı efir bitən kimi telefonuma zəng gəldi…”

– Gəncədə ucaldılan “Əli və Nino” heykəlinin müəllifisiniz. Abidə həm yerli sakinlərin, həm də əcnəbi turistlərin marağına səbəb olub…

– Azərbaycanlı yazıçı Qurban Səidin “Əli və Nino” romanı müəllifinə və qəhrəmanlarına dünya şöhrəti qazandırıb.

– Amma nədənsə onlara Azərbaycanda deyil Cində, Fransada, Gürcüstanda heykəl qoyulmuşdu…

– 2010-cu ildə Gürcüstanın Batumi şəhərində ucaldılan həmin heykəlin müəllifi Tamara Kvesitadzeni tələbəlik illərindən tanıyıram, yaradıcılığı ilə də yaxından tanışam. Həmin abidə qısa müddətdə böyük ajiotaj yaratdı. Romanın müəllifi və baş qəhrəmanı azərbaycanlı olsa da, bizdə belə bir heykəl yox idi. Özü də nəzərə alaq ki, bəy nəslindən olan Əli Azərbaycanın müstəqilliyi uğrunda yadellilərə qarşı vuruşaraq şəhidlik zirvəsinə ucalan tarixi şəxsiyyətdir. Onun xatirəsinin əbədiləşdirilməməsi məni vətənini sevən bir insan, peşəkar memar kimi ciddi narahat edirdi. Bir neçə il öncə bu məsələ ilə bağlı düşüncələrimi və narahatlığımı İctimai Televiziyada bölüşdüm. Canlı efir başa çatan kimi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mənə telefon açdı, “Əli və Nino” abidəsi ilə bağlı layihəmə hər cür dəstək verməyə hazır olduğunu bildirdi. Bir gün sonra mən Elmar müəllimlə Gəncədə görüşdüm. İcra başçısı lazımi göstərişlərini verdi, tarixçilər də bu işə cəlb olundu, araşdırmalar nəticəsində Əlinin şəhid olduğu məkan dəqiqləşdirildi və abidənin məhz həmin yerdə qoyulması qərara alındı. Cəmi 2 aya biz abidə kompleksini tamamlaya bildik. Fürsətdən istifadə edib Elmar Vəliyevə minnətdarlığımı bildirmək istəyirəm, məhz onun gündəlik diqqət və qayğısı sayəsində bu iş qısa müddətdə ərsəyə gəldi. Abidə 3,5 metr hündürlüyündədi, heykəl iki alovun yanması anlamını verir. Heykəlin ətrafında süni tüstü effekti yaradılıb, bu da Əli və sevgilisi Ninonun ruhlarının səmada uçması anlamınındadı. Kompleksdə quraşdırılan 3 fəvvarə isə vizual olaraq göz yaşlarını xatırladır. Bizim “Əli və Nino” abidə kompleksi vizual bir görüntü yaratmaqla dünya memarlığında ilkə imza atıb. Bu gün həmin abidəni yüzlərlə insan ziyarət edir, məktəblilər orada “Əli və Nino” romanından parçalar oxuyurlar. Çox sevinirəm ki, müəllifi olduğum heykəl qədim olduğu qədər də müasir Gəncəyə xüsusi bir yaraşıq verir.

“Canında türk ruhu olmayan insan bu abidəni hazırlaya bilməz”

– Daim yenilik axtarışında olan bir memar kimi gələcək planlarınızı bilmək maraqlı olardı…

– “Sarı gəlin” abidəsi üzərində çalışıram.

– “Sarı gəlin”?

– Bəli, “Sarı gəlin”. Tarixi min illərlə ölçülən bu xalq mahnısının qəhrəmanını heykəlləşdirmək istəyirəm. Abidənin hündürlüyü 5 metr olacaq, hər bir saatdan bir fırlandıqca Türkiyədə yaşayan sənətkar həmyerlimiz Əlixan Məlikovun ifasında “Sarı gəlin”inin musiqisi ətrafa yayılacaq. Tanınmış modelyer Fəxriyyə Xələfova ilə də bu barədə məsləhətləşmişik, Fəxriyyə xanım heykəlin geyim eskizlərini hazırlamağa razılıq verib. Həmişə kreativ təklifləri dəstələyən ünlü modelyer bu heykəlin siması kimi “Sarı gəlin” rəqsinin istedadlı ifaçısı Röya Əliyevanı gördüyünü də bildirib.

Abidə kompleksinin eskizləri üzərində işləri tamamlamaq üzrəyəm, mütəxəssislər, alimlər, ictimaiyyət nümayəndələri ilə bu layihənin müzakirəsini keçirməyə hazıram.

– Bəlkə detallarla çox da varmayaq, sonra ermənilər bu ideyanı oğurlayarlar…

– Ermənilər təkcə torpaqlarımızı işğal etməyiblər, qədim və zəngin mədəniyyət nümunələrimizə də zaman-zaman sahib çıxmağa cəhd ediblər. Amma bütün dünya bilir ki, “Sarı gəlin” qədim Azərbaycan xalq mahnısıdı. Konkret öz layihəmə gəlincə, heç nədən çəkinmirəm. Çünki əminəm, canında türk ruhu olmayan insan “Sarı gəlin”ə heykəl ucalda bilməz.

– Bir memar kimi “Sarı gəlin” heykəlinin yerini harda görürsüz?

– İki variantım var, biri keçmiş “Sovetski” adlanan ərazidi. Oranın təbii quruluşu çox gözəldir, sanki amfiteatrda oturub paytaxtı seyr edirsən. Son günlər həmin ərazidə böyük park salınır, abidə üçün həmin parkda yer müəyyənləşdirmək olar. Digər bir variant isə Dənizkənarı Bulvarın ərazisidi. “Sarı gəlin” abidəsi ilə bağlı təkliflərimi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təqdim etmək istəyirəm. Layihəmin maraqla qarşılanacağına və dövlət rəhbərliyi tərəfindən dəstəklənəcəyinə əminəm. Cənab Prezidentin, o cümlədən, hörmətli Mehriban xanımın mədəniyyətimizin, incəsənətimizin inkişafı və təbliği ilə bağlı gördüyü böyük həcmli işlər göz önündədir. Onların xüsusi diqqəti sayəsində paytaxtımız günbəgün dəyişir, müasirləşir. Memar kimi bir məsələni qeyd edim, Fransa təxminən son 100 ildə Eyfel qülləsindən başqa Parisin simvolu ola biləcək hər hansı bir memarlıq abidəsi təqdim edə bilməyib. Azərbaycan isə son 10-15 ildə dünya memarlığına böyük töhfə sayıla biləcək işlər təqdim edib. Bunun nəticəsidir ki, indi təkcə Qız Qalası Bakının simvolu kimi tanınmır, paytaxtımızın adı çəkilən kimi Heydər Əliyev Mərkəzinin əzəmətli binası, “Alov Qüllələri”, Xalça Muzeyi göz önündə canlanır. İnanıram ki, tezliklə “Sarı gəlin” abidəsi də turistlərin maraqla tamaşa etdiyi memarlıq nümunələrindən biri olacaq.

– Tezliklə “Sarı gəlin” heykəlinin qarşısında görüşənədək!(modern.az)

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 124
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."