Savadsız müəllimlər savadsız gənclik yetişdirir

Müəllif: Redaktor

Editor

muallim“Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən bütün pedaqoqların imtahanlara cəlb olunmasına başlandı”.

Bu sözləri Yenicag.az-a Azərbaycanın bölgələrindəki müəllimlərlə keçirilən qiymətləndirmə imtahanının nəticələrini şərh edərkən təhsil eksperti Kamran Əsədov söyləyib.

Ekspertin sözlərinə görə, Təhsil Nazirliyinin vahid qaydada apardığı müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən sonra onların həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının isə orta hesabla 2 dəfə artırılması həyata keçirilir:

Kamran Əsədov ile ilgili görsel sonucu“İndiyə qədər demək olar ki, ölkənin 60 faizdən çox müəllimi bu imtahanlarda iştirak edib. Hazırda regionlarda müvafiq imtahan prosesi davam edir. Onu qeyd edim ki, qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilib. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlərin bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.

Kamran Əsədov onu da qeyd etdi ki, İlkin olaraq müəllimlərin diaqnostik qiymətləndirilməsi Bakı şəhərində keçirilib:

“2014-cü ilin iyul ayında baş tutan bu sınaq qiymətləndirmələrində Bakıda yerləşən 357 məktəbin müəllimləri iştirak etmişdi. Lakın nəticələr heç də ürəkaçan deyildi. Belə ki, imtahanda iştirak edən müəllimlərin 14 faizi zəif, 86 faizi qənaətbəxş, 18 faizi isə yüksək nəticə göstərdi. Təsəvvür edin ki, 14 faiz müəllim, hələ də öz tədris etdiyi fəndən 2 suala belə cavab verə bilmir? Bundan başqa böyük sayda müəllim ordusunun tədris etdiyi fəndən səthi məlumatı var. İndiyə qədər imtahanda iştirak edən müəllimlər arasında ən böyük sayı birinci olaraq ibtidai sinif müəllimləri, ikinci Azərbaycan dili və ədəbiyyat, sonra isə Tarix müəllimləri təşkil edir. Maraqlıdır ki, zəif göstəricilərdə də bu fənləri tədris edən müəllimlər liderlik edir. Bu əlbəttə ki, məktəbin biabırçı vəziyyətini göstərir.

Diaqnostik imtahan nəticələrinə əsasən, onu da qeyd etmək istəyirəm ki, orta məktəblərlə Coğrafiya, Riyaziyyat, Fizika, Kimya fənlərini tədris edən müəllimlərin də cavabları qənaətbəxş deyil:

“Belə ki, onların böyük əksəriyyətinin nəticələri 50 faizdən aşağıdır. Təssüflər olsun ki, bu gün Azərbaycanın orta məktəblərində öz ixtisası üzrə dərs deyən 30 faiz müəllimin necə deyərlər, öz fənnindən anlayışı yoxdur. Lakin o müəllimlər ilin əvvəlində dərs bölgüsü zamanı ən böyük tikəni öz qabaqlarına çəkmək, ən çox dərsin onlara verilməsi üçün əllərindən gələni edirlər. İmtahan nəticələrinin zəif olmasında pedaqoqlar qədər məktəb direktoru da günahkardır. Çünki qanunvericiliyə əsasən, rəhbər şəxs mütəmadi olaraq tabeliyindəki işçilərin bilik və bacarıqlarını atestasiya etməli, onların təkmilləşdirilməsi üçün çalışmalıdır. Lakin bu diaqnostik qiymətləndirilmə imtahanında həmən o direktorların özləri də iştirak etsələr, əlbəttə, onların öz nəticələri də heç yaxşı olmayacaq. Xüsusi olaraq qeyd edim ki, imtahanların keçirilməsi qədər onların nəticələrinin təhlil edilməsi və o zəif nəticələrin aradan qaldırılması istiqamətində ciddi işlər görülməlidir. Təəssüflər olsun ki, geridə qalan imtahanlarda biz bunu görmədik. Nəticələri zəif olan müəllimlər üçün hansısa tədbir görülmədi. Və onlar hələ də bizim üçün savadsız gənclik yetişdirməkdə davam edirlər”.

Qeyd edək ki, müəllimlər üçün son diaqnostik qiymətləndirmə imtahanı noyabrın 21-dən 23-nə qədər keçirilib.

Gülnarə Eynullaqızı
Yenicag.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır