Yazı İçi 468×60

mediaÇox vaxt ölkə mətbuatında cəmiyyətə yararsız, önəm daşımayan xəbərlər yer alır.

Bəzən oxucular məhz bu cür informasiyalara maraq göstərirlər. Bəs görəsən jurnalistlərin özü bir oxucu kimi hansı mövzuda olan xəbərlərə və saytlara üstünlük verirlər?

Yenicag.az-ın bu sualına media mənsublarının cavabları da fərqli oldu.

Kaspi qəzetinin baş redaktoru İlham Quliyev “xəbər izləmək bizim peşə vərdişimizdir”, dedi:

– “Hər gün səhər açılandan, axşam yatana qədər xəbər xəttində olmağa çalışıram. Təbii ki, ilk növbədə özümün rəhbərlik etdiyim kaspi.az saytını diqqətdə saxlayıram. Paralel olaraq xəbərləri daha çox APA və TREND agentliklərindən alıram. Bundan əlavə, virtualaz.org, fins.az, qafqazinfo.az, modern.az da gündəlik izləməyə çalışdığım saytlar sırasındadır. İdman xəbərlərini isə apasport.az saytından oxuyuram”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin mətbuat katibi Rövşən Ziya əsasən siyasi, iqtisadi və dünya xəbərlərini oxuduğunu deyir:

– “Bəzən başqa sahələrdə də maraqlı xəbər olanda oxuyuram. İzlədiyim saytlar arasında APA.az həmişə öndə olub. Yeniçağ.az saytının da xəbərlərini maraqla oxuyuram. Digər saytlardan Milli.az, Salamnews, Ölkə.az, Lent.az, Report.az saytlarını da daim izləyirəm. Türkiyə mətbuatını da daim diqqətdə saxlayıram. Çünki, qardaş ölkənin gündəmi daim zəngindir və istənilən məlumatı tapmaq mümkündür”.

Fins.az saytının redaktoru Fərqanə Allahverdiqızı işi ilə bağlı yerli və xarici mediada daha çox iqtisadi xəbərləri izlədiyini dedi:

-“İşdən sonra isə bəzi müsahibələri, siyasi təhlilləri oxuyuram. Turizmlə bağlı yazılara, xəbərlərə diqqət edirəm. Saytlara gəlincə, rəsmi xəbərləri Azərtac-dan alıram. İqtisadi, sosial xəbər yayan bütün saytları izləyirəm”.

Report.az-ın şərhçisi Sədrəddin Soltan ilk növbədə işlədiyi Report informasiya agentliyinin report.az saytını daha çox izlədiyini söylədi:

-“Türkiyənin, Rusiyanın, İranın, Ermənistanın, Gürcüstanın və Orta Asiya dövlətlərinin saytlarını daha çox izləyirəm. Ölkəmizdəki saytlara isə ara-sıra baxıram. Daha çox siyasi xəbərlərlə maraqlandığımdan bu sahəyə aid xəbərləri ölkəmizdəki saytlardan oxumağa da üstünlük verirəm. Bir də öz xəbərlərini yayan informasiya vasitələrinin məlumatını oxuyuram. Təəssüf ki, ölkəmizdə üstünlük verdiyim elə bir sayt hələ yoxdur. Ancaq jurnalistin peşə kodeksinə əməl edən bütün saytlara və çap mediasına uğurlar arzulayıram”.

Ölkə.az saytının şef-redaktoru Amil Hacıyev əsasən gündəm olan, hadisə baş verən ölkələri izlədiyini bildirdi:

-“Dünyanın gözü hardadırsa biz də ora baxırıq. Təbii, öncüllüyümüzü Azərbaycanda baş verən hadisələrə veririk. Yerli mətbuatda xəbər agentliklərini izləyirəm. Facebookda ən yaxşı xəbərlər paylaşıldığından indi xəbəri bir mərkəzdən izləmək asanlaşıb. Rusiya, Türkiyə və Avropa saytları isə daima açıqdır. Bir toxunuşla ən son xəbərini oxuya bilirəm”.

Manera.az-ın redaktoru Tural İsmayılov daha çox ədəbiyyat, mədəniyyət, elm xəbərləri oxuduğunu qeyd edir:

-“Buna görə də həm əməkdaşlıq etdiyim Manera.az, həm Sim-Sim.az, həm də Kulis.az saytlarını mütəmadi izləyirəm. Əslində, informasiya təminatımı ödəmək üçün son zamanlar xəbər saytlarını izləmirəm. Feysbuk və Tvitter çoxdan əsas infomasiya təminatçıma çevriliblər. Siyasi və sosial xəbərlər əlavə yükdür yaradıcı adam üçün. Onsuz da pessimist əhvaldayam, nə gərək var əlavə informasiyaya?”.

Azvision.az saytının redaktoru Anar Rüstəmov gün ərzində daha çox ictimai-siyasi xəbərləri izləyir:

-“Vaxt olduqca analitik yazılar, təhlil, araşdırma tipli məlumatları oxuyuram. Təəssüf ki, yerli mətbuat daha çox xəbər üzərində formalaşıb, araşdırma və təhlil çox gözə dəymir. Bundan əlavə tanınmış insanlarla maraqlı müsahibələr olarsa, mütləq oxuyuram. Hansı saytları izləməyimə gəlincə, Türkiyə və Rusiya KİV-ləri ilə yanaşı, üzdə olan bütün yerli saytları imkan daxilində izləyirəm. Redaktoru olduğum AzVision.az-la yanaşı APA, Trend, Azərtac, Report.az kimi informasiya agentliklərini mütəmadi olaraq izləyirəm. Gün ərzində ən çox izlədiyim portallar isə Femida.az, modern.az, oxu.az, virtualaz.org-dur”.

Trend.az-ın müxbiri Samir Güləliyev əsasən Azərbaycanın ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən xəbərləri izlədiyini söyləyir:

-“Bundan başqa, Türkiyə ilə bağlı məlumatlarla maraqlanıram və Türkiyənin bəzi saytlarını mütəmadi izləyirəm. İzlədiyim Azərbaycan saytları: Trend.az, Apa.az, Report.az. Lent.az, musavat.com-dur”.

Yeniçağ.Az Analitik İnternet Qəzetinin əməkdaşı Araz Zeynalov:

– Siyasət yazarı olaraq, günüm ölkənin və dünyanın gündəmini əks etdirən materiallarla başlayır. İlk olaraq, Azərbaycan, Türkiyə və Rusiyanın nüfuzlu və etimada malik internet resurslarına nəzər salıram. Təbii ki, müxtəlif mövzularda diqqəti cəlb edən maraqlı və əhəmiyyətli materiallara da göz gəzdirməyə çalışıram. Elektron mediada siz deyən kimi, “yararsız, əhəmiyyətsiz” xəbərlər az olmasa da, buna qiymət vermək istəmirəm.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."