yenicag.az
yenicag.az

Səhiyyə Nazirliyi dərmanların keyfiyyətsiz olması ilə razılaşmır

Səhiyyə Nazirliyi dərmanların keyfiyyətsiz olması ilə razılaşmır

Müəllif: Redaktor

Editor

sehiye“Bəzi vaxtlarda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri ilə biz də qarşılaşırıq və tərəfimizdən aidiyyatı orqanlara məlumat verilir”.

Bu sözləri Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov jurnalistlərə açıqlamasında deyib.
P.Əzizbəyov bildirib ki, dərmanın dövlət qeydiyyatının olmaması onun keyfiyyətsiz olması anlamına gəlmir:
“Nadir hallarda rast gəlinən dərman vasitələri dövlət qeydiyyatı olmadan belə ölkəyə idxal edilə bilər. Bu barədə vətəndaşlar tərəfindən şikayətlər ola bilir. Lakin bir məqamı vurğulamaq istəyirəm ki, dərmanın dövlət qeydiyyatının olmaması saxta olması demək deyil. Əgər hər hansı dərman vasitəsinin keyfiyyəti və ya saxta olması ilə bağlı məlumat daxil olarsa, araşdırıb lazımı tədbirlər görürük”.

O bildirib ki, son illər ərzində Mərkəzə saxta dərman vastəsilə ilə bağlı müraciət daxil olmayıb:
“Dərman vasitələrinin keyfiyyətində nəzarət, daşınma, idxal, nəqliyyat məsələsi böyük rol oynayır. Qeyd edim ki, dərman vasitələrinin daşınması, idxalı ilə bağlı yeni qaydalar hazırlanaraq Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinə razılaşdırma üçün göndərilib.

Hesab edirəm ki, dərman vasitələrinin idxalına nəzarət gücləndirilməlidir. Dərman vasitəsinin ev şəraitində saxlanması da, keyfiyyətə təsir edən amillərdəndir. Ölkəyə rəsmi yolla idxal edilən, keyfiyyəti təsdiq edilən dərman vasitələrinin üzərinə nəzarət markası vurulur. Dərman vasitələrinin nəzarət markası olmadan satılmasına görə İnzibati Xətalar Məcəlləsində müvafiq maddələr nəzərdə tutulub”.

P.Əzizbəyov ölkəyə gətirilən peyvəndlərin üçüncü ölkələrdən idxal edilməsi və keyfiyyətin aşağı olması ilə bağlı fikirlərə də münasibət bildirib:

“Dövlət tərəfindən təmin olunan peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilən ölkələrdən alınır. Onların tövsiyyə etmədiyi ölkələrdən peyvənd idxal edilmir. Saxta peyvəndlərlə bağlı Hindistanın adı çəkilsə də, bu fikirlə birmənalı razılaşa bilmərik. Çünki bu ölkənin yaxşı dərman istehsalçıları da var. Peyvəndlərin uşaqlara əlavə təsirlərinə gəldikdə, peyvənd bioloji maddədir, onun əks təsirlərinin olmasında genetik faktorlar, uşağın xəstə olması səbəb ola bilər. Peyvənddən sonra temperaturun yüksəlməsinə normal yanaşmaq lazımdır. Çünki peyvəndlər uşaqların bədənində xəstəliklə mübarizə üçün antitellər yaradır. Nəticədə uşaq xəstəliyi yüngül formada keçirir”.

Yenicag.az

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti