yenicag.az
yenicag.az

Şəmsəddin Hacıyev dövlətin 667 min manatını öz şirkəti vasitəsilə necə mənimsədi…

Şəmsəddin Hacıyev dövlətin 667 min manatını öz şirkəti vasitəsilə necə mənimsədi…

Müəllif: Redaktor

Editor

117518_res_01Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) “Turan-2009” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı 667475 manat məbləğində pulun universitetin xeyrinə ödənilməsi tələbinə dair iddia qaldırıb. İddiaya 1 saylı Baki İnzibati-İqtisad Məhkəməsində baxılır.

Bu məlumat virtualaz.org saytına 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsindən daxil olub.

Məlumata görə, “Turan-2009” MMC-nin universitetə 667475 manat məbləğində pul vəsaiti borclu olması faktı MMC rəhbərliyi ilə universitetin sabiq rektoru Şəmsəddin Hacıyev tərəfindən imzalanaraq təsdiq edilmiş üzləşmə aktı ilə və digər rəsmi sənədlərlə də təsdiq olunur.

Bu sənədlər məhkəməyə təqdim edilsə də “Turan-2009” MMC-nin rəhbərliyi həmin pulun ADİU-ya qaytarılmasından imtina edir.

Sözügedən iddia ərizəsi məhkəmənin hakimi Vüsalə Baxışovanın icraatındadır.

Məlum olduğu kimi, ADİU dövlət büdcəsindən maliyyələşən təşkilatdır. Ona görə də universitet tərəfindən malların alınması, işlərin və xidmətlərin görülməsi dövlət vəsaitləri hesabına həyata keçirilir. Bu səbəbdən ADİU tərəfindən malların alınması, iş və xidmətlərin görülməsi qaydaları və şərtləri “Dövlət satınalmaları haqqında” qanunla müəyyən edilmiş qayda və tələblərə əsasən həyata keçirilir. Qanunun 13-cü maddəsində isə göstərilir ki, iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanlar satınalma prosedurları zamanı satın alan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər.

“Turan-2009” MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “Turan-2009” MMC-nin nizamnaməsinə və dövlət qeydiyyatına alınmasına dair şəhadətnaməyə əsasən isə həmin MMC-nin təsisçisi Hacıyev Şəmsəddin Hümmət oğlunun həyat yoldaşı Hacıyeva Zemfira Əli qızıdır.

Maraqlıdır ki, ADİU-nun iddiası ilə tenderlər keçirilən zaman Şəmsəddin Hacıyev universitetin rektoru vəzifəsində işləyib. Həmin tenderlərdə iştirak edən “Turan-2009” MMC-nin direktoru isə Şəmsəddin Hacıyevin qardaşı oğlu Hacıyev Cavid Fəxrəddin oğlu olub.

Məhkəməyə təqdim edilmiş müqavilələrdən də göründüyü kimi, ADİU ilə tenderin qalibi olmuş “Turan-2009” MMC arasında bağlanan müqavilələri iştirakçı tərəflərin vəzifəli şəxsləri qismində ADİU adından Şəmsəddin Hacıyev, “Turan-2009” MMC-nin adından isə onun qardaşı oğlu Cavid Hacıyev imzalayıblar.

Həmin müqavilələr üzrə tərəflər arasında on milyonlarla manat həcmində işlər görülüb. Bu isə “Dövlət satınalmaları haqqında” qanunun “dövlət satınalmalarında maraqların ziddiyyəti”ndən bəhs edən 13.2 və 13.2.1-ci maddələri ilə müəyyən edilmiş qaydaların kobud surətdə pozulması deməkdir.

Məhkəmədən verilən məlumata görə, bu, Şəmsəddin Hacıyevlə ADİU arasında olan yeganə iddia deyil. Tərəflər arasında məhkəmədə həmçinin Şəmsəddin Hacıyevin himayəsində olan “İqtisadçı-2005” MTK ilə bağlı mübahisəyə dair də iddia tələbləri var. Bu mübahisələrdən birinə isə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Tahirə Əsədova tərəfindən baxılır.

Yenicag.az

Araşdırma, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti