Sənətkarlar “Səs Azərbaycan” haqda nə düşünürlər? — Xalq artistləri cavablandırır

Sənətkarlar “Səs Azərbaycan” haqda nə düşünürlər? — Xalq artistləri cavablandırır

Müəllif: Redaktor

Baş Redaktor

610x380xses.jpg.pagespeed.ic.jc7CEqSDAyDünyaca məşhur “The Voice” musiqi layihəsinin analoqu olan “Səs Azərbaycan”ın ölkəmizdə keçirilməsi Azərbaycan musiqisi üçün bir yenilikdir.

Qısaca onu demək olar ki, “The Voice” bütün dünyada vahid, unikal format olmaqla yanaşı, indiyə qədər televiziyalarda yayımlanan digər səs yarışmalarından fərqlənir. Bəs görəsən sənətkarlarımız sözügedən layihə barədə nə düşünürlər?

Ölkə.az xalq artistlərinin cavablarını təqdim edir:

Bəstəkar, xalq artisti Eldar Mansurov:


“Bundan öncə Avroviziya yarışmasının seçim turu, “Azəristar”, “Yeni ulduz” kimi yarışmalar keçirilib və ortaya yeni istedadlar çıxıb. “The Voice” musiqi layihəsi də son illərin ən populyar müsabiqəsidir, dünyanın çox ölkələrində keçirilir. Bu layihənin Azərbaycanda da keçirilməsi onu göstərir ki, biz heç kimdən geri qalmırıq. “Səs Azərbaycan” layihəsi haqda ancaq xoş sözlər deyə bilərəm. Çox yaxşı olardı ki, müsabiqədəki ifaçıların sonrakı aqibəti də nəzarətdə saxlanılsın”.

Müğənni, xalq artisti Zaur Rzayev:

“”Səs Azərbaycan” yarışmasına baxmışam, hər şey yüksək səviyyədə təşkil olunub. Layihəyə söz yoxdur, dünyada qəbul olunub, bütün münsiflər də peşəkarlardır. Sadəcə, ifaçılar repertuara da bir qədər fikir versələr, daha yaxşı olardı. İngilis dilində mahnıların sayının azaldılmasını istərdim. Onsuz da düzgün oxunsa, Azərbaycan musiqisi də Avropa musiqisidir. Ancaq bütün hallarda belə bir layihənin keçirilməsi ölkənin adına, imicinə görə çox yaxşıdır”.

Müğənni, xalq artisti İlhamə Quliyeva:

“Çox sevindirici bir haldır ki, bu layihə Azərbaycanda da keçirilir. Gənclərimizin çıxışlarını izləmişəm, aralarında istedadlıları çoxdur. Bu, bizim mədəniyyətimizin inkişafından xəbər verir. Ancaq bir iradım var. Azərbaycanda Azərbaycan musiqisi ifa olunmur, amma olunmalıdır”.

Müğənni, xalq artisti Flora Kərimova:

“Layihə çox gözəldir. Biz o saat yüksək ifaçılıq tələb edirik. Amma haqlı deyilik. Bu səslər müsabiqələrdə yetişməlidir. Deyə bilərəm ki, çox gözəl bir təşəbbüsdür. Özü də dekorasiyasından tutmuş, təşkilatçılığına qədər çox ürəkdən işlənilib. Çox gözəl səsi olan gəncləri yığıblar”.

Müğənni, xalq artisti Yalçın Rzazadə:

“Doğrusu hələ layihəyə baxmağa imkan olmayıb. Amma deyə bilərəm ki, belə bir musiqi yarışmasının Azərbaycanda da təşkil edilməsi çox müsbət haldır. Bu gənclərimiz, gənc ifaçılarımız üçün bir stimuldur. Onlar da “Səs Azərbaycan”da iştirak üçün üzərlərində daim işləyəcəklər”.

Opera müğənnisi, xalq artisti, Xuraman Qasımova:

“Maraqlı layihədir. Bu barədə bir ilə yaxındır ki, söhbət gedirdi və nəhayət, baş tutdu. Azərbaycandan böyük istedadlar çıxıb. İnanırıq ki, bu layihədən də istedadlı gənclər çıxacaqlar. Deyə bilərəm ki, ölkəmizdə yetərincə istedadlı gənclər var. Mən və bacım Fidan Qasımova Bakı Musiqi Akademiyasının professorlarıyıq və istedadlı gənclərimizlə sıx ünsiyyətdəyik, bizə də müraciət edirlər. Bu ciddi bir layihədir və təqdirəlayiqdir. Mənə maraqlı olan tərəflərdən biri budur ki, oradakı ifaçılar xarici dilləri bilirlərmi? Münsiflərin xarici dil bilməsi də vacibdir ki, xarici mahnı oxuyan ifaçılara məsləhətlər verə bilsinlər”.

Opera müğənnisi, xalq artisti Fidan Qasımova:

“Azərbaycanda çoxlu istedadlı gənclər var. Onların belə müsabiqələrdə iştirakı çox yaxşıdır. Bu layihənin bir çox ölkələrdə ona görə keçirirlər ki, yeni adlar səhnəyə çıxsın. Bir sözlə deyə bilərəm ki, “Səs Azərbaycan” musiqimizin inkişafı baxımından önəmli və dəyərli layihədir”(ölkə)

Maqazin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti