Yazı İçi 468×60

yenicag.az_saudi“The İndependent” qəzetinin müxbiri Kim Sengupta yazır ki, Washington-dakı Kapitoli binasının bir otağında saxlanan 28 səhifəlik hesabat ABŞ və onun Yaxın Şərq müttəfiqi Səudiyyə Ərəbistanı arasındakı gərginliyi tarıma çəkib.

Səudiyyə Ərəbistanının rəsmiləri bəyan ediblər ki, əgər bu sənədlər ictimaiyyət üçün açılsa, onda ABŞ-ı buna görə sonu bəlli olmayan nəticələr gözləyə bilər.

Hazırda ABŞ Konqresi bu 28 sahifənin açılmasına imkan verəcək qanun layihəsinin müzakirəsinə hazırlaşır.

Məqsəd 2001-ci ilin 11 sentyabrında törədilmiş terror aktları qurbanlarının Səudiyyə Ərəbistanını məhkəməyə verə bilməsidir.

Bir sıra rəsmilər və siyasətçilər iddia edirlər ki, sözü gedən sənəd əl-Qaedanın New York və Washington üzərinə etdiyi terror aktlarının Səudiyyə hökuməti ilə bağlılığını üzə çıxara bilər.

“The İndependent” yazır ki, Səudiyyə bu hesabatın açılmasından son dərəcə ehtiyat edir və əgər bu baş verərsə, ABŞ iqtisadiyyatına qoyulmuş 750 milyard dollarlıq investisiyanı geri götürəcəyi ilə hədələyir.

Əslində sözü gedən 28 səhifə tam hesabatın “Bir sıra həssas məsələlərə dair faktlar, müzakirələr və mülahizələr” adlı fəslini təşkil edir.

3 min nəfərin ölümü ilə nəticələnmiş terror aktlarına dair araşdırmanı Birləşmiş Konqres Təhqiqatı Komissiyası aparıb.

New York meri səudların çekini cırıb

“The İndependent” yazır ki, keçmiş prezident George W Bush bu sənədlərin nəşrinin Amerikanın milli təhlükəsizlik maraqlarına zərbə vuracağını və Terrora qarşı Müharibəni zəiflədəcəyini bildirmişdi.

New York meri Rudi Giuliani Səudiyyə şahzadəsinin ona verdiyi 10 milyon dollarlıq çeki cırdığını bildirib

Lakin müxbir Sengupta yazır ki, 28 səhifənin cidd-cəhdlə məxfi saxlanması və bu məxfilik ətrafında mübahisələrin davam etməsi bir çoxlarını sənəddə həqiqətən də ciddi iddialar ola biləcəyinə inandırır.

Məhz buna görə də konqresmen və senatorlar bir-birinin ardınca məxfi sənədin açılmasına çağırırlar.

Belə bir tələblə, ən son çıxış edən, terror hücumu baş verərkən New York-un meri olmuş Rudi Giuliani olub.

Cənab Giuliani iddia edib ki, Səudiyyə şahzadələrindən biri bu məsələdə diqqətin krallıqdan yayındırılması məqsədilə ona 10 milyon dollarlıq çek verib.

Keçmiş mer bildirir ki, çeki çırdıqdan sonra onu verənə qaytarıb.

“Mən dedim ki, o, öz pulu ilə rədd olub cəhənnəmdə yana bilər. Amerika xalqı Səudiyyənin bu basqınlarıdakı rolu barədə məlumata malik olmalıdır. Biz sevdiyimiz insanları kimin qətlə yetirdiyini və ya kimin bizim hamımızı qətlə yetrimək istədiyini bilmək haqqına sahibik” – deyib Giuliani.

Ötən bazar Ağ Ev rəsmilərinin anonim şəkildə bildirdiklərinə görə bu 28 səhifədən ən azı bəziləri açıqlanacaq.

Ümumilikdə isə Ağ Ev hesabatın ictimailəşdirilməsi əleyhinədir.

19 təyyarə qaçıran

Bu arada Senatın kəşfiyyat komitəsinin keçmiş sədri, demokrat senator Bob Graham inandığını bildirib ki, Səudiyyə Ərəbistanı 11 sentybar hücumlarında ən yüksək səviyyədə iştirak edib.

O deyib: “Ən mühüm sual bundan ibarətdir ki, bu 19 nəfər təyyarəqaçıran yaxşı hazırlanmış 11 sentyabr qəsdini təkbaşınamı həyata keçiriblər, yoxsa onları dəstəkləyənlər olub? Belə bir sual da var ki, onlara belə bir dəstəyi ən böyük ehtimalla kim verə bilərdi? Məncə bütün dəlillər bunun Səudiyyə Ərəbistanı olduğunu göstərir”.

Senator deyib ki, onun ehtimalına görə 11 sentyabr hücumlarına birbaşa dəstək “krallığın ən yüksək hakimiyyət eşelonlarından” gəlib.

“The İndependent” yazır ki, bu sənədləri gözləri ilə görmüş iki konqresmen onların məxfiliyinin qaldırılması üçün qanunvericilik təşəbbüsünü irəli sürüblər.

Massachusetts-dən olan demokrat Stephen Lynch iddia edir ki, 2001-ci il terror basqınlarının arxasında “bir sıra səudiyyəlilərin” dayandığına dair sübutlar mövcuddur.

Respublikaçı Walter Jones deyib ki, o, George Bush-un bu sənədlərin nəşr edilməsinə qarşı niyə çıxdığını başa düşür, çünki burada söhbət Bush administrasiyasının Səudiyyə Ərəbistanı ilə əlaqələrindən gedir.

“The İndependent” yazır ki, şübhələrin ultra-mühafizəkar krallığın üzərinə düşməsi Ər-Riyadın bir sıra zorakı islamçı qrupları maliyyələşdirməsindən qaynaqlanır.

Bu iddialara son zamanlar Səudiyyənin Suriya prezidenti Bəşər əl-Əsədə qarşı döyüşən ən zorakı ekstremist qruplaşmaları pul və silahla təchiz etdiyinə dair ittihamlar da əlavə olunub.

Kral vəhabilərdən qorxur

“The İndependent” yazır ki, İslamın hazırkı mühafizəkar və qəddar sünni doktrinası 1992-ci ildən bəri Səudiyyədən şüalandırılan Vəhabilikdir.

Sengupta yazır ki, vəhabi ruhani liderlər özlərinə ölkənin daxilində və xaricində aparılan siyasətdə aparıcı rollar verilməzsə, kral ailəsini devirəcəkləri ilə hədələyirlər.

Məqalədə bu da qeyd olunur ki, bu sayaq təzyiqə tab gətirməyən kral ailəsi vəhabilərin hegemon rola malik olduqları İslami İşlər Nazirliyinin yaradılmasına razı olub.

Gələcəkdə Səudiyyə Ərəbistanına qarşı irəli sürülə biləcək məhkəmə iddialarının da ana xəttini 11 sentybar hücumları ilə məhz bu nazirliyin əlaqələrinə dair iddialar təşkil edir.

Cənab Giuliani-nin bir Səudiyyə şahzadəsinin ona rüşvət verməyə cəhd göstərməsi barədə bəyanatından bir gün əvvəl Əl-Qaeda ilə əlaqəsi olan Qassan əş-Şərbiyəyə aid aviasiya dərsləri şəhadətnaməsinin Washingtondakı Səudiyyə Ərəbistanı səfirliyinin sənədləri arasından tapılması barədə xəbərlər yayılmışdı.

Bu uçuş şəhadətnaməsi başqa sənədlərlə birlikdə əş-Şərbi 2002-ci ildə Pakistanda həbs olunduqdan sonra səfirlikdəki sənədlərin arasından çıxmışdı.

11 sentyabr hücumlarında birbaşa iştirakı olmayan əş-Şərbi o vaxtdan bəri Guantanamoda saxlanır.

Uçuş lisenziyası

Uçuş lisenziyası barədə səfirlik memosu üzərindəki məxfilik dərhal qaldırılsa da, sənəd barədə məlumat yalnız ötən həftə Brian McGlinchey adlı fəal onu özünün bloquna saldıqdan sonra ictimaiyyətə çatıb.

Bundan başqa Səudiyyənin Amerikadakı iki diplomatik missiyasının iki səudiyyəli – Nəvaf əl-Həmzi və Xalid əl-Mindar ilə əlaqəsi üzə çıxıb. Onların hər ikisi ABŞ-a 2000-ci ildə 11 sentyabr basqınlarının ilk dalğasının iştirakçısı kimi gəlmişdilər.

Bu iki nəfər San Diegoda başqa bir səudiyyəli Omar əl-Bayumi tərəfindən bir mənzildə məskunlaşdırılmışdılar.

Əl-Bayumi bu iki nəfərə sosial təminat kağızlarının doldurulmasında və uçuş kursları barədə informasiyanın çatdırılmasında kömək etmişdi.

Başqa məlumatlara görə, Bayumi həmçinin bu iki nəfəri sonralar “internet bin Ladeni” ayaması ilə tanınan imam Ənvər əl-Əvlaki ilə tanış etmişdi. Əl Əvlaki sonrakı müddətdə Yəməndə ABŞ dronundan endirilmiş zərbə ilə öldürülüb.

Əl-Bayumi ABŞ-da Səudiyyə aviasiya xidməti Dallah Alco şirkətinin xətti ilə Səudiyyə hökumətinin maliyyəsi ilə yaşayırdı.

Onun adı FTB sənədlərində 11 sentyabrdan əvvəl Səudiyyə casusu kimi keçirdi, lakin krallıq bu iddianı inkar edir.

Səfirin arvadı

“The İndependent” yazır ki, əl-Bayumi Səudiyyənin Washington-dakı səfriliyində və Los Angelesdəki konsulluğunda tez-tez görünürdü.

Məqalədə deyilir ki, əl-Bayumi ABŞ müstəntiqlərinə verdiyi ifadələrində İslami İşlər Nazirliyinin rəsmisi Fəhəd əl-Tumayri ilə bir saatlıq görüşdə olduğunu etiraf edib. O elə həmin gün 11 sentyabr təyyarəqaçıranları əl-Həmzi və əl-Mindarla da görüşmüşdü.

Bundan iki il sonra əl-Tumayri diplomatik immunitetdən məhrum edilmiş və terrorla əlaqələrinə görə ABŞ-dan deportasiya olunmuşdu.

O vaxtlar San Diegoda yaşayan səud Osama Basnan da 11 sentyabr təyyarəqaçıranları əl-Həmzi və əl-Mindarla görüşürdü. Basnan ABŞ-dakı Səudiyyə səfiri şahzadə Bəndər bin Sultanın arvadı şahzadə Hayfa bin Sultandan 75 min dollar pul almışdı. Pul Basnanın arvadının müalicəsi üçün alınmışdı, lakin ondan əl-Bayumiyə də pay çatmışdı.

Basnan 2002-ci ilin avqustunda viza fırıldağına görə həbs edilmiş və iki aydan sonra Səudiyyə Ərəbistanına deportasiya edilmişdi.

“The İndependent” yazır ki, 11 sentyabr qurbanları üçün vəkillərin məhkəməyə təqdim etdikləri iddialarda bu vaxtadək şahzadə Hayfanın verdiyi pullardan San Diegodakı iki təyyarəqaçıranın istifadə etdiyi barədə mülahizələr əsas yer tuturdu.

Lakin FTB qətiyyətlə bidlirir ki, kral ailəsi ilə 11 sentyabr terror basqınları arasında əlaqəni göstərən heç bir sübutlar yoxdur.

Putin şahzadəni niyə hədələmişdi?

Əl-Bayumi 2001-ci ilin iyulunda Britaniyaya köçmüşdü və Birmingamdakı Aston Universitetində aspiranturada oxuyurdu.


O, 11 sentyabr hücumlarından 10 gün sonra FTB-nin orderi ilə Britaniya polisi tərəfindən həbs edilmişdi. Lakin sonunda ABŞ hakimiyyət orqanları bildirmişdilər ki, əl-Bayuminin terrorla əlaqəsinə dair dəlil əldə edə bilməyiblər.

O, həbsxanadan azad edilmiş, Aston Universitetində aspiranturasını davam etdirmiş və daha sonralar Səudiyyə Ərəbistanına qayıtmışdı.

“The İndependent” yazır ki, FTB Konqresin təzyiqi altında Bayumiyə qarşı cinayət işini bərpa etsə də, ilkin qərarını dəyişməmişdi.

Məqalədə deyilir ki, 2012-ci ildə şahzadə Bəndərin adı terrorla əlaqədar xəbər başlıqlarında görünməyə başlamışdı.

O bu zaman artıq ölkə kəşfiyyatının başçısı kimi kraldan Suriyadakı qiyamçıları hazırlamaq tapşırığı almışdı.

Belə xəbərlər də dolaşırdı ki, Bəndər Moskvada Vladimir Putinlə görüşərkən, Soçi Olimpiya Oyunları ərəfəsində onu çeçenlərlə hədələmişdi.

Bəndər bin-Sultan deyilənlərə görə Putindən Bəşər əl-Əsədə dəstəyi dayandırmasını istəmişdi.

“The İndependent” yazır ki, Kremldən sızdırılan məlumatlara görə Putin Bəndərin cavabını çox sərt vermiş və öz növbəsində onu hədələmişdi.

Məhz bu hadisədən sonra kral onu Suriya qiyamçıları ilə işdən uzaqlaşdırmışdı.

Bush-un əmisi

Məqalədə deyilir ki, bundan sonra Bəndərin xanımı Hayfanın bank hesabları ilə bağlı qalmaqal yaranmışdı.

O, çirkli pulların yuyulmasında şübhəli bilinirdi. FTB bir sıra tanınmış səudun Bəndərlə şərikli bank hesabları olduğunu da aşkar etmişdi.

“The İndependent” yazır ki, sözü gedən Riggs Bankda baş direktorlardan biri George W Bush-un əmisi Jonathan Bush idi. Əmisi Bush-a onun ilk neft şirkəti Arbusto üçün investorların tapılmasında kömək etmişdi.

Jonathan Bush qardaşı oğlunun 2000-ci ildəki prezident seçkisi kampaniyasında əsas fondtoplayanlardan biri idi.

2004-cü ildə Riggs Bank çirkli pullar barədə qanunu pozduğuna görə 25 milyon dollar cərimə olunmuşdu.

Bank həmçinin Çili diktatoru Augusto Pinochet-in gizlətdiyi pullardan onun diktaturasının qurbanlarına təzminat kimi 9 milyon dollar ödəməyə məcbur edilmişdi.

Pinochetin pullarının Britaniyadan çıxarılmasını məhz Riggs Bank təşkil etmişdi.

2005-ci ildə bank PNC Financial Services şirkəti tərəfindən alınmış və onun ziddiyyətli səfirlik hesabları biznesi ləğv edilmişdi. /BBC

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 29
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."