!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səudiyyə Ərəbistanı ibn Salman dönəminə belə hazırlanır: Həbslər, sui-qəsdlər, istefalar…

!Reklam – Yazi

Ötən gün Səudiyyə Ərəbistanında Korrupsiyaya qarşı Mübarizə Komitəsinin keçirtdiyi əməliyyat prosesləri nəticəsində aralarında şahzadələrin və krallığın bir sıra sabiq nazirlərinin da olduğu deyilən bir neçə şəxs saxlanılıb. Bununla yanaşı bir neçə yüksək vəzifəli dövlət məmuru vəzifəsindən uzaqlaşdırılıb.

Həmçinin, saxlanılan şəxslərdən birinin ölkənin tanınmış iş adamlarından və dünyanın ən varlı insanları arasında yer alan Şəhzadə Əl Vəlid ibn Talal olduğu bildirilib.

Əməliyyat ölkənin vəliəhd şəhzadəsi Məhəmməd ibn Salmanın qurduğu komitə tərəfindən həyata keçirilib. Rəsmi açıqlamalara görə, hədəf korrupsiyanı aradan qaldırmaqdır. Bununla belə, saxlanılan şəxslər barəsində iddialar açıqlanmayıb.

Səudiyyə Ərəbistanının mətbu orqanı olan “Al Arabiya” dərgisində 2009-cu ildə Ciddədə baş verən su basqınları və 2012-ci ildə yayılan Mers virusu ilə əlaqədar cinayət işlərinin açıldığı barədə xəbərlər dərc olunub.Görünən odur ki, ölkədə iki şəhzadə arasında taxt uğrunda gedən mübarizə yenidən qızışmağa başlayıb. Şəhzadə Məhəmməd ibn Salman Qərb tərəfindən dəstəkləndiyi təqdirdə digər şahzadə Əl Vəlid ibn Talal müdafiə olunmur, təzyiqlərə məruz qalır. Dünən Yəmən sərhədində helikopter qəzasında başqa bir şahzadənin – Mənsur ibn Mukrinin ölməsi də prens qovğası ilə əlaqələndirilir.

Qısacası, Səudiyyə Ərəbistanı Salman dönəmindən ibn Salman dönəminə hazırlanır ki, bunun da çox qanlı-qadalı olacağı görünür. Məhəmməd ibn Salman hər nə qədər “mülayim İslama qayıdış” bəyanatı versə də, taxt qovğasının sakit keçməyəcəyi görünməkdədir.

Buradan belə bir sual yaranır: Səudiyyədə nə baş verir? Keçirilən əməliyyat daxili çevrilişə cəhddir, yoxsa vəliəhdin rəqiblərdən qurtarma əməliyyatıdır?

Yenicag.az məsələ ilə bağlı bir neçə politoloqa bu sualla müraciət edib.

Səudiyyədə baş verən proseslərə münasibət bildirən politoloq Natiq Miri şahzadə Əl Vəlid ibn Talalın dəstəklənməməsi səbəbi kimi Trampla münasibətlərinin birmənalı olmadığını deyib:

“Nəzərə almaq lazımdır ki, əsas vəliəhd və hakimiyyətə iddialı olan şəxs şahzadə Əl Vəlid ibn Talal idi. O, 17 milyard dollarlıq sərvətə malik olan varlı bir şəxsdir. Lakin Qərbin siyasi mövqeyini əks etdirmədiyinə görə, dəstəklənmir. Xatırladaq ki, ABŞ-da prezident seçkiləri ərəfəsində Talal açıq şəkildə Trampı “Amerikanın üz qarası adlandırmışdı”. Həmçinin, bu barədə rəsmi Tvitterdə də paylaşım edərək, Trampı “axmaq” hesab etdiyini yazmışdı. Bundan sonra hər iki şəxs arasında ciddi mübahisələr yaranmağa başladı. Buna görə də Trampın Talala qarşı münasibəti birmənalı deyil.

Politoloq həmçinin, Səudiyyədə yaranan süni siyasi təlatümlərin ABŞ-ın istəyi və maraqları konteksləri çərçivəsində əsas götürüldüyünü də vurğulayıb:

“Prezident seçkilərindən sonra Trampın ilk rəsmi səfəri Səudiyyə Ərəbistanına oldu. Məhz bu səfərdən sonra orada süni şəkildə “zəlzələlər” yaranmağa başladı. Həmin “zəlzələ”lərdən biri də vəliəhdin dəyişməsi oldu. Daha sonra isə kral öz oğlunu (Məhəmmədi) Talalın yerinə iddialı vəliəhd kimi təyin etdi. Dəyişmədən sonra bir çox islahat xarakterli hadisələr yaşanmağa başladı ki, bunlardan biri də yenidən İslama qayıdış oldu. Baş verən bu proseslər Səudiyyənin daxilində yaranan qaynaqlara əsaslanmır və burada ABŞ-ın da rolunun olduğu açıq şəkildə hiss olunur. Buna görə də ABŞ kral Salmandan sonra şahzadə Məhəmməd ibn Salmanın vəliəhd olmasını dəstəkləyir. Çünki Qərbin siyasi kontekslərini tam olaraq əks etdirir”.

Digər politoloq Elxan Şahinoğlu isə keçirilən əməliyyatların xalqın rifahı üçün atılmış bir addım olduğunu bildirib:

Elxan Şahinoğlu

“Görünür ki,Səudiyyənin yeni vəliəhdi bir çox islahatlar həyata keçirtmək istəyir. Burada da əsas məqsəd xalqın rahat və firavan yaşamasıdır. Çünki uzun müddətdir ki, Ərəbistanda qadınların maşın sürməsi qadağan olunmuşdu. Daha sonra islahatlar nəticəsində bu qadağa aradan götürüldü.

Ola bilər ki, yeni vəliəhd də belə yumşaq islahatlar keçirtmək niyyətindədir. Amma bu da o demək deyil ki, vəliəhd rahat bir şəkildə islahatlar həyata keçirəcək. Bu proseslər zamanı ciddi şəkildə çətinliklər də yarana bilər. Düşünürəm ki, yeni vəliəhd qonşuluqda yaranan proseslərin təkrarlanmaması üçün bu cür islahatlara əl atır ”.

Elvin Paşazadə

www.yenicag.az

3313
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv