!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səudiyyə Ərəbistanında şahzadələr savaşı: Qətər və İsrailin saray çevrilişində rolu - Analiz

!Reklam – Yazi

Səudiyyə Ərəbistanının kralı Salmanın son siyasi gedişi cəmiyyətdə ekspertlərin təhlili üçün ən aktual məsələdir.

Məlum olduğu kimi Səudiyyə Ərəbistanının kralı Salman qəfil qərar verərək oğlu Məhəmmədi taxt-tac varisi təyin etdi. Onun bu addımı saray çevrilişi kimi qiymətləndirildi. Belə ki, Səudiyyə Ərəbistanında monarxiya qurulmasından etibarən, qanuna əsasən, hakimiyyət bir qardaşdan digərinə ötürülür. Məsələn, Salmana hakimiyyət bir neçə il əvvəl vəfat edən qardaşı Abdulladan keçib. Salmandan sonra isə onun yerinə ən real namizəd böyük qardaşı Naifin oğlu Məhəmməd idi. Yaxın Şərq üzrə ekspertlərdən bəzilərinin fikrincə, 57 yaşlı Məhəmməd bin Naif ərəblər arasında böyük nüfuza malikdir. Təkcə ölkədə deyil, sədhəddən kənarda da müxtəlif ərəb qəbilələrinin ən nüfuzlu liderləri, şeyxlər, din xadimləri və ərəb dünyasının siyasətçiləri ona hörmət edirlər. Bundan əlavə, şahzadə Naifin ABŞ-ın biznes dairələri ilə çox sıx əlaqələri var. Lakin kral Salmanın taxt-taca namizəd olan qardaşı oğlunu bir növ siyasi cəhətdən məhv etmək qərarı belə bir fikir formalaşdırır ki, ölkədə çox saylı şahzadələr arasında hakimiyyət uğrunda didişmə artıq başlanıb.

Lakin Səudiyyə Ərəbistanının təhrik etdiyi Qətər böhranının fonunda vəziyyət nisbətən sakitdir.

Səudiyyə taxtının yeni varisi haqqında qısa arayış:

Şahzadə Məhəmməd bin Salman 1985-ci ildə Ciddə şəhərində anadan olub. O, kral Salmanın 13 oğlundan biridir. Şahzadə dünyada ən gənc müdafiə naziridir. Səudiyyə kralının adını daşıyan universitetin hüquq fakültəsini bitirib. O, bu ölkədə hakimiyyəti devirən yəmən husilərinə qarşı “Qətiyyətli fırtına” ərəb koalisiyasının əməliyyatından sonra tanınıb. Şahzadə Məhəmməd Yəməndə əməliyyatlara rəhbərlik edib və etməkdə də davam edir. O, 2015-ci ilədək ölkədə ciddi fiqur deyildi. Gənc Məhəmməd Barak Obamanın Səudiyyə Ərəbistanı telekanalına müsahibəsindən sonra məşhur oldu.

Müsahibəsində Barak Obama gənc şahzadəni tərifləyərək, onu intellektual, ağıllı və dərin düşüncəli gənc siyasətçi adlandırdı. Təyinatdan sonra bütün qərb mətbuatı şahzadə Məhəmmədi reklam edərək, ona “Səudiyyə islahatçısı” adı verdi. Xatırladaq ki, gənc şahzadə “Məqsəd 2030” milli layihəsinin təşəbbüskarıdır. Layihənin məqsədi 2030-cu ilədək neftdən asılılığı azaltmaq və bütövlükdə qeyri-neft sektoru, sənaye, kənd təsərrüfatını inkişaf etdirməkdir. Səudiyyə Ərəbistanında sakit saray çevrilişindən sonra ekspertlər şahzadə Məhəmmədin şəxsiyyətini və başgicəlləndirici siyasi karyerasını müzakirə etdi.

Bəzilərinin fikrincə, sülalə nümayəndələrinin bir qismi kralın qərarı ilə razı deyil. Hətta onun bəzi qardaşı oğlanları narazılığını açıq şəkildə ifadə edib. Ekspertlər şahzadələr arasında Səudiyyə Ərəbistanında hazırki sülalənin sonunu gətirə biləcək qarşıdurmanın baş verə biləcəyini də proqnozlaşdırırlar. Amma hələ ki, nisbi sakitlik hökm sürür və krallıqda yüksək vəzifə tutan ailə üzvləri sükutu qoruyurlar. Digər ehtimala görə, Qətər böhranı saray çevrilişilə birbaşa bağlıdır. Kral öz çoxsaylı qardaş oğlanlarının narazılığını hiss edərək Qətər böhranını təşkil edib.

Bununla da kral bir güllə ilə iki dovşan vurmaq istəyir. Yəni, həm oğlunu varis təyin etdikdən sonra diqqəti yayındırır, həm də kiçik, iddialı və müstəqil Qətərlə köhnə hesabı bitirmək və onu fəth etməyi planlaşdırır. Taxtın varisi, ən varlı və ən böyük ərəb dövlətinin gələcək kralı Məhəmmədin təyinatı İsrailin diqqətindən də yayınmadı. İsrail ekspertləri Məhəmmədin təyinatına tamamilə sakit yanaşdılar. Hətta İsrail mətbuatına belə bir məlumat sızdı ki, vəliəhd yəhudi dövlətinin nümayəndələri ilə gizli görüşüb.

İsrailin informasiya naziri sosial şəbəkədə Məhəmməd bin Salmanı təyinat münasibətilə təbrik etdi:

“Sizi təbrik edirəm və ümidvaram ki, bu vəzifəyə təyinatınız müttəfiqləriniz ilə əlaqələri möhkəmləndirəcək və İranın başçılıq etdiyi terrorizmə qarşı mübarizəni gücləndirəcək”.

İsrail qəzeti də Yedioth Ahranot şahzadə Məhəmmədi tərifləyən məqalə dərc edib:

“İsrail və Səudiyyə Ərəbistanının ümumi dostları və ümumi düşmənləri var. Bu da bizi yaxınlaşdırır. Ölkələrimizin maraqları bir çox məsələlərdə üst-üstə düşür. Ümid edirik ki, şahzadə Məhəmməd də sələfləri kimi ölkələrimizin regionda sülhü təmin etməsinə kömək edən sıx əməkdaşlığı davam etdirəcək”.

Baş nazir Netanyahu da öz müsahibəsində Məhəmmədin təyinatını şərh edib:

“Salmanın oğlu çətin ki, İsraili belə tezliklə tanısın. Çoxları düşünür ki, gənc və təcrübəsiz Məhəmməd düşünülməmiş addımlar atacaq. Lakin mən belə fikirləşmirəm. O, geosiyasətdən kifayət qədər məlumatlıdır və nə etdiyini bilir. Düşünürəm ki, Məhəmməd bin Salman regionumuzda sülhə yardımçı olacaq və ölkələrimiz arasında əməkdaşlığın əsasını qoymuş lider kimi tarixə düşəcək”.

İsraillilərin reaksiyasından göründüyü kimi yəhudi dövləti krallığa qarşı sərt mövqedə deyil. Səudiyyə Ərəbistanı və İsrail arasında birbaşa münasibətlərin olmamasına baxmayaraq, hər iki ölkə ABŞ şirkətləri və banklar vasitəsilə fəal şəkildə ticarət əlaqələrinə sahibdirlər. Hətta səlahiyyətli orqanların məlumatına görə, Səudiyyə Ərəbistanı ilə ABŞ arasında bağlanan 380 milyardlıq müqavilədə 110 milyard İsrail şirkətlərinin payına düşür. Bu şirkətlər Səudiyyə Ərəbistanına müdafiə təyinatlı məhsullar tədarük edəcəklər.

Qısacası, ər-Riyadda nə dönürsə dönsün, qazanan İsraildir…

Yenicag.ru Analitik Qrupu

www.yenicag.az

1201
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv