Baxmayaraq ki, çalışdığı teatrda dramatik rollar oynayıb, amma seriallarda bu qızı komik obrazlarda daha çox görməyə alışmışıq. Dediyinə görə, özü də bunun əleyhinədir. “Mən ampluasız aktrisayam” deyən həmsöhbətim özünü hərtərəfli göstərmək üçün rejissorlardan təklif gözləyir. Onunla söhbətə sənətdən başladıq, sevgiylə tamamladıq. Hər zaman üzü gülən bu pozitiv xanımın sən demə, ürəyində nakam sevgisi də varmış. Hələ yarası qaysaq bağlamamış bu sevgidə kim uduzub, kim udub, bunu özü deyəcək…

Akademik Milli Dram Teatrının gənc aktrisası Rada Nəsibovanın Yeniçağ.az-a müsahibəsini təqdim edirik.

– Qəribə adın var: Rada…

– Adımı anam qoyub. O qədər hind filmlərinə baxıb ki… Rada adlı bir qəhrəman olub. Mənim də adım onun şərəfinədir. Rus dilində də mənası “ sevinc” deməkdir. Adıma görə o qədər başım çəkib ki… Həmişə elə biliblər ki, nəsə başqa millətlə qarışığım var.

– Sizi daha çox seriallarda görürük. Deyəsən, çəkiliş meydançası sizin üçün səhnədən daha maraqlıdır…

– Əksinə, mən teatrı, tamaşaçı ilə canlı ünsiyyəti daha çox sevirəm. Sadəcə olaraq, serial, kino elədir ki, izləyicisi çoxdur. Buna görə də çox adam elə bilir ki, teatrda oynamıram.

– Bu yaxınlarda sizi “Almaz” tamaşasında gördük… Seriallarda komik bir ampluada gördüyümüz Radanın birdən-birə klassik obrazı maraq doğurdu. Ümumiyyətlə, sizin üçün amplua fərqi varmı?

– Əslində, mən teatrda həmişə dramatik rollarda oynamışam, seriallarda isə daha çox komik obrazlara dəvət almışam. “Qayınana” serialındakı Sədaqət obrazından sonra rejissorlar məni komik obrazlara dəvət edirlər. Əslində, bir obraza görə dəyərləndirilməkdən xoşum gəlmir. “Bir ailəm var” adlı serialda bu imici dağıtdım. Nazlı rolu çox ürəyimcə oldu, hələ də o rolun təsirindən çıxa bilməmişəm. “Gehizsiz gəlinlər” serialındakı rolum isə tam fərqlidir. Hətta bu rola görə məni qınayırlar ki, niyə Nazlı kimi məsum bir qızdan sonra belə mənfi obrazı canlandırırsan?

– Teatrda klassik tamaşalarda oynamaq arzunuz reallaşıb. Bəs kinoda hansı obrazları oynamaq arzusundasınız?

– Tomris, Sara xatun, Xürşudbanu Natəvan kimi tarixi şəxsiyyətlərin obrazını yaratmaq istəyirəm.

– Zahirən sakit görünən bir qızın belə cəsur xanımların obrazını yaratmaq arzusu mənə maraqlı gəldi. Daxilən üsyankar xanımsınız?

– Mən “Cavadxan” filmində amazonka rolunda oynayırdım. Qılınc oynatmağı, at çapmağı öyrənmişdim. Xaraktercə çox sakit görünə bilərəm, amma haqsızlığa qarşı susmuram. O da son həddə qədər içimdə yığılır və bir gün içimdəki üsyan partlayışa çevrilir. Etiraz edirəm ki, bəsdir, insanı bu həddə çatdırmaq olmaz. O məqamda hətta məni tanımaq belə olmur ki, bu yəni həmin sakit, mülayim Radadır?

– Elə məqamda təhlükəli olursunuz yəqin?

– İçimdə Allah qorxusu olduğundan həmişə ziyanı özümə vurmuşam. İstəməmişəm ki, başqasına zərbə vurum.

– Sevgidə bəxtigətirmişlərdənsiniz?

– O barədə istəmirəm danışım. Bir onu deyə bilərəm ki, ümidlə yaşayıram və inanıram ki, həyatımda hər şey gözəl olacaq.

– Oxu atıb, yayı gizlətməyin.

– Onu xatırlamaq belə istəmirəm.

– Nüsrət Kəsəmənli demişkən, kim deyir bir dəfə sevilir insan, sən demə, hər zaman sevmək olarmış…

– Hələ ki, ikinci dəfə sevmədiyim üçün bu sətirlərin nə dərəcədə həqiqət olduğunu deyə bilmərəm. O hissi yaşasam, razılaşacam, hələ ki, razılaşmıram. Bir dəfə sevmişəm və hələ də onun peşmançılığını çəkirəm.

– Kişilərin hansı xüsusiyyəti həmişə sizi qıcıqlandırıb?

– Əgər insan dürüstdürsə, ona inanmaq olar. Yalan bütün münasibətlərin üstündən qara xətt çəkir. İnsan dürüst olursa, səhv eləmir. Kişi ki bir dəfə, iki dəfə, üç dəfə sənə yalan danışdı, deməli, ondan hər şey gözləmək mümkündür. O, sənə xəyanət də edəcək, səni aldadacaq da. Bir dəfə xəyanət edən kişi ikinci dəfə də qadını aldadacaq.

– Belə anladım ki, o insan da sizə qarşı dürüst olmayıb. Elə isə məncə, onun getməyi, qalmağından daha çox xeyirlidir. Ona görə əzab çəkməyə dəyərmi?

– Sadəcə olaraq, həmin yalanlara vaxtilə inandığım üçün, həmin adama xərclədiyim zaman üçün indi heyfslənirəm. Adam var onu tanıyırsan və bütün mənfi-müsbət xüsusiyyətləri ilə qəbul edirsən. Adam da var tanımırsan, özünü başqa cür təqdim edir, amma zaman keçdikcə iç üzünü görüb iyrənirsən. Xəyallar qurursan və bir gün görürsən ki, o xəyallar puç imiş… Adamı yandırır belə şeylər. Tək sevgili deyil e, elə dost, rəfiqənin riyakarlığı da insanı incidir.

– İnsanlardan aldığın zərbələr sizi qəddarlaşdırmır ki?

– Yox, əksinə, daha da güclü edir. Əvvəl hazır bilmədiyim hadisələrə, pisliklərə özümü hazırlıqlı bilirəm.

– Amma elə qızlar var ki, xəyanəti bağışlayır və heç nə olmamış kimi sevgi yaşamağa davam edirlər. Əgər buna sevgi demək mümkündürsə… Deyirlər əşşi, cismani xəyanət xəyanət deyil, əsas odur, kişi ruhən sevdiyinə xəyanət etməsin. Bu fikirlə razılaşırsınız?

– Qətiyyən, hər halda ruhun icazə verir ki, sən xəyanət etmiş olursan.

– Yəni onu bağışlamazsınız?

– Qarşı tərəf vicdan əzabı çəkərsə, bağışlanmağını istəyərsə, onu hardasa bağışlamaq olar. Amma bu xəyanət dəfələrlə təkrarlanırsa, demək ki, həmin adama güzəşt etməyin yeri yoxdur. O, yenə də xəyanət edəcək, səni yenə də aldadacaq. Bir dəfə güzəşt növbəti səhvin başlanğıcıdır. Amma… Allah bağışlayandır, insan sidq-ürəkdən səhvini etiraf edərsə, bağışlamaq olar.

– Görürəm ki, hələ də qəlbiniz onun yanındadır. O insafsız qayıtsa bağışlayarsız?

– Yox, onun səhvi yalnız xəyanətlə bitmir. Xəyanətdən də artıq səhvləri olub yanımda. Səhvin yüz qatını edib mənə. Bir var cismani xəyanət, bir də var ruhi xəyanət. O, mənə ruhən də xəyanət edib.

– Belə anladım ki, ona görə çox əziyyət çəkmisiniz, elə qayıtmasa yaxşıdır. Sizə bu qədər əzab yaşadan birinə görə əzab çəkməyə dəyməz axı…

– Hətta uzun müddət depressiyaya da düşmüşəm.

– Bəs xilaskarın kim olub, kimdən güc almısan?

– Anam həmişə mənə dəstək olub, onun varlığı məni depressiyalardan çıxarıb. Ətrafımdakı insanlardan həmişə dürüstlük gözləmişəm, bunu görməyəndə pis olmuşam.

– Bu, heç mümkün də deyil axı… Hamı səmimi olsaydı, onda yaşamağa nə vardı ki…

– Onu düz deyirsiniz. Hərdən bezib, usanıb baş götürüb getmək istəmişəm uzaqlara. O insanları görməmək üçün…

– Yaxşı ki, intihar eləməmisiz. Yoxsa, nə vaxtsa, ürəyinizdən keçib?

– Allaha bağlı olan adamam, Allah qorxusu ilə yaşayıram. Amma bəzən demişəm ki, ay Allah, məni Özünə qovuşdur. Düşünmüşəm ki, onsuz da bu həyat bir gün bitəcək, indi ya sonra ölməyin nə fərqi var, yaşamaq istəməmişəm. Elə olub ki, istəmişəm yatım, bir də ayılmayım. Amma Allah mənə güc verib. Həmişə dualar eləmişəm. Çünki bu həyatda bütün bəd və xoş dualar insanın özünə qayıdır.

– Elə pislik və yaxşılıqlar da bumeranq kimidir. Maraqlıdır, fobiyalarınız varmı?

– İnsanların etibarsızlığından qorxmuşam həmişə. O qədər başım çəkib ki, adamlara inana bilmirəm. Elə bilirəm məni aldadır, yalan danışır, üzdə bir söz deyir, beynində başqa cür düşünürlər. Belə qorxularım var içimdə. Hətta bu hal məndə kompleks yaradır.

– Gənc xanımsınız, ümid edirəm ki, yaxın zamanlarda dürüst biri ilə sevgi yaşayacaqsınız. İkinci dəfə sizdən müsahibə alanda, deyəsəksiniz ki, sevirəm və çox xoşbəxtəm.

– İnşallah, Allah sənətimdə və həyatımda mənə yaxşı şeylər qismət eləsin. Amin.

Cəvahir Səlimqızı

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 120
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."