!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Shopping Festival”da ƏDV qaytarılmasından yerli əhali də yararlanacaq

!Reklam – Yazi

Bu gündən etibarən Bakıda ilk dəfə olaraq “Shopping Festival”ın keçirilməsinə start verilir. Festival mayın 10-a qədər davam edəcək. Ticarət festivalları dövründə alınan mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması məqsədilə ilkin mərhələdə “Park Bulvar”, “Port Baku Mall”, “Nərgiz Mall”, “Metropark”, “28 Mall”, “Gənclik Mall” ticarət mərkəzində xüsusi köşklərin qurulması planlaşdırılıb. Alıcıların rahatlığının təmin edilməsi üçün ticarət festivallarına cəlb olunacaq bankların filialları ƏDV qaytarılması sisteminə qoşulacaq.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan iqtisadçı-ekspert Əli Əhmədov bildirib ki, bir qayda olaraq şopinq festivallar ölkəyə turistləri cəlb etmək və ya gələn turistləri daha aktiv ticarət etməyə həvəsləndrmək üçün təşkil olunur:

“Belə tədbirlər dünyanın müxtəlif ölkələrində keçirilir və indiyədək öz uğurunu təsdiqləyib. Məsələn: İstanbulda və Dubayda hər il “Şopping festival” keçirilir və dünyanın müxtəlif ölkələrindən gələn turistlər «həm ziyarət, həm ticarət» prinsipi ilə səyahət etdikləri dövrdə nisbətən endirimli şərtlərlə alış-veriş edirlər. Bakıda keçiriləcək, yəni bu gündən başlayacaq “Şopping festival” da Azərbaycanda turizmin inkişafı, xarici turistlərin cəlb edilməsi, gələnlərin isə daha aktiv alış-veriş etməyə həvəsləndirilməsi məqsədi daşıyır. Bu tədbirlərin keçirilməsi turizmin inkişafı ilə bağlı dövlət başçısının fərmanında nəzərdə tutulub. Və həmin sənədə əsasən şopinq festival hər il keçiriləcək. Şopinq festivalların bir xüsusiyyəti də odur ki, mövsümün «ölü vaxtlarında», yəni turistlərin az gəldiyi bir vaxtda turizm aktivliyini artırır. Bakıda keçiriləcək şopinq festivalı xaricdəkilərdən mühüm bir xüsusiyyətinə görə fərqlənir; belə ki, adətən belə festivallardan xaricilər faydalanır (yəni onların vergiləri özlərinə qaytarılır), Azərbaycada isə bu güzəştlərdən yerli əhali də istifadə edəcək”.

Əli Əhmədovun fikrincə, bu, turistlər üçün əla xəbər və sərfəli imkandır:

“Şopinq festivalında alış-veriş zamanı ödənilən vergilər geri qaytarıldığına görə, bu festivalın büdcəyə birbaşa faydasından danışmaq mümkün deyil. Əksinə, bu festivaldan kənar vaxtlarda büdcəyə məbləğ ödənildiyi halda, festival zamanı ödənilən vergilər geri qaytarılır, yəni büdcənin bu istiqamətdən gəlirləri azalır. Amma bu o demək deyil ki, şopinq festival büdcəyə zərər vurur. Çünki bu festival nəticəsində ölkəyə gələn turistlərin sayı artır, onlar digər xidmətlərdən (hotel, restoran əyləncə müəssisələri və s.) də istifadə edir, həm də alış-veriş mərkəzlərində olan obyektlərin dövriyyə və gəlirləri artır. Bu da onların işinə böyük dəstəkdir. Nəticədə, ümumilikdə turizm sənayesi inkişaf edir ki, bu da ölkədəki iqtisadi artıma və büdcəyə qeyri-neft sektorundan gələn gəlirlərin artımına səbəb olacaq. Amma bütün bunlar üçün şopinq festivalı və burada yaradılan imkanlar yaxşı təbliğ olunmalı, xüsusilə qonşu ölkələrin (İran, Rusiya, Qazaxıstan, Yaxın Şərq ölkələri) vətəndaşlarına bu barədə geniş məlumat verilməlidir. Yalnız bu halda festivalın uğuru təmin ediləcək. Çünki ölkə daxilində əksər vətəndaşların alıcılıq qabiliyyəti o qədər də yüksək deyil”.

İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, qeyri-neft sektorun tərkibində turizm mühüm yer tutur və bu sahənin inkişafı digər qeyri-neft bölmələrinin də irəliləməsi üçün yol açır:

“Odur ki, hökumət ölkədə turizmin genişlənməsinə böyük diqqət yetirir və bu məsələyə kompleks yanaşır. Dövlət başçımızın respublikada turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında keçən ilin sentyabrın 1-i tarixdə imzaladığı sərəncamla Mədəniyyət və Turizm Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə hər il ticarət festivalları (“shopping festival”) keçirtməyi təmin etməyi tapşırması da məhz buna misallardan biri idi. Bu, beynəlxalq təcrübədə də mövcuddur. Adətən, bunda məqsəd ölkədə turizm və iqtisadi potensialı yüksəltmək, sahibkarlıq fəaliyyətini təşviq etmək və bu yolla da mövcud ticarət dövriyyəsini artırmaqdan ibarət olur. Ancaq bu, təkcə festivalı keçirtməklə baş verə bilməz təbii ki… Yəni, festivalda cəlbedici amillər də yaradılmalı, stimullaşdırıcı cəhətlər də təşkil edilməlidir. Bu baxımdan, elə həmin sərəncamla keçiriləcək “Shopping festival”da Maliyyə və Vergilər Nazirlikləri, o cümlədən Dövlət Gömrük Komitəsi ilə birlikdə pərakəndə satış zamanı müvafiq güzəştlərin və təşviqlərin, vergi güzəştlərinin verilməsinə dair təkliflərin də hazırlanaraq ölkə başçısına təqdim edilməsinin tapşırılması təsadüfi qeyd olunmamışdı. Və bunlardan birinin də “Tax free” sistemi kimi mexanizmdən ibarət və bilavasitə bununla bağlı olacağı aydın məsələ idi”.

Ekspert qeyd edib ki, məlum olduğu kimi, ölkədə artıq, bir müddətdir ki, dəqiq desək, keçən ilin iyul ayından “Tax free” sistemi mövcuddur:

“Bunun məğzi əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkəmiz ərazisində alınmış mallara görə ödədikləri əlavə dəyər vergisini geri qaytarmaqdan ibarətdir. Təbii ki, buna dair xüsusi qaydalar mexanizmi mövcuddur. Ölkəmizdə vəsait ödəyib müəyyən adda mal alan xarici vətəndaşların bunun ƏDV hissəsini sonradan geri qaytarması, bu dəfə yerli vətəndaşlar üçün istifadə alətinə çevriləcəkdir. Bu, çox mühüm bir stimullaşdırıcı tədbirdir. Məsələn, indiyədək “Tax free” sistemi çərçivəsində 1 milyon manatdan artıq pul vəsaitinin əcnəbilərə qaytarıldığı bildirilib. Sual oluna bilər ki, bəs, bunun bizə, yəni ölkəmiz və dövlət büdcəsinə nə xeyri olmuşdur ki? Məsələ bundadır ki, büdcə ƏDV-dən 1 milyondan artıq itirsə də, digər vergi növlərindən əlavə gəlir əldə etmişdir. Belə ki, əcnəbilərin pul xərcləmələri və alışı artmışdır. O 1 milyondan çox vəsaitin geri ödənişi hesabına ticarət genişlənmişdir. Dövriyyə artmışdır. Yeri gəlmişkən, «Tax Free» sistemində 300 manat məbləğdən artıq alınmış mallar üzrə ƏDV-nin qaytarılması nəzərdə tutulur. Ancaq, “Shopping festival” dövründə vətəndaşlarımız üçün bu məbləğ 100 manat təşkil edəcək. Yəni ki, daha çox stimullaşdırıcı xarakter daşıyacaq. Deməli, pul xərcləmələri daha çox təşkil edəcək və ticarət xeyli cəlbedici xarakter daşıyacağından bir az da yüksək olacaq. Festival dövründə ƏDV-nin qaytarılması qaydalarına dair də ayrıca mexanizm mövcuddur. Ancaq, bu zaman, həmin əcnəbi «Tax Free» sistemindən imtina etməlidir, yəni 2-dən birini seçməlidir. Göründüyü kimi, məqsəd daha çox satış həyata keçirtməkdir, ticarəti yüksək təşkil etmək, mümkün dərəcədə böyük məbləğlərdə pul vəsaitlərinin xərclənməsinə nail olmaqdır. Nəticədə həm daxili, həm xarici turizmin inkişafına əlavə dəstək əldə olunacaq, bir sıra yerli məhsulların istehsalçılarında stimul yaranacaq, ticarət dövriyyəsi genişlənəcək və dövlət büdcəmiz şaquli deyil, məhz üfiqi istiqamətdə milyonlarla vəsait qazanacaq”.

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

966
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv