yenicag.az

Siyasətçilər 2016-cı ili necə dəyərləndirdi?

Siyasətçilər 2016-cı ili necə dəyərləndirdi?

Müəllif: Redaktor

Editor

yeniAdətən, hər ötən il müxtəlif uğurlu və ya uğursuz hadisələrlə yadda qalır. Bu mənada başa çatmaq üzrə olan 2016-cı il görəsən Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərinin yaddaşlarında necə qaldı?

AMİP funksioneri Əli Orucov Yenicag.az-a açıqlamasında bildirdi ki, yola saldığımız ili o qədər də uğurlu hesab etmək olmaz: “Çünki problemlər daha da artdı. Bu da özünü həm iqtisadi, həm siyasi sahədə, həm də cəmiyyətin bütün təbəqələrinin sosial durumunda göstərdi. Eyni zamanda, xarici diplomatiya sahəsində də uğurlu il olmadı. Çünki yanaşma eyni olaraq qaldı. Üstəlik, devalvasiya böhranlı vəziyyəti daha da dərinləşdirdi. Yəni yola saldığımız ilə yekun vurarkən təəssüf ki, heç bir ürəkaçan mənzərə ilə rastlaşmırıq. Sadəcə olaraq, bu il ərzində tək bir ruhlandırıcı hal baş verdi. O da aprelin əvvəlində Azərbaycan ordusunun müzəffər döyüşləri, torpaqlarımızın bir qarışının geri qaytarılması ilə bağlı oldu. Həmin hadisə cari ili bir qədər yaddaqalan edə bildi. Ondan kənarda isə uğuruna sevinəcəyimiz bir hadisə belə baş vermədi. Əksinə, görürük ki, narazılıq getdikcə dərinləşir. Lokal toqquşmalar var, mətbuata basqılar artdı, ANS bağlandı. Yəni siyasi, iqtisadi-ictimai vəziyyət daha da pisləşib. Hər halda ümid edirik ki, 2017-ci il bütün millətimiz, xüsusən də AMİP üçün düşərli olacaq”.

AXP sədri Pənah Hüseyn düşünür ki, 2016-cı il üçün dövlət miqyasında hər hansı bir ürəkaçan hadisə baş verməyib:
“Manat ölüb. Qıtlıq, bahalıq, işsizlik baş alıb gedir. Yeni il keçirtməyə əhalinin maddi imkanları xeyli dərəcədə daralıb. İqtisadi inkişaf geriləyir. Hökumət isə problemdən çıxmaq üçün mənasız açıqlamalardan başqa əhalinə nəsə vəd etmir. O baxımdan ölkə ciddi iqtisadi, sosial böhran içindədir. Xaosa doğru sürüklənirik. Onun qarşısını almaq üçün əl-ələ verib, bu vəziyyətdən çıxmalıyıq. Arzu edirəm ki, gələn il hər şey yaxşı olsun”.

KXCP sədri Mirmahmud Mirəlioğlu bütün parametrlərinə görə bu ilin ağır keçdiyi qənaətindədir:
“Bircə Azərbaycan əsgəri bu ili bizim üçün yaddaqalan etdi. Onun sücaəti torpaqlarımızı azad etməyə qadir bir ordumuzun olduğunun əyani sübutudur. Həmçinin bu amil Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə qadir olduğunu dünyaya nümayiş etdirdi”.

ADP sədri Sərdar Cəlaloğlu 2016-nı böhran ili kimi dəyərləndirdi:

“Bu il Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində böhran halları müşahidə olundu. Demək olar ki, gələn il üçün ekvator nöqtəsinə doğru inkişaf edən böhranın əsası qoyulub. Bütün sahələrdə, xüsusən də iqtisadiyyatda böyük tənəzzül oldu. Yanlız aprel ayında baş vermiş münaqişə zamanı beş-altı qarış torpağın azad edilməsi istisna olmaqla dövlətimiz bütün sahələrdə uğursuzluğa düçar oldu”.

ASDP sədri, Milli Məclisin deputatı Araz Əlizadə də başa çatmaqda olan il barədə optimist fikirlərdə olmadığını dedi:
“Hər yeni ili gözləyəndə Qarabağ probleminin həllini gözləyirəm. Ümid edirəm ki, il uğurlu olacaq. Əvvəlki illərdə olduğu kimi yenə də Qarabağ məsələsi həll edilmədiyindən, bu ili özüm üçün uğursuz hesab edirəm. Ona görə də uzun illərdir mənim üçün uğurlu illər yoxdur”.

VİP sədri Əli Əliyevin fikrincə, 2016 ümumiyyətlə, siyasi və iqtisadi mühit üçün itki ili hesab olunmalıdır:
“Hakimiyyətin fərsizliyi, yanlış siyasəti cəmiyyətimizi uçuruma aparır. Milli valyuta, iqtisadiyyatımız, insanların dolanışığı prosesində enmələr baş qaldırıb. Siyasət sahəsində də təəssüf ki, irəliləyişlər yoxdur. 2016-cı ilin bu ağır aqitəbi 2017-ci ildə daha qabarıq şəkildə görünür. Üzümüzə gələn ildə də vəziyyətin cari illə müqayisədə yaxşı olması istiqamətində heç bir zəmin yoxdur. Dünyada az ölkə var ki, onların ümumdaxili məhsulu üzrə göstərici mənfi saldodadır. Bunlar bir neçə Afrika ölkəsi və Azərbaycandır. Bu biabırçılıq da Azərbaycan hakimiyyətinin xalqımıza verdiyi “mövüzə”dir. Hər hansı bir şəkildə hökumətin tam olaraq korrupsiyalaşmış mənzərəsi ortaya çıxır. Yalnız aprel döyüşlərində əsgərlərimizin sücaətini bu ilin müsbət aktivinə yazmaq mümkündür”.

Müsavat Partiyasının başqanı Arif Hacılı da təəssüflə bildirdi ki, 2016-cı il bütün sahələr üzrə Azərbaycan üçün uğursuz oldu:
“2016-cı il ərzində Qarabağ problemi də daxil olmaqla Azərbaycanın heç bir qlobal problemi həll olunmadı. Azərbaycan dünyadan təcrid olunmuş ölkə səviyyəsində qalmaqdadır. 2-5 aprel hərbi əməliyyatları zamanı xalqın göstərdiyi birlik, həmrəylik nümunəsinə, Azərbaycan ordusunun fədakarlığına baxmayaraq, bu hadisənin nəticələrinin siyasi diplomatik sahədə ölkəmizin xeyrinə həll olunması YAP iqtidarının səriştəsizliyi üzündən baş tutmadı. Ölkədə siyasi məhbusların sayı artmaqda davam edir. Hətta siyasi məhbuslara verilən həbs cəzalarının müddəti də artırıldı.

Eyni zamanda, Azərbaycan dünyada korrupsiya, insan haqlarının pozulmasına, siyasi və vicdan məhbuslarının sayına görə “lider” olaraq qalmaqda davam etdi. Referendum keçirilərək, Azərbaycan Konstitusiyası daha mürtəce xarakter aldı. Saxta referendumla Azərbaycan hakimiyyəti bir daha xalqla hesablaşmadığını nümayiş etdirdi. Ölkə ciddi iqtisadi böhrana daxil olub. Yoxsul təbəqə daha ağır duruma düşüb. Son illərdə ilk dəfə olaraq, dövlət büdcəsi əvvəlki illərlə müqayisədə daha az oldu. Bu azalma da fantastik həcmdə özünü göstərdi, hətta 3 dəfəyə qədər endi. Belə vəziyyət isə gələn ilin Azərbaycan üçün çox çətin olacağını göstərir”.

Milli Məclisin deputatı Elşən Musayev qeyd etdi ki, 2016-cı il bütün dünya üçün normal keçmədi:
“Bütün dünyada təəssüf ki, xüsusən də iqtisadi baxımdan təlatümlər seyr etdik. Bu da Qərbin Rusiya ilə bağlı münasibətlərindən doğan proses idi. Önəmlisi odur ki, Azərbaycan bu prosesləri maksimum şəkildə normal ötürə bildi. Azərbaycan yenə də sabitliyini saxladı. Bu da təbii ki, prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Təəssüf ki, 2016-cı ili də Qarabağsız keçirtdik. Amma ölkəmiz üçün bu il əsas uğurlardan biri də aprel döyüşləri oldu. 2 min hektardan artıq strateji ərazilərimiz düşmən tapdağından azad olundu. Təəssüf edirəm ki, qardaş Türkiyə ağır terrorlara məruz qaldı. FETÖ-çu kimi tanınan şərəfsiz qüvvələr tərəfindən çevriliş təşkil olundu. Şükür ki, türk qardaşlarımız bu təhlükələrə sinə gələ bildilər. Azərbaycan iqtisadiyyatında da müəyyən çətinliklər oldu. Amma Qafqaza, dünyaya nəzərən baxanda Azərbaycan hələ də bütün dövlətlərdən üstündür. 2016-cı ildə ABŞ-la Rusiya arasında bəzilərinin gözlədiyi kimi barışıq olmadı. Lakin Trampın prezident seçilməsilə bu istiqamətdə ümidllər artıb. Görək onun innaqurasiyasından sonra dünya necə dəyişəcək? Yola saldığımız ildə də Azərbaycan müxalifəti görünmədi, iqtidar isə yenə ön planda oldu. Keçirilən referendum nəticəsində ölkədə yetərincə ciddi dəyişikliklər oldu ki, onun da müsbət nəticələrini gələcəkdə görəcəyik. Arzum budur ki, gələn ilin bu günündə Qarabağla bağlı müsbət fikirlər söyləmək mümkün olsun. Şübhə etmirəm ki, 2017-ci il bizim üçün Qarabağın alınması ili olacaq”.

 

ELÇİN

Yenicag.az

Siyasət, Manşet

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti