!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyavuş Qarayevin nekroloğu imzalandı

!Reklam – Yazi

86057Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət rəsmiləri Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayevin vəfatı münasibətilə nekroloq imzalayıblar.

Nekroloqda deyilir:

Siyavuş Qarayev 1942-ci il aprelin 30-da Samux rayonunun Qarağaclı kəndində anadan olub. Gəncə şəhərindəki 24 saylı orta məktəbi bitirdikdən sonra o, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetində kimya ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1964-cü ildən etibarən keçmiş SSRİ Neft-Kimya Sənayesi Nazirliyinin Ümumittifaq Elmi Tədqiqat Olefinlər İnstitutunda başlayan Siyavuş Qarayev 1966–1967-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi işləmişdir. O, 1967–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun aspiranturasında oxumuş, 1970–1982-ci illərdə isə həmin institutda kiçik elmi işçi, baş elmi işçi, bölmə rəhbəri və dosent vəzifələrini tutmuşdur. Siyavuş Qarayev 1982-ci ildən indiki Neft Akademiyasında üzvi kimya kafedrasına rəhbərlik etmiş, 1988–1997-ci illərdə kimya texnologiyası fakültəsinin dekanı olmuşdur. O, 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəzifəsində çalışmışdır.

Siyavuş Qarayev 1970-ci ildə namizədlik, 1981-ci ildə Mixail Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunda doktorluq dissertasiyalarını müdafiə etmiş və 1984-cü ildə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. Eyni zamanda o, bir sıra xarici universitetlərin və akademiyaların fəxri doktoru, professoru və üzvü idi.

Akademik Siyavuş Qarayev üzvi kimyaya dair fundamental tədqiqatları ilə tanınırdı. Alimin zərif üzvi sintez sahəsində araşdırmalarının nəticəsi olaraq alınmış yeni maddələr neft sənayesində, təbabətdə dərman preparatlarının alınma üsullarının işlənib hazırlanmasında və kənd təsərrüfatında bitkilərin stimulyatorlarının yaradılmasında tətbiq edilmişdir. Üzvi kimyanın müasir istiqamətləri üzrə bir neçə yeni qanunauyğunluğun aşkara çıxarılması onun adı ilə bilavasitə bağlıdır.

Ömrünü neft kimyası sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına həsr etmiş Siyavuş Qarayev 500-ə yaxın elmi əsərin, həmçinin 5 monoqrafiyanın, 10 dərslik və dərs vəsaitinin müəllifi idi. O, elmi nailiyyətlərinə görə 60-dan çox patent və 27 müəlliflik şəhadətnaməsinə layiq görülmüşdür. Alimin ölkəmizdə və onun hüdudlarından kənarda çap olunmuş əsərləri, eləcə də elmi simpozium və konfranslarda çıxışları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Siyavuş Qarayev elmi kadrların yetişdirilməsi işinə xüsusi diqqət göstərirdi. Onun rəhbərliyi altında onlarla gənc alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

Siyavuş Qarayevin elmi və pedaqoji fəaliyyəti dövlət tərəfindən layiqincə dəyərləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış kimyaçı alim və pedaqoq, səmimi insan Siyavuş Fərhad oğlu Qarayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır(azərtac).

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Mikayıl Cabbarov

Akif Əlizadə

Tofiq Nağıyev

Dilqəm Tağıyev

Məhərrəm Məmmədyarov

Kamil Sadıqov

Musa Rüstəmov

Nadir Seyidov

Vaqif Fərzəliyev

Vaqif Abbasov

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv