!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SOCAR-ın ziddiyyətli qaz açıqlamaları: qiymət yenidən qaldırılacaq?

!Reklam – Yazi

qazdSOCAR mətbuat xidməti maraqlı açıqlama ilə çıxış edib. Yeniçağ.az-ın məlumatına görə, xidmət bildirib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin adından guya Tarif Şurasına təbii qazın qiymətinin bir kubmetri üçün 13 qəpik səviyyəsində müəyyənləşdirilməsi ilə bağlı müraciət edildiyi, buna baxmayaraq, Şura tərəfindən fərqli, daha yüksək tariflərin təsdiq edilməsi ilə əlaqədar dərc olunmuş məlumatlar həqiqəti əks etdirmir.

Məlumatda bildirilir ki, SOCAR prezidenti tərəfindən bu və buna oxşar heç bir müsahibə və ya bəyanat verilməyib:
“Bildiririk ki, ölkəmizdə satılan təbii qazın müəyyən hissəsi SOCAR tərəfindən istehsal olunur, digər hissəsi isə Hasilatın Pay Bölgüsü Sazişlərinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə satın alınır. Son illər istehsal xərclərinin artması və manatın məzənnəsindəki dəyişmələr nəticəsində təbii qazın maya dəyəri onun ölkə daxilində tənzimlənən qiymətlərindən yüksək olub ki, SOCAR tərəfindən bu haqda ictimaiyyətə məlumat verilib. Aydındır ki, belə bir şəraitdə təbii qaz təchizatında dayanıqlığı və keyfiyyətli xidmətin davamlılığını təmin etmək mümkün deyil.

Qeyd olunanlar nəzərə alınaraq, perspektiv inkişafın təmin olunması məqsədilə SOCAR tərəfindən təbii qaz tarifinin əhali üzrə diferensiasiya olmadan və “Azərenerji” ASC də daxil olmaqla, bütün istehlakçılar üzrə bir kubmetr üçün 18 qəpik müəyyənləşdirilməsi ilə bağlı Tarif Şurasına müraciət edilib. Tarif Şurası tərəfindən əhalinin böyük hissəsinin qiymət artımından qorunması və elektrik enerjisi üzrə kəskin qiymət artımının qarşısının alınması məqsədilə diferensial tariflərin tətbiqinə qərar verilib. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik, elektrik enerjisi sərfiyyatı aylıq 250 kilovat-saatadək olan istehlakçılar üçün mövcud 7 qəpik səviyyəsində saxlanılıb. SOCAR-ın prezidenti adından belə əsassız informasiyalar yayan KİV-ləri “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun müddəalarına riayət etməyə çağırırıq”.

Göründüyü kimi, SOCAR rəhbərliyi Tarif Şurasının yüksək qiymət müəyyənləşdirməkdə günahlandırılmasını rəva görməyərək, özünü irəli verir. Maraqlıdır ki, qazın maya dəyəri ilə bağlı SOCAR-ın öz hesabatlarında indi açıqladıqları qiymətdən çox aşağı məbləğ göstərilib. Belə ki, şirkətin hesabatlarında aydın göstərilir ki, qazın hər min kubmetrinin maya dəyəri 2012-2015-ci illərdə satış qiymətlərindən təqribən 2,5 dəfə ucuz olub. Məsələn, 2015-ci ildə hər 1000 kubmetr qazın maya dəyəri 39,74 manat göstərilib.

Bu rəqəmlər ekspertlər tərəfindən ictimaiyyətə açıqlanandan sonra SOCAR bəyan edib ki, hesabatlarda göstərilən qazın hasilat dəyəri imiş; nəql və saxlanma xərcləri əlavə olunmayıbmış. Şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin Report-un sorğusuna cavab olaraq açıqladığı məlumata görə, SOCAR-ın Neft-Qaz Çıxarma İdarələri üzrə 2015-ci ildə 1 000 kubmetr qazın hasilat xərci 45,42 manat, Beynəlxalq Əməliyyat Şirkətlərindən Hasilatın Pay Bölgüsü Sazişinin (PSA) şərtlərinə görə ABŞ dolları ilə alınan təbii qazın orta tarifi isə 56,48 manat/1 000 kubmetr təşkil edib.

Onun sözlərinə görə, bununla yanaşı, SOCAR üzrə qazın emalı, saxlanması, nəqli və təchizatı ilə bağlı cəmi xərclər 1 000 kubmetr üçün 52,02 manat olub:
“Beləliklə, 2015-ci ildə SOCAR üzrə satışa buraxılan təbii qazın orta maya dəyəri 108,31 manat/1000 kubmetr səviyyəsində formalaşıb”.
N.Quliyev həmçinin qeyd edib ki, bu il NQÇİ-lər üzrə 1 000 kubmetr qazın hasilat xərci 55,16 manat, Beynəlxalq Əməliyyat Şirkətlərindən Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə ABŞ dolları ilə alınan təbii qazın orta tarifi 99,15 manat/1000 kubmetr, SOCAR üzrə qazın emalı, saxlanması, nəqli və təchizatı ilə bağlı cəmi xərclər 1 000 kubmetr üçün 53,97 manat olmaqla satışa buraxılan təbii qazın orta maya dəyəri 140.42 manat/1 000 kubmetr təşkil edib.
Onun sözlərinə görə, həmin göstəricilər 2017-ci il üzrə müvafiq olaraq 49,2, 93,71, 47,95 və 121,88 manat səviyyəsində proqnozlaşdırılır.
Bu məlumatdan maraqlı suallar çıxır ki, SOCAR-ın qaz hasilatına çəkdiyi xərc 55,16 manatdan 49,2 manata, qazın emalı, saxlanması, nəqli və təchizatı ilə bağlı xərcləri isə 53,97 manatdan 47,95 manata necə endiriləcək?

Digər tərəfdən, Tarif Şurasının tətbiq etdiyi diferensial qiymətlə qazın maya dəyəri tam ödənməyəcək. Bu barədə açıqlama verən Kaspianbarrel agentliyinin rəhbəri İlham Şaban bildirir ki, SOCAR Tarif Şurasına qazın 1000 kub metrinin 180 manatadək qaldırılması təklifi ilə müraciət etmişdi:
“Tarif Şurası isə SOCAR-ın bu müraciətini əhali qrupu üçün differensiallaşdırılmış tariflərlə əvəz etdi. Yəni SOCAR-ın qeyd etdiyi kimi 62% abonentlərə bunun təsiri olmayacaq. Energetiklər isə 120 manatdan ödəyəcəklər. Qeyri-əhali qrupu isə 200 manat müəyyən edilib. Əgər ölkənin qaz balansına baxsaq, istehlak edilən qazın 55%-i “Azərenerjinin”, təqribən 30%-i əhali qrupunun, 15%-nin isə qeyri-əhali qrupunun üzərinə düşdüyünü görərik. Onda sual olunur Tarif (qiymət) Şurası hansı iqtisadi dəyərlərdən çıxış edərək belə bir qərar verib? Axı ölkənin qaz sənayesi yenə rentabelli deyil. Təsəvvür edin ki, yeni qiymətlərlə təkcə enerji sektoruna satılan qaza görə SOCAR 110 mln manat ziyanla işləyəcək. Özü də əgər “Azərenerji” ona satılan qazın pulunu 100% ödəsə.”
Bütün bunlar deməyə əsas verir ki, SOCAR ya qazın maya dəyərini süni olaraq şişirdir: açıqlanan rəqəmlər real deyil; ya da gələn il qazın qiyməti yenidən qaldırılacaq.

Yenicag.Az

www.yenicag.az

841
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv