!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SOS: Acından ölən, həkimə pul tapmayan, iş üçün YALVARAN ALİMLƏRİMİZ - QORXUNC STATİSTİKA

!Reklam – Yazi

“Bir məlumat məni dəhşətə gətirdi. Son illərdə Azərbaycanı 5 mindən çox elmər doktoru və namizədi tərk edib”.

Bu günlərdə sosial şəbəkədə Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanın bu statusu diqqətimi çəkdi. Doğrudan da qorxunc statistikadır.

Necə düşünürsünüz, SOS verməyin zamanı deyilmi?

Xaricə “axan beyin”ləri necə durduraq?

Azərbaycandan xaricə beyin axını getdikcə sürətlənməkdədir. Qeyd edək ki, bu proses 1990-cı illərdə start götürdü. Bir qrup ziyalı ölkəni tərk etməyə başladı. Tanınmış bəstəkar Cavanşir Quliyev, şair Məmməd İsmayıl, rəssam Məzahir Avşar, aktyor Cahangir Novruzov və başqaları Türkiyəyə köç edərək, müxtəlif elm ocaqlarında fəaliyyətlərini davam etdirdilər. Bu gün də proses öz axarındadır. Elmin müxtəlif sahələrində uğur qazanan alimlərimiz Avropa ölkələrinə üz tutaraq, orada yaşamağa üstünlük veriblər. Niyə, səbəb nədir?Azərbaycanda yaşanan dəhşətli tendensiya – “beyin axın”ı hansı fəsadlara yol aça bilər, bunun qarşısını necə almaq olar?

Yeniçağ.az problemlə bağlı araşdırmanı təqdim edir.

“Azərbaycanda alimlər gülüş hədəfinə çevrilib”

Liberal Partiyasınin sədri Əvəz Temirxan belə getsə, yaxın 10 il ərzində ölkənin fəlakətə sürüklənəcəyini deyib:

“Hələ bir neçə il əvvəl eşitmişdim ki, 90-cı illərin ortalarında Elmlər Akademiyası şəbəkəsində 14 min elmi işçi olub, hazırda onlar yarıbayarı azalıb. Yaxınlarda yenə də bir elm adamından eşitdim ki, ölkəni 5 min elmlər doktoru və namizədi tərk edib. Hələ ola bilsin bu rəqəm daha böyükdür. Bu gün Azərbaycanda elmlə məşğul olmaq “qəbahət” sayılır, alimlər gülüş hədəfinə çevrilib. Savadsızlıq baş alıb gedir. Təsəvvür edin: adını-soyadını yaza bilməyən əsgərlərimiz var. Elmlə məşğul olan insanların çoxu ölkəni tərk etməkdədir. Çox acınacaqlı bir vəziyyət yaranıb. Vəziyyət belə davam edəcəyi təqdirdə yaxın 10 il ərzində Azərbaycanı fəlakət gözləyir”.

Ə.Temirxan beyin axınının əsas səbəbini elm adamlarının maddi durumunun acınacaqlı olması ilə əlaqələndirib:

“Yaponiyanın baş naziri Junichiro Koizumiyə sual veriblər ki, siz dünyada elm və texnologiya üzrə liderliyə necə nail oldunuz? O cavab verib ki, biz müəllimlərə nazirlər qədər maaş, diplomatlarda olduğu kimi mühafizə, imperatora olan qədər hörmət təsis etdik. Bizim partiyada Texniki elmlər doktoru var, onu heç adi fəhlə kimi də işə götürmürlər. Bu, faciədir, vaxtilə onun yetirmələri indi kafedra müdiri, dekan vəzifəsində çalışırlar. Onlar öz müəllimlərini işlədikləri yerdə heç elektrik kimi də işə götürmürlər. Bu, dəhşətdir. Adam xəstədir, hər an ölə bilər, amma müayinəyə getməyə pulu yoxdur. Bax, beyin axınının səbəbi budur”.

“”Beyin axını”nın qarşısını almaq üçün…”

BDU-nun Sosialogiya kafedrasıın professoru Qızılgül Abbasova beyin axınının səbəbini xarici ölkələrin elmə hər mənada dəyər verdikləri ilə əlaqələndirib:

“Elmin sərhədi yoxdur. O ölkələrdə ki, elmin fundamental tərəfi daha çox inkişaf edir, orada alimlərin elmə marağı da böyük olur. Həmin ölkələrdə maddi stumul da yaxşıdır, yaradıcılıq mühiti də. Çünki yaradıcılıq mühiti yüksək olanda işin keyfiyyəti də yaxşı olur. Buna görə də elm adamlarının xaricə axını başlayır. Təəssüflər olsun ki, keçmiş sovetlər ölkəsində elmdən tramplin kimi istifadə ediblər. İnsanlar elmi dərəcəyə və vəzifəyə can atıblar ki, müəyyən imtiyazlar qazansınlar. Amma elmin özü o qədər də maraqlı olmayıb. Avropa ölkələrində isə tam əksinədir. Orada elm özü sənə xüsusi imtiyazlar gətirir və eyni zamanda bu sahədən maddi gəlir əldə edə bilirsən. Bu gün Azərbaycanda elmin inkişafı və beyin axınının qarşısını almaq üçün elmi baza və ənənə lazımdır. Azərbaycanda bu ənənə sovetlər dönəmindən formalaşıb. Amma maddi təminat yüksək deyil. Biz isə elm adamları olaraq, ayağımızı yorğanımıza görə uzadırıq, çünki müstəqilliyimiz yenidir. Nə qədər çətin olsa da, ölkəmizi düşünüb, heç yerə getməməliyik. Maraqlandırmaq, cəlb etmək, mümkün qədər həmin potensialı saxlamaq lazımdır. Bu, dövlət səviyyəsində görüləcək işdir”.

“Robotların zəmanəsidir”

Bu da gənc alim, Filologiya üzrə fəlsəfə doktoru Jalə İsmayılın fikirləri:

“”Beyin axını” məsələsi ölkəmiz üçün yeni şey deyil. Son 20 ildə ən azı 3 nəsil “beyin axını” baş verib. 4-cüdən qorunmaq üçün velosiped kəşf etməyə ehtiyac yoxdur – o var. Adı da maliyyədir. Həm dövlət strukturları, həm də özəl sektor gələcəyə yatırım qoymalıdır. Təəssüf ki, Korporativ Sosial Məsuliyyət deyilən məsələ daha çox iqtisadi sahələri və müəyyən səviyyədə dəqiq elmləri əhatə edir. Humanitar elmlər kölgədə qalıb. Gəlirsiz sahə olduğu üçün heç kim sərmayə qoymaq istəmir. Hansısa orta əsr şairinin yaradıcılığını araşdırmaq vacib məsələdir, yoxsa bir şirkət qurub robot istehsal etmək? Zəmanə robotların zəmanəsidir. Olsun. Müasir texnologiyalar ölkənin gələcəyidir. Bu sahənin gənc mütəxəssislərini ölkədə saxlamaq üçün onları dəstəkləmək lazımdır. Amma bu sahədə ən önəmli məsələ maliyyə ayırmaq deyil, bunu davamlı şəkildə həyata keçirtməkdir. Davamlılıq olmadıqda müəyyən müddətdən sonra yenə gedirlər: özlərilə biliklərini və təcrübələrini apararaq… Qaldı ki, kölgədə Günəşə həsrət humanitar sahənin tədqiqatçılarına… bizə ürəyimiz yetər”.

“Məsələni şişirdirlər, kimsə özünə əlavə gəlir mənbəyi axtarırsa…”

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli ölkəmizdə “beyin axını” prosesinin olmadığını, əksinə, alimlərimizin xarici ölkələrə axın etməsi ilə fəxr etdiyini bildirib:

“Bu rəqəmi cox şişirdirlər, amma Azərbaycanda “beyin axını” prosesi ötən əsrin 90-cı illərinin əvvəllərində baş verib. Çünki siyasi vəziyyətlə bağlı ölkədə xaos vardı, alimlər normal əməkhaqqı ala bilmirdilər. Bir çoxları həmin vaxt Qərb ölkələrinə və Türkiyəyə getməli oldular. Amma XXI əsrin əvvəllərində bu proses dayandı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə adamlarda elmin inkişafına böyük ümid yarandı. Həmin vaxt ulu öndər AMEA-da elmi ziyalılar qarşısında çıxış edərək dedi ki, iqtisadi durumdan asılı olmayaraq Akademiyada, elmi-tədqiqat institutlarında alimlərimiz qorunub saxlanılmalıdı, çünki Akademiya bizim milli sərvətimizdir. Həmin vaxtdan bəri bu proses demək olar ki, tam dayandı. Hazırda əks proses gedir. Yəni alimlərimizin ölkəmizə qayıdış prosesi başlanıb, onlar Akademiyada işlə təmin olunurlar”.

İ. Həbibbəyli alimlərin xarici ölkəyə gedib işləmələrinin “beyin axını” kimi qələmə verilməsinin əleyhinə olduğunu dedi:

“Alimlərimiz digər ölkələrə gedib, orda fəaliyyət göstərirsə, buna görə sevinməliyik. Onlar Avropa ölkələrində işə dəvət olunursa, bu, Azərbaycan elminin hörmətidir. Demək, bizim alimlərə diqqət var, bununla fəxr edirik. Onlar Şərqlə Qərb arasında körpü rolunu yerinə yetirirlər, bu isə elm adamlarımızın dünya məkanında qazandığı nüfuz deməkdir. Bunu “beyin axını” yox, elmimizə kömək kimi dəyərləndirmək lazımdır”.

Vitse-prezident alimlərin iş tapmaması üzündən taksi sürücüsü, elektrik və digər peşələrlə məşğul olmasına da münasibət bildirib:

“Məsələni şişirdirlər, bir neçə dəfə alimlərin maaşı artırılıb, əgər kimsə özünə əlavə gəlir mənbəyi axtarırsa, iş yerindən başqa bizneslə məşğul olursa, bunu alimlərin adına yazmaq lazım deyil. Azərbaycan elmində də bu gün sahibkarlıq mühiti yaranır. İndi Akademiyanın Təcrübə Sənaye Zavodu 30-dan artıq məhsul istehsal edir. Torpaq sahələrində təsərrüfatlar yaradılır. Alimlərimiz üçün yeni meydan açılır, elm adamları əsas iş yerləri ilə yanaşı sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Bu da onların stimullaşdırılmasına kömək edir”.

“Mütəxəssisləri daha yüksək maaşla hara isə cəlb edirlərsə…”

Qeyd edək ki, Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirilmə Şurasının sədri Əli Əhmədov martın 16-da Bakıda keçirilən “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu” adlı panel müzakirədə də bu məsələyə toxunub. O, qeyd edib ki, əslində buna faciə kimi baxmaq lazım deyil:

“Bunu alqışlamaq mənasında demirəm. Amma əgər mütəxəssisləri daha yüksək maaşla harasa cəlb edirlərsə, o adamlar da oraya həvəslə gedirlərsə, mən buna yüksək qiymət verirəm”.

Baş nazirin müavini deyib ki, əgər bu hal bir axına çevrilirsə, ölkənin inkişafı baxımından problem yaradarsa, hökumət bunun qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməlidir:

“Dövlət belə mütəxəssislərin Azərbaycanda işləyə bilməsi üçün onu dəvət edən ölkədə olan şəraiti yaratmalıdır. Müşahidələrimiz göstərir ki, “beyin axını” deyilən proses bizi narahat edən səviyyədə deyil. Elm, təhsil və yaradıcılıqla məşğul olan insanların daha yaxşı işləmələri üçün şəraitin yaradılması dövlətin borcudur. Bunun üçün müvafiq proqramlar nəzərdə tutulur”.

… Əslində, AMEA-nın vitse-prezidenti də xaricə “beyin axını”nı təsdiqlədi, sadəcə olaraq, məzmunu formaca fərqli izah etdi; yəni bunu “elmimizə kömək” kimi dəyərləndirdi. Hətta buna görə sevindiyini də gizlətmədi. Bütün hallarda xaricə “axan beyin” lərin sübuta ehtiyacı da yox, cünki görünən kəndə heç vaxt bələdçi lazım olmur.
Cəvahir Səlimqızı

Yeniçağ.az

www.yenicag.az

958
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv