1933-cü ildən Azərbaycanda bir sənət kimi fəaliyyətə başlayan animasiyanın inkişaf dövrü ötən əsrin 60-cı illərinə təsadüf edib. Həmin vaxtdan bəri 130-dan çox cizgi filmləri istehsal olunub. 1980-ci ildən bu yana isə çəkilən animasiyaların sayı 20-dən çox olmayıb. Nəticədə, gələcək nəsil əcnəbi cizgi filmlərini seyr edə-edə böyümək məcburiyyətində qalır. Həmin filmlərin əksəriyyəti zorakılıq, qəddarlıq, aqressiya aşılayır. Uşaq beyni ağ kağız kimidir, gördükləri dərhal yazılır. Təəssüf ki, belə filmlərin acı nəticəsini çox sonralar anlamış oluruq: uşaqlarımız böyüyüb aqressiv, əsəbi olanda. Bəs necə edək ki, sonrakı peşmançılığa görə dizimizə döyməyək? Özümüzün cizgi filmlərimizi qoyub, niyə onun-bunun çəkdiklərini göstəririk, ümumiyyətlə, bu sahəsində real vəziyyət necədir?

Yeniçağ.az bu problemi peşəkarlarla araşdırmağa çalışdı.

60 milonluq “Şrek”, milyardlıq “Soyuq ürək”, 70 minlik “Cırtdan”

Öncə qeyd edək ki, Avropa ilə müqayisədə bu sahədə çox-çox geridə qalmışıq. Məsələn, Amerika və Avropa ölkələrində animasiyalar təbliğat vasitəsindən başqa həm də kino sənayesinin ən çox gəlir gətirən sahəsidir. Məsələn, uşaqların sevimli qəhrəmanı olan “Şrek” cizgi filminin bir bölümü üçün 60 milyon vəsait xərclənib. Eyni zamanda, film istehsalçı şirkətə qat-qat artıq qazanc gətirir. Yaxud da “Walt Disney Pictures” kinoşirkətinin çəkdiyi “Soyuq ürək” (“Frozen”) dünyada animasiya filmi üzrə ən çox pul toplayan filmlər arasında rekorda imza atıb. İki il öncə bu film dünya üzrə 1,07 milyard dollar toplaya bilib. Bu məbləğin 398,4 milyonunu cizgi filminə, ABŞ və Kanada sakinləri qazandırıb. Bu, məsələnin maddi tərəfi… Eyni zamanda film “Ən yaxşı animasiya filmi” və “Ən yaxşı saundtrek” nominasiyalarında “Oskar”a layiq görülüb, “Qızıl qlobus”, BAFTA və daha 30-a yaxın müxtəlif mükafatlar qazanıb.

Bizdə isə 10 dəqiqəlik animasiya filmi ən yaxşı halda 75-80 min manata başa gəlir. O film nəinki dünya bazarına, heç yerli telekanallarımızda belə nümayiş olunmaq şansını qazanmır. Gəlin mütəxəssləri dinləyək, görək onlar nə deyir?

“Nazir bəyəndi, amma dedilər pul yoxdu”

Tanınmış animator, rejissor Elçin Hami Axundov ölkədə ixtisaslı kadrların olmamasından gileylənir. Sovet dövründə bütün animatorların kurslarda yetişdiyini deyən rejissor həmin kurslara ən azı 20-30 gənc rəssamın qəbul olunduğunu deyib:

“Animasiya filmləri çəkmək, bu sahədə fəaliyyət göstərmək üçün bu işin strukturunu bilməlisən.1988-ci ildə biz 2 illik kurslar açdıq. Oraya 84 adam yazıldı və biz onların arasından 30-nu seçdik. İki il ərzində onlara hərəkətin mexanikası, aktyor oyunu, pantomima, deformasiya, artikulyasiya qanunlarını öyrətdik. Peşəkar animatorlar yetişdi, amma həmin kadrlar boşluqdan bezdilər və Azərbaycanı tərk etdilər. İndi o animatorlar dünyanın ən məşhur cizgi filmləri istehsal edən şirkətlərində çalışırlar. Mənim elə öz tələbələrimdən biri məşhur “Disney” studiyasında çalışır. Sovet dövründə ölkəmizdə 15 animator var idisə, indi cəmi bir-iki animator qalıb”.

E. Hami Axundov problemin həllini ilk növbədə kadr hazırlığında görür:

“Hələ on il bundan əvvəl “Azərbaycanda milli animasiyanın inkişafı” ilə bağlı proqram hazırlamışam, orada ilk növbədə animator kurslarının açılması orada ixtisaslı kadrların yetişməsi məsələsi qoyulub. Bu proqramı Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə də təqdim etdim. O vaxt bəyəndi, amma kino şöbəsində bildirdilər ki, pul yoxdur. 10 ildir də pul tapılmır. Mənim Amerikada, Moskvada, Kiyevdə sanballı məşhur animatorçu dostlarım var. Bu kurslar açılsa, dostlarım ustad dərsləri keçər və Azərbaycan cizgi filmləri sahəsində uğurlu kadrlar yetişdirə bilərik”.

“Milli animasiya filmlərinin sayı artırılmalıdır”

Animator Sultan Abbasbəyli problemdən çıxış yollarını göstərib:

“Çox təəssüflər olsun ki, Azərbaycan uşaqları bu gün demək olar ki, yalnız xaricdə istehsal olunan cizgi filmlərini izləməyir. Və psixoloqların rəylərindən məlum olur ki, uşaqların sevə-sevə izlədiyi məhşur xarici animasiya filmləri sonda onlarda əsəb, aqressiya yaradır. Düşünürəm ki, bu baxımdan ölkəmizdə animasiya sahəsinə daha ciddi yanaşılmalı və istehsal olunan milli cizgi filmlərinin sayı artırılmalıdır. Qonşu ölkələrdə animasiya seriallarının əksəriyyəti telekanalların sifarişi ilə hazırlanır. Düşünürəm ki, bizdə də maliyyə yanlız Mədəniyyət və turizm nazirliyi tərəfindən deyil, həm də televiziya kanalları vasitəsilə ayrılmalıdır”.

Animator peşəkar komanda ilə birlikdə hazırladığı layihənin də məhz bu məqsədə xidmət etdiyini bildirir:

“Müasir milli animasiya serialı layihələri hazırlamışam və ümidvaram ki, telekanallarımız bu layihələrin yayımlanması üçün bizə dəstək olacaq. Gerçəkləşəcəyi təqdirdə, mütamadi nümayişi planlaşdırılan bu animasiyalar müxtəlif maarifləndirici mövzuları özündə əks etdirəcək”.

İldə iki film, büdcə isə 70 min…

Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov Azərbaycanda il ərzində 1-2 cizgi filminin istehsal olunduğunu bildirir. Bəzi hallarda bu rəqəmin 3-ə çatdığını da deyib. Sektor müdiri həmin filmlərə ayrılan büdcəni də açıqlayıb:

“Bir cizgi filminin büdcəsi təxminən 70 min manata başa gəlir”. Nazirliyin sifarişi əsasında həmin filmlər cizgi filmlərinin istehsalı ilə məşğul olan “Azanfilm”də istehsal olunur.

“Bizim işimiz çəkməkdir, qalanı bizlik deyil”

“Azanfilm” studiyasının baş prodüseri Emil İbrahimov keyfiyyət baxımından Avropa ilə müqayisədə çox geridə qaldığımızı müxtəlif səbəblərlə izah edib:

“Bizə ayrılan büdcə ildə bir film çəkməyə imkan verir. Keçən il “Əlifba” adlı bir film çəkildi. 25 dəqiqəlik həmin film 5 hissəyə bölünərək, təqdim olundu. Sentyabr ayından dünyaca məşhur “Balaca şahzadə” cizgi filminin çəkilişlərinə başlayacağıq. Xronometrajı 28 dəqiqə olan bir filmdir. Bu filmdə Fransada yaşayan balaca rəssam Məryəm Ələkbərlinin rəsmlərindən də istifadə edəcəyik. Hollivud da fransızlarla birgə “Balaca şahzadə” əsəri əsasında cizgi filmi çəkiblər. Bu film üçün 80 milyon sərmayə qoyulub. Amma bizdə bu məbləğdən söhbət belə gedə bilməz. Çətinliklərimiz əlbəttə çoxdur. Biz də 3 D formatında çəkirik, amma onlarla müqayisədə keyfiyyətdə geri qalırıq”.

İstehsal olunan filmlərin telekanallarda nümayişinə gəlincə,
E. İbrahimovun cavabı belə oldu:

“Biz yalnız Mədəniyyət və Turizm Nazirliyindən sifariş əsasında filmlər çəkirik. İstehsalçı tərəf olaraq işimiz filmi istehsal edib, sifarişçiyə təhvil verməkdir. Filmlərin telekanallarda nümayişi bizim səlahiyyətimiz xaricindədir”.

“Biabırçılıqdır. Məhsulumuzu sata bilirikmi?

Öyrəndik ki, bu işlə Peşəkar Rejissorlar Gildiyası məşğul olur. Sözügedən qurumla televiziyalar arasında müqavilə imzalanır. Buna görə televiziyalar həmin quruma qonorar ödəyir ki, əldə olunan gəlir də müəlliflər arasında bölünür.

Qurumun rəhbəri, tanınmış rejissor Hüseyn Mehdiyev yalnız İTV və Az.TV ilə əməkdaşlıq etdiklərini bildirdi:

“İTV və AzTV əlimizdə olan cizgi filmlərini nümayiş etdirir. Amma digər telekanalların heç vecinə də deyil. Mənəviyyatı, milli mənliyi düşünən yoxdur”.

Qurum rəhbəri bir filmin televiziyada nümayişinin 30 manata başa gəldiyini, toplanan qonorarların isə müəlliflər arasında bölündüyünü dedi.

H. Mehdiyev cizgi filmlərinin sayının azlığından gileylənib:

“Cizgi filmləri gələcək nəslin tərbiyəsində mühüm amildir, uşaq milli mənliyi tanıyır. İl ərzində ən azı 10 cizgi filmi çəkilməlidir, bu sahədə biabirçı vəziyyətdir. O qədər dastanlarımız, nağıllarımız var ki, xeyirxahlıq, müsbət hisslər aşılayır. Onların əsasında cizgi filmləri çəkib, uşaqlarımızı tərbiyələndirməliyik.Amma deyəsən bu, heç kimin vecinə də deyil”.

“Uşaqlar gələcəkdə qatilə də çevrilə bilər”

Bu da valideyn fikri… Əməkdar artist, tanınmış aktyor Rasim Cəfər hesab edir ki, uşaqlar üçün çəkilən cizgi filmləri xeyirxahlıq hissləri aşılamalıdır:

“Bizim uşaqlığımızın təsadüf etdiyi sovetlər dönəmində daha çox xeyirxahlığı təbliğ edən nağıllardan ibarət cizgi filmləri çəkilirdi. Son dövrlər belə animasiyalar azlıq təşkil edir. Müsbət emosiyalara xidmət edən çoxlu sayda cizgi filmlərimiz istehsal olunmalıdır. Öz animasiyalarımız olmadıqca, uşaqlar məcburdurlar ki, əcnəbi filmləri seyr etsinlər. Bu da zorakılıq hissləri aşılayır. Belə qorxulu, təhlükəli kadrlara baxan uşaqlar gələcəkdə qatilə də çevrilə bilər. Axı uşaq nə görür onu götürür, ona bənzəməyə çalışır. Fikir vermişəm, uşaq hətta mənfi qəhrəman kimi yeriyir, danışır”.

“Əllərinə keçəni sındırır, qırır, qəzəblənir…”

Psixoloq Vəfa Əkbər hesab edir ki, zorakılıq aşılayan animasiyalar ilk növbədə uşaqlarda aqressiyanın güclənməsinə təkan verir:

“Belə uşaqlar səbrsiz olur, diqqətsizlikdən əziyyət çəkirlər. Hətta valideynləri onlara hər hansısa işi gördürmək istəyəndə etirazla qarşılaşırlar. Çünki onlarda diqqət pozulur, fikirlərini cəmləyə bilmirlər. Belə uşaqlarda daha çox hiperaktivlik müşahidə olunur ki, bu da özünü aqressiya ilə büruzə verir: evdə əllərinə keçəni sındırır, qırır, qəzəblənir, hündürlükdən tullanıb, özlərinə xətər yetirirlər. O uşaqlar düşünür ki, əgər cizgi filminin qəhrəmanları belə cəld, çevikdirsə, hardansa tullana bilirlərsə, deməli, onlar da bunu bacarar. Nəticədə, həmin uşaqların həyatı həmişə təhlükədə olur”.

… Qeyd edək ki, Mədəniyyət və İncəsənət Universitetində animatorlar yetişdirən ixtisas yoxdur. Problem ya kursların açılması, ya da digər ölkələrdə təcrübə qazanmaq və təhsil almaq yolu ilə həll oluna bilər. Hər halda, ciddi SOS verməyin vaxtıdır. Əks halda, gələcək nəslin xilasına çox gec qalmış olacağıq.

 

Cəvahir Səlimqızı

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 29
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."