“Sosial şəbəkələr həyatımı məhv etdi” – VİDEO – FOTOLAR

“Sosial şəbəkələr həyatımı məhv etdi” – VİDEO – FOTOLAR

Müəllif: Redaktor

Baş Redaktor

2e09a56b00000578-3300191-after_years_of_carefully_constructing_an_image_of_a_beautiful_ha-a-2_1446479577908İnternetdə, sosial şəbəkələrdə milyonlarla insanın pərəstiş etdiyi, izlədiyi, “təqib etdiyi”, video və fotolarını həvəslə paylaşdığı insanlar var. Onlar sosial şəbəkələrin fenomenləri, sosial media vasitəsilə məşhurlaşaraq milyonlarla dollar qazanan adamlardır.

Hamısı həyatından razı olduğunu deyir.
Amma yalandır.

YouTube-dakı kanalının 265 141, İnstagram-dakı profilinin 682 min daimi təqibçisi, Snapchat-dakı akkauntunun 60 mindən artıq “tamaşaçısı” olan 18 yaşlı Essena O-Nil sosial şəbəkələrin ən populyar simalarından biridir.

Onun Facebook və Twitter-dəki profillərinin milyonlarla daimi təqibçisi vardı.
Populyar bloqu da olan Essena sosial şəbəkələrdəki illüzor həyatına, populyarlığına son qoymaq, real həyata qayıtmaq niyyətində olduğunu bildirib.

Dünən o, YouTube-dakı kanalında son videosunu yerləşdirib.

Milli.Az bildirir ki, evində kamera qarşısında oturmuş 18 yaşlı Essena deyib: “Arzuladığım hər şeyə nail oldum. Pul, məşhurluq… Hər şeyim oldu. Lakin indi anlayıram, hər səhər yuxudan ayılaraq mümkün qədər qlamur görünməyə çalışmaq, videolar və fotolar paylaşmaq real həyatdan nə qədər uzaqdır. Sosial mediada özümü “ideal insan” kimi göstərməyə çalışırdım. Videolarım və fotolarımda özümü mümkün qədər bəxtəvər, şən göstərməyə çalışırdım. Halbuki bəzən ağrıyırdım, bəzən xəstə idim, bəzən qəmli idim. Amma video və fotolarımda bunu göstərmək olmazdı. Sosial mediada şən, bəxtəvər, həyatından tam razı insan təsiri bağışlamalı idim.

Halbuki sosial mediadakı görüntülərimlə real həyatım arasında çox böyük fərqlər vardı. İndi anlayıram ki, sosial şəbəkələr, sosial media həyatıma müdaxilə edib və əslində həyatımı əlimdən alıb. Özümü könüllü olaraq marionetkaya çevirmişəm. Sosial mediada çoxlu təqibçilərim, dostlarım var. Amma onlar real həyatda, gerçək yaşamda dostlarımı əvəzləyə bilərmi? Biz təqibçilər, oxucular, izləyicilər deyilik. Biz insanıq. Fərdlərik, sevirik, sevilirik, hər halda buna can atırıq. Artıq mobil telefon, sosial mediadan kənaram. Özümü indiyədək belə azad, asudə, sərbəst hiss etməmişdim, – Essena deyib. – Sosial media bizim hesabımıza milyardlarla dollar qazanır. Mən artıq marionetka olmaq istəmirəm. Mən “onlardan biri” olmaq istəmirəm. Mən adi, normal, sevincli və qəmli həyat yaşamaq istəyirəm. Artıq yetər deyirəm, sosial mediadan kənarlaşıram və əsl həyata başlayıram. Bunu manifestim də hesab edə bilərsiniz”.

Essena O-Nilin sözlərinə görə, bəzən səhərlər yuxudan ayılmaq istəmirdi. O, illüzor həyatına, sosial şəbəkələrdəki profillərində yaratdığı bəxtəvər, həyatdan kam almış, varlı-hallı, sağlam, fitneslə məşğul olub pəhriz saxlayan gözəlçə obrazına nifrət edirdi.

Hər səhər yuxudan oyanandan sonra saatlarla makiyaj və vizaj etmək, sonra kameralar qarşısına keçərək video və fotolarını çəkmək işin ilk mərhələsi idi.
Bundan sonra o görüntülər arasında ən uğurluların seçimi, videoredaktə, fotomanipulyasiyalar başlanırdı.

Çünki fotolarda və videoda Essena qəmsiz, kədərsiz, nikbin təsir bağışlamalı, qlamur olmalıydı.
Sonda da mətnlər yazılmalı, profillərdə yerləşdirilməli idi.
Həmin fotolarda və videoda Essena uydurma həyatın obrazı kimi görünürdü.
Milyonlarla insan da bu görüntüləri həsədlə izləyir, ona paxıllıq edir, amma “like”lar qoyur, bəyənirdilər.
Onlar bilmirdilər ki, bu fotolar çəkiləndə Essenanın halı necə olub, başı ağrıyıb, yoxsa ürəyi bulanıb – bütün bunlar kamera arxasında qalan “mənasız xırdalıqlar”dı.
Az adam düşünürdü ki, o fotolar və videolar saatlarla redaktə olunub, dəyişdirilib, qayğısız qızın ideal obrazın və görüntünün əldə olunması üçün necə zəhmət sərf olunub.
Hələ reklamlar…

“Müxtəlif şirkətlərdən reklam təklifləri alırdım, yaxşı pul verirdilər. Bunun müqabilində səhərlər üzümə məhz bu kremi çəkdiyimi, səhər yeməyində məhz bu cemi yediyimi, günortalar məhz o zalda məşq etdiyimi, axşamlar məhz bu paltarı geydiyimi deməliydim. Halbuki o krem, o cem, o zal, o paltar murdardı, pisdi, xoşuma gəlmirdi. Amma susurdum, lal olurdum və işimi görürdüm. Mən milyonları aldadırdım, çünki pul alırdım. O milyonlar da mənə həsəd aparırdılar, düşünürdülər ki, nə gözəl, şən və maraqlı həyatım var”, – Essena söyləyir.
Avstraliyanın Sanşayn Kost səmtində yaşayan Essena bundan belə illüziya predmeti olmadığını deyir.

“Sosial şəbəkələr həyatımı məhv etdi. İçim boşdur, özümü qovuq kimi hiss edirəm. Özümə nifrət edirəm. Bəsdir, bu uydurma obrazla, saxta həyatla vidalaşmaq zamanıdır. Sosial mediada məni milyonlar “sevir”, amma real həyatda sevdiyim və məni sevən yoxdur. Bu, həyat deyil. Artıq həyata qayıtmaq zamanıdır”, – Essena deyir./milli.az/

https://youtu.be/gyI2Sugw6Yc

Banner, Flaş, Maraqlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti