!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sözü qəbrə aparan şair

!Reklam – Yazi

13390870_1635492426772190_1877551910_n(Çingiz Ələsgəri oxuyandan sonra doğan çox pis düşüncələr)

 

▲ Hələ də yaşayan, nekroloqu səslənməyən, ağısı

deyilməmiş, arxasınca heç kimin ağlmadığı

şairin əşarı barədə söz demək ona qəbir

qazmaq kimidir.

▲Çingiz Ələsgər əşarından ağlın-beynin

yox, ürəyin ağlı səsləndikcə adamı heyrət

bürüyür ki, axı ürək düşünməz, ürək

duyğudur. Bəlkə də düşünməyə əngəl yeganə

bədən üzvüdür.`

▲ F.Q. Lorka, R.Börns, A.Kamyu, R.Taqor…

və, və, və… Yüzlərlə ağlı ürəyindən zəiflər.

▲Nəsr ağlın işidir, nəzm ürəyin.

Çingiz hekayə, povest, roman yazsaydı

sevinərdim ki, uzun-uzadı təsvirlərə

qapılan yazarlardan biridir. Əşarında

ürək döyüntüləri paxıllıq yaratdı.

 

▲Sözü çiynində məzarlığa öz nəşi kimi

daşımaq yalnız şairin xoşbəxtlik kimi

görünən bədbəxtliyidir ki, özü də bunu

görür. Yazıb yazdığına ağlamaq şair

ucalığıdır. Sözü kəfənləmək, onu öpüb

yola salmaq da şair taleyidir.

 

▲ Zamanın diqtəsi: internet qatilliyi.

Şairlər internet əsirliyində, çatlaşmaya

möhtac. Sözün ani görüntüsü, ani heyranlıq,

ötəri alqış və söz məzarlığa gedir.

 

▲ Duyğuları bu qədər asanca sözə çevirmək

günah deyilmi? Çingiz şeirlərində duyğular

fərdilikdən sosiuma axır, ağrı sosiallaşır,

bir iki olur, acının şərikləri birləşir. Və sanki

söz məddah alətinə çevrildiyindən təmizləndiyinə

sevinir… Paxıllığım tutur.., sözə…

… Deyəsən, gəvəzəlik oldu. Amma Çingiz Ələsgər şeirlərini oxuyanda düşüncələr bundan özgə bir nəsnə ola bilməz. Ağlın düşündüyünü sözə çevirmək zor da olsa alim işidir. Oğul deyirəm ürəyin (?) düşündüyünü sözə çevir! Deyəsən, alimlə şairin fərqi də bundadır. Elə həm də deyəsən, Nobel mükafatı alimlərə verildiyi kimi şairlərə-yazarlara da verilir. Bir povestinə Nobel mükafatı veriləndə Q.Q. Markes heyrətlənib “Yəni sözü məndən də artıq duyan var?” demişdi. Və ən azından bizləri qandırmışdı ki, sözü anlamaq hər ikiayaqlının işi deyil…

Çingizin şeirlərində tezis-antitezis dilemması, təzadların müştərəkliyi poetexniki məharət deyil – gerçəklikdir:

Dərdin dərd olduğun hardan biləsən,

Könlünün bir qırpım sevinci yoxsa…

Bəlkə bu:

Sevincimin üzü qırış,

Ümidimin ümidi yox,

Bircə dərdim sevir məni.

Yox, bu:

Xatirələr buraxmayır yaxamı,

Tanrı, sabah dəftərində yoxammı?

Şirin elə sən əbədi yuxumu,

Əgər indi mənim üçün yoxdusa.

 

Bəlkə Çingiz       “Səndən sonra o dünyanı lap sevdim,

Sevdim vətən kimi, sevdim ev kimi…”

deyəndə də əksliklərin vəhdətini, ayrılmazlığını göz altına alır. “Min ildi ki, bu bədəndə dustağam” deyəndə şair fərdin sosiallaşmasını ürək ağrısına çevirir.

 

Ölümü də

Sevgin kimi əsirgəmə,

O dünyanın qapısını açıq saxla…

Allaha yalvarışmı, xahişmi?.. Əlminnətülillah! Şairlər Allahla danışan xəlqedilmişlərdəndir, təki bunu şair özü anlayıb Allaha iddiada olmasın

 

▲Allah hamı ilə danışmır, sözü Allahdan

xəlq olunmuşlara çatdıranlarla danışır.

Həm də belələri çox azdır və onları anlamaq

da asan məsələ deyil. Bəlkə xatırlayaq:

“Yaradan öncə İsa ilə, sonra Muhəmmədlə

danışdı”. Bəlkə onu da xatırlayaq ki,

“İncil”də “stix”(şeir), “Quran”da  “ayə” (misra)

işlənib…

 

Etiraz var, belə demək olmaz!

Ağac heç vaxt yarpağını ağlamaz,

Təsəllisi arxasınca baxmaqdı.

Niyə? Yarpağın qopduğu yerdən axan göz yaşı deyilmi? Çingiz belə görür və N.Hikmətin “Döyüşənlər ölənlərə yas saxlamazlar” amansız fikrinin duyğusal ürək gerçəkliyinin mənzərəsini yaradır.

Çingizin şeirlərində sözü yerində tutumunu incələmək qədər xoşagəlimli özgə nəsnə yoxdur. Onun dilində “böyük” sözü özünəxasdır və bilir…

▲   Böyük şair, böyük insan, böyük alim,

böyük sənətkar.., hətta böyük qardaş/bacı

olmaz. Bu söz cansıza aiddir, epitetləşmə

olanda da söz kiçilir, öləziyir, ölür. Böyüklüyün

belə ölümü şairin- söz yiyəsinin ölümünə bərabərdir.

Əlbəttə, Çingiz deyə bilər ki, ay filan- filan şüdə, bunların mənə nə dəxli var?!. Deyəsən, var. Ömür- gün yoldaşın Sona haqqında elegiya-ağıda “böyük” sözünün sevgiyə yönəli ünvanı vardı. “Bir sevginin tarixçəsi” – elegiya, sən demə ağı deyilmiş. Hamıya bəlli sevginin ölümdən sonrakı tarixçəsi imiş. Nə oldu? Q.Q. Markesin “Əvvəlcədən hamıya bəlli bir qətlin tarixçəsini” xatırladınmı? Bəlkə sevginin çoxluğundan insanın ölümünü – sayqak ölümünü qavramamışıq? Bəlkə sevib öldürməyi, sevilib ölməyi danmalıyıq? Bəlkə “özgə dünyanın aşiqləri” kimi yaşamağı və yaşatmağı unutmalıyıq?

▲   İzahı çoox pisdir: ata-anaya, qardaş-bacıya

olan istək-münasibət fizioloji bağlılıqdan

doğan istəkdir-məcburidir. Özgə birisinə olan

istək ürəkdən gələn sevgidir və təmənnasızdır.

Fizioloji-ağıldan, ürəkdən gələn mənəvidir.

Aşağıdan yuxarı istəyilə baxan itin içindəki

yuxarıdakına yox yuxarı olana istəkdir.

Bu istəyin nifrətlə arası keçicidir, keçiləndir.

Böyüyün kiçiyə minnətli sığalı kiçiyin böyüyə

gələcək nifrətindən böyük deyil.

… Şairin ömür-gün yoldaşını arvad (istərsən, xanım) edibən ona şeir yazması sevgidən uzaqdır. Bu, atasına, ölüb-keçənlərinə, nəvə-nəticəsinə ithaf üçün söz yığan kimsənəyə bənzəyir. Çingizin Sonası ölüb onu yenə sevəndir. Ölənin sevgisimi? Bu elegiyada ölmüş varlığın sevgisini hələ də ölməmiş kəsin duyğu ağrısı var: …

 

Reklam fasiləsi

 

▼Yalmanıb yol axtaranlar;

▼Yaltaqlanmağı öyrənmək istəyənlər;

▼Əl açıb Allaha çirkli əllə dua edənlər;

▼Öldürüb öldürdüyünü ağlayanlar;

▼Qoyuna qardaş deyənlər;

▼İtini övladından çox sevənlər;

▼Allaha əmr verənlər;

▼Ailəsini dövlət bilənlər;

▼Kabinetini dövlət sayanlar…

ü ç ü n

“Dəstək” firması həmişə dəstəkdir. Müraciət edə bilərsiniz. Əlaqə:

Tel : 050-324-87-11

Çatdırılma ödənişlidir. Vergidən sonra qalan vəsait

  • şəhid ailələrinin problemlərinə;
  • gözüyaşlı yetimlərin dəsmalına;
  • tələbələrin ehtiyacına;
  • alimlərin ixtira xərclərinə;
  • ən uca ana abidəsinin ucaldılmasına

 

Y ö n ə l d i l i r !!!

reklam bitdi

… Çingizin şeirləri ölümə yön almış kəsin Tanrı dualarıdır. Vətən-Azərbaycan haqda yazmır. Yazır ki:

Gördünmü, Vətən, sənin yolunda

Sənin türk oğlunla, sənin kürd oğlun,

Sənin talış oğlun, sənin tat oğlun,

Sənin ləzgi oğlun,  yəhudi oğlun.

Sənin avar… ingiloy, lahıc, haput… neçə soy oğlun.

Çingiz millətlərin Vətən olmağını, bəli, millətin Vətən olmaqlığını “əyilib sulara yuxusun açan” təhtəhşüur, izahı mümkünsüz yönə üz tutur.

▲ Nə Nizami, nə Xətai, nə Füzuli, heç Nəsimi

də bugünkü toplumun alqışını qazana bilməz!

Çünki heç biri “Azərbaycan” adlı şeir yazmayıb.

Çağdaş toplum təfəkkürünün çirkab qoxusu.

Onlar heç filan müğənni, bəstəkar, yaxud əmək

qəhrəmanı üçün nəsə yazmayıb…

▲ Deyəsən, insanlar ona görə ölür ki, Allahla

danışa bilmədikləri bu dünyadan ora söz

aparsınlar. Ölənlər çox sirri özləriylə aparır.

… Çingiz bir gəncin metro vaqonu boyda duyğularını sonsuz metro-yeraltı yol kimi duyur və özü də anlamadığına yanır. Bir göyərçin qonuşuna, it baxışına paxıllıq edir və sözün acizliyindən yenə yanır. Və əl açır: “Tanrı, özünü qoru, mənim sənnən işim yoxdu. Yaratdığın baş-ayaqdı, işim səninkinnən çoxdu. Qoy yaşayım adam kimi, itinlə də işim yoxdu. Yaratdığın baş ağrısı, başımı qaşıyan yoxdu. Bəsdi, bezmişəm daha, qoy itin kimi yaşayım…”

▲ Şairlər dərd dağarcığı. Ürəkləri

düşünmək zorunda. Hamısı dilənçi

kimi Sözə əl açıb dilənir.

Bitirmək istəyəndə yadıma düşdü ki, hələ ölməmisən. Bəlkə də… Hər dəfə F.M.Dostoyevskini oxuyanda düşünürəm ki, nə yaxşı şeir yazmayıb! Yoxsa, “İdiot”u idiot kimi oxuyardıq.

Və hər dəfə sevinirəm ki, nə yaxşı vətəndaşına ehtiyacı tükənmiş Vətənim və dilim var ki, bu dildə Tanrıya Çingiz kimi üz tutub söz demək olur.

Mən Çingiz Ələsgəri oxuyub düşünübən yazdım. Bəs siz?..

13434100_1635493896772043_1964962450_n  Bu, mənəm :     Yaşar Məmməd  Li

Filoloq-linqvist

Saentologiya doktoru

 

 

BU  NƏ  ÖMÜRDÜ ?

 

Nə  baxırsan, ay  it, belə  həsədlə,

Qorxma,  elə  mən  də  sənin  gündəyəm.

Səni  kimsə  zəncirləyib  qapıda,

Mənisə  dərd  buxovlayıb, küncdəyəm.

 

Bu  fələkdən  bir  nəvaziş  görmədik,

Yaxına  gəl,  sığal  çəkim  başına.

Tumarlayım,  adamlardan  danışım,

Dərdlərimə  barı,  sən  ol  aşina.

 

Bəndəyə  də  yuxarıdan  baxan  var,

Elə  baxma,   aşağıdan  yuxarı.

Zingildəmə,  cox  da  fikir  eləmə,

Yaxşı  olar  ömrümüzün  axırı.

 

Karıxmışıq,  Tanrı  həyat   verəndə,

Ikimiz  də, əcəb  ömür  seçmişik.

Səbrli  ol, bir  az  toxtat  özünü,

Bu  taleyin  cox  qədərin  keçmişik.

 

Dünya  özü  bizim  üçün   məhbəsdir

Sənə  on  il  iş  kəsilib,

mənə  yetmiş  il

Bir  az  da  döz,

quyruq  qısma,  ta  bəsdi.

O  dünyanın –

azadlığın   qapısına  yetmişik.

 

TANRI  YAZAN  SİLİNMƏZ

 

Qara  bulud   göy  üzündə   çox  qalmaz,

Onun  elə   bir  yağışlıq  ömrü  var.

Təbiətə  can  verər   ki,  can  almaz,

Gör, nə  gözəl  sonluğu  var, ölmü  var.

 

Ağac  heç  vaxt   yarpağına  ağlamaz,

Təsəllisi  arxasınca  baxmaqdır.

Bulaq  heç  vaxt  öz  gözünü  bağlamaz,

Ömrü  elə  suya  dönüb  axmaqdır.

 

Dağdan  qopan  bir  də  dönüb  dağ  olmaz,

Olsa-olsa,   qaya  olar,   daş  olar.

Dünən  heç  vaxt  sabah  ilə  qayıtmaz,

Gələn  ancaq  yaş  üstünə  yaş  olar.

 

Zaman  hər  gün  bir  sabaha  hamilə,

Səhər  necə  doğulacaq  bilinməz.

Vaxt  hər  şeyi  pozar, yuyar, aparar,

Bircə,  Tanrı  yazan  yazı  silinməz.

 

SƏNDƏN  SONRA

 

Səndən  sonra    o  dünyanı   lap  sevdim,

Sevdim  vətən  kimi,  sevdim  ev  kimi.

Xiffətdəyəm, canım  qalıb  orada,

Ürəyi   şüşədə  olan  dev  kimi.

 

Səndən  sonra  ülduzları  sevirəm,

Daha   birgə  oyadırıq   səhəri.

Gözüm  elə  səmalarda  yol  çəkir,

Birdən  çağırarsan  olmaz  xəbərim.

 

Səndən  sonra  gecələri  sevirəm,

Sən  keçdiyin  küçələri  sevrəm,

Bir  az  qibtə  ilə, bir  az  həsədlə,

Bu  dünyadan  köçənləri  sevirəm.

 

Səndən  sonra…  yoxdu  artıq  sonrası,

Daha  mənim  bu  yerlərdə  nə   işim.

Indi  dünya    bir  növbəti    dayancaq,

Mənsə  təkcə   yol  gözləyən  sərnişin.

 

 

BİR  VAQON  SEVGİ

 

Metro  vaqonunda  bir  cavan  oturmuşdu

mənlə  üzbəüz

gözlərində  ümid  dolu  bir  işıq,

çöhrəsində  bir gözəllik, yaraşıq.

dodaqları

şirinlikdən  çatlayan  nar  kimiydi

xoşbəxtlikdən  qapaya  bilmirdi.

O,vaqonun  içində  yox,

səadətin  içindəydi  elə  bil.

Elə  bil,

ilk  görüşdən gəlirdi,

bir  qızın  baxışları  ümid  vermişdi  ona.

Bəlkə  də,  tələbəydi

imtahanlar  çatmışdı  sona.

Bəlkə  də,

doğum  evindən  qayıdan

ata  kimi,

öz  ilkininə    ad  axtarırdı.

Bəlkə  də, adaxlıydı,

Xəyalında  toy  calırdı.

Bəlkə  də, ilk  maaşla

Anasına  şal  alırdı.

O, “bəlkə”  nə  idisə

xəbərindən

göyün  yeddinci  qatındaydı,

səadətin  kəhər  atındaydı,

çapa-çapa  gedirdi…

Yanımda  oturanlar da heyran-heyran  baxırdı.

Vaqona  bu  cavandan

sevgi  seli  axırdı.

“Çoxdandı  belə  xoşbəxt çıxmamışdı  qarşıma,

Ilahi, sən  bu  gəncin  işinə  çox  qarışma,

səadəti  uzun  olsun!”-düşündüm.

Götürüb  sevinc  payımı

çəkdim  sinəmə,

Və  qatardan  birbaşa,

umid  dolu,  sevgi  dolu

bir  axşama  düşdüm.

 

 

***

Özümə  də  baxanam,

qaygıma  qalan  da  var,

narahat  olma,  bacı.

Hər  səhər  ac  qarına,

hər  gecə  də  yatanda,

ürəyin  dərmanı  tək,

gozlərim  içizdirir

suyundan  damcı-damcı.

SÖZ  VERMİŞDİM…

 

Söz   vermişdim  qəmli  şeir  yazmayım,

Istəyirdim  sevgi  əkim,  gül  dərim.

Dərd  eşidib  elə  qıfıl  asıb  ki,

Urəyimi  çətin  açım,  güldürüm.

 

Dərdim  də  qısqanır  mənə, ilahi,

Sevincə,“bir  az  da  döz”, demək  olmur.

Yaxam   nahaq  verdim  dərdin  əlinə,

Bir  şirin, ümidli  söz  demək  olmur.

 

Könlümün  evindən  dərd  qovur  məni,

Ömrün  bu  vaxtında  çöldə  qalıram.

Qanadı  qırılmış  durna  kimiyəm,

Qış  gəlib, mən  hələ  göldə  qalıram.

 

Könülsüz  adamı    kim  qonaq  saxlar,

Mən  kimin  qapısın  açım  könülsüz…

Araq  şüşəsi  tək  aç  ürəyimi,

Dərdim,  geçdir  daha,  əlli-əlli  süz.

 

FƏLƏYİN  SAYMAĞI

 

Coxdan  söndürübdür  fələk  çırağın,

Ümidim  əridib  şam  eyləmişəm,

Yenə  də  haqq  umur  işığa  görə.

 

Nəsə   “səkkiz “  vurur  çarxı  fələyin,

Mənəsə    dərd  verib  dərman  yerinə,

Hələ  minnət  qoyur  qaşığa  görə.

 

Yerində  oynadıb  əsəblərimi,

Hissimə,  hirsimə  əcəb  toy  tutub,

Nəmər  də  istəyir  aşığa  görə.

 

Arşını  gödəldib,   ömrümdən  kəsir,

Dərdən  köynək  biçib,  minnət  də  qoyur,

“Sağ  ol”-deməliyəm  mən  ağa  görə.

 

Yenə  qurdalayıb  deyən,  sayğacı,

Fələyin  saydığı   yenə  düz  gəlmir,

Süzdüyü  zəhər  də, vallah, yüz  gəlmir,

Özünə  deməyə, billah, üz  gəlmir,

Tanrı  da  düşmür  ki  aşağı,  görə.

 

KÖNLÜM  ÖYRƏŞİB

 

Daha  öyrəşibdir  könlüm  deyəsən,

Təzədir, köhnədir   vecinə  deyil

Vaxtsız  döyüləndə    qapısı,   qorxmur,

Bilir  ki,  dərddi  də.., əcinə  deyil.

 

O  qədər  ağrının  ağrısın  alıb,

Qəlbim  də  cevrilib  dərdpərəst  olub.

Elə  nazın  çəkib,  elə  oxşayıb,

Gözü  xumarlanıb,   dərd  də  məst  olub.

 

Dərdin  dərd  olduğun  hardan  biləsən,

Könlünün  bir  qırpım  sevinci  yoxsa.

Valah,  bu  oyunda  sərraf  da  çaşar,

Fərqini  görməyə  bir  inci  yoxsa.

 

Mənə  bir  azacıq  sevinc  ver,  Allah!

Asım   ürəyimdən  nümunə  kimi.

Qədrini  bilərəm,  bədxərc  olmaram,

Əsərəm  üstündə  bir  nanə  kimi.

 

Mənə  bir  azacıq  ümid  ver, Allah!

Üstümdə  gəzdirim  son  güllə  kimi.

Hələ  savaşdayam   bu  fələk  ilə,

Qalibi   bilinməz  son  günə  kimi.

 

 

DƏRD  BİRLƏŞƏNDƏ

Eh…  nə  var  ki,

Iki  dərdi  adam  kimi  yaşamağa,

Əgər  çaxmaq  daşı  tək,

çəkəndə  bir-birinə

bir  çıraq  yandırsaydı,

qızdırsaydı    bir  ocaq.

Hayf  ki,

dərd  üstə  dərd  gələndə

iki  eləmir.

Birləşib  yenə  də   bir  olur  ancaq

dəyirman  daşları  tək.

Salıb  arasına  qalan  ömrünü

dən  kimi  üyüdəcək.

Baxıb  kənardan   fələk,

qazancını  sayacaq

dəyirman  sahibi  tək .

 

www.yenicag.az

864
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv