Yazı İçi 468×60

15355924_835348766608428_1784184163_nMənbələrə görə, Kreml mətbəxində seçmə aşpazlar çalışardı və onlara öz işləri barədə informasiya verməyə qadağa qoyulub.

Yalnız illər sonra, bu yaxında ömrünün yarısını Kremldəkilər üçün yemək bişirməyə həsr etmiş və ürəyi sirlərlə dolu olan aşpaz Anatoliy Qalkin Rusiya mətbuatına açıqlamalar verdi. O, elə-belə, asanlıqla Kremlə düşməmişdi. Onun nənəsi də aşpaz idi və şəxsən Stalin üçün yemək bişirərdi. Rəhbər bu aşpaz qadını çox istəyirdi və ona hətta şəxsi imzası ilə kitab da bağışlamışdı. “Sağlam və dadlı qida haqqında kitab” indi nəvənin evində saxlanılır.

Anatoli nənəsindən Kreml mətbəxi haqqında xatirələr eşidirdi, amma sirlər sirr olaraq qalırdı. Stalin hətta şəxsi aşpazından da gün ərzində nə yeyəcəyini gizlədər, hansı yeməyi daha çox sevdiyini deməzdi: diktator zəhərlənəcəyindən çox qorxardı. Ona görə səhər, günorta, axşam naharına bir neçə yemək hazırlanar, hamısı masaya düzülər, rəhbər hansı yeməkdən istəsə yeyərdi. Stalin təklikdə yeməyi xoşlayırdı. Ondan sonra masasında qalanlar onun cangüdənlərinin payı idi. Süfrədə elə qarışıqlıq yaranardı ki, heç kim rəhbərin həmin gün hansı yeməyi yediyini bilməzdi.

Anatoliy uşaqlıqdan bilirdi ki, aşpaz olacaq, hətta yolu hərbdən keçsə də… Hərbi məktəbin aşpazı işləyən Anatoliyə 1980-ci ildə, Olimpiadanın başlamasına az qalmış zəng gəlir və onu Kremlin kadrlar şöbəsinə dəvət edirlər. Düz 8 ay ona sınaq müddəti qoyurlar, həftədə bir dəfə KQB-yə çağırıb sorğu-sual edirlər. Onun tərcümeyi-halını tam yoxladıqdan sonr aşpaz kimi işə qəbul etdilər. Həmin dövrdə Kremlin rəhbəri Brejnev idi.

Ərzaqlar rentgenə

Aşpazı ən çox təəccübləndirən ərzaqların az qala rentgendən keçirilməsi idi. Kremlə hər səhər təzə süd, ət, tərəvəz, meyvə, ov heyvanlarının – hətta qaban və ayı əti gətirilərdi. Ekzotik meyvələr isə Kuba, Çili və Afrikadan idi.

Hər ərzağın tərkibindəki duzun, qələvi və turşuların normaya uyğun olub- olmaması yoxlanılırdı.

O, rəhbərin ağız dadını tez öyrəndi: o, ov quşu və heyvanlarının ətindən ocaqda bişmiş yeməkləri xoşlayırdı. Şorbanı heç sevməzdi. Amma arada səhhətinə görə etiraz edə bilmirdi. Kotletləri isə soyuq, hətta soyuducuda qalandan sonra yeyərdi. Dişlərindən əziyyət çəkən Brejnev üçün ət yumşaq hazırlanırdı, bunun sirri belə idi: ət maşından 3 dəfə keçirilər və qaymaq qatılardı. Brejnevin dövründə Kremldə dəbdəbəli ziyafətlər çox verilərdi: yeməklər zəngin və ağır olardı. Hətta ofisiantlar məcməyinin ağırlığından şikayətlənirdilər. Bəs necə: məcməyidə donuz, qaban qarnirlə birgə bütöv verilərdi.

Bir dəfə ağır məcməyi ilə içəri girən ofisiant Brejnevin düz 40 dəqiqəlik çıxışına görə ayaqüstə, əlində məcməyi gözləməli olmuşdu.

İndira Qandi və Reyqanın bəyəndiyi yemək

Moskvaya gələn digər ölkə rəhbərləri özləri ilə ərzaq, aşpaz gətirirdilər ki, məxsusi yeməklərini hazırlasınlar. Amma onlar Kreml mətbəxinin dadlı yeməklərini görüb, gətirdiklərini heç yada da salmırdılar. 1972-ci ildə Riçard Nikson və Reyqanın başçılığı iləAmerika nümayəndə heyəti Moskvada səfərdə olanda, özləri ilə boyuk soducular və filippinli aşpazlar gətirmişdilər. Amma gedənə kimi oradan heç nə bişirtdirib yemədilər. Rusların doğramac və uxasına heyran oldular.

Hindistanın baş naziri İndira Qandi də adətən, yeməyi tək yeyirdi. Süfrədə mütləq yüngül salatlar, pendir, kəsmik, sıyıq və kürü olmalı idi.

Kremlin bütün yüksək vəzifəli işçiləri qədim rus reseptinə əsasən, xərçəng şorbasını tez-tez sifariş edirdilər. Bunun üçün mətbəxdə cavan təcrübə keçən aşpazları da xərçəng ovuna göndərirdilər. Deyilənə görə, bu şorbanın dadını sözlə ifadə etmək mümkün deyildi.

Sıyıq xoşlayan Qorbaçov

Etibarı qazanmış Qalkin tezliklə, Kremlin yeni siyasi fiquru Mixayil Qorbaçovun bağ evində aşpaz təyin olunur. Onların münasibəti çox yaxşı alınır: Qorbaçov sıyığı çox sevirdi və hər gün 5 cür sıyıq bişirdirdi: qarabaşaq, arpa, manna sıyığı və s. Gündəlik yeməyi sadə idi, amma qonaqlar qarşısında yüksək mətbəx şedevrləri ilə öyünməyi sevirdi. Elə ki, Qorbaçov kürsüyə keçir, Qalkini şəxsi baş aşpazı təyin edib, ona Kreml mətbəxində reformalar etməyi tapşırır.

Qorbaçov hesab edirdi ki, Kremldə servis və süfrə dizaynı rəsmi qəbullar üçün bərbad vəziyyətdədir. Ona görə də, Qalkini Bukinhem sarayına təcrübəyə göndərir ki, Avropa trendini Kremlə gətirə bilsin.

Qalkin ilk dəfə burada gördü ki, qonaqlıq zamanı heç kim tələsmir: nə aşpaz, nə ofisiant, nə qulluqçular. Hər şey sanki “Qu quşu” baletində olduğu kimi sakit və ahəngdar cərəyan edir. Hazırlıq və süfrəyə təqdimat elə aparılır ki, bircə boşqabın səsi belə gəlmir. Burada o, kraliça üçün desert də hazırlayır: mətbəxdə britaniyalı kolleqalarına özünü göstərən Qalkin qoz, çiyələk və qaymağı qarışdırıb yeni desert icad edir. Deserti kraliçaya təqdim edirlər. Yelizaveta deserti o qədər bəyənir ki, rusiyalı aşpazla şəxsən görüşüb minnətdarlıq edir və ona krallara layiq serviz hədiyyə edir. Bu deserti əlbəttə ki, Qalkin Kremlə də gətirir.

Ural kişisinin kaprizləri

Qorbaçov istefa verəndə,sevimli aşpazı da ərizə yazır, amma o, bir az səbr etməyi məsləhət görür. Qalkin Boris Yeltsinin vaxtında da Kremldə qalır. Artıq zaman Dövr elə çətin idi ki, indi heç kim aşpazın dadlı yeməklərindən iştahla yeyib, zövq ala bilmirdi. Qalkin heç vaxt Yeltsinlə münasibət qura bilmədi. Amma bilirdi ki, Yeltsin bu vaxta kimi ölkə rəhbərləri içində ən qurmanı idi. O, əsl Ural kişiləri kimi həm balıq, həm ayı əti, həm maral, həm də qaban ətini xoşlayırdı. Pirojki, bulka, pelmeni, xingal – bunlar da rəhbərin zəif tərəfi idi. O, içkini də çox sevirdi.
Lakin yeni rəhbərliklə Qalkin çox qala bilmədi və öz ərizəsi ilə işdən ayrılıb, Avropaya üz tutdu, ən yaxşı restoranlarda çalışdı. Amma yenə də Rusiyasız qala bilmirdi.

Yeltsin Kremldən gedəndən 2 il sonra yenidən onun mənzilinə zəng gəldi:

– Sizi Kremlə, kadlar şöbəsinə dəvət edirik.

İllərin sınağından keçmiş Qalkini brend-şef vəzifəsinə götürürlər. İndi o, mövsüm menyusunu hazırlayır və yeni icadlar edir. İndi ənənələr və zövqlər dəyişib. Daha mətbəxdən qaban və ayı ətinin qoxusu gəlmir. Putin tərəvəz və dəniz məhsullarını sevir, Medvedyev isə italyan mətbəxindən pasta, spagetti, pendir, rizotto xoşlayır. Amma peşəkar aşpaz hər vəziyyətdə özünü və hamını təəccübləndirməyi bacarır.

Zakirə Zakirqızı
Yenicağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 34
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."