Su nəğməsi – Anar Yusifoğlu yazır

Müəllif: Baş Redaktor

Baş Redaktor

anaryusfigodododhggNəcib Fazil Qısakürək yadınızdamı? “Heç onu unutmaqmı olar” deyənlər Sakaryanı xatırlayırmı?

İnsan bu, su misalı, kıvrım-kıvrım akar ya:
Bir yanda akan benim, obür yanda Sakarya

“Sakarya”da biçimlənən bu fikir və düşüncə bucağında heç özünüzə, yaşamınıza, topluma və nəhayət, bəşəriyyətə kənardan baxdınızmı? Bu ucsuz-bucaqsız, sonu görünməyən zaman və vaxt axarında nə və ya kim olduğunuzu düşündünüzmü?

Böyük zamanda bütöv toplumlar su kimi axır. Bəzən mənə elə gəlir ki, biz bu axan çayın sadəcə gözlə görünməsi mümkün olmayan zərrələri, damcılarıyıq. Zərrə-zərrə, qətrə-qətrə birləşib yol gedirik – bilə-bilə ki, ən yaxşı halda bu yolun sonunda zaman pərlərinə dəyib paralanma taleyindən başqa bizi heç nə gözləmir…

Vaxt bizdə yuyunub-arınır, öz his-pasını, yorğunluğunu hər birimizin çiyinlərinə qoyur; bizsə bu böyük axında durulmaq əvəzinə bulaşmağımızın günahkarlarını axtarırıq; beləcə, bulana-bulana, qarışa-qarışa və qarşı-qarşıya bir də gözümüzü açırıq ki… Çatdıq! Bu da son! Bu da növbəti zərbə – demə, zaman pərlərini fırlatmaq üçün gəlirikmiş, bizlər də beləcə getdik, ardımızca gələnlərə heç çatdırıb söyləyə də bilmədik ki: Eyy, bu sona heç olmasa əl-ələ gəlin, diş-dişə yox!!!

Nə qalır bizdən sonra?.. Yalnız axının səsi, şəlalənin şırıltısı və Su Nəğməsi?

Deyəsən, çalışdığımız da bu Su Nəğməsinin xırdaca bir səsinə, lap balaca bir sözünə çevrilmə istəyimizdi. Axı, bu nəğmə heç zaman bitmir və bitməyəcək! Bəlkə də ən azı Sonumuzdan sonrakı Sona qədər yaşamaq istəyimizdəndi çabalarımız, özümüzü sözə çevirmək istəyimiz…

Sözə, səsə çevrilmək isə çox çətindi. Bizlər çalışırıq ki, heç olmasa, aləmdə bir səsimiz qalsın!

Sözümüzü yanımızdakılara deyirik; ünümüzü çayın mənbəyində olanlara yetiririk. Eşidən varmı bizi? Eşitmək istəyirlərmi? Yoxsa elə düşünürlər ki, bu axının ucu-bucağı yoxdu, min, milyon illərlə axıb gedəcək və onlar da daim bu çayın zərrəsi kimi durmadan, toplumdan ayrılıb şoran və üfunətli qalığa çevrilmədən axacaqlar?!

Əbədi olmaq azarı bizimlə birgə doğulub. Qanla gələn sümüklə çıxdığından, bu xəstəlikdən qurtula bilmərik. Bəlkə də elə ona görə başqalarını deyə bilmərəm, bizim peşənin sahibləri sözə sığınır. Gərdişi düşündüyümüzdənmi belə edirik? Tanrı qisməti, tale yazısıdımı?

Hamımız bunu Tanrı qisməti saymaqda maraqlıyıq – çünki belədə sözümüzün yaşayacağı təskinliyi ilə özümüzü ovutmaq daha asan olur.

Bir də yalnız sözlə üz-üzə qalanda hiss eləyirsən ki, dünya yalan dünyadı, Süleymandan, Nuhdan qalan dünyadı… Bunun adamdan ala bilmədiyi yeganə şey – Quru Addır!

Hamımız bu quru adın dalısıycanıq. Hətta ən zərif, incə, amma gec-tez solacağını, buxara çevriləcəyini anlayanlarımız da bu yolu seçir.

Yaşamaq üçün!

Bu yaşam savaşına girən zərif və büllur damcılara Salam Olsun!


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır