Suraxanı məktəblilərinə “Diaspor dərsi” keçirilib

Müəllif: Redaktor

Editor

445a17c5-26d5-4e39-9f76-4d23dee243e9Diaspor Jurnalistləri Birliyinin “Orta məktəblərdə diaspor dərsləri” layihəsi davam edir. Növbəti dərs yanvarın 22-də Suraxanı rayonu 114 nömrəli orta məktəbdə keçirilib. Öncə114 nömrəli məktəbin şagirdlərindən ibarət yaradıcı kollektiv milli musiqi və rəqslər nümayiş etdiriblər.

Sonra 114 nömrəli məktəbin direktoru Ceyran Novruzova çıxış edərək DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.

Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli “Orta məktəblərdə diaspor dərsləri” layihəsi haqqında məlumat verib. O, bu layihənin könüllü icra edildiyini və Azərbaycanda ilk dəfədir ki, belə bir layihənin keçirildiyini diqqətə çatdırıb.

Diaspor fəaliyyətinin bir ürək, könül işi olduğunu deyən Siyavuş Əmirli DJB-nin gördüyü işlərdən də danışıb: “Diaspor Jurnalistləri Birliyi Azərbaycan mediasının diaspor mövzusuna diqqətinin daha da artırılması, xaricdəki azərbaycanlı və əcnəbi jurnalistlərlə əlaqələrin qurulması, Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyələrinin xaricdə daha da geniş yayılmasını təşkil etmək məqsədi yaradılıb. Az müddətdə DJB bir sıra uğurlu işlərə imza atıb. Belə ki, DJB tərəfindən Bakıda 4 dəyirmi masa keçirilib, Xocalı soyqırımı ilə bağlı bir film çəkilib. Hazırda DJB ictimai təşəbbüsü əsasında ölkə daxilində 2, xaricdə isə 3 layihə icra edir. DJB bu müddətdə 15 ölkənin 20 nüfuzlu mediasında Azərbaycan, eləcə də Qarabağ həqiqətləri ilə bağlı məqalələr dərc etdirib.”

Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov milli diasporumuzun inkişaf tarixi və yayılma coğrafiyası haqqında məlumat verib: “Təqribi sayı 50 milyon göstərilən dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda tarixi torpaqlarından kənarda – mühacirətdə yaşayır və Azərbaycan diasporunu təşkil edir. Dünyanın 5 qitəsində yaşayan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr kimi müxtəlifdir”.

Əbülfəz Şeydabəyovun sözlərinə görə, beynəlxalq müstəvidə güclü Azərbaycan, güclü diasporumuz deməkdir: “Xaricdəki soydaşlarımız Azərbaycanımızın bir parçasıdır. Uzaq ölkələrdə azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəblərinin açılması və dolğun təbliğatın aparılması istiqamətində dayanmadan işlər görülməkdədir. Xaricdə yaşayan soydaşlarımız ilə mütəmadi işlərin aparılması zəruriliyi prioritet amilə çevrilib. Diasporla İş üzrə Dövlət Komitəsi qürbət ellərdə həmyerlilərimizin azərbaycanlı kimliyinin yaşadıqları toplumlar içərisində uğurla inteqrasiya etməsini hədəf alaraq, yeni formalaşan nəslin də Vətənlə sıx bağlantı qurmasını başlıca hədəf götürməkdədir”.

Barselona Dövlət Universitetinin məzunu, İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının vitse-prezidenti Mahir Qurbanov dedi ki, hər bir əcnəbi insan yaşadığı ölkənin mentalitetinə, aurasına, ictimai-siyasi vəziyyətinə uyğun olaraq diaspor işini apara bilər: “Diaspor, yaşadığı ölkənin dilində səlis danışmalı, onların mədəniyyətini bilməli, ictimai-siyasi proseslərində fəal olmalıdır. Təbii ki, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız diaspor işində fəaldırlar. Məncə, diaspor işində fəaliyyət və fəallıq vaxtdan asılıdır. Yəni hər hansı xarici ölkədə nə qədər çox yaşasan, öz fəaliyyətini daha yaxşı edə bilərsən”.
Mahir Qurbanov bildirdi ki, İspaniyada Azərbaycan haqqında az məlumatı olan tələbələrə və ictimaiyyət nümayəndələrinə çalışdığım qədər məlumatlar verib: “Təbii ki, İspaniyada fəaliyyət göstərən səfirliyimiz bu işi müvəffəqiyyətlə aparır. Amma Barselona Kataloniyanın paytaxtı olduğu üçün biz də orada təhsil alan azərbaycanlılar olaraq çalışırdıq ki, qədim tariximiz, zəngin mədəniyyətimiz haqqında məlumatları düzgün və dolğun verək. Əsas məqsədim İspaniyada Azərbaycanı layiqli şəkildə təmsil etmək idi. Bütün hallarda azərbaycanlı olaraq vətənimi və xalqımı hər zaman üstün tutmağa hazır idim və hazıram. Çünki harada olsam da, qanım azərbaycanlı qanıdır”.

Suraxanı Rayon İcra Hakimiyyəti ictimai -siyasi humanitar məsələlər üzrə şöbəsinin müdiri Bərxudar Bərxudarov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideyası haqqında, eləcə də Heydər Əliyev Fondunun ölkəmizin tanıdılması istiqamətində gördüyü işlərdən danışdı.

Diskussiya şəraitində keçən “Diaspor dərsi”ndə şagirdləri maraqlandıran suallara cavab verilib.
Nəzərə çatdıraq ki, layihə çərçivəsində Bakının 12 məktəbində 10-11-ci sinif şagirdlərinə “Diaspor dərsi”nin keçirilməsi nəzərdə tutulub.

DJB-nin Mətbuat xidməti



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır