Bir neçə gün öncə ölkədə “Aİ-95” premium markalı benzinin qiyməti qalxdı. Ekspertlərin sözlərinə görə, bu artım son model avtomobillərin satışına böyük təsir edəcək. Ümumiyyətlə, bu gün avtomobil bazarında vəziyyətin kritik olduğu deyilir. Biz də vəziyyəti öz gözlərimizlə görmək üçün üz tutduq maşın bazarına…

Bu da Bakıda hər kəsin yaxşı tanıdığı Badamdar qəsəbəsindəki məşhur məkan… Həmişə olduğu kimi bazarın girişində adamı birinci “alverçilər” qarşılayır. O qədər sual verirlər ki, kimə cavab verəcəyini bilmirsən. Çünki qapı ağzındakı “alver” hər iki tərəfə sərfəlidir: satan vaxtına qənaət edir, alan puluna… Girişdəcə maşını bir qədər ucuz qiymətə əldə edən alverçilər, sonradan onu bazarda daha yuxarı qiymətə satırlar. Mühafizəçilər isə heç kimi gözdən qoymur. Girişə yaxınlaşan sürücülərə səsgücləndirici ilə “burada saxlamaq olmaz, gir bazara” əmrini verirlər. Bazara giriş 10 manatdır. Müşahidələrimiz bir qənaətə əsas verir: maşın bazarının “bazarı” bağlanıb.

Əvvəllər insan əlindən tərpənmək mümkün olmayan bu yer indi “suyu sovrulmuş dəyirmana” bənzəyir. İçəri daxil olan kimi ənənəvi “bazar olsun” kəlməsini deməlisən. “Maşın bazarı”nda hazırda ən çox satılan Almaniya istehsalı olan “Mersedes” markalı avtomobillərdir. Qiymətlər istehsal ilinə, mühərrikin həcminə və qət etdiyi məsafəyə görə fərqlənir. Avtomobilləri aşağıdakı kimi təsnifatlandırmaq olar:

1.“Tofaş”- 5 min manat (2005).
2.“Opel-Astra”- 5 min manat (1998).
3.“Mersedes C-klass”- 9 min manat (1999).
4.“Mersedes E-klass”- 12,5 min manat (2000).
5.“Mersedes GL-klass”- 18 min manat (2010)

Sadalananlar “maşın bazarında” satışa çıxarılan avtomobillərin az bir hissəsidir.

Öz avtomobilini satışa çıxaran Hüseyn Əliyev deyir ki, səhər tezdən bazara gəlməyinə baxmayaraq, hələ normal qiymət təklif edən olmayıb:

“Bazara çox az adam gəlir, ona görə də maşını kimə satacağını bilmirsən. Deyirlər, maşınların qiyməti qalxıb, bu, ağ yalandır. Çünki hazırda avtomobilimi dəyərindən aşağı qiymətə satıram, amma alan yoxdur. Benzini bir tərəfdən qaldırırlar, heç bu camaatı fikirləşən yoxdur”.

Söhbət əsnasında yaxınlaşan Balaş Kərimov isə söylədi ki, “maşın bazarı”nın əsası qoyulan gündən burada “alver” edir:

“Qardaş başına dönüm, daha çörəkpulu qazanmaq olmur. Etiraf edim ki, maşın alıb- satanam, amma belə getsə, özümə başqa iş axtaracam. Çünki əvvəllər Gürcüstandan maşın gətirilirdi, alan da, satan da var idi. İndi idə “eşşəyimiz ölüb”. Daha xaricdən heç nə gəlmir, gətirən də təzə avtomobil gətirir. Təzə avtomobil alan adam da varlıdır ki, alır. Kasıb da bura gəlir. Bura da bax, bu gündədir”.

B.Kərimov hazırda alıcıların “Mersedes” və VAZ-07 markalı avtomobillərə üstünlük verdiklərini dedi:

“Qalan maşınların da alışı-satışı olsa da, əvvəlki kimi deyil. Eşitdiyimə görə, benzinin və dizelin qiyməti də qalxacaq. Onda necə olacaq, bilinmir. Ümumiyyətlə, deyim ki, maşınını satmaq istəyənlərin 90 faizi bazara gəlmir. İnternetdi, nədi orada satırlar. Amma orada satılan maşınları alan bilmir ki, onların vəziyyəti necədir. Biz isə alıb-satdığımız üçün müştərini aldada bilmərik”.

“Maşın bazarı”nda fəaliyyət göstərən avtomobil mərkəzlərindən də bildirdilər ki, əvvəlki kimi satış yoxdur. Qeyd etdilər ki, əhalinin böyük əksəriyyəti kiçik həcmli mühərriki olan avtomobillərə üstünlük verirlər.

 

BƏXTİYAR
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 19
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."