Svetlana Bayramova: "Vəzifə-filan arzulamamışam, amma deputat olmaq istəmişəm"... - Məşhur şairin bacısı ailə sirlərini açdı

Svetlana Bayramova: “Vəzifə-filan arzulamamışam, amma deputat olmaq istəmişəm”… Məşhur şairin bacısı ailə sirlərini açdı

Müəllif: Redaktor

Baş Redaktor

Qulam kişi narahat idi. Çünki bilirdi ki, sevimli qadını bar-həmlini yerə qoymaq ərəfəsindədir. İşlədiyi İmişli rayonundan sübh tezdən çıxmışdı. Bakıya, doğma Əmircana vaxtında çatmaq istəyirdi. Zarafat deyildi, 7-ci övladı dünyaya gəlirdi.

… Hələ uzaqdan böyük oğlu Tofiqi küçədə dayanan görür. Narahatlığı birə-beş artır. Maşın darvazaya çatar-çatmaz başını pəncərədən çıxardıb qışqırır: Anan necədir? Tofiq ağır-ağır dillənir: “ Xəstəxanaya apara bilmədik, Gülzar xalanı çağırmalı olduq”…
Nəfəsini dərən Qulam kişi maşından hövlnak düşüb, həyətə keçir. Birdən… qulağına körpə səsi gəlir. Uşağın səsindən onun cinsiyyətini hiss edən ata bir kəlmə deyir: bu qız mənim həyatımın işığı olacaq… Adını Svetlana qoydu

xxx

Və illər keçir… Qulam kişinin ocağında böyüyən bu qız təkcə valideynlərinə, bacı-qardaşlarına olan sevgisi ilə deyil, həm də ağlı və savadı ilə fərqlənir. Azərbaycan adlı məmləkəti canı, qanı qədər sevən bu insan onun müstəqilliyi, azadlığı uğrunda təkcə meydanlarda deyil, sinif otaqlarında da mübarizə aparır, erməni-rus balalarını türk şairlərinin şeirlərini əzbərləməyə məcbur edir.
O, bir ana, bir qadın, bir bacı, bir vətəndaşdır. Yox… Daha dəqiq desək, o… çoxlarının sevimlisi olan – Svetlana Bayramova, bir Vətən daşıdır. Öz sanbalı, öz çəkisi, öz nüfuzu olan insan… Və bir də… Bundan sonrasını Yeniçağ.az-ın oxucularına özü danışacaq.

Faciələrə səbəb olan “azerbik”

– Tanıyanlar tanıyır… Tanımayanlar üçün Svetlana xanımı necə xarakterizə edək?

– Hansısa məclislərdə, – elə yerlərdə ki, məni tanıyırlar, – orda deyəndə ki, bu xanım filankəsdi, hansısa yerlərdə işləyib, filan xidmətləri var, inanın, onların heç birini qəbul eləmirəm.
Bilirsiz niyə? Çünki mənim elə bir dəyərim var ki, hər bir şeyi üstələyir. Həmişə bir istəyim olub: məni təqdim edəndə desinlər ki, Tofiq Bayramın bacısıdı. Mənimçün bundan böyük titul yoxdur.

– Ancaq mən əminəm ki, Tofiq Bayram özü böyük qürurla deyirmiş ki, Svetlana mənim bacımdır.

– Biz ailədə 9 uşaq olmuşuq. Baxmayaraq ki, onunla aramızda 16 yaş fərq vardı, biz bir-birimizə çox bağlı idik. Tofiq başqa cür insan idi. O, heç kimə bənzəmirdi. Hamının fikrini çəkirdi. Olduqca zarafatcıl idi. Hətta heç yadımdan çıxmaz: sonbeşik bacım Turac doğulanda əmimə məktub yazmışdı ki, ailəmizdə qız o qədər çoxdur ki, daha qoymağa adam adı tapmadıq, keçdik quş adına… Hətta çox yaxşı yadıma gəlir ki, onda Tofiq gəldi, məni geyindirdi, dedi ki, gedək “mama”nın yanına. Anam o gün ölüb-ölümdən qayıtmışdı, doğuşu çox ağır keçmişdi. Hətta o uşağı mənə göstərdilər də…

– Yeri gəmişkən… Sizin adınız Stalinin qızının şərəfinə qoyulmayıb ki?

– Tamamilə doğrudur. Bilirsiniz də, “svet” işıq deməkdir. Ona görə də atam mənə həmişə deyərdi ki, sən mənim işığımsan. Qəribədir ki, mən ailənin nə birinci, nə də sonuncu övladı deyildim. Amma nədənsə, valideynlərimin mənə xüsusi rəğbəti vardı. Hətta bir hadisəni atam həmişə danışardı. Demək, bir gün evdə işıq sönüb. Atam da şam axtarırmış. Demişəm ki, şamı neynirsiz, bəs mən sizin işığınız deyiləm?!

– Atanız sizi ən çox nədə danlayardı?

– Uşaq vaxtı sol əllə yazırdım. Məsələ ondadır ki, atam da solaxay idi. Həmişə də deyirdi ki, sol əllə yazı yazdığım üçün ömür boyu xəcalət çəkmişəm. Ona görə də məni tənbeh edirdi. Axırda gördü ki, xeyri yoxdur, götürüb mənim sol əlimi bağladı. Mən də məcbur qalıb, sağ əllə yazmağa başladım. Eləcə, solaxaylıq vərdişim düzəldi. Deyirdi, kişi üçün yenə eybi yox, amma qadına bu, eyibdir.

– Belə bir deyim var: insan arzularını özü cəlb edir. Svetlana xanım hansı arzusunu cəlb edib?

– Ümumiyyətlə, heç vaxt həyatımda plan qurmadım. Mən daxilən çox azad adamam. Bütün ömrümü də elə yaşadım. Atamın məni tərbiyə etdiyi kimi: qorxmaz, mətin, cəsarətli…

– Atanız sizi hansı sənətin sahibi kimi görmək istəyirdi?

– Bax, bu, maraqlı sualdır. Mənim ağaca, gül-çiçəyə o qədər hədsiz marağım vardı ki, atam deyirdi ki, qızım botanik olacaq. Bizim Əmircanda çox böyük bağımız vardı. Atam o bağda Azərbaycanın hər yerindən ən qeyri-adi ağacları, gülləri gətirib əkmişdi. Mən o həyətin bağbanı idim. İnanın, hər gün onlarla danışırdım, əkib-becərirdim. Heç bacılarım bilməzdi ki, həyətimizdə hansı ağaclar var. Mən isə ağaclarla az qala dərdləşirdim. Onda Kənd Təsərrüfatı İnstitutu Gəncədə yerləşirdi. Atam dedi ki, ay qızım, səndən yaxşı kənd təsərrüfatı işçisi çıxar. Gəl sənədlərini ora verək. İstəmədim. Çünki mən ana qucağına o qədər öyrəşmişdim ki, o ayrılıq gözümə durdu. Sənədlərimi verdim Xarici Dillər İnstitutuna, qəbul oldum. Bitirdikdən sonra da məni elə həmin institutun “Fəlsəfə” kafedrasında saxladılar.

– Və günlərin birində siz sahib olduğunuz hər şeyə: yüksək maaşa, imtiyazlara, dünyanı gəzmək fürsətinə öz xoşunuzla “əlvida” deyib, adi bir müəllim kimi orta məktəbdə işə başladınız.

– (gülür) Hə, elə partizan hərəkətlərim çox olub. Demək, sovet dövründə bir çoxları kimi mənim də uşaqlarım rus dilində təhsil alırdılar. Hər gün dərsləri ilə maraqlanırdım. Soruşanda ki, hansısa tapşırıq qalmadı ki, deyirdilər bircə “azerbik” qalıb. Açığı, onların bu sözü mənə toxunurdu. Deyirdim, bu nə sözdür? Deyirdilər ki, bizim məktəbdə “Azərbaycan dili”nə hamı “azerbik” deyir. Bax, 1988-89-cu illərdə Meydan hadisələri başlayanda mən anladım ki, həmin hadisələrin kökündə elə bu “azerbik” durur. Yəni bizim rusdilli məktəblərdə oxuyan erməni və rus balalarının tariximizə, dilimizə olan hörmətsizliyinin nəticəsi idi o Meydan hadisələri.

Və mən… qatı bir millətçi kimi bu məsələdə nəsə bir iş görmək istədim. Yoldaşım onda Xətai rayonunda yüksək vəzifədə çalışırdı. Ona yalvardım ki, Azad, mən rusdilli məktəbdə Azərbaycan dilindən dərs demək istəyirəm. O da qayıtdı ki, axı sən həmişə tələbələrlə işləmisən, orta məktəbdə nə edəcəksən? Dedim, heç nə edə bilməsəm də “Azərbaycan dili nədir və bu ölkə üçün nə qədər vacibdir”, meyarını uşaqlara aşılayaram. Nəsə də… Uzun xahiş-minnətdən sonra mən orta məktəbdə işə başladım. Və ilk işim nə oldu? XI sinifdə Petrosyan familiyalı bir erməni oğlan vardı. Anası da Mərkəzi Komitədə şöbə müdiri idi. Oğlanı çağırdım lövhəyə, dərsi soruşdum. Uşaq güldü, qayıtdı ki, neynirəm sizin dili? Mən də qayıtdım ki, axı sən Azərbaycan dilindən imtahan verəcəksən. Dedi, indiyə qədər öyrənməmişəm, bundan sonra da heç öyrənmək fikrim yoxdur. Ona “2” yazdım. İki saat sonra Mərkəzi Komitədən direktora zəng etdilər. Məni belə şeylərlə qorxutmaq olardı? Saldım inadıma, dedim o oğlan Azərbaycan dilində hansısa bir şeiri əzbərləyib deməsə, ona qiymət yazmayacam. O şeiri əzbərləmədi, mən də onu imtahandan kəsdim. Beləcə, oğlan attestat ala bilmədi. Bu, həmin dövr üçün böyük sensasiya idi.

Sonra xalqımızın ağır imtahanı başladı: meydan hadisələri, 20 yanvar faciəsi… Biz dəli-divanə idik. Xalqın dərdi bizim evdəkilərin hər birinin ürəyini xəstə etdi. Və bu dərdə dözməyən Tofiq Bayramın ürəyi dayandı. Qardaşımın itkisi mənim həyatımı tamamilə dəyişdi. Ondan sonra həyata tam başqa gözlə baxırdım. Və…bir gün evə gələndə gördüm ki, anam hönkür-hönkür ağlayır. Tofiqdən sonra bu, onun təbii halı idi. Amma bu dəfə anam mənə başqa şey dedi. Dedi ki, qızım, bundan sonra daha niyə yaşayıram ki? Heç olmasa aradabir Tofiq bu televizora çıxırdı, şeirləri qəzetdə çap olunurdu, mən də onunla forslanırdım. İndi o fərəhim yoxdursa bu həyatı neynirəm? Dedim ay ana, yəni sənin balalarından kimsə o televizorda görünsə sən daha xiffət çəkməyəcəksən? Dedi, heç olmasa təsəlli taparam ki…

– Və siz ananızın ömrünü uzatmağa qərar verdiniz.

– Bəli. Mən əynimdəki qara paltarı çıxartdım. Başladım ey, açıq dərslərə, dilimizlə bağlı məqalələr yazmağa… Artıq imzam da tanınırdı. Və günlərin birində məni Pedaqoji Universitetdə keçirilən Kollegiya iclasına dəvət etdilər. Və tələbəlik illərindən sonra ilk dəfə tribunaya çıxdım. Həmin çıxışdan sonra mənim rəsmi tədbirlərə dəvətim artdı.

Xalq üçün ağlayan göz

– Və siz siyasətə qoşulduz.

– Vətənimə olan sevgim məni buna məcbur etdi. Onu da deyim ki, uzun illərin partiya işçisi olan həyat yoldaşım bunun tam əleyhinə idi. Amma mən ölkədəki hərc-mərcliyi, xaosu, ziyalıların çətin vəziyyətini görürdüm. Sövq-təbii olaraq hiss edirdim ki, xalqı bu bataqlıqdan yalnız bir şəxsiyyət xilas edə bilər: Heydər Əliyev. Və mən onun uğrunda mübarizə aparmağa başladım. Mübarizəmizin də nəticəsi hamıya məlumdur.

– Səhv etmirəmsə, uzun illər YAP-ın ideologiya şöbəsində çalışmısız?

– Səhv etmirsiz. Mən o təklifi qəbul etməyə bilməzdim. Məni çağırdılar və dedilər ki, möhtərəm Prezident sizin televiziyadakı çıxışınızı görüb, bəyənib və məsləhət bilib ki, siz ideologiya şöbəsinə gələsiniz. Mən imtina etmədim. Və orda uzun illər çalışdım. Düzdür, sonradan mənə daha yaxşı vəzifələr təklif olundu, amma qəbul etmədim. Əldən verdiyim çox şanslarım olub, qismət deyilmiş demək…

– Bu, bir az psixoloji məsələdir. Yəqin uzun illər qadın kollektivində olan pedaqoq kimi kişilərlə işləməkdən çəkinmisiniz.

– Düzdür, mən abrımı qoruyan adamam, amma kişilərə qarşı bir xof olmayıb məndə…

– Kişilərə qarşı xof olmasaydı, 2 dəfə deputatlığa namizəd olan Svetlana Bayramova ən yüksək səs toplasa da son anda öz rəqiblərinin xeyrinə olaraq, geri çəkilməzdi.

– Maşallah, mənim avto-bioqrafiyamı pis bilmirsiz. Bax, bu məqamda sizə bir şeyi etiraf edəcəm. Həyatım boyu heç vaxt vəzifə-filan arzulamamışam, amma deputat olmaq istəmişəm. Bilirsiz niyə? İstəyirdim millət vəkili olum, qocalar üçün yeməkxana açım, orda hər gün onlara pulsuz yemək verim. Bir də bizim Əmircanda o qədər sosial problem var ki… Həmin problemləri həll etmək istəyirdim. Ona görə də 1995-ci ildə keçirilən deputat seçkilərində namizədliyimi verdim. Onda opponentim rəhmətlik Anar Məmmədxanov idi. Yaxşı da səs topladım. Məsləhət gördülər ki, mən onun xeyrinə namizədliyimi geri götürüm. Razılaşdım. İkinci cəhdim də 2005-ci ildə oldu. O da alınmadı. Qismət… Bilirsiniz, mən bir az abrımı-həyamı, şəxsiyyətimi qoruyan adamam. Bəlkə də sona qədər mübarizə aparsaydım, o kürsüdə oturmuşdum. Amma etmədim…

– Məncə, siz bir az cəsarətsizsiz.

– Mən deyərdim ki, Azərbaycanda məndən cəsarətli qadın yoxdur. Əgər elə olmasaydı..(ah çəkir)…. YAP-ın 2004-cü ildə keçirilən qurultayında mənim adımı Şiyasi Şuraya salmamışdılar. Qurultayı da İlham Əliyev aparırdı. Mən yerimdəm qalxdım və soruşdum ki, niyə mənim adım Siyasi Şurada yoxdur? Artıq səsvermə də qurtarmışdı, 101 adama səs vermişdilər. Möhtərəm Prezident bunu bilən kimi özü mənim namizədliyimi irəli sürdü və mandatını da birinci qaldırdı. O an məndən xoşbəxt adam yox idi. Ümumiyyətlə, mən Allahımdan çox razıyam.

– Allahdan nəyi istədiniz, sizə vermədi?

– Gözəl bir ömür yaşamışam. Amma təəssüf etdiyim çox məqamlar olub. Məsələn, dünyalar qədər sevdiyim qardaşım Tofiq Bayram 56 yaşında dünyasını dəyişdi. Kişi üçün bu nə yaşdır ki? Onun oğlu 48 yaşında, kiçik bacım da həmçinin… İnsan üçün əzizlərinin itkisindən ağır heç nə yoxdur. Baxmayaraq ki, nənəyəm, bu yaşımda da anam üçün darıxıram (səsi titrəyir)…

– Tofiq Bayram kimi bir şairi böyüdən ana çox fərqli olmalıdır məncə…

– Mənim anam əfsanə idi… 7 mülkü olan “xozeyn” qızı idi. O qədər xanım-xatın, əsilzadə idi ki… Baxmayaraq ki, 9 uşaq saxlayırdı, sər-səliqəsi, üstünün ətri, saçının xınası… həmişə yerində olardı. Anam 92 yaşında dünyasını dəyişdi, mən onu bir dəfə də olsun yastıdaban ayaqqabı geyinən, çölə əlcəksiz çıxan görmədim. O müdrik qadın Quranı əzbərdən bilirdi.

Bir başqa ürəyi vardı. Heç yadımdan çıxmaz: bizim Əmircan kəndinin yanında dəmiryol stansiyası vardı. Müharibədən nə qədər adam şikəst qayıtdı. Müharibədən kor, şikəst qayıdan kişilər hər gün o stansiyada qoltuqağacına söykənib durar, dilənərdilər. Biz dərsdən gələndə anam imkan verməzdi ki, oturub bir tikə çörək yeyək. Bizi o şikəst insanların arxasınca göndərərdi. Gedib onları gətirirdik, ancaq onlar yeyib, doyandan sonra biz süfrəyə oturardıq. Anam məktəb oxumadı, amma bizim hamımız ali savad aldıq. O qədər iradəli, dözümlü qadın idi ki… Onu heç nə sarsıda bilməzdi. Mən ilk dəfə anamın göz yaşlarını bacımın toy günündə gördüm.

– Və yəqin elə həmin gün də qardaşınız Tofiq Bayram o məşhur şeirini yazdı:

“Kaş bütün analar öz anam kimi
Təkcə toy günündə ağlayaydı kaş”…

– Bəli, bəli… Ümumiyyətlə, bakılılarda belə bir adət var – mən bunun yaxşı, ya da pis olduğunu deyə bilmərəm, – qızın evdən gəlin köçdüyü gün faciədir. Mənim atamgil 4 qardaş olublar. Hamısının da oğlu… Təsəvvür edin, böyük bacım Bayramovlar nəslinin ilk gəlin köçən qızı olub. Onu yola salmaq o qədər ağır idi ki… Sözsüz ki, Tofiq də bir şair kimi həmin səhnəyə biganə qala bilməzdi. Və böyük bacıma həsr etdiyi o şeir indi bütün toy məclislərində səslənir. Bu, elə şairin ölməzliyidir də.

– Bilmirəm, niyə, amma mənə elə gəlir ki, bugünki uşaqların valideyn sevgisi daha fərqlidir. İndiki gənclər elə bil bir qədər daha soyuqqanlıdırlar.

– Mən elə deməzdim, Zakirə xanım. Allah hamının balalarını qorusun, vallah, övladlarım mənə çox bağlıdır. Bir neçə il əvvəl vəziyyətim pisləşdi, xəstəxanaya getməli oldum. İnanın, o müddətdə nə vaxt gözümü açdım, başımın üstündə oğlumu gördüm. Onda fikirləşdim ki, ya Rəbbim, mənə bir şey olsa, bu uşağın taleyi necə olacaq? Bəlkə də oğlumun o sevgisi mənim sağalmağıma, yenidən ayağa qalxmağıma səbəb oldu.

Ürək dözmür nadanlığa…

– Tofiq Bayram deyərdi ki,

Ürək dözmür nadan sənə alim kimi dərs deyəndə
Öz işinin xatirinə susub, onu dinləyəndə…
Ürək dözmür hiylələrə, ürək dözmür yalanlara,
Ürək dözmür… həm sənətkar, həm diplomat olanlara.
-Maraqlıdır, görəsən sızın ürəyiniz nəyə dözmür?

– Bilirsiz, mənim ürəyimin inciyən vaxtları keçmişdə qaldı. Bu gün mən həyata çox sakit, çox normal baxıram. Amma mənimçün dünyada ən böyük faciə bilirsiz nədir? Cahillik, savadsızlıq. Yanımdakı adam nəsə səhv bir söz deyəndə bu, mənə toxunur. Özümdən asılı deyil.

– Çiyninizdəki mələklərdən hansının işi çox olub? 

– Bunu məni tanıyanlar deyə bilər. Adi bir insan ömrü yaşamışam. Səhvlərim də olub, uğurlarım da… Hamıya da əl tutmağa çalışmışam. Düşünürəm ki, elə də böyük qəbahətim olmayıb. Çünki məndə bir borc hissi vardı. Özümü dərk edəndən çalışmışam ki, o borcumu yerinə yetirim. Əvvəllər valideyn qarşısında olan borc idi, sonra bacı-qardaş borcu idi, sonra yoldaş, övlad, dost, tanış… Mən hamı qarşısındakı borcumu vicdanla yerinə yetirməyə çalışdım.

– Qaytar ana borcunu…
O borc sənin özünsən, özünü qaytar geri…

– (kövrəlir) Mən anama olan borcumu özüməməxsus ödədim. O, dünyasını dəyişdikdən sonra Əmircandakı həyətimizdə anamın adına yeni bir bağ saldım. O ağaclara hər dəfə qulluq edəndə, elə bil anamın səsini eşidirəm. İndi bir borcum qalır: Əmircandakı evimizi Tofiq Bayramın ev muzeyi etmək. Evin ikinci mərtəbəsində isə ancaq anamın əşyaları yer alacaq. Ömür vəfa etsə, edəcəm onu da…

– Bircə qalır Allah qarşısındakı borcunuz.

– Əgər onun da qarşısında nəsə bir borcum qalıbsa… hətta onu da etməmək yox, etmək niyyətində olmuşam. Düşünürəm ki, Allah məni bağışlar.

 

Zakirə Zakirqızı
Yeniçağ.az

Xəbərlər, Manşet, Müsahibə, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti