“TANAP Türkiyənin Rusiyadan enerji asılılığını önəmli dərəcədə azaldacaq layihədir” - Necdet Pamir - Özəl

Müəllif: Redaktor

Editor

Ankaranın Bilkənt universitetinin professoru, enerji məsələləri üzrə dünyaca məşhur mütəxəssis Necdət Pamirin Yeniçağ.az-a müsahibəsini təqdim edirik.

– Keçən ilin oktyabrında İstanbulda keçirilən XXIII Dünya enerji sammitindən başlayaq. Sizcə, sammit enerji sahəsindəki əməkdaşlıqlarda yeni mərhələnin təməli oldumu?

– Dünya Enerji Şurası mahiyyət etibarı ilə Beynəlxalq Enerji Agentliyinin funksiyalarını yerinə yetirə bilən aktiv qurum deyil. Mən də uzun illər o təşkilatda fəaliyyət göstərmişəm, Türkiyə Milli Komitəsinin başqanı olmuşam. Azərbaycan prezidenti İlham Əliyevin, Rusiya prezidenti Vladimir Putinin sammitdə iştirakı təqdirəlayiq hadisələr idi, xüsusilə, OPEC üzvü olan digər ölkə başçılarının da iştirakı yaxşı olardı. Hazırda enerji sahəsində Türkiyənin həyata keçirməkdə olduğu ən realist layihə TANAP olduğuna görə, XXIII sammit daha çox enerji sahəsində Türkiyə-Rusiya münasibətlərinin inkişaf etdirilmə təşəbbüsü kimi yadda qaldı. Rusiya prezidenti Putin Cənub axını layihəsindən vaz keçib, Türk axını layihəsini imzaladı. Rusiyadan Türkiyəyə enerji nəqlində bir az artım gözlənilsə də Türk axını layihəsinin həyata keçirilib-keçirilməyəcəyi hələ məchuldur. Digər tərəfdən, hökumətimizin istəyi ilə Məclisdən keçirilib, beynəlxalq kimlik qazanan Akkuyu nüvə stansiyasının gələcəkdəki aqibəti indilik məlum olmasa da bütün bu addımlar Türkiyənin Rusiyadan daha çox asılı hala gəlməsinə səbəb olur.Türkiyə öz sənayesini inkişaf etdirmək üçün daha çox təbii qazdan istifadə edir və qazın 99%-ni idxal edirik. Mən həmişə enerji idxalında bir ölkədən çox asılı olmağımıza qarşı çıxmışam, ona görə də Türk axını layihəsinin bizi Rusiyadan daha asılı vəziyyətə gətirə biləcəyindən ehtiyat edirəm.

– Siz Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığın inkişaf etdirilməsini dəstəkləmisiniz. Hazırda TANAP-la bağlı vəziyyət necədir?

– Türkiyə öz ehtiyacı olan təbii qazın 55%-ni Rusiyadan, 12.7%-ni Azərbaycandan, qalanını isə İran və başqa ölkələrdən alır. İlk mərhələdə TANAP-dan bizə ildə 6 milyard kubmetr qaz gələcək, növbəti illərdə bu miqdar 2 dəfədən də çox artacaq. TANAP layihəsi Türkiyənin Rusiyadan enerji asılılığını önəmli dərəcədə azaldacaq layihədir. Öz ölkəmin TANAP-la bağlı planlarında bəzi təfərrüatları tənqid etsəm də Azərbaycan bu layihədə son dərəcə sərrast addımlar ataraq, daim öz mənafeyini qorudu. Buna görə də qardaş Azərbaycanı təqdir edirəm. Hazırda TANAP-ın çəkilişi davam edir. Bəzi maddi sıxıntılar meydana çıxıb, qaz kəmərinin istismara verilməsinin bir az ləngiyə bilmə ehtimalı olsa da indiki vəziyyətdə işlərdə heç bir axsaqlıqdan söhbət gedə bilməz.

– Son aylarda İsrail öz təbii qazını Aralıq dənizinin altına boru döşəyərək, Türkiyəyə satmaq üçün cəhdlər göstərir. Bu barədə fikirləriniz maraqlıdır…

– Türkiyə Şimali-Şərqdən, Şərqdən, Şimaldan və Şimali-Qərbdən (Şimali Afrika ölkələrindən maye qaz) qaz idxal edir. İdxalımızı şaxələndirmək baxımından İsrailin təşəbbüsünü müzakirə etməkdə fayda vardır. İsrail qəbul etməsə də o ölkənin öz təbii qazını Aralıq dənizinin altına döşəyəcəyi borularla Türkiyəyə satmaq istəməsinin önündə məhz Aralıq dənizində xeyli əngəl mövcuddur. Bu durumda Türkiyə hər şeyi təfərrüatı ilə müzakirə etməkdən çəkinməməlidir, qiymətlərdə bizə münasib endirimləri tələb etməliyik. İsrail öz təbii qazını qiymətə “mindirmək” üçün “Misir də məndən qaz istəyir”- deyə bazarı qızışdırmağa çalışır. Halbuki, Misirin İsrail təbii qazına ehtiyacı yoxdur. Digər tərəfdən, yaxın keçmişə qədər İsrail ilə bizim münasibətlərimiz yaxşı deyildi. 24 noyabr 2015-ci ildə Rusiya təyyarəsini vurandan sonra da 9 ay Rusiya ilə əlaqələrimiz olmadı. İsrail və Rusiya ilə münasibətlərimizin sabah da yaxşı olacağını hardan bilərik? Təbii qaz idxalı baxımından Türkiyənin özünü ən rahat hiss edə biləcəyi yeganə ölkə – Azərbaycandır. Mərhum Heydər Əliyevin dediyi kimi, biz “Bir millət, iki dövlətik”.Türkiyə Azərbaycandan nə qədər çox qaz idxal etsə, özümüzü o qədər rahat hiss edəcəyik.

– Neftin qiymətinin yüksəldilməsi cəhdləri son 1.5 ildə OPEC-in başlıca məsələsidir. Bu sahədəki müzakirələri necə dəyərləndirirsiniz?

– Neftin qiymətinin aşağı düşməsi ixracatçı ölkələrdə sıxıntılar yaradıb; bunu görməmək mümkün deyil.Ancaq burada Azərbaycanın durumu fərqlidir, çünki dənizdən çıxarılan neftin maya dəyərinin yüksək olduğunu hamı bilir. Hazırda neftin satış qiyməti 50 dollar olduğu halda, Körfəz ölkələrində çıxarılan neftin maya dəyəri 10 dollardan da azdır.Aradakı gəliri görürsünüzmü? Bir neçə il əvvəl isə neftin barelini 137 dollara satırdılar. Kralların və neft satan şirkətlərin nə qədər pul qazandığına baxırsızmı? Neftin qiymətini yenidən yüksəltmək üçün OPEC-in göstərdiyi cəhdlər neftdən çox yüksək qazanc əldə edən kralları və neft şirkətlərini daha da varlandıracaqsa,bəs xalqlar bundan nə qazanacaq? Qarşıdakı dönəmin əsas sualı bu olmalıdır.

 

Sevər ŞAKİRQIZI
Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir