!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanıdığımızı sandığımız Türkiyədə baş verənlər… – Aqil Ələsgər yazır

!Reklam – Yazi

agil alesger turkiye15 iyul çevriliş cəhdi sadəcə Türkiyəni deyil, dünyanı silkələdi. Dünənə qədər Fətullah Gülənə tərəddütlə yanaşanların içərisindəki o tərəddüt yox oldu. Təbii ki, kripto-filan deyildisə…

15 iyun Türkiyədə bir ilkin-çevrilişlə xalqın seçdiyi hakimiyyətin dəyişdirilməsi ənənəsinin başlanğıcı oldu…

15 iyun “Gülənin ətrafı dağıldı, kimsəsi qalmadı” deyənlərə sərt sillə oldu…

15 iyun göstərdi ki, təhlükə hər zaman var və dövlət bütün gücü ilə ayaqda olmasa, yıxılması an məsələsidir.

Bəlkə uzaqdan fərqli görünə bilər. Ancaq çevriliş cəhdini tam da mərkəzdə yaşamış, insanların üzündəki cizgilərin şahidi olmuş birisi olaraq, çox ağır bir gün keçirdiyimizi deyə bilərəm. Düşünün ki, ölkənin baş nazirinin qəbulundan çıxırsan, üstündən üç-dörd saat keçir, keçdiyin o yollara bombalar yağır. İnsanların üzündə qorxu… Gələcəklərindən ümidsiz… “Yenə də çevriliş oldu” deyə hayqıran hiddətli gözlər…

Sadəcə böyüklər deyil, kiçik uşaqlar belə o gecə televizorların başından ayrılmırdılar.

Çünki ölkədə çevriliş baş verirdi.

Və o gün Türkiyədə iqtidardan və ya müxalifətdən heç bir şəxs görmədim ki, “çevriliş xeyirli olsun” desin…

İnsanlar 1960, 1971, 1980 və 1997-ci il çevrilişlərindən o qədər çox çəkiblər ki, bir gün öncə Ərdoğan haqqında nifrətlə danışanı belə o gün çevrilişi pisləyirdi…

Onun üçün həmin gecə Azərbaycandan atılan bir çox “Yaşasın şanlı Türk ordusu” şüarını Türkiyə anlaya bilmirdi. Öz şanlı ordusunu bizdən daha çox sevən, fəqət əsgərə belə getməyən bizim bəzi “fədailər”in ən az dörd çevriliş yaşamış Anadolu insanına çevrilişin faydaları haqqında nağılları qəribə gəlirdi. Necə ki, bu gün onların efirindən səsələnən “nə mutlu erməniyəm” demələri çox qəribə gəlir və ağrımıza gedir… Buna bir azdan qayıdacam. Öncə, türk ordusu və çevriliş məsələsinə toxunaq…

Türk ordusu heç vaxt çevriliş etmədi. İnanmırsınız, deyilmi? Baxın, Mustafa Kamalın qurduğu türk ordusu bu dövlətin keşikçiləridir, fəqət əsla seçilmiş bir dövləti çevrilişlə yıxmağa çalışmaz. Bəs önümüzdəki dörd çevriliş, bir də çiçəyi burnunda çevrilişə cəhd nədir?

Bu beş çevriliş cəhdinin beşinin də iştirakçısı türk ordusu zabitləri olsalar da, maaşlarını ABŞ-dan aldıqları artıq sirr deyil. 1960-cı il çevriliş cəhdini edən gənc zabitlər ABŞ-da  təlim keçmiş, elə ordu içərisində də pulunu ABŞ-ın verdiyi binada əyləşirdilər. Elə Kənan Evrən və ya Çevik Biri götürək. Bu paşalar da daim Türkiyə içərisində ABŞ maraqlarının qoruyucuları oldular. Ordunun idarəçiliyini ələ keçirən Kənan Evrən çevriliş edərkən, CIA Türkiyə masası şefi Paul Henze “our boys have done it” (Bizim uşaqlar işi bitirdi) deyə, sevinc çığlıqları atırdı. 1997-ci il hərbi çevrilişinin fundamentini hazırlayan “Qərb Çalışma Qrupu”nun lideri Çevik Bir çevrilişdən sonra ABŞ-dan “Dünyəvilik və Demokratiya” və “Beynəlxalq Liderlik” mükafatları aldı.

Bu çevriliş cəhdi də uğurla bitsəydi, heç şübhəsiz onu tanıyanların başında 80-ci il çevrilişi ilə Türkiyədə önü açılan, 97-ci il çevrilişinə açıq dəstək verən Gülən, ardınca isə fətullahçıları bu çevrilişə sövq edən ABŞ gələcəkdi.

Bu qədər az sayda əsgərlə çevrilişmi olar? O biri çevrilişləri edəndə bütün ordumu dəstək vermişdi? 1960-cı ildə çevriliş edəndə Camal Madanoğlundan başqa hansı yüksək rütbəli general var idi? Təbii ki, zorla tutub, özlərinə “lider” etdikləri Camal Gürseli saymasaq…

Qısacası, çevriliş baş tutdusa, hər kəs onu qəbul edər. Çevriliş baş tutmayanda isə nə göz qalar, nə qulaq… Sənə “yürü, qoçum” deyənlər də arxandan qaçarlar…

“Nə mutlu erməniyəm”ə gəlmədən öncə bir məsələyə diqqət çəkməkdə fayda var. ABŞ hər nə qədər bu çevriliş cəhdini qəbul etmədiyini desə də, görünən dağ bələdçi istəmir. Türkiyəni bir kənara qoyub, Azərbaycandakı amerikan uşaqlarına diqqətlə baxaq. Neçə gündən bəri “Azadlıq” radiosundan tutmuş ABŞ səfirliyinin yolunu yağır etmişlər ciddi-cəhdlə Ərdoğanın xətrinə Gülənin Azərbaycandakı şəbəkəsinə toxunulmamasının vacibliyini vurğulayırlar. Əslində, Azərbaycanda Gülən Şəbəkəsi ilə iç-içə olan məmurlar da bu durumdan məmnun deyil. Bunun üçün Türkiyə ilə münasibətlərin pozulması üçün “qurban” deyən məmurlarımız da az deyil.

Məhz bunun üçün Türkiyə artıq ermənini düşmən görməyən liberal qafalılara reklam deyil, heç nə əmanət etməməlidir. Çünki illərdən bəri onların etdikləri yalnışlar Türkiyənin ayağına yazılır və Türkiyə-Azərbaycan əlaqələri zərər görür.

Açığı, o “Ne mutlu” videosundan mənim də bir Azərbaycan türkü olaraq xoşum gəlmədi. Ən azından orada istiqlal savaşında bərabər vuruşduğumuz deyilən ermənisi, suryanisi Osmanlını arxadan xəncərləmişdi. Osmanlının zəifləməsi üçün üsyanlar çıxaran ermənilər sonunda savaş bölgəsindən başqa bölgəyə köçürdülmüşdü ki, bu qərarı verən alman paşa olsa da, bir əsrdir cəzasını Türkiyə çəkir və çəkməkdə davam edir.

Fəqət bizim ən böyük yanlışımız erməni məsələsinə Türkiyənin bizim kimi baxdığını düşünməyimizdir. Türkiyə Ermənistana münasibətdə Azərbaycanın mövqeyini birmənalı dəstəkləyir, fəqət Türkiyədə 40-80 min arası erməni, 200 mindən çox həmşinlər (erməni kökənli xalq), bir o qədər də kripto erməni yaşayır və bunlar bu ölkənin vətəndaşlarıdır. Türkiyə bunun üçün Erməni diasporu və Ermənistanla öz erməni vətəndaşlarını ayırır. Məsələnin özü budur. Xüsusilə, Türkiyədəki liberal qafalar, vaxtilə olmayan bir soyqırım üçün ermənilərdən üzr istəyən Əli Bayramoğlu kimilər üçün ermənilər bir başqa “nemət”dir. Məhz bu liberal qafalara görə, Türkiyə-Azərbaycan ilişkilərinə xallar düşür ki, bundan istifadə edən də heç şübhəsiz başda paralelçilər olmaqla, türk düşmənləridir…

 

Fəqət bu məsələdə bizim heçmi səhvimiz yoxdur? Burada bizim səhvimiz  Anadoluda ən az 3 milyon Azərbaycan türkü olmasına baxmayaraq, 40 minlik ermənidən fərqli olaraq, hələ də bir siyasi güc halına gəlməməyimizdir. Buradan istədiyiniz qədər tənqid edin, sizin, bizim Türkiyə seçkilərinə təsirimiz sıfırdır. Fəqət Anadoludakı Azərbaycan türkləri bu məsələdə ortaya mövqe qoysalar, sonucda Türkiyə də, Azərbaycan da qazanar. Bunun üçün birlik lazımdır. Birləşə bilməməyimizin səbəbindən kompakt yaşadığımız İğdırda, Qarsda, Ağrıda bizdən daha az elektoratı olan HDP-yə uduzmağımızdır. Unutmayın ki, 7 iyun 2015-ci il seçkilərində iki şərəfli Azərbaycan türkünün HDP-yə məğlub olmasına səbəb başqa bir azərbaycanlının səsləri parçalaması idi. Qısacası, biz nə qədər bir-birimizin ayağının altını qazacağıq, hələ efirlərdən çox “Nə mutlu erməniyəm” eşidəcəyik. Bu lənətə gəlmiş cümləni eşitməməyin yolu oradakı azərbaycanlılara dəstək verməkdən, onların birləşməsindən və öz gücünə yüksələn azərbaycanlıların ayağının altını qazmamaqdan keçir. Necə ki, ermənilər az saylı olmalarına rəğmən bununla güc ola biliblər… Nə isə…

Mutlu olmaq hər bir günahsız insanın haqqıdır.

Tanrı bizi yer üzündə mutlu olmaq üçün gətirdi…

Təbii ki, ola bilərsənsə, ol…

Ancaq sənin mutluluğun mənimkinə kölgə salırsa, bu bir şeylər səhvdir deməkdir və düzəltmək lazımdır…

Aqil ƏLƏSGƏR

P.S. Sonda qeyd edim ki, biz Türkiyəni tanıdığımızı sanırıq. Fəqət son çevriliş cəhdi zamanı ən təcrübəli yazarlarımızın, qələm sahiblərimizin verdikləri mesaj göstərdi ki, bir çoxumuz Türkiyəni sadəcə tanıdığını sanır və o tanıdığı misqalla müqayisə edir… Türkiyəni tənqid və ya tərif etmək üçün öncə onu tanımaq lazımdır, tanımaq…

 

www.yenicag.az

972
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv