yenicag.az

Tanınmış brend vətəndaşa olan 420 min dollarlıq borcunu niyə ödəmir?-Araşdırma

Tanınmış brend vətəndaşa olan 420 min dollarlıq borcunu niyə ödəmir?-Araşdırma

Müəllif: Redaktor

Editor

timthumbAzinforum.az olaraq tanınmış brend sayılan “Yeni Həyat” MMC-nin özünü müflis etmək istəməsi barədə məlumat vermişdik.

Qeyd edək ki, uzun illər şəhərin ən bahalı yerlərində yaşayış binaları tikib sonra onların satışını həyata keçirməyi də bacaran MMC hazırda iflas vəziyyətində olduğunu bildirir. Hətta müflis elan olunması istəyilə bağlı 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərzəsilə müraciət edib. Həmin iş hakim Hökümə Babayevanın icraatındadır, hətta bir neçə proses də keçirilib. Keçirilən məhkəmə prosesində qarşı tərəf kimi Abuzər Mahmudov adlı vətəndaşın iştirakı da təmin edilib. Sual oluna bilər: Mahmudov Abuzərin bu məsələyə nə aidəyyəti var?
İş burasındadır ki, Abuzər müəllim “Yeni Həyat”ın iddiasını əsassız sayır. O, hesab edir ki, MMC ona borclu olduğu

420 min ABŞ dollarını ödəməkdən yayınmaq üçün bu üsulla əl atıb. Məhkəmə prosesində iştirak edən Abuzər Mahmudovun vəkili Şahmar Məmmədovun sözlərinə görə,

onlar “Yeni Həyat”ın özünü müflis etməsilə bağlı məhkəməyə verdiyi iddia ilə razılaşmırlar:

“Hesab edirik ki, bu, sözügedən şirkətin məsuliyyətdən yayınmaq üçün ortaya atdığı bir taktikadır. Bilirsiniz ki, barəsində danışdığımız MMC Bakının ən prestij yerlərində binalar tikib. Mənim hüquqlarımı müdafiə etdiyim Abuzər Mahmudovun Nəsimi rayonu, Zorqe küçəsi 6 ünvanında xüsüsi mülkiyyət əsasında müəyyən edilmiş mənzili olub. Həmin ərazidə “Yeni Həyat” bina tikmək istədiyi üçün, ətrafda yaşayan sakinlərdən evləri razılıq əsasında alıblar. Notarial qaydada şirkətlə hüquqlarını müdafiə etdiyim şəxs arasında da, razılaşma təsdiq olunub. 12 mart 2005-ci ildə təsdiqlənən razılaşmanın şərtlərinə görə, “Yeni Həyat”ın hər iki təsisçisi Abuzər Mahmudova tikiləcək binada sahəsi 150 kvadrat metr olan mənzil veriləcəyini imzaları ilə təsdiq ediblər. Üzərlərinə düşən öhdəliyi yerinə yetirmədikləri üçün, tərəflər arasında məhkəmə çəkişməsi olub. Bütün məhkəmə instansiyaları Abuzər Mahmudovu haqlı sayıb və onun xeyrinə qərar çıxarıb. Ali Məhkəmənin 06 avqust 2008-ci il tarixli qərarında “Yeni Həyat”ın üzərinə Abuzər Mahmudova mənzilin dəyəri kimi 350 min ABŞ dollar və əlavə olaraq 70 min faizin ödənilməsinə dair hüquqi məsuliyyət qoyub. Tam qüvvəyə minmiş məhkəmə qərarına görə, “Yeni Həyat” Abuzər Mahmudova 420 min dollar ödəməlidir. Ən son məhkəmə qərarının üzərindən 9 ilə yaxın vaxt keçməsinə baxmayaraq, “Yeni Həyat” həmin pulu ödəməkdən yayınır. İndi də bura iddia ilə müraciət ediblər ki, güya müflis olublar. Məsələnin qısa mahiyyəti bundan ibarətdir”.

babek_babayev
Babək Babayev

Azinforum.az “Yeni Həyat”ın uzun müddətdir evini əlindən alaraq, hətta məhkəmə qərarlarına məhəl qoymadan pulunu ödəmədiyi Abuzər Mahmudovla əlaqə saxlayıb. Vətəndaş bizə dedi ki, bütün bu oyunları onun başına açan “Yeni Həyat”ın təsisçisi və rəhbəri Babək Babayevdir:

” Qısası vəziyyət bundan ibarətdir ki, Babək Babayev heç bir qanunları tanımadığını nümayiş etdirir. Mən bütün instansiyalara şikayət etmişəm. Təəssüf ki, haqqı-ədaləti təmin edə bilmirəm. Bu adamlar yaşadığım mənzildən məni çıxarıblar ki, yeni tikdirəcəkləri binada mənə ev verəcəklər. Qeyd edim ki, onlarla mənim aramda olan razılaşma şifai qaydada olmayıb. Notarial qaydada dediklərimin təsdiqi var. Məhkəmə də məsələni obyektiv araşdırıb qərar verib ki, həmin MMC mənə 420 min ABŞ dolları ödəməlidir. Təəssüflər olsun ki, Nəsimi rayon Məhkəmə İcra Şöbəsi də uzun illərdi ki, üzərlərinə düşən öhdəliyi yerinə yetirə bilmir və ya yetirmək istəmir. Babək Babayev mənə açıq deyir ki, hara lazımdır pul xərcləyəcəm, ancaq sənə bir manatda verməyəcəm. Bütün sənədlərə Babək Babayevlə Ramiz Babayev imza atıb. Onların hər ikisi “Yeni Həyat”ın təsisçisidir. Görün vəziyyət nə yerə çatıb ki, Babək Babayev məhkəmə qərarlarına belə məhəl qoymur. Özlərinin də, 5-6 firması var. Lazım gələndə firmanı bağlayıb, adına kiçik bir hərf əlavə edib yeni adla fəaliyyətə başlayırlar. Bununla da, köhnə qanunsuzluqların üstündən xətt çəkmək istəyirlər. İndi də, mənimlə müqavilənin bağlandığı “Yeni Həyat”ı müflis elan edirlər. Bu adamlar necə bankrot olub ki, hazırda televiziyyalarda onların ev satmaqla bağlı elanları gedir. Bu adamlar bütün hissləri itiriblər. Hətta halallığın nə olduğunu anlamaq istəmirlər. Mən sizin vasitənizlə bütün medianı bu işi diqqətdə saxlamağa çağırıram”.

dol
Qeyd edək ki, sentyabrın 30-da 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Hökümə Babayevanın sədrliyi ilə “Yeni Həyat” Məhdud Məsuliyyətli Cəmiyyətin özünü müflis elan etməsilə bağlı iddia ərizəsinə baxılan zaman maraqlı faktlar ortaya çıxıb. Məhkəmə prosesində iştirak edən Azinforum.az-ın əməkdaşının verdiyi məlumata görə, məhkəmədə müstəqil auditor kimi “Yeni Həyat” MMC-nin müflis olması ilə bağlı əsasların mövcudluğuna dair rəy verən İlham İsfəndiyar oğlu Hacıəzizovun ifadəsi dinlənilib. Sonra, vəkil Şahmar Məmmədov müstəqil auditora suallarla müraciət edib. Vəkilin “siz iş materiallarında qeyd edibsiniz ki, kifayət qədər sənədlər əldə edə bilmədiyiniz üçün lazımi şəkildə audit apara bilməyibsiniz. Belə çıxır ki, təqdim etdiyiniz rəy lazımi şəkildə aparılmayan araşdırmanın məhsuludur” sualına auditor dolğun cavab verə bilmədi.
Vəkil Şahmar Məmmədov daha sonra auditordan yazılan rəylə bağlı gəlinən nəticəyə dair bəzi sənədləri tələb etdi. Müstəqil auditor bildirdi ki, mühasibatlıq sənədləri “Yeni Həyat” MMC tərəfindən yandırılıb. “Bunu etmək qanunvericilikdə düzdürmü” sualına isə İlham müəllim “artıq bu, mənim səlahiyyətimə aid olan məsələ deyil” kimi cavab verdi. Auditor həmçinin bildirdi ki, qanunvericiliyə görə, sənədlərin saxlanması vacib olan müddət 5-20 il arasında dəyişir.
Sonra, Abuzər Mahmudovun vəkili “Yeni Həyat”ı prosesdə təmsil edən xanım vəkilə bir neçə sual ünvanladı.

sen
“Abuzər Mahmudova mənzilin təqdim olunacağı söz verilən bina sizin balansınızdadır” sualına vəkil cavab verdi ki, onların mülkiyyətində heç bir bina, mənzil və ya torpaq yoxdur.
Belə olan təqdirdə, qarşı tərəf bəzi faktları məhkəmənin diqqətinə çatdırdı. Məlum oldu ki, iflasa getdiyini elan edən “Yeni Həyat” Bakı Şəhər İcra Hakimiyyətinə Zorge küçəsindəki binaya görə, illik 1872 manat 30 qəpik vəsait ödəyirmiş. “Bina sizə məxsus deyilsə, niyə pul ödəyirsiniz” sualını “Yeni Həyat”ın nümayəndəsi “hüquqlarını bilmədikləri səbəbindən ödəyiblər”- kimi cavab verdi.
Vəkil Şahmar Məmmədov “Yeni Həyat”ın Dəmirçizadə küçəsindəki 16 sot torpağa görə də, illik 158 manat rüsum ödədiklərinə dair faktların olduğunu məhkəmənin diqqətinə çatdırdı.
Hakim müstəqil auditora “siz bunları araşdırıbsınızmı” sualı ilə müraciət etdikdə, auditor bəzi məsələlərə dair konkret sənəd ortaya qoya bilmədi. Yalnız bildirdi ki, Zorqe küçəsindəki binaya xidməti hansısa naməlum firma həyata keçirir.
Ən diqqət çəkən məsələ isə auditorun bu araşdırmanı apararkən “Yeni Həyat”a məxsus olan bəzi dəqiqləşdirmələri hazırda “Meqafan” deyilən yerdəki ofis vasitəsilə etdiyini bildirməsi oldu. Qarşı tərəf də iddia edir ki, “Yeni Həyatı” idarə edənlər hazırda həmin məkanda oturaraq, yalnız adlarını dəyişməklə fəaliyyət göstərirlər. “Yeni Həyatın” məhkəmədəki nümayəndəsi isə bunu sırf təsadüf kimi yozdu.
Azinforum.az-ın əməkdaşı bildirdi ki, prosesin sonunda vəkil Şahmar Məmmədov məhkəmə qarşısında bir neçə vəsatət qaldırdı. Qaldırlan vəsatətlərin başlıca məğzi “Yeni Həyat”a aid olan bəzi məlumatların əlaqədər qurumlardan öyrənilməsi ilə bağlı idi. Çünki prosesdə iştirak edən tərəf və auditor MMC-yə məxsus olan mühasibatlıq və digər sənədlərin olmamasını onların yandırılması ilə izah etdilər. Hətta “Yeni Həyat”ın vəkili sənədlərin yandırılması səbəbini öyrənmək məqsədilə ona verilən suala maraqlı cavab verdi : “ Yığmağa yerləri olmayıb yandırıblar”.
Məhkəmə verilən vəsatətləri təmin edib. Qərara alındı ki, müvafiq qurumlara məlumat əldə etmək üçün sorğular göndəriləcək. Proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb.
Göründüyü kimi, olduqca ziddiyyətli məqam yaranıb. Vətəndaş Abuzər Mahmudovun əlində bütün məhkəmə instansiyalarının qərarı ola-ola o, öz halal pulunu ala bilmir.
Belə halda qanun nə deyir? Biz bu sualla tanınmış hüquqşunas Mehman Muradlıya müraciət etdik.

edliye
O, Azinforum.az-a açıqlamasında bildirdi ki, məhkəmənin çıxardığı bütün qərarlar Azərbaycan dövləti adındandır:
“Məhkəmə qərarlarına hörmət etməyə bütün vətəndaşlar borcludur. Dediyiniz işlə bağlı qətnamə tam qüvvəyə minib. Yəni ən ali məhkəmə instansiyası belə vətəndaşın xeyrinə qərar çıxarıb. Maraqlı burasıdır ki, həmin qərarların çıxarılması tarixi uzun illər bundan əvvələ təsadüf etsə də, heç bir icraat yoxdur. Bəs, bu illər ərzində əlaqədar İcra Şöbəsi hara baxıb? Götürək ki, “Yeni Həyat” MMC müflis olduğu ilə bağlı məhkəməyə müraciət edir. Bu müddət ərzində İcra Şöbəsi gözləyə bilər. Axı, bu iddia 9 il əvvəl verilməyib. Müflis olunmaqla bağlı iddiadan qabaq İcra Şöbəsi nələri edə bilib? Bax bu maraqlıdır. Söhbət ciddi məbləğdən gedir. Bununla bağlı “pulum yoxdur” deməklə iş bitmir axı. Bu həm də dövlətin imicinə zərbə vura bilər. Vətəndaş tam haqlı olaraq, hüquqndan istifadə edib beynəlxalq məhkəməyə üz tutar. Onda nə olacaq? Bilirsiniz ki, orda artıq cavabdeh “Yeni Həyat” deyil, Azərbaycan dövləti olur. İstənilən halda, məhkəmə qərarı icra edilməlidir. Müflis elan olunmaqla bağlı məhkəmə iddiasına baxılır. Yəqin ki, həmin məhkəmənin qərarından sonra proses yeni mərhələyə qədəm qoyacaq. Artıq bu məsələ medianın gündəmindədir. Yəqin ki, bu məsələdə ədalət təmin olunacaq. Başqa yol görmürəm!”
Azinforum.az olaraq biz “Yeni Həyat” MMC-nin rəhbərliyilə əlaqə saxlaya bilmədiyimiz üçün, səslənən ittihamlara onların mövqeyini öyrənə bilmədik. Yazıda adı çəkilən Babək Babayevin də mövqeyinə yer verməyə hazırıq.
Araşdırmamız davam edir…

Araşdırma, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti