!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tarımın içində dua gəzdirirdim” – “Konsertdən sonra Mələkxanım…”- MÜSAHİBƏ

!Reklam – Yazi

Bismillah eləməmiş ortalığa söz atdı: “Müsahibə verməkdən xoşum gəlir, amma qəşəng suallar olanda. Onda açılıram…” Biranlıq duruxdum, mən yazıq, indi hardan bilim ki, verəcəyim suallar onun xoşuna gələcək, ya yox? Amma elə ilk sualdan anladım ki, urəyi doludur…

Xalq artisti, ustad tarzən Möhlət Müslümovun Yeniçag.az-a müsahibəsini təqdim edirik.

– Bəllidir ki, əvvəllər ustad xanəndələrimizlə birgə el şənliklərindən başınız açılmayıb. Tarınız üçün bu gün meydan daralmayıb ki?

– Siz dediyiniz həmin dövrü çıxmaq şərtilə müəyyən bir dönəm oldu ki, meydan daraldı. Muğam sənəti tənəzzülə uğradı. Həmin vaxt nə gizlədim, fikirləşdim ki, tarı atım. Amma muğam müsabiqələrinin keçirilməsi, tarın YUNESKO səviyyəsində təmsil olunması məni bu addımdan çəkindirdi.

– Amma sənət elədir ki, şöhrəti ilə bərabər həm də insanı dolandırmalıdır. Əvvəlki kimi el şənliklərinə dəvətlər alırsınızmı, mən həm də bu mənada soruşdum?

– Hər zaman bayağı musiqilər olub, bu gün də var. Bəzən elə mahnılar eşidirsən, ürəyində deyirsən ki, kimdir bu mahnıları dinləyən? Amma bu mahnıları oxuyan müğənniləri aparıb məclislərinin yuxarı başında otuzdururlar.

– Niyə, nə xoşunuza gəlmir ki?

– Özbək müğənnisini dinləyəndə görürsən ki, oxuduğu mahnıdan özbək ətri gəlir. Yaxud da qırğız, tacik, yunan… Bizimkilər oxuyanda bilmirsən yunan mahnısıdır, ya ərəb, özbək… Meyxananı dinləyirdim, indi onu da dinləyəndə bilmirsən adam meyxana deyir, ya mahnı oxuyur. Təki tezbazar nəsə yazıb, oxuyum, toy bazarında özümə yer edim. Bunların məqsədi budur.

– Belə başa düşdüm ki, tarınız daha sizə pul qazandıra bilmir?

– Mən indiyə qədər qazandıqlarıma görə tara borcluyam. Sözsüz ki, çətin dövrlərim olub, hansı ki, dolanışıq ağır idi. Həmin vaxtlarda məni xarici ölkələrdə saxlamaq istəyirdilər, amma razılıq vermədim. Çünkü vətəndən kənarda yaşaya bilməzdim.

– Ustad xanəndələri müşayiət etmisiniz. Sizcə müşayiət etmək daha rahatdır, yoxsa, müşayiət olunmaq?

– Hər iki tərəfin çətinlikləri var. Tar aparıcı alətdir. Həm özünə, həm xanəndəyə, həm də kamança ifaçısına nəzarət edirsən. Eyni anda beyin üç istiqamətə işləyir. Gərək bir-birini yola verəsən. Hələ indiyə qədər məndən narazı qalan xanəndə olmayıb. Bir hadisə danışım, onda olardı 21 yaşım. Televizorda təzə-təzə çıxışlarım olurdu. Bir gün xanəndə Əbülfət Əliyev xəbər yolladı ki, tez o uşağı tapın gətirin yanıma, mən onunla bir dəstgah yazdıracam. Qaçib gizləndim. Elman Bədəlov gəldi ki, bəs səni Əbülfət Əliyev əlimyandıda axtarır. Qorxdum ki, yox, mən o boyda sənətkarın qabağında tar çala bilmərəm. Axırda getdim.

– Maraqlıdır, onların içərisində ən çətin, kaprizli xanəndə hansı olub?

– Hərəsinin özünəməxsus kaprizləri olub. Amma bu dava-şava səviyyəsinə gətirib çıxarmayıb. Bəzən fikir mübadiləsi eləmişik, filan pərdədə belə oxumaq, yaxud da çalmaq olar, deyiblər. Heç kim inciməyib, ortaq məxrəcə gəlmişik.

– Eşitdiyimə görə xanım sənətkarlar daha çox kaprizli olur…

– Dəfələrlə Şövkət Ələkbərova, Tükəzban İsmayılovanı müşayiət etmişəm. Kapriz deməzdim, amma müəyyən xırda iradları olub. Tutalım, filan pərdədə bu cür ifa edərsən və s.

– Heç tarınızın sizi pis vəziyyətdə qoyduğu məqamlar olub? Məsələn, qəfildən simi, yaxud da mizrabı qırılıb?

– Çox olub. Bir dəfə Tehranda qastrol səfərində idik. Rəhmətlik İslam Rzayevi müşayiət edirdim. Zalda alqış sədalarından qulaq tutulurdu. Qəfildən gördüm ki, mizrab əlimdə çilik-çilik oldu. Ehtiyat mizrabım olmadan ifanı davam etdirdim. Sonra orda mənə dedilər ki, sizə nəzər dəydi, bəlkə də özünüzə nəsə ola bilərdi, amma mizrab qırıldı. Belə hadisələrdən biri də Opera Teatrında Ehsan Doğramacının Azərbaycanda keçirilən yubiley gecəsində baş verdi. Arif Babayev, Canəli Əkbərov və Səkinə İsmayılovanı müşayiət etməliydim. Birinci çıxışda Səkinə xanım oxumağa başlayan vaxt tarın simi qırıldı. Özü də iki sim birdən. Tədbirdə ulu öndər Heydər Əliyev də iştirak edirdi. Həyəcandan az qaldı ürəyim partlasın. Təsəvvür edin, tarin iki simi sallanır, hamı da bunu görür. Qabaq sırada əyləşən ulu öndər Heydər Əliyev yanındakı əcnəbi qonağa dedi ki, gör simi qırılan tarla necə gözəl çalır. Bu sözlərdən sonra ürəkləndim və elə bil mənə vəhy gəldi, o simi qırılan tarda elə gözəl ifa elədim ki…

– Qeyd etdiyiniz kimi dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində olmusunuz. Maraqlıdır, Azərbaycan tamaşaçısı əcnəbi tamaşaçıdan nəylə fərqlənib? Heç müqayisə etmisiniz?

– Fərq böyükdür. Məsələn, bizdə tarın siminin qırılmasını mənfi hal kimi qiymətləndirirlər. Amma əcnəbi tamaşaçıya bu, ləzzət edir. Onlar bunu sənətkarlıq kimi dəyərləndirir. Mən özüm bunun şahidi olmuşam. Hollandiyada konsert zamanı tarın simi qırıldı, zal başladı məni alqışlamağa. Ən çox Səxavət Məmmədovla səfərlərdə olurdum. Dəfələrlə gəlib, Səxavətin boğazını yoxlayırdılar, elə bilirdilər boğazına aparat qoyub. Deyirdilər, insandan belə səs çıxa bilməz.

– Elə məqam olubmu konsert zamanı xanəndə mahnının, ya qəzəlin sözlərini unutsun?

– Azad Mirzəcanzadənin yubiley gecəsində belə bir hal yaşandı. Xalq artisti Mələkxanım Əyyubova oxumalıydı. Gördüm dayanıb, oxumur. Hiss elədim ki, mahnının sözləri yadından çıxıb. İki dəfə çaldım, yenə də oxumadı.

– Hansı mahnı idi, xatırlayırsınız?

– “Yerdən ayağını quş kimi üzüb, yay kimi dartılıb, ox kimi süzüb”… “Geyran” mahnısı. Mən ayağımı bərkdən yerə çirpib, işarə elədim ki, ayaq sözü yadına düşsün. O an başladı oxumağa. Dövlət rəsmiləri vardı o gecədə. Konsertdən sonra Mələkxanım mənə dedi ki, sən məni xata-bəladan qurtardın.

– Heç ifanıza görə sizə səhnədə bahalı hədiyyələr olunub?

– İranda məni çox istəyiblər. Orda konsert zamanı mənə bahalı xalça və qızıl bağışlayıblar.

– Neçə tarınız var?

– Çoxdu, amma bir-ikisini daima istifadə edirəm. Onların arasında ən çox uşaqlıq tarımı sevmişəm, amma onu məndən oğurlayıblar. Bir dəfə İrana gedəndə bir ustad tarzən mənə dedi ki, sənin uşaqlıq tarını satırdılar, aldım. Dedim o tarı mənə göstər. Getdik evlərinə, baxanda gördüm ki, mənim tarım deyil. Dedim ustad, səni aldadıblar, bu, mənim tarım deyil.

– Yəqin ki, o tarların içərisində daha çox düşərlisi də olub?

– Bir tarım var, mənimlə qocalıb. Onunla 200-dən artıq ölkəni gəzmişəm.

– Gözə, nəzərə qarşı üstünüzdə talisman gəzdirirsinizmi?

– Anam dindar qadın olub. Əvvəllər məni göz-nəzərdən qorumaq üçün həmişə tarımın içinə dua, qaraçörəkotu atardı. Mən də göz-nəzərin olduğuna inanıram. Bəzən qastrol səfərlərində mənə gözmuncuğu bağışlayırlar, xoşuma gəlir.

– Tarınızı daha çox hansı muğam üstə kökləməyi xoşlayırsınız?

– Bütün muğamları xoşlayıram, amma segahı xüsusilə ifa etməyi sevirəm. Çünki bizim segah çox yanıqlıdır. Bir hadisə də yadıma düşdü, bəlkə sizə maraqlı olar. 1989-cu ilin dekabrında beş muğam dəstgahını lentə yazdırdım ki, Qızıl Fondda qalsın. Elə oldu ki, 1990-cı ilin yanvarında o dəhşətli faciə yaşandı. Televiziyanın partladılan otağında həmin lent yazılarım hərbçilərin əlinə keçmişdi. Düz 40 gün o ifani radioda səsləndirdilər. Ürəyimdə dedim ki, qismətə bax, mən gözəl günlər üçün yazdırmışdım bu muğamları, amma faciə gününə nəsib oldu. Bir dəfə Zəlimxan Yaqub mənə dedi ki, ay Möhlət, bizim segah niyə bu qədər yanıqlıdır? Mən ona cavab verdim ki, görün, bu xalq zaman-zaman nə qədər əzablı günlər yaşayıb, yəqin elə buna görə də segahımız bu qədər yanıqlıdır. Segah həmişə məni kövrəldib.

 

Cəvahir Səlimqızı

Yenicag.az

www.yenicag.az

624
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv