Tarix dərsliklərimizə erməni çarını kim “əlavə edib”? – Dərslik nöqsanları silsiləsindən…

Müəllif: Redaktor

Editor

“Son illər orta məktəblərdə istifadə olunan Tarix dərsliklərində 10 il əvvəllə müqayisədə ciddi fərqlər və irəliləyişlər var. Lakin buna baxmayaraq, nöqsanlar hələ də qalır”.

Bu sözləri Yeniçağ.az-a bu gün orta məktəblərin Tarix dərsliklərindəki vəziyyəti şərh edərkən, təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspertin sözlərinə görə, dərsliklərin neçə dəfə təkrar işlənməsinə baxmayaraq, hələ də qüsurlar qalmaqdadır:

“Bunlar isə insanlarımızı çaşdırır. Tarix fənni və dərsliyi digərləri ilə müqayisədə strateji və dövlət əhəmiyyətli elmdir. Bu dərsliklər insanlarımızın ideologiyasının formalaşmasına bilavasitə təsir göstərir. Dövlət səviyyəsində belə əsaslı faktlara söykənərək, hər yerdə deyirik ki, Qarabağa, Qafqaza ermənilər köçürülüblər. Onlar bu torpaqlarda “aborigen millət” deyillər. Amma digər tərəfdən isə tarix dərsliklərimizdə erməni çarının süqutundan bəhs edən məqalə yer alır. Buna nə qədər şərh verilsə də, şagirdlərin beynində sual qalır”.

Bilirsiniz, dərsliklərdə hadisələri açıq şəkildə vermək lazımdır:

“Bizim tariximiz başdan-ayağa şərəfli, məğrur hadisələrlə doludur. Gerçəkləri yazmaqdan qorxmaq lazım deyil. Biz milli kimliyimizi açıq şəkildə yazmalıyıq. O zaman aydın olacaq ki, son statistik göstəricilərə görə, Azərbaycan xalqının 94 faizini türklər təşkil edir. Bəs türklər kimlərdir? Türklər bura gəlmə, yoxsa yerli millətdir? Altay nəzəriyyəsinə görə, türklər bu yerlərə gəlmədirlər. Amma tarixi gerçəkliklər bunu təkzib edir. Tarixdən öyrədilən saklar, massagetlər, işquzların Qara dəniz sahillərindən bura gəlmələri, bu ərazilərdə Skif çarının olması, Kuti dövlətinin mövcudluğu və sairə tarixi faktlar göstərir ki, Altay nəzəriyyəsi başdan-ayağa səhvdir. Bundan başqa türklərin tarixindən bəhs edən Ergenekon dastanında türklərin məskənləri barədə verilən məlumatlar Qafqaz və Anadoludan bəhs edir”.Kamran Əsədov ile ilgili görsel sonucu

Bu gün orta və hətta ali məktəblərdə tarixi oxuyan istənilən şəxsi bir sual düşündürür:

“Bu hətta geniş müzakirələrə səbəb olur, “azərbaycanlılar kimdir”- sualı. Tarixi və elmi əsaslara söykənib “azərbaycanlılar kimdir”- sualına aydınlıq gətirim. Qeyd edim ki, Azərbaycan Respublikasının bütün vətəndaşları “azərbaycanlı” adlanır.

Belə ki, Azərbaycan Respublikasının bütün vətəndaşları Azərbaycan xalqını təşkil edirlər və “azərbaycanlı” adlanırlar. Azərbaycanlı ifadəsi hüquqi termin olub, heç bir etnik mənsubiyyət bildirmir. Buna görə də, azərbaycanlı ifadəsini etnik mənsubiyyət kimi təqdim edilməsi yanlışdır”.

Qayıdaq yenə də tarix dərsliklərimizə:

“Orta məktəblərdə keçirilən Azərbaycan tarixi sanki hərb tarixidir. Müharibələrdən çox söhbət gedir. Dövlətlərin sosial-iqtisadi inkişafına, mədəniyyətinə az yer verilir. Bundan başqa X sinif “Azərbaycan tarixi” dərsliyində mədəniyyət mövzusu 17 paraqrafdır. Bu, şagird üçün ağır yükdür. Başqa bir kitaba baxaq,VIII sinif “Orta Əsrlər tarixi” dərsliyində Moğol İmperiyası kimi böyük bir mövzu bir abzasla əhatə olunub. Halbuki, bu dövlətin tarixi, fəaliyyəti böyük nümunədir və qürur duyulacaq səhifələrlə doludur. Başqa bir nümunə gətirim: IX sinif “Ümumi tarix” dərsliyində “Fransa” mövzusu həddindən artıq ağır dildə, qarışıq yazılıb. Sanki bu kiminsə dissertasiya işindən olduğu kimi köçürülüb. Heç fransızlar öz kitablarında Fransanı bizdə olduğu kimi dərindən yazmırlar. Elə bil ki, biz ümumi tarix kitabını Azərbaycan məktəblisi üçün yox, Amerika, İngiltərə, Fransa, Rusiya şagirdi üçün yazıb, onlara tarixlərini dərindən öyrədirik. Bizim o ölkələrin tarixini bu qədər dərindən öyrətməyimizə və öyrənməyimizə nə ehtiyac var? Başqa bir nümunə də deyim: XI sinif “Azərbaycan tarixi”nin informasiyaları həddindən artıq yüklüdür. Hər səhifədə 15-dən çox fakt var ki, şagirdlər bunu mənimsəyə bilmirlər. Hesab edirəm ki, dərsliklər ciddi şəkildə mütəxəssislər, metodist və psixoloqlar tərifindən dəfələrlə yoxlanılıb, sonra istifadəyə buraxılmalıdır”.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir