!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tarix dərsliyində daha bir biabırçılıq - Şagirdlər nəyə inansın?

!Reklam – Yazi

Ölkənin orta məktəblərində istifadə olunan dərsliklərdəki nöqsanlarla bağlı şikayətlərin ardı-arası kəsilmir.

Yenicag.az xəbər verir ki, daha bir müzakirə olunası məqam 6-cı sinif şagirdləri üçün nəzərdə tutulan “Azərbaycan Tarixi” kitabı ilə bağlıdır.

Məsələ burasındadır ki, 2015-ci ilin 6-cı sinif “Azərbaycan Tarixi” dərsliyində üst paleolit dövrünün e.ə. 40-ci minillikdən e.ə.12-ci minilliyə qədər olduğu göstərilib. Ancaq 2017-ci ilin buraxılışında isə üst paleolit dövrünün e.ə. 35-ci minillikdən e.ə.12-ci minilliyə qədər mövcud olduğu yazılıb.

Bu isə istər-istəməz müzakirələrə səbəb olub. Məsələ burasındadır ki, üst paleolit dövrü ilə bağlı doğru məlumat iki il əvvəl nəşr edilən kitabda yer alıb. Bu uyğunsuzluğun isə qəbul imtahanında abituriyentləri çətin vəziyyətə salacağı istisna deyil.

Bəs, görəsən, mövcud problem necə həll olunmalıdır? Məsələyə aydınlıq gətirmək üçün təhsil eksperti Kamran Əsədovla əlaqə saxladıq. O isə Yenicag.az-a açıqlamasında səhvlərin olduğunu təsdiqləməklə yanaşı, problemin həlli yolunu da göstərdi:

“İlk növbədə qeyd edim ki, son dövrlər ərzində, hətta son bir ildə Təhsil Nazirliyi tərəfindən nəşr edilmiş dərsliklərdə faktlarla bağlı ciddi səhvlər ortaya çıxıb. Təkcə 6-cı sinif üçün nəzərdə tutulan “Azərbaycan Tarixi”nin 2015-ci ildə nəşr olunan kitabı ilə 2017-ci ildə dərc olunan dərsliklər arasında xronoloji və faktlarla bağlı çox ciddi fərqlər var. Əlbəttə, son kitab daha çox elmi tədqiqata əsaslanıb. Amma bu mövzular istifadə olunduğu üçün müəlliflər və aidiyyatı qurumlar açıqlama verməlidirlər.

Kamran Əsədov

2019-cu ildə ilk dəfə 6-cı sinif dərsliyindən istifadə etmiş şagirdlər qəbul imtahanı verəcəklər. Real fakt ondan ibarətdir ki, həmin kitablar şagirdlərə pulsuz verilib, tədris ilinin sonunda da başa çatıb. Hazırda qəbul imtahanına hazırlaşan şagirdlərin əlində də 2017-ci ildə nəşr olunmuş kitablar var. Onların oxuduğu vaxtla, indiki kitablar arasında fərqlər var. Yeniliklər isə təkcə üst paleolit dövrü ilə bağlı deyil. Ümumilikdə yeni nəşr olunan kitabda enolit dövrü barədə məlumat yoxdur. Son tunc dövründən bəhs edən məlumatlar azaldılıb. Əvvəlki kitabda ictimai icma quruluşu ilə bağlı məlumatlar 17 səhifə olduğu halda, indikində 9 səhifəyə qədər qısaldılıb. Əlbəttə, qısaldılma labüddür. Amma bu dərsliklərin qəbul imtahanında istifadə olunub-olunmayacağı ilə bağlı məsələ ciddi problem yaradır. Bir daha təkrar edirəm ki, qəbul imtahanında hansı dərslikdən istifadə olunacağı ilə bağlı açıqlama verilməlidir. Ümumilikdə isə son nəşr olunan kitabdakı faktlar rəsmi olaraq qəbul edilməlidir. Çünki bunlar elmi-texniki yeniliklərə əsasən, yazılmış faktlardır”.

Qeyd edək ki, hər iki ildə nəşr edilmiş kitabların müəllifləri Vəli Əliyev, İlyas Babayev, Hidayət Cəfərov və Aidə Məmmədovadır.

Emin Səfərov

www.yenicag.az

8204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv