Tehran-Ər-Riyad-Ankara toqquşması: Yeni savaş meydanı hara olacaq?

Müəllif: Redaktor

Editor

saudi-arabia-turkeyElşən Manafov: “İslam ölkələri arasında birliyin olmaması onları idarə edən siyasi elitaların fərqli maraqlara köklənməsi və Qərbin bölgə ilə bağlı “Parçala, hökm sür” siyasətinin prinsiplərindən irəli gəlir”

Dünyada cərəyan edən hadisələr, proseslər həqiqətən də belə deməyə əsas verir ki, hazırkı dövrdə də müsəlman dünyasında birlikdən əsər-əlamət belə yoxdur. Əksinə, müsəlman ölkələri yenə də parçalanmaqda bir-birini qırmaqda, bir-birilərinə daş atmaqda davam edirlər.

Görəsən, nədir müsəlman aləminin çəkici bir yerə vurmasına, vahid olmasına əngəl olan amillər?
Yenicag.az-a açıqlama verən politoloq Elşən Manafovun fikrincə, İslam dövlətləri arasında birliyin olmamasının kökündə Qərbin bölgə ilə bağlı maraqları və müsəlman dövlətlərini idarə edənlərin fərqli maraqlardan çıxış etməsi dayanır: “Həqiqətən də İslam aləmində birlik yoxdur. Təbii ki, burada söhbət İslam dövlətlərinin müasir dünya nizamı ilə bağlı məsələlərə baxışlarında olan fərqli siyasət və fərqli maraqlarından gedir. Bu ilk növbədə İkinci Dünya Müharibəsinin dünya üçün doğurduğu geopolitik proseslərlə bağlı oldu. Məhz İkinci Dünya Müharibəsindən sonra Asiya və Afrikada milli azadlıq hərəkatı baş qaldırdı və bu hərəkat gedişində ayrı-ayrı İslam ölkələri özlərinin müstəqilliyini bərpa etdi. Amma məsələ ondadır ki, 1945-ci ildən sonra İngiltərə, Fransa və digər dövlətlər bu ölkələrin ərazisindən çıxarkən Roma ənənəsinə uyğun olaraq “Parçala və hökm sür” siyasətindən çıxış etməklə həmin İslam ölkələrində elə siyasi elitaların hakimiyyət başına gəlməsinə nail oldular ki, onlar bu və ya digər şəkildə bu günün özündə də Qərbin bölgə ilə bağlı maraqlarının, sifarişlərinin həyata keçirilməsinə məsul siyasi elitalardır. Bu mənada İslam ölkələri arasında arzu olunan həmrəyliyin olmaması təəssif ki, əksər belə ölkələrin hakimiyyətində olanlarının Qərb dövlətlərinin siyasi elitaları ilə təmaslarından irəli gəlir.

Təbii ki, müsəlman ölkələri arasında birliyin olmamasına təsir edən amillər sırasında əsrlərdən bəri İslam ölkələri arasında məzhəb amilləri ilə bağlı fərqlərin olması da istisna deyil. Bu günləri İranla Səudiyyə Ərəbistanı arasında yaşanan qarşıdurma bir tərəfdən bölgə ilə bağlı məsələlərə hər iki dövlətin siyasi elitasının sərgilədiyi fərqli maraqlarından irəli gəlir. Eyni zamanda, Səudiyyə Ərəbistanında hakimiyyətdə olan siyasi elitanın Qərbin dəstəyi şəraitində hakimiyyətə gəlməsi, İranda isə İslam inqilabının həyata keçirilməsindən sonra bu ölkənin Qərblə yaşanan problemlərindən qaynaqlanır. Düzdür zamanında, 1969-cu ildə İslam ölkələri arasında həmrəyliyə nail olmaq üçün İslam Konfransı Təşkilatı yaradıldı. Amma bununla belə hələ də İslam dövlətləri arasında münasibətlər arzu olunan səviyyədə deyil. Bir müddət əvvəl Səudiyyə Ərəbistanının təşəbbüsü ilə 34 ölkədən ibarət İslam dövlətlərinin hərbi koalisiyasının yaradılması ilə bağlı təkliflər də səsləndi. Maraqlı məsələdir ki, İslam dövlətlərinin bu koalision birliyi Qərbin bölgə ilə bağlı maraqlarına qarşı deyil. Əslində həmin birlik İranın bölgədə həyata keçirmək istədiyi siyasətinin qarşısını almaq istəyindən yaranıb. Əl-Riyad, Ankara və Tehranın maraqları hazırda Yəməndə, Suriyada toqquşur. Zaman-zaman Qərb dövlətləri İslam ölkələri ilə münasibətlərinin məhz Qərbin maraqlarına cavab verə biləcək siyasi hüquqi müstəvidə olması üçün əllərindən gələni əsirgəməyib. Müsəlman ölkələri arasında birliyin olmaması heç bir vəclə həmin dövlətlərdə yaşayan müsəlman xalqlarının istəyindən irəli gəlmir, hakimiyyətdə olanların ambissiyalarından irəli gəlir. Bu dövlətləri idarə edən siyasi elitaların fərqli maraqlara köklənməsi İslam ölkələri arasında yaşanan qarşıdurmanın və arzu olunan həmrəyliyin mövcud olmamasının əsas səbəblərindən biridir. Bu qeyri-pərakəndəliyin digər səbəbi də Qərbin bölgə ilə bağlı “Parçala, hökm sür” siyasətinin prinsiplərindən irəli gəlir”.

ELÇİN


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir