!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tələbələr üçün kirayə: ucuz mənzilləri harada tapmaq olar? – Araşdırma

!Reklam – Yazi

f5101Yeni dərs ilinin başlanılmasına təxminən 20 gün vaxt qalır. Bu arada paytaxtda kirayə mənzil axtaranların sayının artması qiymətlərə də təsirsiz qalmır. Kirayə mənzillərə olan tələb artdığından qiymətlərdə nəzərəçarpacaq bahalaşma var. Kirayə mənzillərin bahalaşması isə paytaxta bu aylarda daha çox tələbələrin gəlişi ilə əlaqələndirilir.

AzNews.az xəbər verir ki,Bu prosesin oktyabrın əvvəlinədək davam edəcəyi gözlənilir. Azərbaycan Texniki Universitetinin tələbəsi Vüqar Əsədov da uzun müddət paytaxtda mənzil axtarıb. Daxil olduğu ali məktəbin yataqxanasında yer olmadığı üçün bir müddət kirayə ev axtarıb. Bunun üçün ilk növbədə maddi durumuna uyğun ev tapmaq istəyi ilə Yasamal rayonu ərazisindəki «gecəqondular»a baş çəkib. Amma həmin ərazilərdə ev tapmağa ona «gender problemi» mane olub. Çünki ev kirayə verənlərin əksəriyyəti öz mənzilini qızlara həvalə etmək istəyir.

Vüqar deyir ki, bina evlərində kirayə mənzil tutmaq isə onun büdcəsinə uyğun deyil:

«Birotaqlı mənzillərin aylıq kirayə haqqı 300 manatdır. Yalnız öz yaşadığı evin bir otağını kirayə verən şəxslər bir qədər ucuz mənzil təklif edir. Həmin otaqları 100 manata da götürmək olar. Amma həmin şəxslərin çoxu kirayəşinlərinin qız olmasını istəyir”.

Paytaxtda ev alqı-satqısı ilə məşğul olan Vuqar Həsənov isə kirayə mənzil bazarında bahalaşmanın olduğunu təsdiq edir:

«Yay mövsümünün sonuna yaxın adətən kirayə ev axtaranların sayı da çoxalır. Buna görə də kirayə mənzil vermək istəyənlər də qiymətləri bahalaşdırır. Hazırda bina evlərində kirayə mənzillərin qiyməti yerindən və otaqların sayından asılı olaraq 200-500 manatdır».

Kirayəşin axtaranların qızlara üstünlük verməsi məsələsinə münasibət bildirən V.Həsənov bunu qızların mənzilləri daha səliqəli saxlaması və əlavə problemin yaranmaması ilə izah etdi:

«Tələbələr əsasən təhsil alacaqları ali məktəblərə yaxın yerlərdə kirayə ev axtarırlar. Hazırda metronun “Elmlər Akademiyası” stansiyası ətrafında 350-400 manatdan ucuz kirayə ev tapmaq mümkün deyil. Nərimanov rayonu ərazisisində 300 manata da kirayə ev var. Nisbətən kənarda “Neftçilər”, “Qara Qarayev”, “Həzi Aslanov” metro-stansiyaları ətrafında isə qiymətlər 200-300 manat arasında dəyişir. Qiymətlərin bu şəkildə artmasının bir səbəbi də mərkəzdəki bəzi yaşayış sahələrində evlərin sökülməsidir. Əvvəllər tələbələrin böyük bir hisəssi «Sovetski ərazisindəki evlərdə məskunlaşırdı. İndi həmin ərazi sökülməklə yanaşı, orada ev kirayə verənlərin özləri də kirayədə yaşayır. Həmin şəxslərin kirayə bazarına daxil olması kirayə verilən mənzillərin qıtlığına gətirib çıxardı. Nəticədə əvvəlki illərdə 100 manata kirayəyə verilən evin qiyməti indi 150-200 manatdır».

Məsələyə münasibət bildirən iqtisadçı Vüqar Bayramov isə deyir ki, kirayə bazarında qiymət artımına təkcə tələbələrin gəlişi yox, həm də digər amillər təsir göstərir:

«Paytaxtda aparılan söküntü işləri ilə əlaqədar bir çox insanlar kirayə bazarına üz tutub. Digər tərəfdən rayonlardan Bakıya axın davam edir. Xüsusən də yeni ailə həyatı quran gənclər dolanışıq, iş üçün Bakıda yaşamağa üstünlük verirlər.

Belə olanda da bazarda tələb çox olduğu üçün qiymətlər artır. Bazarda qiymətlərin artmasına təsir edən başqa səbəb isə əhalinin gəlirlərinin artması ilə bağlıdır. Nəticədə əhalinin gəlirlərinə müvafiq olaraq mənzil və kirayə bazarında qiymətlər dəyişir. Kirayə bazarında qiymətlərin tənzimlənməsi, süni artımın qarşısını almaq üçün bir çox ölkələrdə fəaliyyət göstərən Sosial Mənzil Fondunun yaradıla bilər. Bu fondun yaradılması ilə dövlət kirayə bazarında təkliflərlə çıxış edəcək. Rusiyada dövlətin bu işə qarışması ilə kirayə bazarında evlərin sayı artdı, qiymətlər isə aşağı düşdü. Düşünürəm ki, ölkəmizdə də belə fondun yaradılması zəruridir. Bu həm də süni qiymət artımına təsir edəcək».

NBA şirkətinin rəhbəri Nüsrət İbrahimov da kirayə mənzillərin qiymətində bahalaşmanın adətən avqustun ikinci yarısından başladığını bildirdi:

«Avqust, sentyabr ayları kirayə mənzil bazarı üçün aktiv ay hesab edilir. Əvvəlki aylarda kirayə mənzil bazarında 120-130 əməliyyat aparılırdısa, bu müddətdə həmin rəqəm 300-dək artır. Bu da bazara təsirsiz ötüşmür. 2014-cü ilin avqust ayında 5 faiz, sentyabr ayında isə 7 faiz qiymət artımı qeydə alınmışdı. 2014-cü ilin iyul ayında 0.6 faiz artım, 2015-ci ilin iyul ayında isə -7 faiz azalma olub. Göründüyü kimi, 2015-ci ildə qiymətlər azalmaya meyillidir. 2015-ci ilin avqust-sentyabr aylarında qiymət artımı gözlənilir. Lakin, əvvəlki ildən fərqli olaraq bu maksimum 6 faizə qədər ola bilər”.

Qeyd edək ki, hazırda kirayə məzillərə ən çox təlabat Yasamal rayonundadır. Bu isə təhsil müəssisələrinin əksəriyyətinin həmin rayonda yerləşməsi ilə bağlıdır.

Xalid

www.yenicag.az

654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv