1466105861_tenz1Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Tezis.az saytının suallarını cavablandırıb. Tənzilə xanımla görüşümüz Qurtuluş günü ərəfəsində başa tutduğu üçün söhbətə mərhum prezident Heydər Əliyevlə tanışlığı ilə başladıq:

– Heydər Əliyevlə ilk dəfə necə və harada görüşdünüz?

– . Heydər Əliyevə münasibətimiz həmişə səssiz-küysüz, şousuz olub. May aylarında türk şöləninin ya üçünü ya da yeddisini Heydər Əliyevə həsr edirik. O, özündən öncə gələnlərin heç birini inkar edən adam deyildi. Heydər Əliyev hələ sovetlər tam dağılmamış Azərbaycanın üçrəngli bayrağını Naxçıvanda səhnəyə gətirdən adamdır. Üçrəngli bayrağın memarının da Məhəmməd Əmin Rəsulzadə olduğunu çox gözəl bilirdi, o tarixdən yaxşı agah idi. Mən Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədr müaviniyəm, Naxçıvandakı təşkilatımızın qurultayına getmişdim, birinci dəfə Heydər Əliyevlə elə orada görüşdük. Sonradan görüşlərimizin sayı çoxaldı. Qarabağ bölgəsində müharibə qızışanda Bərdədə qərargah yaradılmışdı, Heydər Əliyev demək olar ki, o qərargahda otururdu. Çünki Ağdamın, Tərtərin vəziyyəti ağır idi. Mən də “Azərittifaq”ın sədr müavini kimi həmin bölgəyə ezam olunmuşdum, əhalinin təminatından məsul idim. “Aqrarsənaye” bankının sədrinin Zemfira xanım adlı müavini vardı, onunla ikimiz Heydər Əliyevin keçirdiyi toplantıda iştirak edirdik. Quzanlıdakı iclasa Baş nazirin müavini Əli Təhməzov qatılmışdı, çox gərgin toplantı gedirdi. Heydər Əliyev baxdı ki, axşam saat 10-dur, iclasda da ancaq iki qadın oturub. Qaşını çatdı, Əli Təhməzova dedi ki, xanımları təhlükəsiz şəkildə Bərdəyə çatdırmaq lazımdır. Zemfira xanım şəhərə getdi, mən Xocalıdan çıxan ahıska türklərini Zaqatala, Qax bölgəsinə apardım, orada yerləşdirdik. Heydər Əliyev məni şəxsən tanıyırdı. Çünki bizi müharibə bölgələrində görmüşdü. Sonrakı dövrlərdə səfirliklərin tədbirlərində Sabir Rüstəmxanlı ilə birgə görüşürdük. Sabir bəyə çox böyük hörməti vardı. O, bilirdi ki, kim kimdir. Tanıdığı, xidmətini gördüyü adamları unutmurdu. Görüşlərin birində mənə dedi ki, Sabir böyük ziyalımızdır, onu həmişə qoru. Rəhmətlik Bəxtiyar Vahabzadə iclaslardan birində baş verən maraqlı hadisəni danışmışdı. Yazıçılar İttifaqının qurultayı keçirilirmiş, Allah rəhmət eləsin, sədr Mirzə İbrahimov imiş. İclasda Mərkəzi Komitədən də nümayəndələr iştirak edirmiş. Hamı qurultayda rus dilində danışırmış. Sabir bəyin “Sağ ol, ana dilim” şeiri orada yazılıb. O vaxt “Kommunist” çıxırmış, o qəzetin kənarına yazıb. Gənclərdən söz Sabir Rüstəmxanlıya verilib. Tribunaya Azərbaycan dilində deyib ki, “Sağ ol, ana dilim”. Çevrilib baxıblar ki, nə baş verir, Sabir protestmi edir? Bəxtiyar müəllim deyirdi, Sabir şeiri səsləndirdi, heç kim əl çalmadı. Bu şeiri səsləndirmək meydan oxumaqdır. Bəxtiyar müəllim deyir ki, bircə mən “əla” işarəsi verdim əlimlə. Sabir tribunadan endi, fasiləyə çıxdıq. Deyir Sabir küncdə dayanmışdı, heç kəs ona yaxın getmirdi. Heydər Əliyev özü Sabir bəyə tərəf gedib deyib ki, cavan oğlan, təbrik edirəm, çox gözəl şeir idi, bəyəndim. Bu sözlər ağzından çıxan kimi hamı Sabi Rüstəmxanlının üstünə axışıb. Çevrilib Mirzə İbrahimova deyib ki, Yazıçılar İttifaqına katib axtarırsınız, elə bu cavan oğlan işləsin. Bəxtiyar müəllimə də qayıdıb ki, zənn etmə işarəni görmədim, bu cavanları az qızışdır (gülür).

– 1993-cü ildə nazir xanımı, “Azərittifaq”da da sədr müavini idiniz. İyun qiyamı nazirin və vəzifədə olan xanımın evindən necə görünürdü?

– Mən vəzifədə də çalışmışam, nazir xanımı da olmuşam, amma indikilər kimi olmamışam. Bizim dönəmimiz çox ağır idi, indiki nazir xanımlarından deyildik. Əlimdə çanta bazarlığımı özüm edirdim. Bugünə qədər də özüm edirəm. Bazarlığa Yaşıl bazara və Keşlə bazarına gedirəm. Sabir bəyi də, məni də orada yaxşı tanıyırlar. Bazarlıqdan böyük zövq alıram, millətin sevgisi məni xoşbəxt edir. O zaman Sabir bəy Heydər Əliyevlə telefonla danışmışdı. Sabir Rüstəmxanlı ona “Heydər bəy” deyə müraciət edirdi. Milli Məclisdə o səhnələr yadınızdadır yəqin, kişinin sözünü kəsirdilər, ayaqlarını yerə döyürdülər, protest edirdilər. Sabir bəy deyir ki, Heydər bəy foyedə durmuşdu, gedib qoluna girdim. Deyib ki, Heydər bəy, sizinlə şəkil çəkdirəcəyəm, bunlar hamısı bir tarixdir, gələcək nəsillər kimin haqlı, kimin haqsız olduğunu görəcək. O da zarafatla qayıdıb ki, ay kişi, məni görən qaçır, yolunu dəyişir, sən nə ürəklə mənimlə şəkil çəkdirirsən? Heydər Əliyevin Sabir bəyə münasibəti bir başqa idi. Bunu sonralar gördük. 1996-cı ildə Sabir Rüstəmxanlının 50 yaşı tamam olurdu. Prezidentin xarici qonağı olsa da, onu da götürüb Opera və Balet Teatrına gəlmişdi. Yubiley tədbirində 3 saat oturdu. Sabir bəy tək-tük ziyalılardan idi ki, hər il may ayında gedib Heydər Əliyevi doğum günü münasibətilə kabinetində təbrik edirdi. Heydər Əliyev sevə-sevə Sabir bəyin təbrikini qəbul edirdi, ziyalıların fikrinə böyük dəyər verirdi. Bir hadisəni danışım. Sabir bəyin qardaşı ilə bağlı anlaşılmazlıq olmuşdu, ortancıl qaynımı həbs eləmişdilər. Biz Sabir bəylə maşında gedirdik. O zaman mobil telefonlar yox idi, maşında telefonlar olurdu. O telefona Prezidentin köməkçisi zəng elədi. Soruşdu ki, haradasız, Sabir bəy dedi, yarım saata evə çatacağam. Köməkçi söylədi ki, ev telefonu ilə cənab prezident sizinlə danışacaq. Evə getdik, Cənab Prezident düz 40 dəqiqə ölkənin vəziyyəti barədə Sabir bəylə söhbət elədi. Sonra bu məsələ ilə bağlı qayıtdı ki, hüquq-mühafizə orqanlarının rəhbərlərini çağırmışam, onlar qapının ağzında gözləyirlər, dedim əvvəlcə həqiqəti səndən dinləyim. Bir ziyalıya bundan böyük hansı dəyər ola bilər? Ona görə də Heydər Əliyevin yeri bambaşqadır. Bu xatirələri övladlarıma da danışıram. Biz çörək itirən adam deyilik.

– Heydər Əliyevin masanızdakı fotosu yenidir, deyəsən…

– Bunu rəfiqəm, dəyərli Sona Vəliyeva mənə hədiyyə edib. Övladlarıma deyirəm ki, dövlətin qurucularına sayğı duymaq lazımdır. Türkiyədə Atatürkə dil uzadanda mən Azərbaycan türkü kimi buradan münasibət bildirirəm, Atatürk simpoziumu keçirirəm. Niyə? Çünki o, türk böyüyüdür. Heydər Əliyev də Atatürk kimi türk böyüyüdür. Qədirşünas olmalıyıq. Nə yazıq ki, xalqımızın içində böyüyə hörmət azalıb. Ruslara baxın, Lenin milyonlarla insan öldürülüb. Buna rəğmən Leninə sayğısızlıq edən görmüsünüz? Qətiyyən! Bizdə Məhəmməd Əmin Rəsulzadə haqda kimlərsə bilərəkdən müzakirələr açır. Heydər Əliyev böyük kişi idi, böyükləri daha da böyüdürdü. Mənə Türkiyədə çox ciddi bir tarixçi dedi ki, Heydər Əliyev Şah İsmayl Xətainin soykökündəndir, yəni Heydər Əıiyevin şəcərəsi Səfəvilərə bağlıdır.

Tənzilə Rüstəmxanlı: “Heydər Əliyevin şəcərəsi Səfəvilərə bağlıdır”

Tənzilə Rüstəmxanlı: “Heydər Əliyevin şəcərəsi Səfəvilərə bağlıdır”

Bəzi adamlar Heydər Əliyev Moskvada olanda onun əleyhinə çuval-çuval teleqramlar göndərirdilər, onların bir çoxu bu gün vəzifədə oturublar. Hər zaman onun ağır günlərində müdafiəçisi olmuşam. Çünki doğru bildiyimi müdafiə etmişəm. Çoxları mənimlə dava edirdilər. Deyirdilər ki, Tənzilə Rstəmxanlı Heydər Əliyevin qohumudur, toplantıya girməsin. İndi belə deyənlərin çoxu bu iqtidarın qaymağını yeyir. Olsun, lap yaxşı, barı ölkənin böyüklərinə dəyər verən insanları ayaqlamasınlar. Hər halda bizim alnımız açıqdır.

– Bayaq dediniz ki, Əbülfəz Elçibəy də qonağınız olub. Nə məqsədlə sizə gəlmişdi, nələr barədə söhbət apardınız?

– Bir dəfə zəng etdi ki, xanım, müsahibəni oxudum, demisən ki, çəkmə plovu yaxşı bişirirəm. Bişir, Sabir bəylə ölkənin halını müzakirə etməyə gələcəyəm. Övladlarımın arxivində ən unudulmayacaq, ən gözəl xatirələrdən biri də Elçibəyin bizim evimizdəki doyulmaz söhbətləridir. Əmin olun ki, Elçibəy də Heydər Əliyevi yüksək qiymətləndirirdi. Məşhur İstanbul sammiti yadınızdadır? Dedilər Qarabağ məsələsi müzakirəyə çıxarılacaq. Biz hamımız narahat idik. Onda Elçibəy bizə zəng elədi, dedi ki, xanım, sən vəzifədəsən, yuxarıdakılardan soruş gör, Qarabağın taleyi ilə bağlı mənim köməyimə ehtiyacları varmı? Dedim ki, baş üstə! Əlim yetdiyi adamlardan soruşdum, dedilər bəli, var. Ondan sonra mitinqlər başladı, Türkiyəyə komanda-komanda adamlar getdi, konfranslar keçirdik. Elçibəy dövlətçi adam idi. O, dövlətin yaşaması və qardaş qırğınının düşməməsi üçün vəzifəsini qoyub gedən adam idi.

– Türkiyədə gedən prosesləri necə dəyərləndirirsiniz? MHP-yə yaxınsınız, Dövlət Baxçalı ilə münasibətləriniz var, bu partiyanın gələcəyini necə görürsünüz?

– Mən həmişə MHP-nin yanında olmuşam. Dövlət Baxçalıya böyük sayğım var. Siyasətdə çox adam duruşunu sağlam saxlaya bilmir. İki dünya bir araya gəlsə, Baxçalı Türkiyəyə xəyanət edəcək adam deyil. O, sağlam türk milliyətçisidir, türk dünyası üçün ürəyi titrəyən birisidir. Azərbaycanla bağlı olaylarda bəlkə başqaları kimi söz oyunu oynamır, amma dövlətimizə böyük hörməti var. Bir dəfə Sabir bəylə söhbət edəndə dedi ki, Baş nazirin mavini olanda Azərbaycana gəldim, Heydər Əliyevlə 6 saat söhbətimiz oldu. O söhbətin bir qismində indiki prezident İlham Əliyev də iştirak edib. Deyib ki, sabah səfirlikdə müxalifət liderləri ilə görüşmək istəyirəm, əgər narahat olacaqsınızsa, bu görüşü ləğv edək. Heydər Əliyev deyib ki, onlar bizim vətəndaşımızdır, siyasi partiya rəhbərləridir, görüşün, onların da fikrini öyrənin. Baxın, bu böyüklükdür. İndi MHP-ni bölmək istəyirlər Amma mən MHP-siz Türkiyəni təsəvvür etmək istəmirəm.

Tənzilə Rüstəmxanlı: “Heydər Əliyevin şəcərəsi Səfəvilərə bağlıdır”

Tənzilə Rüstəmxanlı: “Heydər Əliyevin şəcərəsi Səfəvilərə bağlıdır”

– Maral Akşener də sədr olmağa iddialıdır. Onun şanslarını necə dəyərləndirirsiniz?

– Maral Akşener dostumdur, sevdiyim insandır. Kaş ki bu qarşıdurmalar olmasaydı, siyasi anlaşma əldə olunsaydı. Maral xanımın söhbətlərdə mənə dediyi belə bir ifadə vardı. Deyirdi ki, nə olur olsun, Türkiyənin bölünməsinə razı olmaram, türklükdən heç bir şərtlə vaz keçmərəm. Belə məfkurəyə sahib qadının kiminsə proyektində rol aldığına inanmıram. Dövlət bəyin Maral xanıma böyük dəyər verdiyini görmüşəm.

– Bəs Türkiyənin mövcud durumu?

– Türkiyə çox böyük dövlətdir. Orada böyük dövlətçilik ənənələri var. Məsələ Türkiyə deyil ki. Dünyanı yenidən paylaşmaq istəyən güclər sərhədləri təzədən cızmaq istəyirlər. Yaxın Şərqdə bölüb parçalaya bilmədikləri təkcə Türkiyə qalıb. Növbə Türkiyəyə gəlib, bütün güclərini birləşdiriblər. Neçə yerdən PKK-ya dəstək gəlir. Son 2 ildə PKK-nı bu qədər güclü görmüşdünüz? Ölkədə hər gün onlarla şəhid var. Son 1 ildə minlərlə insan həyatını itirib. Əlbəttə, bütün bunlarda bugünkü hakimiyyətin də günahı var. Bunların ideoloqları, nazirləri Öcalana təriflər yağıdırırdılar, “Türkiyənin gələcəyini düşünür” deyirdilər, ermənilərdən üzr istəyirdilər, erməni konfranslarına mane olmurdular. Ermənistanla sərhəddə bələdiyyələri PKK ələ keçirdi. Bələdiyyə başqanlarının böyük səlahiyyətləri var. Yollar necə minalandı? Bələdiyyə sədrləri dağda olan PKK-çılara yardım elədi. Ondan sonra əl-qol açdılar. 10 il bundan öncə deyirdik ki, bunlara bu qədər üz verməyin, Türkiyəni hara aparırsınız? Erməni məsələsində 1 addım geri atsanız, başınıza kürd məsələsi gələcək, böyük bəla olacaq. Bu proqnozlarımız özünü doğrultdu. 1992-ci ildən üzü bəri Türkiyədəki konfranslarda bunları demişik. Bugünkü Türkiyə hökumətinin PKK-nın əlinin güclənməsində çox böyük xidmətləri var. Deyirlər ki, bizi aldatdılar. Hökumətin başında duranların səhvi millətə baha başa gəlir. Amma bu dəqiqə Türkiyədə dövlət ipləri ələ keçirib PKK ilə ciddi savaş aparır. Bunu da təqdir edirik.

Tənzilə Rüstəmxanlı: “Heydər Əliyevin şəcərəsi Səfəvilərə bağlıdır”
Tənzilə Rüstəmxanlı: “Heydər Əliyevin şəcərəsi Səfəvilərə bağlıdır”

– İranla Ermənistan arasında viza rejiminin ləğvi məsələsi son günlərin əsas müzakirə mövzusudur. Sizin də mövqeyinizi bilmək maraqlı olardı…

– Heç təəccüblənmədim. İrandan nə gözləyirsiniz ki? İran müsəlman ölkəsidir, amma heç vaxt bizə dost olmayıb. Ərəblər də heç zaman türkə dost olmayıblar. Nə yazıq ki, Türkiyə ərəblərdən vaz keçib üzünü türk dünyasına çevirə bilmir. İran sözdə bizim din qardaşımızdır, əgər Ermənistanı iqtisadi blokaya alıb embarqo qoysaydı, Ermənistan çoxdan Qarabağdan çıxmışdı. Amma bunu etmədi, ona yaşaması, güclənməsi və Qarabağın işğalının davam etdirməsi üçün pəncərə açdı. İranın sərgilədiyi mövqe dinimizə, Qurani-Kərimə, imanımızda deyilənlərlə uyğun gəlmir. Atatürk çox gözəl ifadə işlədib: “Türkün türkdən başqa dostu yoxdur”. İran Rusiya ilə müttəfiqdir, Ermənistan onun arxa baxçasıdır, siyasətləri də özləri kimi saxtadır.

Tənzilə Rüstəmxanlı: “Heydər Əliyevin şəcərəsi Səfəvilərə bağlıdır”

Tənzilə Rüstəmxanlı: “Heydər Əliyevin şəcərəsi Səfəvilərə bağlıdır”

– Aprel döyüşlərindən sonra Lələtəpəyə getmişdiniz, hansı təəssüratlarla qayıtdınız?

– Bəli, milliyətçilərin kanalı “Bəngütürk”ün müxbirləri ilə getmişdim. Türkiyədə ikinci kanal göstərin ki, 2 saat Azərbaycanın cəbhə bölgəsindən veriliş yayımladı. Özü də elə bir saatda efirə verdilər ki, hər kəs izləyə bildi. Bütün Türkiyəyə, türk dünyasına əsgərlərimizin ruhunu göstərdilər. Əslində hamımız bir sözdən, Prezident İlham Əliyevin mövqeyindən ruhlanmışdıq. Cənab prezidentimizin “ermənilər ölmək istəmirsə, Qarabağda nə işi var, rədd olub getsin” sözləri bilirsinizmi Azərbaycan əsgərlərinə, cəmiyyətə, bizim hamımıza necə ruh verdi? Prezidentimizin bu mövqeyi Türkiyədə də böyük rəğbətlə qarşılandı. Sevinirəm ki, Müdafiə nazirimiz Zakir Həsənov kimi peşəkar hərbiçidir. 4 günlük savaşda hər kəs gördü ki, Ali baş komandan necə qətiyyət sərgilədi. Zakir müəllimin qərargah qurub əsgərin yanında olması onlara ümid verdi. Əsgərlərimizdə Qarabağı azad etmək ruhu, əzmi var.

– Seçkilərdə iştirak etmisiniz, uzun müddət mühüm postlar tutmusunuz. Ölkəmizdə qadın nazir də demək olar ki, yoxdur… Belə bir təklif gözləyirsinizmi?

– Azərbaycandan heç nə istəmirəm. Seçkilər ərəfəsində də demişdim: seçkilərə nöqə, millətə xidmətə davam. Nə qədər vəzifə, adlar var, kimə istəsələr paylasınlar, heç birində gözüm yoxdur. Mən türk dünyasının aşiqiyəm, Azərbaycan da onun bir parçası olduğu üçün millətimə, vətənimə xidmət edirəm.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 49
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."