Tərtər qanlı döyüşlərdən sonra – Xüsusi Reportaj+Fotolar

Tərtər qanlı döyüşlərdən sonra – Xüsusi Reportaj+Fotolar

Müəllif: Redaktor

Editor

terterden reportaj (9)Aprelin 2-də baş verən güclü atışmalardan sonra bütün dünyanın diqqəti Azərbaycan-Ermənistan təmas xəttinə yönəlib. Xəbər verdiyimiz kimi, cəbhədə ağır döyüşlər əsasən Tərtərin Qapanlı, Qarağacı kəndləri və digər istiqamətlərdə həyata keçirilib.

AzVision.az-ın Tərtərə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, hazırda rayonun Qapanlı və Qarağacı kəndlərində nisbi sakitlik hökm sürür. İnsanlar normal həyatlarını davam etdirir, hər hansı təşviş, panika yaşanmır.

Əməkdaşımız bildirir ki, düşmən tərəfi gün ərzində bir neçə dəfə atəşkəs rejimini pozaraq Tərtər istiqamətində yaşayış məntəqələrini atəşə tutub. Azərbaycan ordusunun cavab atəşi ilə düşmən susdurulub.

Düşmən təxribatı nəticəsində Qapanlı və Qarağacı kəndlərinə ciddi ziyan dəyib. Bəzi evlərin dam örtüyü sıradan çıxıb, mal-qara tələf olub, bir neçə sakinin şəxsi avtomobili yararsız vəziyyətə düşüb.

Kənd sakinləri aprelin ikisinə keçən gecə düşmə tərəfinin gözlənilmədən hücuma keçdiyini bildiriblər. Onların sözlərinə görə, erməni silahlı qüvvələri həmin gün fasiləsiz olaraq yaşayış məntəqələrini ağır artileriya atəşinə tutub.

Güclü döyüşlərin baş verdiyi gün ordumuzun düşmənə sarsıdıcı zərbələr vurduğu bildirilib.

Sakinlər cəbhəyanı kəndlərdə təşviş yaşanması haqda məlumatları yalanlayaraq, nəinki evlərini tərk etməyə, hər an döyüşə yollanmağa hazır olduqlarını bildiriblər.

“Biz kəndimizdən qaçmamışıq, Belə fikrimiz də yoxdur. Hazırda vəziyyət stabildir. İnsanlar döyüş əhval-ruhiyyəsindədirlər. Lazım gələrsə, döyüşə getməyə hazırıq. Ali Baş Komandanın əmrini gözləyirik. Sosial şəkəbələrdə yalandan məlumatlar yayırlar ki, guya biz kəndləri boşaldıb qaçırıq. Bunlara inanmayın, hamı öz evindədir”.

Kənd sakinləri düşməndən qorxmadıqlarını, vətən yolunda şəhid olmağa hazır olduqlarını deyiblər: “Biz Ali Baş Komandanımıza inanırıq, Onun verdiyi hər bir əmri yerinə yetirməyə hazırıq. Ötən gün ordumuz böyük şücaətlə düşmən mövqeyini darmadağın etdi. Böyük qələbə qazanmışıq”.

Qarağacı kəndində düşmən təxribatı zamanı xəsarət alan kənd sakinləri hazırda Bərdə rayon Mərkəzi Xəstəxanasında müalicələrini davam etdirirlər. Onların vəziyyəti qənaətbəşx hesab olunur.

Həkimlərin verdiyi məlumata görə, xəsarət alan kənd sakinləri Etibar Məmmədov, Anar Hüseynov, Hüseyn Quliyevin səhhəti nəzarətdə saxlanılır.

“Hazırda adları çəkilən şəxslərin vəziyyəti normaldır. Həyati təhlükələri yoxdur. Onları daim nəzarətdə saxlayırıq. Hadisə baş verə gün yüngül xəsarət alan sakinlər ilkin müayinədən sonra evə buraxılıblar. Narahatçılığa əsas yoxdur”-deyə həkimlər bildiriblər.

Əməkdaşımız xəbər verir ki, Tərtərin Seyidimli kəndinə də erməni silahlı qüvvələri tərəfindən gün ərzində bir neçə dəfə atəş açılıb.

Ümumilikdə bu dəqiqəyə olan məlumata görə, Tərtərin Qapanlı, Qarağacı və Seyidimli kəndlərində nisbi sakitlik hökm sürür.

 

Cəmiyyət, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti