!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tibb inkişaf edir, azərbaycanlı tələbə isə hələ də sovet dərsliyindən istifadə edir” - Ali məktəblərimizin dərslik problemi

!Reklam – Yazi

“Son illər ölkə rəhbərliyi təhsilin, orta və ali məktəblərin inkişafına xüsusi diqqət ayırır. Buna baxmayaraq, hələ də bu sahədə müəyyən çatışmazlıqlar qalmaqdadır. Daha çox diqqəti cəlb edən ilk qüsur dərsliklərlə bağlıdır. Orta məktəblərdə istifadə olunan dərsliklərin bərbad vəziyyəti ilə bağlı kifayət qədər yazılıb. Bundan əlavə ali məktəblərdə də dərsliklərin vəziyyəti ilə bağlı araşdırmalarımın nəticəsi heç də ürəkaçan deyil”.

Bu sözləri Yeniçağ.az-a ali məktəblərdəki dərsliklərin vəziyyəti barədə danışarkən Kamran Əsədov deyib:

“Tələbələr dərsliklərlə bağlı hər il çətinlik çəkir, xüsusən da sərbəst yazılarda və imtahan vaxtı çatanda… Hələ dərslik problemi azmış kimi, müəllimlər də sovet dövründənqalma, kiril əlifbası ilə yazılmış kitabları məsləhət görürlər. Hansı ki, onlar müasir dövrlə heç uyğunlaşmırlar. Bütün bunlar tələbənin oxumağa, öyrənməyə olan həvəsini öldürür. Ali məktəblərdə yaşanan dərslik probleminin iki günahkarı var: birincisi universitetdirsə, ikincisi elə tələbənin özüdür. Reallıq odur ki, müəllimlər mühazirədən sonra ədəbiyyat siyahısı kimi dərsliklərin adını yazdırırlar. Amma tələbələr mühazirələrlə kifayətlənirlər. Səbəb isə həmin dərsliklərin çox çətin tapılmasıdır: ya tapılmır, ya da ki, olan materiallar rus dilindədir. Rus dilində olan dərsliklərin tərcüməsində problem olduğundan yetərli məlumat əldə etmək mümkün olmur. Əlavə məlumat əldə etmək də bu dəqiqə müşkülə çevrilib. Texnologiyadan xəbərsiz keçmişin kitabları tələbənin istəyi ilə tərs mütənasibdir. Latın əlifbası ilə yazılmış dərsliklərin əksəriyyəti isə tərcümədir. O kitablarda da qrammatik səhvlərlə yanaşı üslub səhvləri də olur. Təəssüf ki, bu gün ali məktəblərdə dərsliklərin vəziyyəti ürəkağrıdıcıdır”.

Kamran Əsədov onu da əlavə edir ki, hazırda istifadədə olan kitabların çoxu köhnəldiyindən istifadəyə yararsız hala düşüb:

“Ən ciddi dərslik problemi tibb ixtisasları üzrədir. Tibb elmi hər saat dəyişir, xəstəliklərin müalicə üsulları yenilənir. Yeni xəstəliklər, dərmanlar, müalicə üsulları tapılır. Amma Azərbaycan tələbəsi hələ sovetdənqalma kitablardan istifadə edir. Hətta buna baxmayaraq, bəzi kafedralar məcburi kitab aldırırlar. Dərs zamanı kitabı gətirib verirlər ki, “almalısan!”. İmkanı olmayan tələbələri düşünən yoxdur. Başqa bir reallıq da var ki, yeni yazılan bəzi dərsliklər sırf kommersiya məqsədlidir. Tələbələr də bu kitabları almaq məcburiyyətində qalırlar. Həmin dərsliklərin içərisində olan materiallar ya tələbəyə lazım olmur, ya da çox anlaşılmaz şəkildə yazılır. Amma lazımsız mövzular daha çox üstünlük təşkil edir. Hətta müəllimlər özləri belə bu kitabların bizə lazım olmadığını deyirlər. Əgər lazım deyilsə, niyə tələbə bu qədər pul töküb, kitab almalıdır? Hər dərs ili başlayanda tələbələr kitablara minimum 150 manat xərcləməli olurlar. Bu da heç bir tələbəyə sərf etmir. Bilirsiz, Boloniya sisteminə qoşulmuş ölkələrdə dərslik problemi olmamalıdır. Ancaq bizdə bu məsələnin problemli olması hamıya aydındır. Hesab edirəm ki, bu problem qısa müddətdə həll edilsə, ali məktəblərdə təhsilin inkişafına və yüksək səviyyədə kadr hazırlığının həyata keçirilməsinə müsbət təsir etmiş olar”.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv